Məhkəmə qərarları › İş №2-1(112)-9708/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9708/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9708/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “qərarın ləğv edilməsi” şikayətinə dair üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun üzərinə Xətai rayon İcra Şöbəsindəki Xətai rayon məhkəməsinin 2(011)4820 saylı xx.xx.2014 il tarixli icra vərəqəsi əsasındakı icra işi üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi barədə öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2025 ci il tarixdə Xətai rayon İcra şöbəsində həmin şöbənin icra məmuru Vüsal Umarov tərəfindən iddiaçıya bildirilmişdir ki, onun icraatında Bakı şəhər Xətai rayon məhkəməsinin 2(011)-4820/2014 saylı xx.xx.2015 tarixli icra vərəqəsinə əsasən icra işi vardır. Həmin xx.xx.2025 tarixdə icra məmuru tərəfindən iddiaçıya xx.xx.2015 tarixli icraata başlamaq haqqında Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın qərarı təqdim olunmuşdur. İcra məmuru V.Umarov bildirmişdir ki, müvafiq qətnaməyə əsasən orada göstərilən kimi tələb iddiaçıya məxsus banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan “Kia Optima” markalı minik avtomobilinə yönəldilmiş və avtomobil açıq hərracdan satılmış, əldə edilmiş vəsait banka ödənilmişdir. Lakin V.Umarov bildirmişdir ki, təxminən 30000 manat məbləği hələ də iddiaçı ödəməlidir. İddiaçı hesab edir ki, icra məmuru Vüsal Umarovun bu hərəkətləri əsassız və qanunsuzdur. İcra vərəqəsi barədə iddiaçının indiyədək hər hansı xəbəri olmamışdır, nə də ki 10 il ərzində iddiaçıya hər hansı qayda və formada məlumat verilməyib. Digər tərəfdən icra məmuru V. Umarovun bildirdiyinə görə sözügedən qətnamədə tələbin konkret olaraq hansı üsulla həyata keçirilməsi göstərilmişdir. Buna uyğun olaraq, avtomobil satılmış və vəsait banka ödənilmişdir (V.Umarovun dediyinə görə 2017-ci ildə). Göründüyü kimi məhkəmə qətnaməsi icra edilmişdir. Lakin icra məmuru faktiki olaraq məhkəmə qərarını pozaraq, öz səlahiyyətlərindən kənara çıxaraq, hansına hesablamalarına və mülahizələrinə əsaslanaraq məhkəmə qətnaməsində göstərilməyən tələbləri və onun icra üsullarını irəli sürür.

3. Bakı şəhəri Xətai rayon icra şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2015-ci il tarixli Qərarına əsasən İddiaçı 27242.53 ABŞ dolları məbləğində əsas borc, 4261.73 ABŞ dolları məbləğində faiz və 50 ABŞ dolları borc ödəniş gününə manata məzənnə ilə və 30 manat dövlət rüsumu Bank “VTB”(Azərbaycan) -nin xeyrinə tutulmalıdır. Tələb İddiaçı məxsus banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “Kia Optima” minik markalı **-SJ-*** dövlət qeydiyyat' nişanlı avtomobilə yönəldilməlidir, avtomobil açıq hərrəcdan satılmalıdır, satışdan əldə edilmiş vəsait hesabına banka olan borc ödənilməlidir. Qalan məbləğ cavabdehə qaytarılmalıdır. İş üzrə icraata başlanılması qərara alınmışdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından

5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

7. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...

III. İddianın mümkünlüyü

8. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

9. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

10. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

11. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4820/2014 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən qəbul edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2015-ci il tarixli qərarın ləğv edilməsini tələb edir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

13. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

14. İddiaçı müvafiq şikayətlə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar