Məhkəmə qərarları › İş №2-1(112)-9703/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9703/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9703/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “komissiyanın rəyinin dəyişdirilərək müsahibə mərhələsindən keçmiş hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Təhsildə X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2024cü il tarixdə keçirilmiş barəsində olan imtahan nəticəsinə dair komissiyanın rəyinin əsassız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə keçirilmiş barəsində olan imtahan nəticəsinə dair komissiyanın rəyinin dəyişdirilərək, nəticənin qənaətbəxş hesab edilməsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “Bakı şəhəri Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş iddiaçı barəsində olan mühasibə nəticəsinə dair komissiyanın rəyinin əsassız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə keçirilmiş barəsində olan mühasibə nəticəsinə dair komissiyanın rəyinin dəyişdirilərək müsahibə mərhələsindən keçmiş hesab edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsi əsasında Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə “Təlimtərbiyə işləri üzrə direktor müavini” vəzifəsində işləyir. Bu vəzifə Bakı şəhəri Təhsil İdarəsi tərəfindən ona həvalə edilmişdir. Təhsil sahəsində 27 illik iş təcrübəsi vardır. İşlədiyi müddətdə, iş fəaliyyəti ilə bağlı heç bir nöqsana və qüsura yol verməmişdir. Fəaliyyəti ilə bağlı hər hansı bir şikayətlər olmamışdır. İşi ilə bağlı nə əmək kollektivi, nə də şagird və valideynlər onunla heç bir problem yaşamamışlar. Bakı şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil müəssisələrinə “təlim- tərbiyə işləri üzrə direktor müavinləri”nin işə qəbulu imtahanı keçiriləcəyi barədə elan vermişdir. O da həmin imtaha qatılmaq qərarına gəldi və qatıldı. İmtihan 2 mərhələdən ibarət idi. 1-ci mərhələ yazılı test imtahanı, 2-ci imtahan isə müsahibə olmuşdur, 1-ci imtahan mərhələsində xx.xx.2023-cü il tarixdə maksimum bal 100 bal nəzərdə tutulmuş yazılı test imtahanından 70 bal topladı. Telefonuna mesaj gələrək, müsabiqənin test mərhələsindən uğurla keçməyi bildirilmişdir. 2-ci imtahan müsahibə imtahanı isə xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Müsahibə imtahanı zamanı komissiya tərəfindən verilmiş suallara tam və dolğun cavab vermişdir. Cavabları qənaətbəxş olmuşdur. Baxmayaraq ki, həmin müsahibə imtahanında müsahibə meyarları ilə müsahibə zamanı verilən suallarda heç bir uyğunluq olmamışdır. Bundan sonra telefonuna mesaj gələrək, imtahandan uğur qazanmadığı bildirilmişdir. İmtahanın nəticəsindən narazı qaldığı barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdi. Bakı şəhəri Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 329-69/2-H-1828-4/2024 məktubu ilə bildirilmişdir ki, komissiya üzvləri tərəfindən verilən sualları guya dolğun cavablandıra bilməmiş, tələb olunan meyarlar üzrə zəif nəticə göstərmişdir. Bu səbəbdən müsahibə nəcəsi aşağı balla qiymətləndirilmişdir. O, verilən bütün suallara tam cavab vermişdir. Bəlkə də digər namizədlərdən daha yaxşı cavab vermişdir. Komissiyanın onun imtahanının 2-ci mərəhləsində gəldiyi nəticəni əsassız və qanunsuz hesab edir. Hesab edir ki, həmin rəydə dəyişiklik edilməli, verdiyi cavabların qənaətbəxş hesab edilməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Siz xx.xx.2024-cü il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul imtahanının müsahibə mərhələsində iştirak etmisiniz. Müsahibə zamanı komissiya üzvləri tərəfindən verilən bir neçə (təlim-tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyaları hansılardır və bu haqda harda yazılıb, tədris prosesini idarə edən şəxs hansı qanunları bilməlidi və hansı sənədləri olmalıdır, fərqlənmə attestatı kimlərə verilir) sualları dolğun cavablandıra bilməmisiniz. Qeyd edirik ki, qiymətləndirmənin necə aparılması barədə nə tövsiyələriniz ola bilər sualına fərqli cavablar vermiş və komissiya üzvləri tərəfindən tələb olunan meyarlar üzrə zəif nəticə göstəririsiniz. Bu səbəbdən müsahibə nəticəniz aşağı balla qiymətləndirilmişdir. Direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə yaranan şikayətlərə baxılacağı barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi internet səhifəsində (baku.edu.gov.az) xx.xx.2024-cü il tarixində elan yerləşdirilmiş və siz şikayətinizlə bağlı müraciət etmisiniz. Şikayətinizlə bağlı sizə müvafiq məlumat verilmişdir.”

5. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçı barəsində aparılan inzibati icraat materialları, iddiaçıya verilmiş cavab və müsahibənin videogörüntüsü təqdim edilmişdir.

6. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. İddiaçının yekun məqsədi onun müsahibə mərhələsindən keçmiş hesab edilməsidir.

9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

12. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1. ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; 1.0.2. ümumi təhsil müəssisəsi – ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsi;

4. Ümumi təhsil sahəsində dövlətin vəzifələri 4.0.28. dövlət ümumi təhsil müəssisələrinin müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirmək; 4.0.29. dövlət ümumi təhsil müəssisələrinin müəllimlərə tələbatını müəyyən etmək, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq etmək, habelə kadr təminatını həyata keçirmək; 15.Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023cü il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydalarının: 2.1. Müəllimlərin işə qəbulu müsabiqəsi (bundan sonra – işə qəbul müsabiqəsi) iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən (bundan sonra – Nazirlik) həyata keçirilir. 2.2. Nazirlik təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı özünün rəsmi internet saytında və mediada müsabiqə elanı verir. İşə qəbul üzrə müsabiqə elanı müsabiqənin başlamasına azı bir ay qalmış verilir. 2.14. Vakant yerlərə yerləşdirmə namizədlərin elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə topladıqları bala əsasən sistem tərəfindən aparılır. Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır: 2.15. 2.14-cü bəndə əsasən vakant yerləri tutan namizədlər müsahibəyə buraxılır. 2.16. Müsahibələrin keçirilməsi məqsədilə hər il müvafiq komissiyalar yaradılır. 2.17. Komissiyaların tərkibi Nazirlik tərəfindən təhsil müəssisəsinin rəhbəri, metodist və psixoloqdan ibarət olmaqla təsdiq edilir. 2.18. Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir.

16. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş barəsində olan mühasibə nəticəsinə dair komissiyanın rəyinin əsassız hesab edilməsi və həmin rəyin dəyişdirilərək müsahibə mərhələsindən keçmiş hesab edilməsini xahiş etmişdir.

17. Məhkəmə nəzərə alır ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi keçirilən müsahibədə müvafiq meyarlar əsasında qiymətləndirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə daxildir.

18. Məhkəmə nəzərə alır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, həmçinin nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi təcrübəyə malik olduğu haldan gedir.

19. Odur ki, məhkəmənin vəzifəsi müsahibə üzrə qiymətləndirmə meyarlarının təftişi deyil, müsahibənin nəticələrinin qeyd edilən meyarlara əsasən qanuniliyinin qiymətləndirilməsi və müsahibənin keçirilməsi zamanı iddiaçıya münasibətdə ədalətli rəftarın yoxlanmasıdır.

20. Məhkəmə qeyd edir ki, iddiaçı ilə aparılmış müsahibə ilə bağlı videoçəkilişdən görünür ki, müsahibə zamanı təlim-tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyaları hansılardır və bu haqda harda yazılıb, tədris prosesini idarə edən şəxs hansı qanunları bilməlidi və hansı sənədləri olmalıdır, fərqlənmə attestatı kimlərə verilir, qiymətləndirmənin necə aparılması barədə nə tövsiyələriniz ola bilər kimi suallar verilmişdir. İddiaçı isə müvafiq sualları dolğun cavablandıra bilməmişdir, qiymətləndirmənin necə aparılması barədə nə tövsiyələriniz ola bilər sualına fərqli cavablar vermişdir.

21. Məhkəmə müsahibə zamanı nümayiş olunan halları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdehin qənaəti ədalətsiz deyildir, inzibati orqanın qiymətləndirmə azadlığını həyata keçirilməsi zamanı səlahiyyət həddini aşdığını və ya fərqli rəftar nəticəsində iddiaçının hüquqlarının pozulması halını, eləcə də onun vəziyyətinə uyğun gəlməyən şəkildə davrandığı müəyyən edilmir.

22. Məhkəmə təkrar olaraq qeyd edir ki, tələb inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunması halı ilə bağlı olduğundan məhkəmənin vəzifəsi ancaq prosedur qaydalarına riayət edilməsi və müsahibə zamanı fərqli rəftara məruz qalmamanın yoxlanılması, yəni prosesin bütövlükdə ədalətli olmasına qiymət verməklə məhdudlaşır.

23. İPM-nin: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;

24. Belə olan təqdirdə məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma qanunsuz və ədalətsiz olmamışdır.

25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar