Məhkəmə qərarları › İş №2-1(112)-97/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-97/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-97/2022 12.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X3 vəkili Nümayəndə (vəkil, ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (baş hüquqşünas, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.09.2018-ci il tarixli **********466300 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı X4, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 04.09.2018-ci il tarixli **********466300 nömrəli qərarı ilə kameral olaraq 2018-ci il may ayı üzrə şəxsi hesab vərəqəsinə 10 790 manat X7 hesablanmışdır. Göstərilən vergi məbləğinin əsassız olaraq hesablanması ilə bağlı vergi məcəlləsinin 62. Maddəsinə uyğun olaraq Vergilər Nazirliyinə 28.01.2019-cu il tarixində, 14.05.2019-cu il tarixində, 19.06.2019-cu il tarixində dəfələrlə şikayət ünvanlanmışdır. Şikayət icraata götürülmüş lakin, hələ baxılmamış, qərar çıxarılmamışdır. Bununla əlaqədar olaraq şikayətləri icrasız qaldığından hər hansı cavab ala bilməməsi səbəbindən Qanunvericiliyin tələblərinə əsasən aşağıda qeyd etdiyi maddələrə istinad edərək: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək; 20.3 Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.1.Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1 -ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.2.Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.3.Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.4. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajm keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.5. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 62.3. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. 94.0. Verginin hesablandığının səhv olduğu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0. 1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu — vergi orqanının üzərinə düşür. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh tərəfindən 20.10.2020-ci il tarixli, 25.10.2021-ci il tarixli və 12.04.2022-ci il tarixli ekspert rəylərinə Mülahizələr təqdim edilmişdir. Etiraza görə, aparılan araşdırma zamanı iddiaçının 2018-ci ilin əvvəlinə 59,0 min manat məbləğində mal qalığının olduğu, 01.01.2018-31.05.2018-ci il ərzində iddiaçı tərəfindən alınmış malların cəminin həmin dövr ərzində satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyənin 2,2 min manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 12.07.2018- ci il tarixli **********455000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin may ayı üzrə 10.700 manat məbləğində ƏDV hesablanaraq, bu barədə vergi ödəyicisinə 25.07.2018-ci il tarixli **********195000 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir (mənfəət vergisinin bəyannaməsi və əldə edilmiş elektron VHF-lər barədə məlumat əlavə edilir). Bundan sonra iddiaçı tərəfindən 20.08.2018-ci il tarixdə həmin dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim olunmuş, lakin bu dəfə də yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyindən, dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin göstəricilərinin əsasları müəyyən edilmədiyindən cavabdeh tərəfindən hesablanmış 10.700 manat məbləğində ƏDV məbləği yenidən iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilərək, qəbul edilmiş 04.09.2018-ci il tarixli **********466300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar iddiaçıya göndərilmişdir. Göründüyü kimi, iddiaçı vergi qanunvericiliyindən irəli gələn vəzifələrini yerinə yetirməmiş, malların təqdim edilməsini uçotdan gizlədərək 10.700 manat məbləğində ƏDV- nin dövlət büdcəsinə ödənilməsini həyata keçirməmişdir. İddiaçı isə iddia ərizəsində vergilərin hesablanmasına əsas olmuş hallara dair hər hansı münasibət bildirməmiş, qeyd olunan hallara dair hər hansı əsaslı dəlili nə vergi orqanına, nə də məhkəməyə təqdim edə bilməmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV üzrə vergitutma obyektidir. Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Vergi Məcəlləsinin 174.1-ci maddəsinə əsasən, bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1 -ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Həmin Məcəllənin 163.2.2-ci maddəsinə əsasən, vergi ödəyicisi ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Həmin Məcəllənin 174.2-ci maddəsinə əsasən, bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1 -ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən, bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Həmin Məcəllənin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1 -ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 37.1 -ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" 12.07.2018-ci il tarixli məktub göndərilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən “Vergilərin hesablanması barədə” 04.09.2018-ci il tarixli **********466300 nömrəli Qərar qəbul olunmuşdur. İş materiallarında olan mübahisələndirilən qərardan görünür ki, may 2018-ci il dövr üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində X7 olaraq 10.790,00 manat hesablanmışdır. Məhkəmənin 16.03.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/955 nömrəli 20.10.2020-ci il tarixli Ekspert Rəyin nəticə hissəsində göstərilmişdir ki, X4 barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 04 sentyabr 2018-ci il tarixli, **********466300 saylı qərarı ilə hesablanmış ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Məhkəmənin 11.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/4992 nömrəli 25.10.2021-ci il tarixli Ekspert Rəyin nəticə hissəsində göstərilmişdir ki, 4 sentyabr 2018-ci il tarixli **********466300 saylı qərarı ilə hesablanmış 10700 manat ƏDV məbləği düzgün hesablanmamışdır. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından olan bəyannaməyə əsasən 2017-ci ilin sonuna və 2018-ci ilin əvvəlinə 1900 manat mal qalığı müəyyən olunur. Eyni zamanda hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarına əsasən vergiyə cəlb edilən dövriyyə arasında fərq və ümumiyyətlə vergidən yayınma halı müəyyən edilmədi. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən inzibati aktla iddiaçıya müvafiq vergi hesablamışdır. Belə ki, Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergi Məcəlləsinin 12.2-ci maddəsinə əsasən vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergi Məcəlləsinin 12.4-cü maddəsinə əsasən vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən X7 (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı X7 ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 159.6-cı maddəsinə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır və bu zaman vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: Məhkəmə qeyd edir ki, iş materiallarında və vergi orqanının 04 sentyabr 2018-ci il tarixli **********466300 saylı qərarında 2018-ci ilin əvvələinə müəyyən edilən mal qalığı ilə 01.01.2018-31.05.2018-ci il ərzində alınmış malların cəminin həmin dövr ərzində satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyə arasındakı fərqin olması vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olması qeyd edilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir ki, iş materiallarında 04 sentyabr 2018-ci il tarixli **********466300 saylı qərarda və vergi orqanının etirazında göstərilənlərlə bağlı sənədlər (yəni dövriyyə və s ilə bağlı) mövcud deyildir. Həmçinin iş materiallarından göründüyü kimi, mal qalığının olub-olmaması ilə bağlı aktlar və qərarlar tərtib edilməmişdir. İş materiallarında yalnız 2017-ci ilin mənfəət vergisinin 1 saylı əlavəsi (bəyannamənin digər nüsxələri iş materialına əlavə edilməmişdir) və 2018-ci ilin kameral qaydada bəyannaməsi öz əksini tapmışdır ki, həmin əlavədə mal qalığının olduğu göstərilsə də 2018-ci ilin kameral qaydada bəyannaməsində dövriyyənin 3400,0 manat olması həmçinin 2017-ci ilin mənfəət vergisinin 1 saylı əlavəsində göstərilən mal qalığına dair məlumatın olmaması qeyd olunmuşdur. Yəni 2018-ci ilin may ayına hesablanmış 10700,0 manat məbləğində ƏDV-nin hesablanmasına əsas olmuş dövriyyə 2018-ci il üzrə kameral qaydada tərtib edilmiş bəyannamədə öz əksini tapmamışdır. Eyni zamanda bildirilir ki, satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyənin 2,2 min manat göstərilməsi ilə bağlı hesabatlar və ya digər sənədlər iş materiallında öz əksini tapmır. Həmçinin, iş materiallarından göründüyü kmi, sahibkarın müvafiq dövrdə ƏDV-yə cəlb olunması barədə hər hansı bir əməliyyat olmamışdır. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 10700 manat ƏDV-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olmadan hesablanması, yəni 10700 manat ƏDV-nin düzgün hesablanmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən qərarda iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı əsaslandırılmadığından və iddiaçının təqsiri sübuta yetirilmədiyindən, eləcə də məhkəmə araşdırması zamanı hər hansı əlavə sübut və dəlillər məhkəməyə təqdim edilmədiyindən iddiaçıya 04.09.2018-ci il tarixli **********466300 nömrəli qərarla X7 hesablana bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergilərin hesablanması barədə 04.09.2018-ci il tarixli **********466300 nömrəli qərarı ləğv olunmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının və əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi haqqında məsələ hazırkı qərarla həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin edildiyindən, məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat və əlavə məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat, cəmi 400 (dörd yüz) manat Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergilərin hesablanması barədə 04.09.2018-ci il tarixli **********466300 nömrəli qərarı ləğv edilsin. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat və əlavə məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat, cəmi 400 (dörd yüz) manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) hesabına keçirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar