Məhkəmə qərarları › İş №2-1(112)-9700/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9700/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9700/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və yeni texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin 1 saylı mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, texniki inventarlaşdırma işləri aparılan zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzildə yenidənqurma işləri aparılmışdır. Odur ki, mənzildə aparılan yenidənqurma işləri ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı təqdim olunmamışdır. Bundan başqa, yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin 1 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 14 oktyabr 2019-cu il tarixli 346 nömrəli sərəncamına əsasən, ərizəçi İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin 1 saylı mənzilinin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmişdir. Belə ki, sözügedən mənzilə dair xx.xx.2013-cü il tarixdə texniki pasport tərtib edilmişdir. Eyni zamanda xx.xx.2013-cü il tarixdə sözügedən mənzil ərizəçi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. "xxxx" MMC tərəfindən 2019-cu ildə mənzilin yeni layihəsi təsdiq edilmişdir. Belə ki, İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin 1 saylı mənzili yenidən qurulmuşdur, buna görə də ona dair yeni texniki pasportun tərtib edilməsi və qeydiyyatdan keçirilərək çıxarışın verilməsi zərurəti yaranmışdır. Bununla bağlı cavabdeh orqana xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət olunmuş, lakin cavabdeh tərəfindən sözügedən ərizəyə imtina cavabı verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad edərək göstərmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, texniki inventarlaşdırma işləri aparılan zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzildə yenidənqurma işləri aparılmışdır. Belə ki, mənzildə aparılan yenidənqurma işləri ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı təqdim olunmamışdır. Bundan başqa, yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, qeydiyyatdan keçmiş mənzilin 5 saylı yerləşkə, açıq eyvan və 1-2 saylı yerləşkənin bir hissəsi sökülmüş, fərdi yaşayış evi inşa olunmuşdur. Eyni zamanda bildiririk ki, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında fərq vardır. Bundan əlavə mansard mərtəbəsi inşa edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2008-ci il tarixli, 188M nömrəli əmrinə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Abbasov küçəsi 28 saylı evin sahəsi 25,0 kvadrat metr olan 2 otaqdan ibarət 1 saylı mənzilin şəxsi hesabı 3 nəfər ailə üzvü ilə (özü, bacısı – İddiaçı, bacısı oğlu – Əliyev Fuad) vətəndaş X2 adına dəyişdirilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsi, ev 28 ünvanda yerləşən ümumi sahəsi 46,8 kv.metr olan 1 saylı mənzilə dair X2 xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan 26 oktyabr 2013-cü il tarixli, 172402 nömrəli bağışlama müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 1 yerləşən ümumi sahəsi 46,8 kv.metr, yaşayış sahəsi 25 kv.metr olan iki otağlı mənzilini bacısı İddiaçı bağışlamışdır. İşdə olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsi, ev 28 ünvanda yerləşən ümumi sahəsi 46,8 kvadrat metr təşkil edən 2 otaqlı 1 saylı mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. 1 saylı mənzilə dair xx.xx.2013-cü il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, tikilinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi 0,0112 ha, mənzilin ümumi sahəsi isə 46.8 kv.metrdir. Mənzil 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir, 1949-cu ildən inşa edilmişdir, bünovrəsi beton, xarici divarları daşdandır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 346 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamından görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin 1 saylı mənzilinin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmiş, mənzilin yenidən qurma layihəsi təsdiq edilmişdir. Həmin sərəncamla təsdiq edilmiş layihədən görünür ki, A.Abbasov küçəsi, ev 28, mənzil 1 ünvanında yerləşən R.Məmmədova məxsus fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi hazırlanmış, layihədə mənzilin fərdi yaşayış evi olması, zirzəmi və 2 mərtəbədən ibarət olması müəyyən edilmişdir. İşdə olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 46,8 kv.metr, faktiki olaraq ümumi sahəsi 46,8 kv.metr; layihə üzrə yaşayış evi, hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 284,1 kv.metr, faktiki olaraq ümumi sahəsi 284,1 kv.metr; torpaq sahəsinin ölçüsü 580,0 kv.metrdir. Torpaq sahəsinin 1 tərəfi yol, 3 tərəfi qonşudur. Qeydiyyatdan keçmiş mənzilin 5 saylı yerləşkəni, açıq eyvanı sökülüb və 1-2 saylı yerləşkənlərin bir hissəsi sökülmüşdür. Torpaq sahəsində əlavə olaraq layihə əsasında yeni yaşayış evi inşa olunmuşdur. Təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında daxili ölçülərdə fərqlər var və üzərində əlavə mansard mərtəbəsi inşa olunmuşdur. 1-ci mərtəbənin döşəmə səviyyəsindən mansardın tavanına qədər olan məsafə 10,0 metrdir. İddiaçı hazırda mülkiyyətində olan mənzilə edilmiş dəyişikliklər nəzərə alınaraq faktiki sahəsinə uyğun mülkiyyət hüququnun qeydə alınmaqla çıxarış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını konkret olaraq müəyyən etmiş, iddiaçı mənzilin əlavə sahəsi ilə bağlı bu sənədlərdən heç birini təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, iddiaçı həmin Siyahıda göstərilən sənədlərdən hər hansı birini də təqdim etməmişdir. Belə ki, işin hallarında müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 46.8 kv.metr olsa da, əlavə sahələrin tikilməsi nəticəsində hazırda ümumi sahəsi 284.1 kv.metrə çatdırılmışdır. İşdən müəyyən olunur ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi daşınmaz əmlak artıq mənzil deyil, fərdi yaşayış evidir. Belə ki, Mənzil Məcəlləsinin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. İddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi daşınmaz əmlakın çoxmənzilli binanın strukturca ayrıca sahəsi deyil, fərdi müəyyən edilmiş ev olması həm təqdim edilmiş layihə, həm də daşınmaz əmlakın video görüntüləri ilə təsdiq olunur. Belə olan halda aydındır ki, iddiaçının həmin əmlaka hüququnun qeydə alınması üçün ilk növbədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə uyğun olaraq torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. Lakin işdən görünür ki; iddiaçı mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı onun mülkiyyətində olan mənzildə edilmiş dəyişiklik və inşa edilmiş əlavə tikililərə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 346 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamını təqdim etmişdir, hansı ki, həmin Sərəncamla 1 saylı mənzilin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmiş, mənzilin yenidən qurma layihəsi təsdiq edilmişdir. Məhkəmə bu sərəncamı iddiaçının hüquqularının qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi qəbul etmir. Belə ki, Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. İstinad olunan normadan görünür ki, mənzilin yenidən qurulması dedikdə, konstruktiv elementlərin, yaxud da kommunikasiya qurğularının quraşdırılması, mövcud olanın yenisi ilə əvəz edilməsi və ya yerinin dəyişdirilməsi başa düşülür, hansı ki, bu yenidən qurma mənzil daxilində həyata keçirilməklə onun sahəsində dəyişiklik edilməsinə, o cümlədən sahəsinin artmasına səbəb olmur. Məsələn, mənzilin daxilində yeni daşıyıcı divar və ya dirək quraşdırılması, yaxud pilləkənin yerinin dəyişdirilməsi və sair. Lakin işdən görünür ki, iddiaçı ona məxsus ümumi sahəsi 46.8 kv.metr olan 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə yenidənqurma (yerləşkələrin sökülməsi) etməklə yanaşı, həmin 1 mərtəbəli binada əlavə tikililər aparmaqla zirzəmi+2 mərtəbəli ev inşa etmiş, mənzilin sahəsi 46,8 kv.metrdən 284.1 kv.metrə artırılmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 346 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamı iddiaçının əlavə inşa etdiyi sahələrə münasibətdə deyil, mövcud mənzilin daxilində konstruktiv elementlərə edilmiş dəyişikliklərə münasibətdə hüquqmüəyyənedici sənəd qismində qəbul edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı bu sənədlərdən heç birinə malik olmamış, nə inzibati orqana, nə də məhkəməyə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda sadalananlardan məlum olduğu kimi, iddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar