Məhkəmə qərarları › İş №2-1(112)-9703/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9703/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9703/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1975, 1977- 1980-ci illərdə X1 işləməyi və 1969-1974, 1980-1997-ci illərdə Ağcabədi rayonu Nizami kolxozunda işlədiyinə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 20 noyabr 2020-cu il tarixli, 231 nömrəli arxiv arayışını sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 65 yaşının tamam olduğu 01.03.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1956-ci ildə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayır. O, 1969-cu ildən Ağcabədi rayon Şənlik kəndində Nizami adına kolxozda işləməyə başlamış və 1974-cü ilin sonu, 1975-ci ilin əvvələrinədək kolxozda işləmişdir. O, 20 mart 1975-ci il tarixdən başlayaraq Mingəçevir şəhərində yerləşən Tekstil Kombinatında işləməyə başlamış, həmin ilin noyabr ayınadək orada işləmişdir. 09 noyabr 1975-ci ildə Ağcabədi rayonundan hərbi xidmətə göndərilmiş, 17 noyabr 1977-ci ildə hərbi xidmətdən təxris olunmuş və yaşadığı Şənlik kəndinə qayıtmışdır. 1977-ci ilin dekabr ayında yenidən Mingəçevir şəhərinə gedib orada Tekstil Kombinatında işinə davam etmişdir. Bu barədə əmək kitabçasında da qeydiyyat aparılmışdır. O, 1980-ci ilin aprel ayında həmin Kombinatdan çıxmış və yaşadığı Şənlik kəndinə qayıdıb orada yenidən Nizami adına kolxozda işləməyə başlamış və fasiləsiz olaraq 1980-ci ildən 1997-ci ildə daxil olmaqla kolxozda traktorçu və başqa işlərdə işləyərək əmək haqqı almışdır. Lakin əmək kitabçasında 1969-1981-ci illərdə kolxozda işləməyi qeyd olunsa da, sonrakı illər Nizami kolxozunda işləməsinə dair qeydiyyat aparılmamışdır. Bununla bağlı o, Ağcabədi rayon Dövlət Arxivindən arxiv arayışı da almışdır. Hazırda kolxoz quruluşu ləğv edildiyindən əmək kitabçası əldə etmək mümkün deyildir. Ona göstərilən kolxozda işləməsinə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən 20 noyabr 2020-ci il tarixli, 231 nömrəli verilmiş arxiv arayışında bəzi illərdə yüksək əmək haqqı almasına dair qeydiyyat aparılmış və bütün illərdə adam günü də qeyd olunmuşdur. O, kolxozda işləyərkən həmişə yüksək əmək haqqı almışdır. O, hazırda pensiya yaşına çatmışdır, pensiyaya çıxmaq istəyir, ona görə də yaşa görə əmək pensiyasının təyin edilib hesablanmasına görə cavabdehə müraciət etmişdir. Cavabdeh ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020 -ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçının əmək kitabçasında qeyd olunanlara əsasən 20.03.1975-ci il tarixdən 22.10.1975-ci il tarixədək “Mingəçevir Şüşə lifi zavodu”nda işlədiyi 7 ay 2 gün, 26.12.1977-ci il tarixdən 01.01.1980-ci il tarixədək “MingəçevirTekstil kombinatı”nda 2 il 5 gün, Ağcabədi rayonu “Nizami kolxozu”nda 1971-ci, 1973-cü və 1974-cü illərdə işlədiyi dövrlərdə norma tam dolmadığı üçün (100+130+220=450/240=1 il 8 ay) və 1972-ci ildə 8 ay, həmin kolxozda 1980-1997-ci illərdə işlədiyi 18 il müddət və hərbi biletə əsasən 09.11.1975-ci il tarixdən 15.11.1977-ci il tarixədək hərbi xidmət dövrü 2 il 6 gün olmaqla onun 01.01.2006-cı il tarixə kimi 24 il 11 ay 13 gün sosial sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən iddiaçının pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda iddiaçının diplomuna əsasən 01.09.1974-ci il tarixdən 01.07.1980-cı il tarixədək (5 il 10 ay) təhsil aldığı dövr fəaliyyət dövrləri ilə üst-üstə düşdüyü üçün həmin müddətlərdən yalnız biri hesablanmışdır. Həmçinin iddiaçının əmək kitabçası ilə arxiv arayışında ziddiyyətlər vardır. Belə ki, iddiaçının əmək kitabçasında Ağcabədi rayonu “Nizami kolxozu”nda 1971-1974-cü illər işlədiyi dövrlərdə adam günü norması tam yerinə yetirildiyi halda, arxiv arayışında adam günü norması tam yerinə yetirilməmişdir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajı 24 il 11 ay 13 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 09.11.1975-ci ildən 17.11.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 19.04.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 regional "ASAN xidmət” mərkəzindən 11.03.2021-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1,0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz 1969-cu il tarixində tərtib edilmiş əmək kitabçanızın surətinə əsasən Sizin 01.01.2006-cı il tarixədək ümumi sığorta stajınız 23 il 7 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən pensiya hüququnuz yaranan tarixədək fərdi hesabınızn sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Vətəndaş müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinin tələblərinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 20.11.2020-ci il tarixli 231 saylı arxiv arayışından görünür ki, Arxivdə saxlanılan Nizami kolxozu 1972-1998-ci il dövr arayış xarakterli arxiv sənədləri yoxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, İddiaçı həmin kolxozda işləməsi və əmək haqqı alması barədə aşağıdakı kimi qeydiyyat var: 1969-cu il adam günü 85, 1970-ci il adam günü 69, 1971-ci il adam günü 100, 1972-ci il adam günü 8 ay, 1973-cü il adam günü 130, 1974-cü il adam günü 220, 1980-ci il adam günü 285, 1981-ci il adam günü 316, 1982-ci il adam günü 309, 1983-cü il adam günü 307, 1984-cü il adam günü 333, 1985-ci il adam günü 326, 1986-cı il adam günü 323, 1987-ci il adam günü 338, 1988-ci il adam günü 358, 1989-cu il adam günü 323, 1990-cı il adam günü 291, 1991-ci il adam günü 338, 1992-ci il adam günü 335, 1993-cü il adam günü 288, 1994-cü il adam günü 279, 1995-ci il adam günü 300, 1996-cı il adam günü 292, 1997-ci il adam günü 215. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 28.10.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin 13.10.2021-ci il tarixində daxil olmuş **********2 nömrəli xidməti məktubunuza Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ 01.03.2021-ci il tarixindən yaranmışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən onun 20.03.1975-ci il tarixindən 22.10.1975-ci il tarixinədək “Mingəçevir Şüşə lifi zavodu”nda işlədiyi 7 ay 2 gün, 26.12.1977-ci il tarixindən 01.01,1980-cı il tarixinədək “Mingəçevir Tekstil kombinatı”nda işlədiyi 2 il 5 gün, Ağcabədi rayonu Nizami kolxozunda 1971-1974-cü illərdə işlədiyi dövr əmək kitabçasında qeyd edilsə də, faktiki əmək gün olmadığı üçün 2 il 4 ay, həmin kolxozda 1980-1997-ci illərdə işlədiyi 18 il müddət və hərbi biletə əsasən 09.11.1975-ci il tarixindən 15.11,1977-ci il tarixinədək hərbi xidmətdə olduğu 2 il 6 gün müddət olmaqla onun 01.01,2006-cı il tarixinə kimi sığorta stajı 24 il 11 ay 13 gün təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda bildiririk ki, sözügedən şəxsin 01.01.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədə (diploma) əsasən 01.09.1974-ci il tarixindən 01.07.1980-cı il tarixinədək (5 il 10 ay) təhsil aldığı dövr fəaliyyət dövrləri ilə üst-üstə düşdüyü üçün həmin müddətlərdən biri hesablanmışdır. Məlumat üçün bildiririk ki, sözügedən şəxsə 01.03.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə 130 manat məbləğində müavinət təyin edilib və ödənilir. İş materiallarında olan İddiaçı məxsus kolxozçunun əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Ağcabədi rayonu Nizami kolxozunda 1969-cu ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1970-ci ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1971-ci ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1972-ci ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1973-cü ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1974-cü ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1980-ci ildə il ərzində 240 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240), 1981-cu ildə il ərzində 265 adam günü (il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240) kolxozçu vəzifəsində işləmişdir, 20.03.1975-ci ildə Mingəçevir şüşə lifi zavodunda həyətdə fəhlə işinə qəbul olunmuş, 22.10.1975-ci ildə Sovet Ordu siralarına xidmətə çağırışla əlaqədar işdən azad olunmuş, 26.12.1977-ci ildə X5 Gənclər İttifaqının 50 illiyi adına X2 Rus tələbə briqadalarına 3-cü dərəcəli dülgər kimi qəbul olunmuş, 07.04.1980-cı ildə öz istəyi ilə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2020 - 30.06.2021, kişilər üzrə pensiya yaşı 65 il. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçı 09.11.1975-ci ildən 17.11.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus kolxozsunun əmək kitabçasından görünür ki, iddiaçı Ağcabədi rayonu Nizami kolxozunda 1969-cu ildə il ərzində 240 adam günü, 1970-ci ildə il ərzində 240 adam günü, 1971-ci ildə il ərzində 240 adam günü, 1972-ci ildə il ərzində 240 adam günü, 1973-cü ildə il ərzində 240 adam günü, 1974-cü ildə il ərzində 240 adam günü, 1980-ci ildə il ərzində 240 adam günü, 1981-cu ildə il ərzində 265 adam günü (hər il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240) kolxozçu vəzifəsində işləmiş, 20.03.1975-ci ildə Mingəçevir şüşə lifi zavodunda həyətdə fəhlə işinə qəbul olunmuş, 22.10.1975-ci ildə hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunmuş, 26.12.1977-ci ildə X2 Rus tələbə briqadalarına 3cü dərəcəli dülgər kimi qəbul olunmuş, 07.04.1980-cı ildə öz istəyi ilə işdən azad edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 20.11.2020-ci il tarixli 231 saylı arxiv arayışından görünür ki, iddiaçı Ağcabədi rayonu Nizami kolxozunda 1969-cu ildə 85 adam günü, 1970-ci il 69 adam günü, 1971-ci ildə 100 adam günü, 1972-ci ildə 8 ay, 1973-cü ildə 130 adam günü, 1974-cü ildə 220 adam günü, 1980-ci ildə 285 adam günü, 1981-ci ildə 316 adam günü, 1982-ci ildə 309 adam günü, 1983-cü il 307 adam günü, 1984-cü ildə 333 adam günü, 1985-ci ildə 326 adam günü, 1986-cı ildə 323 adam günü, 1987-ci ildə 338 adam günü, 1988-ci ildə 358 adam günü, 1989-cu ildə 323 adam günü, 1990-cı ildə 291 adam günü, 1991-ci ildə 338 adam günü, 1992-ci ildə 335 adam günü, 1993-cü ildə 288 adam günü, 1994-cü ildə 279 adam günü, 1995-ci ildə 300 adam günü, 1996-cı ildə 292 adam günü, 1997-ci ildə 215 adam günü kolxozçu vəzifəsində işləmişdir. İddiaçı həmin kolxozda hər il ərzində müəyyən edilmiş əmək günləri minimumu 240 olduğu nəzərə alınmaqla, 1971, 1973, 1974 və 1997-ci illərdə (100+130+220+215=665/240) 2 il 8 ay, 1972-ci ildə 8 ay, 1980-1996-cı illərdə 17 il, cəmi 20 il 4 ay staja malikdir. İddiaçının hərbi xidmət keçdiyi dövr - 2 il 8 gün (09.11.1975-17.11.1977), Mingəçevir şüşə lifi zavodunda işlədiyi dövr - 7 ay 2 gün (20.03.1975-22.10.1975), X1 işlədiyi dövr - 2 il 3 ay 12 gün (26.12.1977-07.04.1980) və kolxozda işlədiyi 20 il 4 ay nəzərə alınmaqla, iddiaçı ümumilikdə 25 il 2 ay 22 gün sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının sığorta stajı 25 ildən çoxdur. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışı ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 65 yaşı 01.03.2021-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya qeyd olunan dövrdən pensiya hesablanarkən müvafiq dövr üçün aldığı müavinət məbləği nəzərə alınmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 01.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar