Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-971/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların mərhum X4 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubda göstərmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Abşeron rayonu Maştağa sovxozunun xx.xx.1990-cı il tarixli aktında istinad olunan Maştağa tərəvəzçilik-südçülük sovxozunun 57 saylı, xx.xx.1990-cı i! tarixli əmrinin qüvvədə olub-olmaması barədə məlumat verməsi üçün Abşeron rayon Dövlət Arxivinə sorğu göndərilmiş, sorğuya T/32-2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Maştağa tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1990-cı il tarixli 57 saylı əmri vətəndaşlara hər hansı məqsəd üçün torpaq sahəsinin ayrılması barədə deyil, sovxozun mühasibatlıq sənədləri barədə olduğundan vətəndaş X3 adının araşdırılması mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən göstərilən sahə Maştağa tərəvəzçilik-südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin yerləşmə cizgisində dəqiq istinadlar və istinad məsafələri qeyd edilməmişdir. Torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki 1170 kv.m təşkil edir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən 1200 kv.m. sahəsi olan torpaq sahəsinin mərhum X4 məxsus olmasını təsdiq edən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh orqanın imtina məktubunda qeyd etdiyi əsaslar qanunsuzdur. Azərbaycan SSR Nazirlər Sovetinin 15 yanvar 1990-ci il tarixli 22№-li qərarı və Azərbaycan SSR X8 Komitəsinin 13 fevral 1990-cı il tarixli 82№-li əmrinə uyğun olaraq iddiaçının anası X4 xx.xx.1990-cı il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə aid akta əsasən Abşeron rayonu, Maştağa qəsəbəsi Tərəvəzçilik-südçülük sovxozu ünvanında fərdi yaşayış evi tikdirmək məqsədilə 0,12 ha torpaq sahəsi ayrılaraq daimi istifadə üçün təhkim edilmişdir. X3 xx.xx.2019-cı il tarixində vəfat etməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixində vərəsəlik işi açılmışdır və İddiaçı mərhumun varisidir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Abşeron rayonu Maştağa sovxozunun xx.xx.1990-cı il tarixli aktında istinad olunan Maştağa tərəvəzçilik-südçülük sovxozunun 57 saylı, xx.xx.1990-cı il tarixli əmrinin qüvvədə olub-olmaması barədə məlumat verməsi üçün Abşeron rayon Dövlət Arxivinə sorğu göndərilmiş, sorğuya T/32-2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Maştağa tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1990-cı il tarixli 57 saylı əmri vətəndaşlara hər hansı məqsəd üçün torpaq sahəsinin ayrılması barədə deyil, sovxozun mühasibatlıq sənədləri barədə olduğundan vətəndaş X3 adının araşdırılması mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən göstərilən sahə Maştağa tərəvəzçilik-südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin yerləşmə cizgisində dəqiq istinadlar və istinad məsafələri qeyd edilməmişdir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki 1170 kv.m təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbi müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-ci il tarixli 22 nömrəli qərarından görünür ki, Maştağa və Mehdiabad qəsəbələrində fərdi evlərin tikintisi üçün Xaşmaz rayonunda kollektiv bağçılıq və bostançılıq üçün 2 nömrəli əlavəyə uyğun olaraq torpaq sahələri ayrılmışdır. Həyətyanı torpaq sahəsinin verilməsinə aid xx.xx.1990-cu il tarixli aktdan görünür ki, Abşeron rayonu Maştağa tərəvəzçilik-südçülük sovxozu qəsəbə sakini X4 Maştağa tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1990-cı il tarixli “57” nömrəli əmrinə əsasən fərdi yaşayış evi tikdirməkdən ötrü verilmiş 0,12 hektar torpaq sahəsi yer üzərində ara ara nişanları ilə ayrılaraq vətəndaşa daim istifadə üçün təhkim edilmişdir. AZ-İİ № 016197 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2019cu ildə ölmüşdür. ünvan ünvanlanmış 26 sentyabr 2022-ci il tarixli 853 saylı məktubundan görünür ki, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X2 xx.xx.2019-ci il tarixdə vəfal etməsi ilə əlaqədar vərəsələrinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2020-cü il tarixdə vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən oğlu İddiaçı Mirzəaağa oğlu mərhumun varisi olması barədə məlumat təqdim edilir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 05 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4033/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı əsasında həyətyanı torpaq sahəsinin verilməsinə aid xx.xx.1990-cı il tarixli Aktla Abşeron rayonu Maştağa tərəvəzçilik-südçülük sovxozu tərəfindən Maştağa qəsəbəsində X4 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200,0 kv.m. torpaq sahəsinin yerləşmə sxemi tərtib olunaraq iddiaçıya təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, sahə mişar daşı ilə hasarlanıb. 2 tərəf yol, 2 tərəf qonşudur. Fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. Göstərilən torpaq sahəsi yerləşmə sxeminə uyğundur. Yerləşmə sxemində yol sərhədi 30.0 m qeyd ediləsə də, faktiki 28.65 m-dir. Bu səbəbdən faktiki sahə S=0.1170 ha-dır. İddiaçı hazırda bu sənədlərə istinad edərək, Maştağa qəsəbəsində yerləşən 0,12 ha saylı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin maddəyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Siyahının 2-ci bəndinin redaksiyasına əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış. İşdən görünür ki, iddiaçı T.Bədəlovaya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Maştağa Tərəvəzçilik-südçülük sovxozunun əmrini təqdim edə bilməmişdir. İddiaçı hüquqmüəyyənedici sənəd qismində Həyatyanı torpaq sahəsinin verilməsinə aid xx.xx.1990-cu il tarixli aktı təqdim etmişdir, hansı ki, həmin akta əsasən mübahisəli torpaq sahəsi T.Bədəlovaya Maştağa tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1990-cı il tarixli “57” nömrəli əmrinə əsasən təhkim edilmişdir. Lakin işdə olan Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli T358/2024 nömrəli məktubdan görünür ki, Maştağa tərəvəzçilik südçülük sovxozunun xx.xx.1990-cı il tarixli 51 nömrəli əmri xx.xx.1990-cı il tarixli deyil xx.xx.1990-cı il tarixlidir və sözügedən mövcud əmr vətəndaşlara torpaq sahəsi ayrılması barədə deyildir. Həmçinin Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon Maştağa tərəvəzçilik südçülük sovxozunun xx.xx.1990-cı il 57 saylı əmr vətəndaşlara torpaq sahəsi ayrılması barədə deyil, sovxozun işçilərinin işdən azad olması barədədir və sözügedən əmrdə X3 adı aşkar edilməmişdir. xx.xx.1990-cı il tarixli akt aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, iddiaçının təqdim etdiyi aktdakı məlumatlar dövlət arxivində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etməmişdir. Həmçinin mübahisəli torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər də təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin tərtib etdiyi yerləşmə cizgisinə gəldikdə, həmin cizgi iddiaçıya torpaq sahəsi ayrılarkən verilən ərazinin yerləşmə yerini deyil, iddiaçının hazırda faktiki istifadəsində olan ərazinin yerini müəyyən etməyə imkan verən sənəddir və Fərmanda təqdim edilməsi nəzərdə tutulan sənədə ekvivalent kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli 444 saylı Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na dəyişiklik edilərək, Siyahının 2.5-ci bəndi aşağıdakı redaksiyada verilmiş və aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilmişdir: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; Göründüyü kimi, xx.xx.2025-ci ildən etibarən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxoz rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlaka hüququn qeydə alınması üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı T.Bədəlovanın hüquqların dövlət qeydiyyatı üçün qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-971/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-971/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver