Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9717/2021 19.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı X5 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılması” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri, Nəsimi RPİnin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9717/2021 saylı, 27.08.2021-ci il tarixli qərardadı ilə X5 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və üçüncü şəxsə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh və 3-cü şəxs tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, 3-cü şəxs və cavabdeh Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 09.09.2021-ci il tarixli, 082-33124-124 saylı məktubda işə Nəsimi RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin onun mülkiyyətində olduğunu, həmin mənzili alqı-satqı müqaviləsi əsasında X2 aldığını bildirsə də, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina etmişdir. X3 mənzildə qeydiyyatda qalması onun qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Alqı-satqı müqaviləsinin 13-cü bəndindən irəli gələn öhdəliyinə görə də X5 24 mart 2020-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmalı olduğu halda bugünə qədər öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, X1 Xuraman Sabir qızı ilə bağladığı alqısatqı müqaviləsi əsasında ünvan 1 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 13,6 kv/m (1 otaq) hissəsini İddiaçı mülkiyyətinə vermişdir. Hazırda iddiaçı X3 qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin qeydiyyatının hazırda formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 16.07.2021-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, 3-cü şəxs X5 ünvan 4 ünvanında qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 13.04.2021-ci il tarixli məktubdan görünür ki, X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasından imtina olunmuş, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, 13.09.2021-ci il tarixli, **********50 saylı sorğuya cavab məktubunda X3 ünvan 4 ünvanı üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Eyni zamanda məktuba əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 5824 nömrəli vərəqində qeydiyyata alınmış, **********56-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 70.4 kvadratmetr olan daşınmaz əmlakın 1 otaq y/s 11.4 kv.m dən 6 kv.m və k/s 7.2 kv.m-i İddiaçı xüsusi mülkiyyətindədir. Beləliklə, Məhkəmə qənaətə gəlmək üçün aşağıdakı qanunvericilik normalarına istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən ünvan 4 paylı mülkiyyət hüququ üzrə X7, X8, İddiaçı, X6 məxsusdur. Həmin mənzilə dair üçüncü şəxsin istifadə hüququ, həmçinin onun qeydiyyata düşməsi barədə hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Həmçinin, satıcı iddiaçıya mənzili satan zamanı üçüncü şəxslərin hüquqlarından azad əmlak verməyi öhdəsinə götürmüşdür. İddiaçı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X3 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. ünvan 4 ünvanından üçüncü şəxs X3 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakıİ nzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-9717/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9717/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver