Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9699/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı, SHXÇDX-nın Yasamal Rayon şöbəsindən könüllü olaraq hərbi xidmətə getmişdir. N sayl hərbi hissədə xidmət etmiş, sonradan əmr əsasında N №-li hərbi hissə göndərilmişdir. N saylı hərbi hissənin komandirinin N dekabr 1993-cü il tarixli 363 № -li əmrlə ( əsas: $ 14, sıra8, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısına edilməklə bütün növ təminatlarla təmin edilərək 5-ci MAT-un sərəncamına keçrilmişdir. 1994-cü ildə yanvar ayının 4-dən 5-nə keçən gecə ordumuz bütün istiqamətlərdən (Füzuli istiqamətində) əks hücuma keçmişdir. Füzuli istiqamətində Horadiz qəsəbəsi, Şükürbəyli Abdurahmanlı ( 27 -yə yaxın qəsəbə və kənd azad edilmişdir.) Yuxarıda adları qeyd olunan kənd və qəsəbələri xüsusilə də Şükürbəyli Abdurahmanlı kəndlərinin azad olunmasında İddiaçı xüsusi qəhrəmanlığı olmuşdur. Həmin vaxtı bir neçə əsgər Ümümmilli Liderimiz həmişə yaşar X1 tərəfindən təşəkkümamə almışdır, bir sözlə göstərildiyi kimi 1995-ci ilə qədər qüsursuz xidmət etmişdir. 1995-ci ildə Baş Qərərgah Rəisi tərəfindən ordudan müharibə qurtardıqdan sora təxris olunmuşdur.( fərari olsaydı haqqında cinayət işi olardı). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Arxivinin verdiyi arayışa əsasən iddiaçı hərbi hissəi özbaşına tərk etmiş hesab edilir. İddiaçı qeyd edir ki, fərari olsaydı haqqında cinayət işi olardı, hərbi hissəni özbaşına tərk edən şəxsə ən geci 3 gün müddətinə cinayət işi açılır qanuna müvafiq qaydada cəzalandırılır. O hərbi hissəni özbaşına tərk etməmişdir, atəşkəs elan olunduğu üçün 1995-ci ildə Baş Qərərgah Rəisinin əmrilə təxris olunmuşdur. Haqqında cinayət işi yoxdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi şablon olaraq cavablandırır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6 yanvar 1998-ci il tarixli 4 № -li əmri ilə qüvvəyə minmiş “ Müharibə Veteranı” “Silahlı Qüvvələr Veteranı” və “ Əmək Veteranı” verilməsinin qayda və şərtləri haqda əsasnamənin Silahlı qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatların 1.6 bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 12-dək döyüş əməliyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər orden və medallarla təltif olunmaq haqqında vəsiqələr , döyüşlərdə yaralanmalar haqqında arayışlar, nizami hissə üzrə əmrdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlərinin Orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu ,Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr xəsarət (yaralanma, travma, kontuziya alması) haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Qərarın məzmunundan göründüyü kimi "Müharibə veteranı”adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. 1.Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2.Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında’’ Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Mərkəzi Arxivin arayışına əsasən hərbi hissəni özbaşına tərk etmiş, yuxarı hədli, 1964-cü il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin 27 iyun 1995-ci il tarixli 08 nömrəli direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr 1995-ci il tarixli 273 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1993-cü il tarixli nizmai hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, yaralanamsı və müalicə olması barədə məlumat aşkar olunmamışdır. Bununla da, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” 08 dekabr 2023-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı”adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edilərək Müdafiə Nazirliyinin Arxiv İdarəsinin cavabdehlər sırasından çıxarılaraq yalnız Müafiə Nazirliyinin saxlanılması, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(112)-2698/2021 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin həmin qərarında iddia tələbinin təmin edilməməsi əsası kimi göstərilmişdir ki, “məhkəmə araşdırılması zamanı iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamışdır. Məhkımə hesab edir ki, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə müvafiq sənədlər olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina eidlməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur.” Göründüyü kimi hazırkı inzibati məhkəmə icraatında iddiaçı mühaibə veteranı adı və vəsiqəsinin verilməsi tələbi ilə bağlı bundan əvvəl eyni hüquqi və faktiki hallara əsasən inzibati məhkəmə icratında iddia qaldırmışdır. Həmin iş üzrə iddiaçının iddia tələbi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təmin edilməmişdir. Beləliklə müəyyən olunur ki, inzibati məhkəmə icraatında iddiaçının iddia tələbiniə mahiyyəti üzrə hüquqi qiymət verilmişdir. İddiaçının hazırda başqa bir məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymət verilmiş eyni iddianı hazırkı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılması prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbə məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa əsas verir ki, bu da prosessual qanunvericiliklə yolverilməzdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumu “G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə (istər mülki, istər inzibati məhkəmə) mübahisə predmeti ola və baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 52, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9699/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9699/2024
02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver