Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9701/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 25 il 03 ay əmək stajını nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 1959-cu il təvəllüdlüdür, 3 (üç) uşaq anasıdır. Tərtər rayon Səhləbad kənd sakinidir. Pensiya çıxmağı ilə əlaqədar ərizə ilə cavabdeh quruma müraciət edib. xx.xx.2021-ci il tarixli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. xx.xx.2006-cı ilədək 15 il 07 ay, xx.xx.2006-cı ildən sonra isə 9 il 03 ay, cəmi 25 il 03 ay əmək stajı vardır.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərə və əmək kitabçasının surətinə əsasən onun xx.xx.2006-cı ilədə ümumi sığorta stajı 15 il 07 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinə qədər fərdi hesabın sığorta hissəsində qeydə alınmış 5347, 81 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.10-3-cü maddəsinə əsasən, xx.xx.2016-cı il tarixindən ona çoxuşaqlı ana kimi sosial müavinət təyin olunmuşdur. Həmin qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu ilin yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təyin edilmiş sosial müavinətlərin həmin qanunun 22- 1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün hesab olunmamışdır.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə (iş nömrə 2-1(114)- 1575/2021) iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Sonuncu məhkəmə baxış iclasında iddiaçı iştirak etmir. Məhkəməyə ünvanladığı ərizədə şifahi məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında imtinanın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi, şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Sonuncu məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədilə iddiaçının inzibati orqana yenidən müraciət etməli olduğunu bildirmişdir.
II. İddianın növü və mümkünlüyü
7. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
12. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
13. İddiaçının oğluna ailə başçısının itirməsinə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. İddiaçı xx.xx.1959-cu ildə anadan olub.
21. İddiaçının əmək kitabçasına əsasən, xx.xx.1981-ci il tarixdə əmək fəaliyyətinə başlayıb, xx.xx.2016-cı il tarixə qədər əmək fəaliyyəti olub.
22. 28.07.1980-ci il təvəllüdlü X4, xx.xx.1985-ci il təvəllüdlü X2, xx.xx.1982-cü il təvəllüdlü X1 doğum haqqında şəhadətnamələrindən görünür ki, anaları İddiaçıdır (notariat qaydasında təsdiq olunmuş surəti işə əlavə olunmuşdur).
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.
24. Məhkəmə müəyyən edir ki, iddiaçının xx.xx.1959-cu təvəllüdlüdür, 62 yaşı var, əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 17 il 05 29 gündür. xx.xx.2006-cı il tarixindən sonra xx.xx.2016-cı il tarixədək əmək fəaliyyəti olmuş, fərdi hesabın sığorta hissəsində qeydə alınmış sığorta kapitalı 5347, 81 manatdır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 22-1.4cü maddəsi həmin maddənin 22-1.2.1.-ci maddəsinin müddəaları iddiaçıya münasibətdə tətbiq olunmalıdır. Odur ki, məhkəmə qeyd edir ki, qeyd edilən normaların əsasən, iddiaçının yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınmalıdır.
25. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
26. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
27. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
28. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
29. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
30. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verməmiş, pensiyanın təyin olunması üçün iddiaçının cavabdeh quruma yenidən müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, artıq mübahisə mövcuddur, odur ki, cavabdeh qurumun qeyd edilən tələbi əsaslı hesab edilə bilməz.
31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva