Məhkəmə qərarları › İş №2-1(112)-9722/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9722/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9722/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “müavinətin əvvəlki dövr üzrə ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ödənməli olan 80 (səksən) manat məbləğində müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi tərəfindən iddiaçıya Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün Azərbaycan Respublikası “Müharibə veteranı" adı verilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V 088419 saylı xx.xx.2020-ci il tarixli “Müharibə veteranı" vəsiqəsi almışdır. Həmin tarixdən etibarən hər ay 80 (səksən) manat məbləğində aylıq müavinətin ödəniləcəyi bildirilsədə, həmin məbləğ hüququnun yarandığı dövrdən 2020-ci ilin noyabr ayına qədərki tarixlərdə iddiaçıya ödənilməmişdir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli imtinasında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir, lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Sosial müavinətlər məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlər məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərə 55000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikasının Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında“ Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd “Veteran vəsiqəsi” təqdim edildiyi (xx.xx.2020-ci il) tarixdən qanunauyğun olaraq təyin edilmişdir.

4. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında cavabdeh iddiaya yazılı etiraz təqdim edərək etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək sosial müavinətin hesablanaraq ödənilməsini tələb etmişdir. Fond vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən təqaüd təyin etmiş, əvvəlki illər üçün müavinət ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların təqaüd almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun no vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə 2019-cu ilin aprel ayından isə təqaüdlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” 06 noyabr 2020-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edirik ki, hazırki halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnu istisna edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarının nəzərə alaraq İddiaçı “sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməlidir.

II. İddianın növü və mümkünlüyü

6. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

7. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

8. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

9. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

11. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

12. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

13. İddiaçının sosial müavinətin ödənilməsinə dair müraciətinə cavabdeh tərəfindən imtina edilmişdir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. “Sosial müavinətlər haqqında” Qanunundan: -Maddə 1.0.1. sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -Maddə 9.1. ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

21. “Veteranlar haqqında” Qanunundan: - Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. - 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. -Maddə 7. Müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq kollegiya qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. 22.Məhkəmənin hazırki iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1489/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarına uyğundur. -“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Yenə həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Bununla bağlı hüquqi mövqe “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla əsaslandırılırdı. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin yuxarıda da qeyd edildiyi kimi «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1- dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 01 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, qanunverici müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq”və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq hesab edilir ki, 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. 01 aprel 2019-cu il tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır.

22. İddiaçı «müharibə veteranı» vəsiqəsini xx.xx.2020-ci il tarixdə almışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar