Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-972/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehdən 8550 ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında qeydiyyatda olan "Ali-Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə Türkiyə Cümhuriyyətində qeydiyyatda olan “Pharma İLAÇ SAN.VE.TİC.LTD” şirkəti arasında xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasına mallar idxal olunmuşdur. Müqaviləyə əsasən malların çatdırılması İncoterms-2010 CİP-Bakı şərti ilə razılaşdırılmışdır. Həmin mallar Azərbaycan Respublikasının gömrük nəzarətinə gətirilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bəyan edilmişdir. Buna baxmayaraq, Bakı Baş Gömrük İdarəsinin qanunsuz hərəkətsizliyi nəticəsində vaxtında gömrük ərazisindən buraxılmamış, bunun səbəbləri barədə heç bir izahat verilməmişdir. Çoxsaylı şikayətlər və mətbuat vasitəsilə işıqlandırmadan sonra həmin mallar heç bir əlavə tələb irəli sürülmədən buraxılmışdır. Ərizəyə əlavə edilmiş fakturadan və xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, dəyəri 6.451,20 ABŞ dolları olan ”50 ML AMİNOX DROPS”, 6.048.00 ABŞ dolları olan "BLACK BULL N:10 CAPSULE”, 7.208.00 ABŞ dolları olan "MELO RELAX N:30 CAPSULE“, 7.751.80 ABŞ dolları olan "DEKAMİN 10 Ml. DROPS“ adlı bioloji fəallığa malik qida əlavələri (cəmi qiymət: 27459 ABŞ dolları) ölkəyə daxil olmuş, lakin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları həmin malların invoys dəyərinin (maya dəyərinin) düzgün olmamasını şifahi şəkildə deyərək bu səbəbdən də, bəyannamədə düzəliş edilməsini, gömrük bəyannaməsində idxal qiymətlərinin 73.000 ABŞ dolları kimi göstərilməsini (bəyan edilməsini) şifahi şəkildə tələb etmişlər. 22 fevral 2022-ci il tarixindən 57 gün mallar "Makaroğlu Logistics" daşınma (logistika) şirkətinin **-AG-*** qeydiyyat nişanlı daşıyıcı nəqliyyat vasitəsində qalmış və hər gün üçün iddiaçı nəqliyyat şirkətinə 150 ABŞ dolları məbləğində boşdayanma haqqı ödəmək öhdəliyi daşımışdır (nəqliyyat şirkəti ilə bağlanmış müqavilənin surəti iddia ərizəsinə əlavə edilir). Belə ki, Türkiyə Cümhuriyyətinin logistika şirkətinin yük avtomobili və sürücü Bakı Gömrük İdarəsinin bu məsələni nə zaman həll edəcəyini gözləməyə qanuni əsas olmadan məcbur edilmiş, həmin boşdayanmaya görə ödəniş etmək vəzifəsi isə iddiaçının üzərinə düşmüşdür. İddiaçı Bakı Baş Gömrük İdarəsinin bu hərəkətini qanunsuz və əsassız hesab edir. Bakı Baş Gömrük İdarəsi qanunvericiliyin tələblərinə əməl etmir və bu səbəbdən də şirkətə xeyli miqdarda zərər dəyməkdə davam edir. Bu səbəbdən də iddiaçı qərar verib ki, mübahisə həll olunana qədər malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün ərizə verilsin. Belə ki, 10 mart 2022-ci il tarixdə yeni ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-ci il tarixli, 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qavdalarına uyğun malların müvəqqəti saxlanca verilməsini xahiş etmişlər. Buna baxmayaraq Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi olmuş X4 öz hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını nəzərə almadığını, mallar onun dediyi qiymətlərlə bəyan olunmayana qədər onların nə buraxılmasına, nə də saxlanca verilməsinə icazə verməyəcəyini açıq şəkildə bildirdi. Malların "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarına uyğun malların müvəqqəti saxlanca verilməsi təmin olunmadığına görə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında qərardadın qəbul olunması üçün Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(112)-115/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsini təmin etmək vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Buna baxmayaraq mallar saxlanca verilmədi, qərardad icra olunmadı. 57 gün sonra mallar gömrükdən buraxıldı və Bakı İnzibati Məhkəməsində baxılmaqda olan inzibati məhkəmə mübahisəsinə mahiyyəti üzrə baxılmadı. Mallar sərbəst dövriyyəyə 57 gün ərzində buraxılması nəticəsində “Ali- Farm" Məhdud Məsuliyyətli Cəmiyyətinə 8550 ABŞ dolları məbləğində maddi zərər dəymişdir. Belə ki, malların daşınmasını həyata keçirmiş "MAKAROĞLU LOGİSTİCS" daşınma (logistika) şirkətinin **-AG-*** qeydiyyat nişanlı daşıyıcı nəqliyyat vasitəsi və sürücüsü 57 gün hərəkətsiz vəziyyətdə qaldığına görə iddiaçının müqavilə üzrə öhdəlikləri yaranmışdır. Dövlət Gömrük Komitəsinə yazılı müraciət edilməklə içi mallarla dolu olan nəqliyyat vasitəsinin 57 gün ərzində gömrük ərazisində hərəkətsiz saxlanılması və MXMT haqqında məhkəmə qərardadının icrasız saxlanılması barədə ünvanlanmış suallara cavab verilməmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, dəymiş maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi **********4302 sorğu nömrəli bəyannaməsi gömrük orqanı tərəfindən təsdiqlənmiş, gömrük rəsmiləşdirilməsi aparılmaqla mallar sərbəst dövriyyəyə buraxılmış, işin mahiyyəti üzrə mübahisə öz həllini tapmışdır. Daha sonra iddiaçı 30 iyul 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7782/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmışdır. Sonradan iddiaçı cavabdeh Bakı Baş Gömrük idarəsindən 8550 ABŞ dolları pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi xahişi ilə bir daha iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində işin halları ilə bağlı göstərilənlərdən də göründüyü kimi iddiaçının idxal etdiyi malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi cavabdehin deyil, iddiaçının öz təqsiri ucbatından yubanmışdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.1-ci maddəsində göstərilir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədlər təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir (Gömrük Məcəlləsinin 162.1. və 162.2. maddələri). Eyni zamanda bildirilir ki, iddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 123.1-ci maddəsinin tələbinə əsasən gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. İddiaçının idxal olunan mallar sərbəst dövriyyəyə buraxılanadək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına bəyannamə təqdim etmək hüququ olsa da, iddiaçı tərəfindən bu hüquqdan istifadə edilməmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan maddənin məzmunundan aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Yuxarıda göstərilənləri əsas tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ’’inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və inzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinə qarşı iddiasının mümkünlüyünün yoxlanılması, mümkün sayıldığı təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68ci və 69-cu maddələrinə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı tərəf cavabdehin iddiaya etirazına dair ərizə təqdim etmişdir. Ərizədə bildirilmişdir ki, etiraz tamamilə əsassız olduğundan ona qarşı öz mülahizələrimizi Sizə təqdim edirik: AZEMİS (elektron kabinet) vasitəsilə Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi Ehtiram Əliyevin 2-1(112)-7782/2022 saylı iş üzrə icraata xitam verilməsi haqqıda vəsatətini və ona əlavə edilmiş sənədləri təqdim edirik. Həmin vəsatətdə nümayəndə xx.xx.2022-ci il tarixli **********4302 saylı gömrük bəyannaməsi üzrə malların xx.xx.2022-ci il tarixində buraxıldığı göstərilmişdir. Nə həmin vəsatətdə, nə də hazırki iş üzrə cavabdehin etirazında malların 2 ay müddətində sərbəst dövriyyəyə buraxılmamasının qanuni səbəbləri göstərilməmişdir. Bundan əlavə nəqliyyat şirkətinin boşdayanma tələbinin artmasının qarşısını almaq üçün malların müvəqqəti saxlanca verilməsi haqqında Bakı İnzibati Məhkəməsinin MXMT qərardadını icra etməməsinin səbəblərinə münasibət bildirilməmişdir. Hal-hazırda da iddiaçının nəqliyyat şirkəti qarşısında borc öhdəliyi qalmışdır. Cavabdeh öz etirazını həm də onunla əsaslandırır ki, guya iddiaçı "müvəqqəti saxlanc bəyannaməsi" təqdim etməmişdir. Qeyd edirik ki, “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarının 2.3-cü bəndinə əsasən Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir. Bununla yanaşı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli MXMT(112)-115/2022 qərardadını icra etməkdən heç bir üzrlü səbəb olmadan yayınmış cavabdeh iddiaçının hüquqlarını pozduğunu etiraf etmək əvəzinə əsassız bəhanələr gətirir. Bununla yanaşı nəzərinizə çatdırmaq istəyirik ki, iddia tələbimizin əsasını cavabdehin malları müvəqqəti saxlanca yerləşdirməməsi deyil, sərbəst dövriyyəyə əsassız buraxmaması olmuşdur. Buna dair rəsmi etirazda heç nə göstərilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiadan göründüyü kimi, tələb İPM-in 2.2.7-ci maddəsi ilə nəzərdə tutulan "vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında” iddiaya aid olduğundan cavabdehin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İddiaçı iddia qaldırmazdan əvvəl vurulmuş ziyana görə cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, gömrükdə saxlanılmış malların buraxılması ilə bağlı iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə verilmiş iddia ərizəsi həmin mallar cavabdeh tərəfindən buraxıldığı zaman geri götürülmüşdür. Hazırda iddiaçının müqavilə öhdəliyi üzrə yaranmış məbləği ödəmək imkanı olmadığından ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, İddiaçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə müvafiq tələblə bağlı müraciət edilmişdir. -xx.xx.2021-ci il tarixli, 0001/2021 nömrəli müqavilədən görünür ki, bu müqavilə ilə bir tərəfdən Azərbaycan Respublikasının qanunlarına əsasən təmsil olunan alıcı İddiaçı MMC və digər tərəfdən Türkiyə Respublikasının qanunlarına əsasən təmsil olunan və bu müqavilə çərçivəsində kommersiya fəaliyyəti ilə bağlı ödənişləri həyata keçirəcək satıcı “X6 San.ve.Tic.LTD” Şirkəti arasında bağlanmışdır. Müqavilə xx.xx.2022-ci ilə qədər qüvvədədir. - Sifarişçi İddiaçı MMC ilə daşıyıcı “X1” MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli, 00125/2022 №-li müqavilənin 7-ci maddəsində qeyd edilmişdir ki, “Yüklənmə və gömrük sənədlərinin təhvil verilməsi üçün ödənişsiz vaxt 48 saat eyni zamanda boşaltma üçün 48 saat hesablanır. Tətil və bazar günləri daxildir. Əgər göstərilən vaxtdan artıq gecikmə olarsa hər gün üçün 150 ABŞ dolları yol haqqının üzərinə əlavə olunur. Gecikmə 14 günü keçdiyi halda nəqliyyat vasitəsi ölkə ərazisini tərk etdikdə sərhəd keçid məntəqəsində ödənilən məbləğ yol haqqının üzərinə əlavə olunur”. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(112)-115/2022 №-li qərardadından görünür ki, ərizəçi İddiaçı MMC-nin ərizəsi təmin edilmiş, ərizəçi tərəfindən Azərbaycan Respublikasına idxal edilən, dəyəri 6.451,20 ABŞ dolları olan “50 ML AMİNOX DROPS”, 6.048,00 ABŞ dolları olan “Black Bull N:10 Capsule”, 7.208,00 ABŞ dolları olan “MELO RELAX N:30 Capsule”, 7.751,80 ABŞ dolları olan “DEKAMİN 10 ML DROPS” məhsullardan ibarət malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsinin təmin edilməsi vəzifəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Həmin qərardad xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7782/2022 №-li qərardadından görünür ki, iddiaçının vəsatəti əsasında “iddiaçı tərəfindən Azərbaycan Respublikasına xx.xx.2022-ci il tarixində gətirilmiş və 27459 ABŞ dolları ümumi invoys dəyəri ilə bəyan edilmiş malların gömrük rəsmiləşdirilməsi aparılmaqla gömrükdən buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən malların çatdırılması dəniz və yaxud quru yolla həyata keçirilməlidir. Bütün çatdırılma xərcləri satıcı tərəfindən ödənilir. -İddiaçı MMC tərəfindən Türkiyə Respublikasında qeydiyyatda olan “X3.İnş.X8.Turizm İÇ ve Dış TİC.LTD.ŞTİ”nə və Azərbaycan Respublikasında qeydiyyatda olan “X1” MMC-yə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli öhdəlik məktublarında bildirilmişdir ki, “X6 San.ve.Tic.LTD” Şirkəti ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasına mallar idxal olunmuşdur. Müqaviləyə əsasən malların çatdırılması İncoterms-2010 CİP-Bakı şərti ilə razılaşdırılmışdır. Həmin mallar Azərbaycan Respublikasının gömrük nəzarətinə gətirilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bəyan edilmişdir. Buna baxmayaraq malların sərbəst dövriyyəyə buraxılmasında bizə məlum olmayan çətinliklər yaranmış və buna görə yükü gətirmiş nəqliyyat vasitəsi gömrük ərazisini tərk edə bilməmişdir. Yaranmış çətinliyin aradan qaldırılması, yükün sərbəst dövriyyəyə buraxılması üçün lazımi addımlar atılır. Bütün boşdayanma vaxtına görə gündəlik 150 ABŞ dolları eləcə də gömrük orqanında baş vermiş gecikməyə görə yaranmış bütün digərə əlavə xərclərin qısa müddət ərzində İddiaçı MMC tərəfindən ödəniləcəyinə zəmanət veririk. -İddiaçı MMC ilə “X1” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktında göstərilmişdir ki, “...xx.xx.2022-ci il tarixli 00125/2022 saylı müqavilənin şərtlərinə əsasən, İddiaçı MMC-yə göndərilmiş beynəlxalq yükdaşıma xidmətləri ilə əlaqədar 57 gün boşdayanmaya görə 8550 (səkkiz min beş yüz əlli) ABŞ dolları məbləğində borc yaranmış, həmin borc bu günə qədər “X1” MMC-yə ödənilməmişdir. xx.xx.2022-ci il tarixinədək “X1” MMC-yə ödənilməli cəmi yükun məbləğ 8550 (səkkiz min beş yüz əlli) ABŞ dolları. Aktın doğruluğu müəssisələrin rəhbərləri tərəfindən imzalanaraq təsdiq edilmişdir. -Tələbin güzəşti haqqında 018 saylı, xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, bir tərəfdən “əvvəlki kreditor” adlanan Türkiyə Respublikasında qeydiyyatda olan “X3.İnş.X8 Turizm İÇ və Dış Tic.LTD ŞTİ”, digər tərəfdən “sonrakı kreditor” adlanacaq Azərbaycan Respublikasında qeydiyyatda olan “X1” bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar: 2. Borclu adlandırılacaq Azərbaycan Respublikasında qeydiyyatda olan İddiaçı MMC-nin əvvəlki kreditora borcu yaranmışdır. 3. Borcun yaranması üçün əsas borclunun əvvəlki kreditor qarşısında götürdüyü öhdəlikdir. 4. Borcun cəmi məbləği gündəlik 150 ABŞ dolları olmaqla 57 gün boşdayanma və 750 ABŞ dolları qapı cəzasından ibarətdir. 5. Borc üzrə tələbin məbləği 9300 ABŞ dollarıdır. 6. Əvvəlki kreditor borc üzrə tələbi yeni kreditora güzəşt edir. 7. Yeni kreditor borc məbləğini borcludan tələb edə bilər. 8. Bu müqavilə imzalandığı andan qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: -1.0.11-ci maddəsinə əsasən, gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. -40.4-cü maddəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin, tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. -146.1-ci maddəsinə əsasən, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir (146.2). -151.1-ci maddəsinə əsasən, gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır: 151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını; 151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu; 151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını; 151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu; 151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini. -151.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır. -151.3-cü maddəsinə əsasən, təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır. -152.1-ci maddəsinə əsasən, gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. -157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. -160.1-ci maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. -162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. -162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «İnzibati icraat haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə qeyd edir ki, iddianın əsaslılığının müəyyən edilməsi üçün ilk növbədə konkret halda cavabdehin təqsirli hərəkətlərinin (hərəkətsizliyinin) olub-olmaması, olduğu təqdirdə isə bu hərəkətlərin (hərəkətsizliyin) həqiqətən iddiaçıya zərər vurulması ilə nəticələndiyi aydınlaşdırılmalıdır. Beləliklə, işin hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən ona vurulduğunu iddia etdiyi zərərin əvəzinin ödənilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, Türkiyə Respublikasından idxal etdiyi mallar xx.xx.2022-ci il tarixdə gömrük buraxılış məntəqəsinə gətirilmiş, gətirilmiş mallara dair xx.xx.2022-ci il tarixli, **********4302 nömrəli gömrük bəyannaməsi cavabdehə təqdim edilmiş, lakin 57 gün müddətində mallar sərbəst dövriyyəyə buraxılmamış, nəticədə iddiaçı tərəfindən daşıma xidmətini həyata keçirən şirkətə hər gün üçün 150 ABŞ dolları boşdayanma haqqının ödənilməsi öhdəliyi yaranmışdır. Bu məbləğ isə 57 gün üçün 8550 ABŞ dolları təşkil edir. Yuxarıda istinad olunan gömrük qanunvericliyinin tələblərindən göründüyü kimi, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməli, gömrük bəyannaməsinin Gömrük Məcəlləsinin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdiyi halda həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilməli, əks halda isə onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, habelə müvafiq qeyd aparılmaqla təsdiq edilməmiş gömrük bəyannaməsini və bəyannamə ilə birlikdə təqdim edilmiş sənədləri təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılmalıdırlar. Lakin hazırkı mübahisədə iddiaçı gömrük ərazisinə gətirdiyi mallara dair cavabdeh gömrük orqanına xx.xx.2022-ci il tarixli, **********4302 nömrəli bəyannamə təqdim etmiş, həmin bəyannamə qanunvercilikdə nəzərdə tutulmuş müddətdə deyil, xeyli müddət sonra gömrük orqanı tərəfindən təsdiq edilərək malların sərbəst dövriyyəyə buraxılması təmin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının bəyannaməsindəki məlumatların düzgün olmaması ilə əlaqədar bəyannamənin bəyannaməçiyə geri qaytarılması, yaxud həmin bəyannaməyə iddiaçı tərəfindən düzəliş edildikdən sonra malların buraxılması ilə bağlı sübut təqdim edilməmiş, eyni zamanda cavabdehin nümayəndəsi də ilkin bəyannamədəki məlumatlar əsasında gömrük rəsmiləşdirilməsinin başa çatdırıldığını bildirmişdir. Həmçinin malların buraxılışı zamanı Gömrük Məcəlləsinin 162-ci maddəsində göstərilmiş halların müəyyən edilməsi ilə də əlaqədar hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin dəlili ondan ibarət olmuşdur ki, iddiaçı bəyan edilmiş malların müvəqqəti saxlanc üçün yerləşdirilməsi ilə bağlı müraciət etməmiş, nəticədə iddiaçının daşıma şirkəti qarşısında borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi malların müvəqqəti saxlanc üçün yerləşdirilməsi ilə bağlı deyil, sərbəst dövriyyəyə vaxtında buraxılmaması ilə bağlıdır. Belə olan halda, göstərilənlər onu deməyə əsas verir ki, hazırkı iddia üzrə cavabdeh gömrük orqanı tərəfindən iddiaçının bəyan etdiyi malların gömrük rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, işin halları ilə iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) müəyyən edilsə də, bu hərəkətlər nəticəsində iddiaçıya zərər vurulması müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehdən zərərin əvəzi kimi tələb etdiyi 8550 ABŞ dolları vəsaiti ödəməsini, yəni real zərər çəkməsini sübut edən sənəd təqdim etməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili də məhkəmə iclası zamanı verdiyi izahatında hər hansı ödəniş edilmədiyini bildirmişdir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, işin halları ilə cavabdeh gömrük orqanının təqsirli hərəkətləri (yəni səbəbin olduğu) müəyyən edilsə də, cavabdehin bu hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. İddiaçı üçün zərərin nədə ifadə olunması, başqa sözlə, cavabdeh inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona zərərin dəyməsi barədə sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Odur ki, iddiaçıya vurulduğunu hesab etdiyi zərərin əvəzinin ödənilməsi üçün əsaslar yoxdur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-972/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-972/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver