Məhkəmə qərarları › İş №2-1(112)-972/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-972/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-972/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik barədə məlumata dəyişiklik edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏƏSMN-nin X1 Sisteminin Əlillik altsistemində ona dair məlumatların əlillik səbəbini “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik => gözdən əlil” saxlamaqla, təyinat tarixində və əlillik müddətində düzəliş edilməsi, yəni İİ dərəcə əlilliyin təyinat tarixi olaraq “xx.xx.2019”-cu il tarixdən “xx.xx.2001”-ci il tarixinə dəyişdirilməsi və Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddətinin “müddətsiz” qeyd edilərək Əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ilin fevral ayında Sərhəd Qoşunlarının “Sadıqlı” Nəzarət Buraxılış məntəqəsində sərnişin avtobusuna baxış keçirilən zaman yıxılaraq başından güclü zədə almış, müalicə olunmaq üçün MTN-nin hospitalına göndərilmiş və həmin hospitalda müalicə almışdır. Hərbi xidməti vəzifələrini yerinə yetirərkən travma almasına baxmayaraq əsassız və qanunsuz olaraq MTN Hərbi Həkim Komissiyasının 08 oktyabr 2001-ci il tarixli 398 saylı şəhadətnaməsi ilə “xəstəlik hərbi xidmət dövründə alınmışdır” səbəbi ilə şəhadətləndirilmişdir. Bu səbəbdən iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək MTN Hərbi Həkim Komissiyasının 08 oktyabr 2001-ci il tarixli 398 saylı şəhadətnaməsində xəstəliyin səbəb əlaqəsinin “xəstəlik hərbi xidmət dövründə alınmışdır”-dan “xəstəlik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”-a dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tələbi təmin etmiş və xx.xx.2017-ci il tarixli Qərarı ilə MTN Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 398 saylı şəhadətnaməsində xəstəliyin səbəb əlaqəsinin “xəstəlik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”-a dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçıya təyin edilən əlilliyin təyinat tarixi xx.xx.2001-ci il olsa da, əlillik altsistemində əlilliyinin təyinat tarixi xx.xx.2019-cu il olaraq qeyd edilmişdir. Halbuki 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli Qərarı ilə əlilliyinin təyinatına əsas verən sənədin MTN Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 398 saylı şəhadətnaməsi olması təsdiq olunur. Həmçinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə (gözdən əlil) əlilliyin təyin edilməsi müddəti xx.xx.2001-ci il tarixdən hesablanmalı olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinə uyğun olaraq iddiaçıya İİ dərəcə əlillik müddətsiz təyin olunmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və X2: 7- Sinif-Gözün və əlavə aparatının xəstəlikləri => H30-H36-Tor qişanın xəstəlikləri =>H33- Tor qişanın qopması və cırılması =>H33.0- Tor qişanın cırılma ilə qopması; Diaqnozun mətni: Tor qişanın qopması və cırılması, OD torlu qişanın qopması.; Meyar: Göndərişin natamam doldurulması-X5 Z.Əliyeva adına MOM-də Müayinə olunması və tibbi rəy alınması barədə məlumat yoxdur.” səbəbi ilə imtina verilmişdir. Bakı 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik =>gözdən əlilliyi olan şəxs; X2: 7- Sinif- Gözün və əlavə aparatının xəstəlikləri => H30-H36-Tor qişanın və damarlı qişanın xəstəlikləri=>H33-Tor qişanın qopması və cırılması =>H33.0- Tor qişanın cırılma ilə qopması; Diaqnozun mətni: H33 Tor qişanın qopması və cırılması, OD torlu qişanın qopması (Vis OD= əl hərəkəti: Vis OD= 0.07 k/etmir (yüzdə yeddi). Ağırlaşma H50.1 Müştərək xarici çəpgözlük, OD.Ağırlaşma H52.0 Hipermetropiya. OS. Zəif dərəcəli. Ağırlaşma H35.4 Periferik retinal degenerasiya. OS zəif dərəcəli. Yanaşı xəstəliklər H54.1 Binokulyar, ağır görmə pozğunluğu, OS-tor qişanın mərkəzi distrofiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik=>2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9,H47-H47.5,H52- H53.9);” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının Bakı 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında əlilliyin qiymətləndirilməsi zamanı ona “Göndərişin natamam doldurulması-Səbəb: Xəstənin Akademik Z.Əliyeva adına MOM-də Müayinə olunması və tibbi rəy alınması barədə məlumat yoxdur.” Səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Göstərilən səbəblər aradan qalxdıqdan sonra isə ona Bakı 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bundan əlavə alt sistemdə iddiaçının xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müraciətləri vardır və sonuncu müraciəti əsasında da ona əlillik dərəcəsi verilmişdir. İddiaçının həmin müraciətlərdən əvvəl isə heç bir müraciəti alt sistemdə qeyd olunmamışdır. Bu səbəblərdən də iddiaçının əlilliyinin təyinat tarixinin xx.xx.2001-ci il qeyd olunması tələbi əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2001-ci il tarixli 398 saylı xəstəlik şəhadətnaməsindən görünür ki, iddaçının xəstəliyi Milli Təhlükəsizlik Nazirliyi hospital HHK tərəfindən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. Azərnaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən tərtib edilmiş 1297 nömrəli Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı AR MTN SQBİ-nin 7-ci sərhəd dəstəsinin 8-ci sərhəd zastavasının starşınası olmuş, xx.xx.2001-ci il tarixdə xəstəliyə görə hərbi xidmətdən tərxis olunmuş, ona xx.xx.2001-ci il tarixdə əlilliyə görə pensiya təyin edilmişdir. 324915 nömrəli xx.xx.2002-ci il tarixli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdə ilkin müayinə olunmuş, müayinə nəticəsində ona səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” olmaqla, müddətsiz üçüncü qrup əlillik təyin edilmişdir. Xətai 2 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 827723 saylı TSEK-də müayinə aktından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixdə əyani müayinə olunmuş, müayinə nəticəsində iddiaçıya səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” olmaqla, xx.xx.2011-ci il tarixədək ikinci qrup əlillik təyin edilmiş, növbəti müayinə tarixi kimi xx.xx.2010-cu il müəyyən edilmişdir. Xətai 2 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 016443 saylı TSEK-də müayinə aktından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdə əyani müayinə olunmuş, müayinə nəticəsində ona səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” olmaqla, xx.xx.2012-ci il tarixədək ikinci qrup əlillik təyin edilmiş, növbəti müayinə tarixi kimi xx.xx.2011-ci il müəyyən edilmişdir. 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 154693 saylı TSEK-də müayinə aktından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdə yenidən əyani müayinə olunmuş, müayinə nəticəsində səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” olmaqla, xx.xx.2012-ci il tarixədən iddiaçıya müddətsiz ikinci qrup əlillik təyin olunmuşdur. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)- 4820/2017 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2017-ci ildə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia qaldıraraq, Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Həkim Komissiyasının 08 oktyabr 2001-ci il tarixli 398 saylı şəhadətnaməsində xəstəliyin səbəb əlaqəsinin “xəstəlik hərbi xidmət dövründə alınmışdır”-dan “xəstəlik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”-a dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin olunmuşdur. Qərar qanuni qüvvəsini aldığından xx.xx.2018-ci il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. Azərbaycan Respubllikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 674 saylı qərarından görünür ki, Dövlət Sərhəd Xidmətində 1995-1998-ci il tarixlərdə əsgər kimi və 1998-2001-ci il tarixlərdə kiçik gizir kimi hərbi xidmət keçmiş sabiq hərbi qulluqçu İddiaçı Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4820/2017 nömrəli göndərişinə (xx.xx.2018-ci il tarixli 2-1(103)-1908/2018 saylı qərardad) əsasən xidmət zamanı keçirilmiş travmanın səbəb əlaqəsinə yenidən baxılmışdır. Təqdim olunan sənədlərə əsasən (xx.xx.2018-ci il tarixli 2-1(103)-1908/2018 saylı qərardad, MTN MHHKnın xx.xx.2001-ci il tarixli 398 nömrəli şəhadətnamə) İddiaçı xidmət zamanı vəzifələrini icra edərkən travma almışdır. (Diaqnoz: “Büllurun hissəvi çıxığı nəticəsində sağ gözün görmə itiliyinin 0,02-dək azalması. Yetişməmiş katarakta. İkincili qlaukoma). Bunun əsasında MTN MHHK-nın xx.xx.2001 ci il tarixli 398 nömrəli şəhadətnaməsindəki xəstəliyin səbəbəlaqəsi dəyişdirilmişdir: “hərbi travmadir, hərbi xidmət vəzifələrini icra edərkən alınmışdır”. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya H33-Tor qişanın qopması va cırılması, OD torlu qişanın qopması (Vis OD = əl hərəkətli; Vis OD = 0,07 k/etmir (yüzdə yeddi), Ağırlaşma-H50.1-Müştərək xarici çəpgözlük, OD, Ağırlaşma- H52.-Hiperinetroplya, OS, zəif dərəcəli, Ağırlaşma- H35.4- Periferik retinal degenerasiya, OS, zəif dərəcəli, yanaşı xəstəliklər, H54.1 Binokulyar, ağır görmə pozğunluğu,. OS- tor qişanın mərkəzi distrofiyası diaqnozu ilə xx.xx.2019-cu il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik əyin edilmiş, əlilliyin səbəb əlaqəsi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik- gözdən əlil” kimi müəyyən edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından isə görünür ki, İddiaçı əlillik vəziyyəti 11 saylı Birləşmiş Şəhər Xəstəxanasının 2773003AABHW nömrəli göndərişi əsasında xx.xx.2019-cu ildə qiymətləndirilmiş və ekspertiza üçün əhəmiyyətli sayılan Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin müvafiq rəyi barədə məlumat olmadığından göndərişin natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2773003AABJY nömrəli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2019-cu il tarixindən “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik - gözdən əlil" səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Beləliklə, işin qeyd olunan hallarından müəyyən olunur ki, ilk dəfə iddiaçı xx.xx.2002ci il tarixdə əyani müayinə olunmuş, ona müddətsiz üçüncü qrup əlillik təyin edilmiş, daha sonra iddiaçı xx.xx.2009-cü ildə müayinə olunmuş, ona 1 il müddətinə, xx.xx.2010-cu ildə yenidən 1 il müddətinə ikinci qrup əlillik təyin edilmiş, xx.xx.2012-ci il tarixli əyani müayinə nəticəsində isə iddiaçıya müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Həmin əlillik təyinatında iddiaçının əlilliyinin səbəb əlaqəsi “hərbi xidmət dövrü ilə əlaqədar” kimi müəyyən edilmiş, iddiaçı bununla razılaşmayaraq xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddiası təmin olunmuş, nəticədə Azərbaycan Respulblikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 674 saylı qərarı ilə iddiaçının aldığı xəsarətin səbəb əlaqəsi “hərbi travmadir, hərbi xidmət vəzifələrini icra edərkən alınmışdır” kimi təsbit edilmişdir. Bununla iddiaçının əlilliyinin də səbəb əlaqəsi dəyişmiş, iddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə əlilliyin səbəb əlaqəsi ilə yanaşı onun müddətini də dəyişmişdir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: - 1.5.1. ümumi səbəblərdən: - 1.5.1.1. ümumi xəstəlik; - 1.5.1.2. istehsalat zədəsi; - 1.5.1.3. peşə xəstəliyi; - 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; - 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; - 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; - 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; - 1.5.2. xüsusi səbəblərdən: - 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; - 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; - 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; - 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: - 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; - 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. - Bənd 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. - 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. İstinad olunan normalardan görünür ki, əlilliyin qiymətləndirilməsi və onun səbəbinin dəyişdirilməsi fərqli anlayışlardır və hər biri barəsində ayrıca icraat aparılmaqla müstəqil qərarlar qəbul edilir. Belə ki, əgər əlilliyin qiymətləndirilməsi “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında həyata keçirilməklə, yekunda şəxsin əlilliyinin dərəcəsi (pozulma faizi), səbəbi və müddəti müəyyən edilirsə, əlilliyin səbəbinin dəyişdirilməsi əlillik müəyyən edildikdən sonra Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda, dəyişdirilməyə əsas verən sənədlər əsasında şəxsin özü və ya aidiyyəti orqanların müraciətinə əsasən həyata keçirilir və bu zaman qəbul edilən qərar əlilliyin dərəcəsi (pozulma faizi) və müddəti barəsində deyil, yalnız onun səbəbi barədə qəbul edir. Göründüyü kimi, əlilliyin səbəbinin dəyişdirilməsi zamanı tibbi-sosial ekspertiza müayinəsinə göndəriş tələb olunmur, şəxsin əlilliyi qiymətləndirilmir. İşdən görünür ki, Azərbaycan Respulblikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 674 saylı qərarına əsasən iddiaçının xəsarətinin səbəbi dəyişdirilmiş, iddiaçı buna uyğun olaraq onun əlilliyinin səbəbinin dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2019-cu il tarixli qərarla iddiaçının əlilliyinin səbəbini dəyişdirərkən, eyni zamanda iddiaçıya təyin edilmiş müddətsiz əlilliyi də 5 il müddətinə əlilliklə əvəz edərək, bununla yuxarıda istinad olunan qanunvericiliyin tələblərini pozmuşdur. O da qeyd edilməlidir ki, yuxarıda istinad olunan Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, cavabdeh şəxsin əlilliyinin qiymətləndirilməsini, o cümlədən ona təyin edilmiş əlilliyin müddətini şübhə altına alan əsaslar aşkar edərsə, o, məsələ ilə bağlı inzibati icraat aparmalı, şəxsi əyani müayinəyə cəlb etməli, bundan sonra şəx barəsində əvvəl qəbul edilmiş qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etməlidir. Lakin işin hallarından görünür ki, cavabdehin iddiaçıya təyin edilmiş əlilliyin müddətini dəyişdirməsi Qaydanın 3.7-ci bəndində göstərilən icraat çərçivəsində həyata keçirilməmiş, əlilliyin səbəbinin dəyişdirilməsi barədə icraat zamanı heç bir əsas olmadan müddətinə də dəyişiklik edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya təyin edilmiş əlilliyin müddətsiz müəyyən edilməklə “Əlillik” altsisteminə daxil edilməsi hissəsində əsaslıdır. Əlilliyin təyinat tarixinə gəldikdə, iddia ərizəsindən görünür ki, iddiaçı ƏƏSMN-nin X1 Sisteminin Əlillik altsistemində əlillik səbəbinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik => gözdən əlil” saxlanılmaqla, təyinat tarixində və əlillik müddətində düzəliş edilməsi, yəni İİ dərəcə əlilliyin təyinat tarixinin “xx.xx.2019”-cu ildən “xx.xx.2001”-ci il tarixinə dəyişdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi həmin Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. İddiaçıya təyin edilmiş əlilliyin həqiqi səbəbini təsdiq edən edən sənəd Azərbaycan Respulblikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 674 saylı qərarı olmuş, həmin qərar cavabdehə 2019-cu il tarixdə təqdim edildiyindən cavabdeh iddiaçının əlilliyinin səbəbini xx.xx.2019-cu il tarixdə “hərbi xidmət dövrü ilə əlaqədar”-dan “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar”-a dəyişdirməkdə və “Əlillik” altsistemində müvafiq qeyd aparmaqda haqlı olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. “Əlillik” altsistemində İddiaçı təyin edilmiş ikinci dərəcə əlilliyin müddətinin “xx.xx.2024-cü il”–dən “müddətsiz”-ə dəyişdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar