Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-97/2025 03.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 13-cü Cənub küçəsində yerləşən "31-33" saylı 1200 kvadrat metr bağ sahəsinə dair mənim, İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Aqrar Sənaye Birliyi "Azərpambıq təmizləmə sənayesi" "ULDUZ" Bağçılıq-yoldaşlığı cəmiyyətinin müdiriyyəti və həmkarlar təşkilatının birgə qərarından verilmiş 04 avqust 1988-ci il tarixli, 04 nömrəli çıxarışa əsasən, Bakı şəhər, Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində ayrılan bağçılıq təsərrüfatımın 13-cü cənub küçəsində yerləşən bağından sahəsi 1200 kv.m olan "31-33" nömrəli bağ sahəsi onun istifadəsinə verilmişdir. 07 saylı bağçılıq kitabçasına əsasən bağ sahəsinin plan və sxemi tərtib olunmuş və ona təqdim olunmuşdur. O vaxtdan bəri mövcud torpaq sahəsi üzərində istifadə hüququ davam etmişdir. O öz hesabına bağ sahəsinin abadlaşdırılması üçün tədbirlər görmüş, sözügedən daşınmaz əmlak üçün bir sıra tədbirlər görmüşdür. Belə ki, bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Etibarnamə üzrə nümayəndəsi Nümayəndə ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 13-cü Cənub küçəsində yerləşən "31-33" saylı torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh orqanın müraciətin icrasından imtina edərək bildirmişdir ki, "Ulduz" bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında mənim adım aşkar olunmamışdır. Təsərrüfatın bölgü sxeminin təqdim edilməməsi ucbatından torpaq sahəsinin yerləşməsini araşdırmağın mümkün olmadığını bəhanə gətirmiş, həmçinin sözügedən torpaq sahəsinə daha bir neçə şəxsin də müraciətinin mövcud olduğunu bildirmişdir. Torpar səsinin faktiki ölçüsünün qeyd edildiyi kimi 1200 kv.m. yox 994 kv.m olduğunu iddia etmişdir. DƏDRX 1 sayı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********52 saylı cavab məktubu əsassızdır. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 13-cü Cənub küçəsində yerləşən "31-33" saylı 1200 kv.m bağ sahəsinə dair dövlət reyestrindən çıxarış ona verməlidir. Bundan əlavə qeyd olunan torpaq sahəsi 1988-ci ildən fasiləsiz onun istifadəsindədir. Torpaq sahəsindən maneəsiz, aşkar istifadə edir və ən əsası bağ sahəsinin ərazisində özbaşına heç bir artırma və dəyişiklik etməmişdir. Onun torpaq sahəsinə dair hüququmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqanlarlar tərəfindən lazımi təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş "Ulduz" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin bağçılıqyoldaşlığın bölgü sxemi təhvil verilmədiyindən torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Eyni zamanda elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hisşəsi (397 kv.m) elektrik xəttinin (6kV) mühafizə zonasında yerləşir. Bundan başqa göstərilən torpaq sahəsinə digər şəxslərin müraciətləri mövcuddur. Əlavə olaraq sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki 994 kv.m təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan əraziyə digər fiziki şəxslərin X4 Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 31, 33 saylı bağ sahəsi, X6 isə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 285/287 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyatı ilə bağlı müraciətləri daxil olmuşdur. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə İddiaçıya **********52 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları" aşağıdakı qaydada müəyyən edilmişdir: "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11744/2022 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın verilməsi" tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11744/2022 saylı iş üzrə X13 və X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli **********951 nömrəli X2 Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11744/2022 nömrəli Qərardadına cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, “Ulduz” Bağçılıq-bostançılıq Cəmiyyətinin 13-cü cənub küçəsi, 31,33 saylı bağ sahəsi ünvanında yerləşən 012 ha torpaq sahəsinə dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2161/2023 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X13 və X9) "çıxarışın verilməsi" tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2161/2023 saylı iş üzrə X13 və X4 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ qəsəbəsi. 13-cü Cənub küçəsində yerləşən 31-33 saylı faktiki 994.0 kv.metr bağ sahəsinə dair İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. -AZE seriyalı 0******* nömrəli Şəxsiyyət Vəsiqəsinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Aqrar Sənaye Birliyi “X19 Sənayesi” “Ulduz” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin Müdiriyyəti və Həmkarlar Təşkilatının 4 nömrəli xx.xx.1988-ci il tarixli Protokolundan Çıxarışa əsasən “Ulduz” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin Siyahısında dəyişiklik edib zavodun işçisi İddiaçı üzvlüyə qəbul edərək 13-cü Cənub küçəsi 31 və 33 saylı sahəsi 1200 kv.m olan bağ sahələri ona daimi istifadədən ötəri verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Aqrar Sənaye Birliyi “X19 Sənayesi” “Ulduz” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin Müdiriyyəti və Həmkarlar Təşkilatının birgə qərarından Çıxarışa əsasən Bağçılığın üzvü İddiaçı “Azərpambıq təmizləmə sənayesi” birliyinin müdiriyyət və həmkarlar təşkilatının birgə xx.xx.1988-ci il tarixli birgə qərarına əsasən 13-cü cənub cərgəsi 31,33-cü sahəsi 1200 kv.m təşkil edən Əzizbəyov rayonu Dübəndi qəsəbəsində bağçılıq təsərrüfatı sahəsi ayrılmışdır. -07 nömrəli X11 əsasən Bağçılıq Cəmiyəti üzvlərinin xx.xx.1988-ci il tarixli 04nömrəli Protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. 13-cü cənub küçəsi ünvanında Bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv.m olan 31,33 nömrəli bağ sahəsi xx.xx.1988-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. İddiaçı “Ulduz” Bağçılıq Cəmiyyətinə 1988-ci il tarixdə üzv qəbul edilmişdir. -“Ulduz” Bağçılıq-bostançılıq Cəmiyyətinin Sxeminə əsasən 13-cü cənub küçəsi ünvanında bağ sahələri ardıcıllığı üzrə 31 və 33 nömrəli bağ sahələri yanaşı olmaqla bitişik yerləşir. Sxem “Ulduz” bağçılığının sədri S.İ.Bağırov tərəfindənimzalanaraq möhürlə təsdiq edilmişdir. -“Ulduz” Bağçılıq-bostançılıq Cəmiyyətinin üzvü İddiaçı ayrılmış Əzizbəyov rayonu, Dübəndi bağ massivində yerləşən 31 və 33 saylı bağ sahələrinin planı icraçı S.İ.Bağırov tərəfindən imzalanmış və -“Ulduz” Bağçılıq-bostançılıq Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********99 nömrəli məktubu ilə təqdim edilmiş Azərbaycan SSR Pambıqtəmizləmə Sənayesi Nazirliyinin “Ulduz” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1983-cü il tarixli 18 nömrəli siyahısı təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA-06945-2022 nömrəli məktubunda göstərilmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 20/396 saylı və xx.xx.1987-ci il tarixli, 21/399 saylı qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarlarda vət. İddiaçı barədə heç bir məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhər X16 İcraiyyə Komitəsinin 1987-ci ilə dair qərarları Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Məhkəmə sorğusuna cavab olaraq Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2- 1/16-1314/2023 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan bağ sahəsinin üzərindən keçən 6 kvlıq elektrik xətti xx.xx.2005-ci il tarixdə istismara verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********61 nömrəli məktubunda göstərilmişdir ki, "Ulduz" bağçılıq yoldaşlığının Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 13-cü Cənub küçəsində yerləşən 31-33 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd (arxiv qovluğu) İdarənin arxivində aşkar olunmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********31 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -X5 və İstismarı Birliyinin “Dübəndi ərazisindəki 38/2882 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli 36221 nömrəli Müqaviləyə əsasən X5 və X14 ərazisində 0.06 ha torpaq sahəsi olan 38/2882 nömrəli bağı istifadəçi X7 istifadəsinə vermişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-2804/2025 nömrəli məktubu ilə “Ulduz” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid bağ torpaq sahəslərinin ayrıc aktı təqdim edilmişdir. Həmin ayrıc aktından müəyyən olunur ki, 13-cü cənub küçəsi və o ünvanda yerləşən bağ sahələri “Ulduz” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin ayrıc aktı daxilində yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-21564/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi “Ulduz” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin ayrıc aktı daxilində yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********99 nömrəli məktubu ilə təqdim edilmiş ortofotogörüntüdən müəyyən olunur ki, iddia olunan bağ torpaq sahələrinin ərtafında 2861,2861F,16/2813,18/2815, 38/2882 nömrəli bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********91 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.2016-cı il tarixli X1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Pirallahı rayonu (keçmiş Əzizbəyov rayonu) Dübəndi bağ massivində "Ulduz" bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən mənə verilmiş 4 saylı 04 avqust 1988-ci il tarixli protokoldan çıxarışa əsasən 13-cü cənub küçəsi 31, 33 saylı sahəsi 12,0 sot olan bağ sahəsinin plan-ölçü və Dövlət Reyestrindən çıxarışın verilməsinə göstəriş verilməsini xahiş etmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli **********56 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş siyahısında adınız aşkar olunmamışdır. Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənara düşür və başqa bağçılıq yoldaşlığın ərazisində yerləşir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli **********07 nömrəli məktubunda bildirilmişdir ki, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 31,33 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2016-cı il tarixli poçt vasitəsilə daxil olmuş ərizənizə baxılmışdır. Bakı şəhər Ərazi İdarəsinə bağçılıq yoldaşlıq üzvlərinin müəssisənin rəhbərliyi və həmkarlar ittifaqı komitəsi tərəfindən təsdiqlənmiş ilkin siyahısı təhvil verilməmişdir. Bundan əlavə, sözügedən bağ sahəsi "Ulduz" bağılıq yoldaşlığın ayrıc aktından 300m aralı məsəfədə yerləşir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Xahiş edirik, nəzərə alasınız. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********24 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m, faktiki sahəsi 994 kv.m təşkil edir. Bağ sahəsinin sərhəddinin üzərindən 6000 kvtluq elektrik xətti keçir. Sahədə tikili yoxdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********52 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 13-cü Cənub küçəsində yerləşən "31-33" saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş "Ulduz" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar olunmamışdır. Həmçinin bağçılıq-yoldaşlığın bölgü sxemi təhvil verilmədiyindən torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Eyni zamanda elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşır. Bundan başqa göstərilən torpaq sahəsinə digər şəxslərin müraciətləri mövcuddur. Əlavə olaraq sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki 994 kv.m təşkil edir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı “Ulduz” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlük kitabçasına əsasən ona Bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv.m olan 31,33 nömrəli bağ sahəsi ayrıldığını əsas gətirərək bağ sahəsinə mülkiyyət hüququn qeydiyyatı ilə bağlı cavabdehə müraciət emiş, cavabdeh orqan “Ulduz” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmadığını, bağçılıqyoldaşlığın bölgü sxemi təhvil verilmədiyindən torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmadığını, torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zolağına düşdüyünü, torpaq sahəsinə digər şəxslərin müraciətləri olduğunu, torpaq sahəsinin ölçüsünün 1200 qeyd edilsə də, faktiki 994 kv.m təşkil etdiyini əsas gətirərək, müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. İşin hallarından görünür ki, iddiaçı “Ulduz” X3 zavod işçisi olmaqla ona Bakı Şəhər X16 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli Qərarına əsasən Yoldaşlığın üzvlərinə bağ sahələrinin ayrılması nəzərdə tutulmuşdur. “Ulduz” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin Müdiriyyəti və Həmkarlar Təşkilatının 4 nömrəli xx.xx.1988-ci il tarixli Protokolundan Çıxarışa əsasən “Ulduz” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin Siyahısında dəyişiklik edib zavodun işçisi İddiaçı üzvlüyə qəbul edərək 13-cü Cənub küçəsi 31 və 33 saylı sahəsi 1200 kv.m olan bağ sahələri ona daimi istifadədən ötəri verilməsi qərara alınmışdır və iddiaçıya üzvlük kitabçası verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən üzvlük kitabçası, protokoldan çıxarış olduğu təqdirdə, üzvlərin siyahısında adının olmaması əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının vaxtında cavabdeh orqana təqdim edilməməsi və iddiaçının da adının olduğu siyahının tərtib edilərək idarəyə təqdim edilməməsi iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Belə ki, nə siyahının tərtib edilməsi, nə də onun yenilənməsi iddiaçının məsuliyyət dairəsinə aid məsələ deyil. Bundan əlavə, işin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin "Ulduz" bağçılıq- yoldaşlığa aid ayrıc aktı daxilində yerləşdiyi və ətrafındakı qonşu bağ nömrələri ilə nömrə ardıcıllığına uyğun yerləşdiyi müəyyən edilmişdir. İddia olunan bağ sahəsi faktiki olaraq 994 kv.m təşkil edir. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m ayrılsa da hazırda iddiaçının faktiki sahibliyində olan sahə 994 kv.m təşkil edir. İddiaçı tərəfindən də iddia tələbində məhz faktiki istifadəsində olan 994 kv.m torpaq sahəsinə mülkiyyət hüququ tələb edildiyindən bu hal iddia tələbinin təmin olunmasına maneə olan əsas qismində çıxış etmir. Həmçinin iddia olunan torpaq sahəsinə dair digər müraciətlərin olmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin vəsatətində qeyd etdiyi şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, lakin həmin şəxslərin sözügedən torpaq sahəsinə dair heçbir marağı və iddiası olmadığı müəyyən edildiyindən üçüncü şəxslər X13 və X4 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. İddia olunan torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Eyni zamanda məhkəmə qeyd edir ki, elektrik xətti iddia olunan torpaq sahəsinin sadəcə sərhəddindən keçir. Hazırkı halda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal mövcud deyildir. Belə ki, cavabdehin istinad etdiyi elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlil fərdi yaşayış evinin qeydiyyatı ilə bağlı irəli sürə biləcəyi dəlil olub torpaq sahəsinə qeydiyyatı istisna edəcək dəlil kimi çıxış etmir. İddiaçı fərdi evə deyil, bağ-torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ qəsəbəsi. 13-cü Cənub küçəsində yerləşən 31-33 saylı faktiki 994.0 kv.metr bağ sahəsinə dair İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ qəsəbəsi. 13-cü Cənub küçəsində yerləşən 994.0 kv.metr ölçüdə 31-33 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-97/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-97/2025
03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver