Məhkəmə qərarları › İş №2-1(112)-97/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-97/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-97/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, X8 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən, 245 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən, 245 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 saylı sərəncamı ilə və Bakı şəhəri X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 25 saylı orderi ilə ona Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində, 245 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsi ayrılmışdır. Artıq uzun illərdir ki, həmin torpaq sahəsinə sahiblik edir, oradan fasiləsiz olaraq istifadə edir. Hal-hazırda o, qanuni istifadəsində olan torpaq sahəsinə çıxarış almaq istəyir. Bununla bağlı cavabdeh idarəyə ərizə ilə müraciət etmiş, oradan imtina edilmiş və bildirilmişdir ki, bağ sahəsi sxematik xəritəyə uyğunsuzluq təşkil edir, sxematik xəritəyə əsasən bağın nömrəsi yoxdur, ətraf ərazilərdə bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, həmçinin göstərilən əraziyə digər şəxslərin müraciətləri olmuşdur. İddiaçı cavabdehin imtinası ilə razı deyil, çünki, bağ sahəsinin daş hasarı, dəmir darvazası var, koordinatları da bəllidir, bağ sahəsində ağaclar əkmişdir. Bağ sahəsinin sxematik xəritəyə uyğun olmaması, sxematik xəritədə bağın nömrəsinin olmaması, ətraf bağ sahələrinin dövlət reyestrindən qeydiyyata alınmaması onun günahı deyildir. İddiaçının bağ sahəsinə dair qanuni sənədləri vardır, cavabdeh də həmin qanuni sənədlərə əsasən bağ sahəsini sxematik xəritəyə uyğunlaşdırmalı, bağ sahəsinə yeni ünvan verməlidir. Həmin əraziyə digər şəxslərin müraciət etməsi onun qanuni torpaq sahəsinə çıxarış verilməməsinə əsas ola bilməz. Ona görə də, o, məhkəməyə müraciət etməyi qərara almışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Rzayeva iddiaçının müraciətinə dair imtina barədə məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********36 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən, qeyd olunan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazidə sxematik xəritəyə əsasən bağ nömrəsi yoxdur və ətraf ərazilərdə bağ sahələri daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmamışdır. Həmçinin göstərilən əraziyə digər şəxlərin müraciətləri olmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2015-ci il tarixli M-320-112 nömrəli arxiv arayışında qeyd olunmuşdur: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 saylı sərəncamından çıxarış; Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair Bakı şəhər Soveti İcraiyyə Komiləsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən: 4. Kürdəxanı ərazisindəki yeni yaranmış 245 №-li Bağ tikinti kooperativinin tərkibi təsdiq edilsin. Əlavə 1; Kürdəxanı ərazisindəki 245 №-li Bağ-tikinti kooperativinin siyahısı. 4.25. İddiaçı- SP-14141.; Bakı şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini H.S.Fətəliyev; Əsas: Fond-478, siyahı-1.saxlama vahidi-130. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X7 bağlar sahəsindəki 245 nömrəli kooperativin 25 nömrəli orderinə əsasən, iddiaçıya Bakı şəhəri İK-nın xx.xx.1993-cü il tarixli, 531 nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsində 245 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 682 nömrəli bağ sahəsi ayrılmışdır. Kürdəxanı ərazisində 245 nömrəli Bağ-tikinti kooperativinin yaradılması haqqında siyahısına əsasən İddiaçı adı 25-ci sırada olmaqla ona 682 saylı bağ sahəsinin verilməsi göstərilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə aktında qeyd olunmuşdur ki, sahə yeni çəkilən yolun kənarında yerləşir. Vətəndaş əvvəlcə 682 saylı bağ kimi başqa ərazi göstərmişdir. (408760 :4491098). Bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. 682 nömrəsi nə Pirşağı, nə də Ləhiş bağ masivinin sxematik xərtisəinə uyğun gəlmir. Yolun mühafizə zolağı ilə bağlı məktub təqdim olunmamışdır. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2021-ci il tarixdə məktubu ilə bildirmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsinin üç tərəfi hasar, bir tərəfi isə mişar daşı düzülərək sərhədlənmişdir, tikili mövcud deyil. Sahə yeni çəkilən yolun kənarında yerləşir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir (Ləhiş 682 saylı bağa aidiyyəti olmayan dövlət mülkiyyəti torpağıdır). Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2021-ci il tarixdə məktubu ilə bildirmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən Ləhiş bağ massivi “682” saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Həmin bağ sahəsi Bilgəh-Kürdəxanı yolunun kənarında, dövlət mülkiyyəti torpağıdır. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, Ləhiş bağ massivi 682 saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Qeyd olunan ərazi **********58 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna əsasən, cavabdeh BTK nəzdində yerləşən müvfiq torpaq sahələrinin X6, X9 və X2 məxsus olmasına dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. Hazırkı işin həlli ilə bağlı xüsusi elmi bilik tələb olunan suallara cavab verilməsi zərurət ilə əlaqədar olaraq məhkəmənin 10 dekabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı çıxarış verilməsini tələb etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən, 245 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsinin X5 adına verilmiş Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış sahəsi, sahə 16 olan torpaq sahəsi ilə eyni torpaq sahəsidirmi? Göstərilən torpaq sahələri üst-üstə düşürmü? Düşürsə hansı hissədə?; 2) İddiaçı hal-hazırda hasara alıb faktiki istifadə etdiyi torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən 245 saylı BTK –ya ayrılmış torpaqdırmı? Ekspert “tədqiqat obyektinə dair əlavə materialların təqdim edilməsi barədə” vəsatət ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti (Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC) tərəfindən tərtib edilmiş mütəxəssis rəyi, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin, baza məlumatların təqdim olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ekspertin vəsatətində göstərilən sənədlərin təqdim edilməsi cavabdehdən tələb olunmuş, lakin cavabdeh onda olan sənədlərin təqdim edilməsindən imtina etmiş, tədqiqat obyektinə baxış keçirilməsi və rəy verilməsi üçün X3 müraciət etmək məqsədəmüvafiq olması barədə bildirmişdir. Cavabdeh tərəfindən “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişdə” imtinanın əsası kimi göstərilmiş halları sübut edən sənədlər, o cümlədən mütəxəssis rəyi, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem, baza məlumatları məhkəməyə təqdim edilmədiyindən, ekspert məhkəmə ekspertizanın aparılmasından imtina etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1648,0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədlərinin 3 (üç) tərəfi hasar, 1 (bir) tərəfi isə şərtidir (üzərində tikili yoxdur). İddia olunan faktiki torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində yerləşir. Bağların bölgüsünə dair sxematik xəritəsində bu hissədə bağ nömrəsi qeyd olunmayıb. Bundan əlavə olaraq 245 saylı BTK-nın sxemi (bölgüsü) arxiv əsaslarında olmadığı üçün bu barədə əlavə məlumatın verilməsi mümkün olmamışdır. Qərarda qeyd olunan X6 məxsus torpaq sahəsi isə iddia olunan sahədən kənarda, tam fərqli ərazidə yerləşir. Belə ki, iddiaçı əvvəlki müraciəti zamanı digər torpaq sahəsini göstərmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyi tərəfindən verilən 25 nömrəli order və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 saylı sərəncamı və qərarı əsasında, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 682 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşdə olan sənədlərlə təsdiq olunur ki, həqiqətən də iddiaçı Ləhiş bağlar sahəsindəki 245 nömrəli bağ tikinti kooperativinin üzvüdür, bu barədə adının 25-ci sırada qeyd olunmasına dair Ləhiş 245 №-li bağ-tikinti kooperativi üzvlərinin siyahısı mövcuddur, iddiaçıya həmin kooperativin nəzdində 0.12 ha torpaq sahəsi olan 682 nömrəli bağ sahəsi ayrılmışdır və iddiaçıya bu barədə 25 nömrəli order verilmişdir. İddiaçı həmin orderi cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, cavabdeh hazırda imtinanın əsası kimi elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, qeyd olunan ərazinin digər fiziki şəxsin adına qeydiyyata alındığını göstərir. Məhkəmə cavabdehin qeyd edilən əsasla imtinasını əsassız hesab edir. Belə ki, cavabdehin imtinasında istinad etdiyi uyğunsuzluğun konkret nədən ibarət olmasını nə məhkəmə sorğusuna cavablarında, nə də imtina məktubunda göstərməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmənin qərardadı əsasında cavabdeh idarənin təqdim etdiyi mütəxəssis rəyindən aydın olmuşdur ki, X6 məxsus torpaq sahəsi iddia olunan sahədən kənarda, tamamilə başqa ərazidə yerləşir, cavabdeh bağ sahəsinin mübahisəli olmasını göstərməsinə baxmayaraq, belə bir mübahisəin həqiqətən də mövcud olmasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasının dəlillərini tamamilə əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası ilə bağlı hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır, cavabdeh iddiaçının xeyrinə olan halları araşdırmaqdan və nəzərə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən, 245 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən, 245 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar