Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9706/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 48 ünvanında yerləşən 60 saylı mənzilə xüsusi mülkiyyət hüququnun qeydə alınması üçün xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 15/3 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi 48 saylı evin, 60 saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququnun qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi 48 saylı evin, 60 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınçaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin 15/3 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı və müvafiq çıxarışla daimi istifadəsinə verilmiş ünvan 1 ünvanının iddiaçının xüsusi mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfat Departamentinin 15/3 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Fərman Qurbanov küçəsində yerləşən 48 saylı evin yaşayış sahəsi 33,5 kv.metr olan, 2 otaqlı, 60 saylı mənzilinə iddiaçının adına kirayə müqaviləsi bağlanmış, iddiaçı həmin evin kirayəçisi hesab olunmuşdur. İddiaçının adına şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 149 saylı Mənzil- Kommunal istismar Sahəsinə tapşırılmışdır. 2017-ci ildə də iddiaçının adına çıxarış verilmişdir. Eyni zamanda 2025-ci il tarixdə Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də, onlar dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin özəlləşdirilməsi, vətəndaşın müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyi göstərilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin xx.xx.2025-ci ildən müraciət etməyinə baxmayaraq bu günə qədər cavab ala bilməmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 15/3 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi 48 saylı evin, 60 saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququnun qeydiyyatı aparılmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi 48 saylı evin, 60 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin faktiki ümumi sahəsinin 65.3 kv.m təşkil etdiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və ANQSİHİ Respublika Komitəsinin rəhbərliyinin iştirakı ilə keçirilən işçilərin müvəqqəti yaşayış sahəsi ilə təmin olunması barədə birgə iclasının 5 nömrəli, xx.xx.2012-ci il tarixli protokolundan görünür ki, ARDNŞ-nin balansında olan yataqxanalarda və digər müvəqqəti yaşayış sahələrində qeydiyyatı olmadan yaşayan işçilərlə adları aşağıda göstərilən ailə tərkibi nəzərə alınmaqla ARDNŞ-lə əmək münasibətlərində olduğu müddətə kirayə müqaviləsinin bağlanmasına etiraz edilməmişdir: 2.6. ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 33.5 kv.m olan 2 otaqlı 60 nömrəli məhdud kommunal şəraitli mənzildə yaşayan, H.Əliyev adına Bakı neft emalı zavodunun işçisi olan İddiaçı ilə 60 nömrəli mənzilə adları aşağıda göstərilən ailə tərkibi ilə kirayə müqaviləsinin bağlanmasına etiraz edilməmişdir: İddiaçı (xx.xx.1964) – özü; X3 (xx.xx.1971)- həyat yoldaşı. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2012-ci il tarixli müvəqqəti yaşayış orderindən görünür ki, İddiaçı ailə tərkibi 2 nəfər ilə 60 saylı mənzildə yaşamaq hüququ var. - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı 60 saylı mənzilə xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır. -Nikahın pozulması haqqında 200532 nömrəli, xx.xx.2015-ci il tarixli şəhadətnamədən görünür ki, X3 və İddiaçı ilə olan nikah ləğv edilmişdir. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3883/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X1 Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, F.Qurbanov küçəsi, 48 saylı evin 60 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2017-ci il tarixli, 15/3 nömrəli sərəncamdan görünür ki, Bakı şəhəri, Fərman Qurbanov küçəsində yerləşən 48 saylı evin, yaşayış sahəsi 33,5 kv.metr olan 2 otaqlı 60 saylı mənzilində Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2012-ci il tarixli, 00041 saylı müvəqqəti yaşayış orderi əsasında qeydiyyata alınmış İddiaçı yaşayır. Həmin sərəncamla Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsaslanaraq: Bakı şəhəri, Fərman Qurbanov küçəsində yerləşən 48 saylı evin, yaşayış sahəsi 33,5 kv.metr olan 2 otaqlı 60 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi, Mənzil Kommunal xidmətləri departamenti tərəfindən verilmiş N-00041 saylı xx.xx.2012-ci il tarixli müvəqqəti yaşayış orderi və Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Mənzil-kommunal təsərrüfatı departamentinin 15/3 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən ünvan 1-ə İddiaçı daimi istifadə hüququ qeydə alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2025-ci il tarixli, 3-52-13/2-339/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən 48 saylı yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və həmin Birliyin 149 saylı mənzil-kommunal istismar sahəsinin xidmət dairəsinə qəbul edilmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin "Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin strukturunda və dislokasiyasında qismən dəyişikliklər edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 01 saylı sərəncamına əsasən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Səbail rayonunun ərazisində yerləşən 149 saylı mənzil-kommunal istismar sahəsinin istismarındakı yaşayış binaları bütün aktivləri ilə birlikdə həmin sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilmişdir. Hal-hazırda qeyd edilən bina və orada yerləşən 60 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Əlavə olaraq məhkəmə sorğusuna əsasən Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən 48 saylı binanın 60 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanılması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2017-ci il tarixli, 15/3 saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər müvafiq qanunvericiliyə uyğun olaraq saxlanılması üçün dövlət arxivinə təhvil verilmişdir. - SOCAR-ın xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, SOCARda aşkar olunan sənədlər arasında, İddiaçı ilə ünvan 3 ünvanında yerləşən 60 nömrəli mənzil üzrə kirayə müqaviləsinin bağlanmasına dair SOCAR-ın rəhbərliyinin, Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli 5 nömrəli Protokolunun təsdiq edilmiş surəti məhkəməyə təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən ünvan 3 ünvanında yerləşən bina Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçı hazırda qeyd edilən sənədlərə istinad edərək 60 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Həmçinin Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə görə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. İşdən görünür ki, iddiaçı mübahisəli mənzilin onun adına özəlləşdirilməsi barədə müraciət etsə də, hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi sərəncam xx.xx.2017-ci il tarixdə qəbul edilmiş, iddiaçı həmin mənzilə hüququnun xx.xx.2009-cu il tarixədək yaranmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İşdən görünür ki, həmin sərəncam Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2012-ci il tarixli protokolu və həmin tarixli müvəqqəti yaşayış orderi əsasında qəbul edilmiş, mənzil məhz həmin vaxt iddiaçının istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı heç bir zaman SOCAR üzrə mənzil uçotunda olmamışdır. Göründüyü kimi, iddiaçının özəlləşdirmə üçün təqdim etdiyi hüququmüəyyənedici sənəd xx.xx.2017-ci il tarixə aid olmuş, xx.xx.2009-cu il tarixədək iddiaçının 60 saylı mənzilə hüquqularının yaranmasını təsdiq edən hər hansı bir sənəd mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində müəyyən edilən tələblərə uyğun olan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9706/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9706/2025
01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver