Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-973/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə X2rşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona sığorta stajının 25 ildən çox olmasını və zərərli iş stajının 12 il 06 aydan çox olması nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsinin, o cümlədən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə xx.xx.2020-ci il tarixində rəsmi olaraq zərərli işlərdə işlədiyi üçün güzəştli şərtlərlə pensiyasının hesablanması və ödənilməsi barədə müraciət etmişdir. Müracətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli, **********3 nömrə ilə imtina edilmişdir. İmtinada göstərilmişdir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan az təşkil edir. İmtinanı əsassız və qeyri-qanuni hesab edir. Əlil kimi 2002-ci ildən pensiya almışdır. Həmin bazada da onun əmək stajının 25 ildən çox olması göstərilmişdir. O, xx.xx.1971-ci il tarixindən xx.xx.1974-cü ilə kimi Naxçıvan Muxtar Respublikasında Sərxanlı kəndindəki 8 illik məktəbdə gözətçi işləmişdir. Həmin tarixdən başlayaraq 2 il ərzində müddətli hərbi xidmətdə olmuşdur. 1978-1997-ci illərdə «Bakıtuneltikinti» idarəsində, yeraltı zərərli işlərdə işləmişdir. 1997-1998-ci illərdə isə eyni təşkilatda işinə davam etmişdir. Ümumilikdə onun zərərli işlərdə işlədiyi müddət 22 il olmuşdur. O, 57 yaşından pensiya çıxmaq huququna malikdir və ona pensiya həmin dövrdən hesablanmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, **********3 saylı, xx xxxxx 2016-cı il tarixli məktubla iddiaçının müraciətinin icrasından imtina edib. İmtina onunla əsaslandırılmaşdır ki, iddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün ümumi və güzəştli iş stajına malik deyildir. İddiaçıya aid hərbi biletdən görünmüşdür ki, o, 02 il 09 gün (xx.xx.1974-xx.xx.1976) həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya aid xx xxx 1978-ci ildə doldurulmuş ******* saylı əmək kitabçasından görünmuşdur ki: 03 ay 02 gün (xx.xx.1978-xx.xx.1978) təhsil alıb; 19 il 03 ay 23 gün (xx.xx.1978-xx.xx.1997) qazmaçı və izoləedici peşələrində çalışıb; 09 ay 26 gün (xx.xx.1997-xx.xx.1998) tunel fəhləsi peşəsində işləyib. Əmək kitabçasındakı qeydlər üzrə cəmi əmək stajı (təhsil dövrü də daxil olmaqla) 20 il 04 ay 21 gün təşkil edir. Göründüyü kimi iddiaçının hərbi xidmət, təhsil və əmək stajı da daxil olmaqla ümumi iş stajı cəmi 22 il 05 ay edir. Lakin işdə “xxxx” QSC-nin A/70 saylı, xx xxxxx 2020-ci il tarixli arxiv arayışı vardır. Həmin arayışdan görünmüşdür ki, iddiaçı 2 nömrəli Tikinti İdarəsində çalışdığı dövr üzrə 1995-1996-cı illərdə əmək haqqı almamış, yəni bu dövrdə çalışmamışdır. Dolayısı ilə həmin dövr iş stajından çıxılmalıdır. Beləliklə iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək olan ümumi əmək stajı 25 ildən az təşkil edir. İddiaçı Sərxanlı kənd orta məktəbinin xx xxxxxx 2003-cü il tarixli arayışına istinad edərək xx xxxx 1971-ci ildən həmin məktəbdə gözətçi işləməsini iddia edir. Həmin arayış qeyri-mötəbərdir və əmək stajını təsdiq edən sənəd qismində qəbul edilə bilməz. Belə ki, iddiaçının öz əmək kitabçasında onun əvvəllər, yəni xx.xx.1978-ci ildən öncə əmək stajına sahib olmadığı açıq şəkildə qeyd edilib. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi iddiaçı iddia etdiyi iş stajını məktəbin deyil, dövlət arxivinin sənədləri əsasında təsdiqləyə bilərdi. Lakin işdə bu barədə sənədlər yoxdur. İddiaçı güzəştli iş stajına malik olduğunu iddia edir. Lakin nə iddia ərizəsində, nə dəki güzəştli arayış qismində təqdim etməyə çalışdığı "xxxx" QSC-nin A/70 saylı, xx xxxxx 2020-ci il tarixli arxiv arayışında NK-nın 320 nömrəli, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıda hansı bənd altında nəzərdə tutulduğunu göstərmir. Halbuki məcburetmə haqqında iddia çərçivəsində məhz iddiaçı bu halları isbat etməlidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həqiqətən də Sərxanlı kənd orta məktəbində gözətçi vəzifəsində işləməmişdir, əmək fəaliyyətinə 1978-ci ildən başlamışdır. O müxtəlif vaxtlarda ali məktəblərə qəbul olsa da təhsilini başa vura bilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Şərur şəhərində xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilə qədər (2 il 9 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - 128608 №-li, xx.xx.2003-cu il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci dərəcəli əlildir. - Azərbaycan Respublikası “xxxx” QSC-nın A/70 №-li, xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü, İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixindən “Bakıtuneltikinti” idarəsinin 2 №-li Tikinti İdarəsinə yeraltı şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə qəbul edilmişdir (Əmr №64, xx.xx.1978-ci il), xx.xx.1987-ci il tarixdən 3-cü dərəcəli izoləedici (yeraltı şəraiti) peşəsinə keçirilmişdir (Əmr № 245/J1C, xx.xx.1987-ci il), xx.xx.1988-ci il tarixdən 4-cü dərəcə ilə qazmaçı (yeraltı şəraiti) peşəsinə keçirilmişdir (Əmr № 18/İM, xx.xx.1988-ci il), xx.xx.1992-ci il tarixdən 5-ci dərəcə verilmişdir (Əmr № 25/ri/l, xx.xx.1992-ci il), xx.xx.1997-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 36/şh, xx.xx.1997-ci il). xx.xx.1997-ci il tarixindən xxxxnin Tunel qurğuları xidmətinə 4-cü dərəcə ilə tunel fəhləsi (tuneldə yalnız gecə işi) peşəsinə qəbul edilmişdir (Əmr № 224/OK, xx.xx.1997-ci il), maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 151/OK, xx.xx.1998-ci il). işlədiyi müddət ərzində İddiaçı: 1978-ci ilin may ayından 1994-cü ilin sentyabr ayınadək əmək haqqı təşkil edirdi: Yekun: 1978-1991-ci illər üzrə 42 124,84 (qırx iki min yüz iyirmi dörd rubl, 84 qəp.) rubl (məzənnə - rubl), 1992- 1998-ci illər üzrə 1 877 917,60 (bir milyon səkkiz yüz yetmiş yeddi min doqquz yüz on yeddi manat, 60 qəp.) manat (məzənnə - AZM). 1993-cü ilin mart ayı, 1994-cü ilin sentyabr ayından 1998-ci ilin sentyabr ayına kimi, 1998-ci ilin oktyabr ayından sonra əmək haqqı ödənilməmişdir. Bütün məbləğlərdən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqqları ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının müvafiq maddələrinə uyğun olaraq İddiaçı əmək stajına və yaşına görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir və onun yeraltı və zərərli iş şəraitində işlədiyi peşələr üzrə əmək stajı 20 il 01 ay 21 gün (iyirmi il bir ay iyirmi bir gün) təşkil edir. xx.xx.1986-cı il tarixli 76/R saylı əmrə əsasən “Bakıtuneltikinti” idarəsinin 2 №-li Tikinti- Quraşdırma İdarəsi ləğv olunmuş, 3 №-li Tunel-Quraşdırma İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 851 saylı, xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsi “Azərtunelmetrotikinti” SC adlandırılmışdır. “Azərtunelmetrotikinti” SC-nin xx.xx.1992-ci il tarixli 01 saylı əmrinə əsasən 3 №-li Tunel- Quraşdırma İdarəsinin adı dəyişdirilib 1 №-li Tunel Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən xxxx və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmışdır. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin Sərxanlı kənd orta məktəbinin xx.xx.2003-cu il tarixli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən (əmr № 97), Naxçıvan MR-nin İliç (indiki Şərur) rayonun Sərxanlı kəndindəki səkkizlik məktəbdə gözətçi işləmişdir. - İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* №-li, xx.xx.1978-ci ildə verilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər peşə məktəbində təhsil almış, (03 ay 02 gün), xx.xx.1978-xx.xx.1997-ci ilə qədər Bakmetrostroy-da qazmaçı və izoləedici (19 il 03 ay 23 gün), xx.xx.1997-xx.xx.1998-ci il tarixə qədər Bakmetrostroy-da tünel fəhləsi (09 ay 26 gün) vəzifələrində işləmişdir. - “xxxx” QSC-nin 40N-10/3-962 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ümvanlanmış məktubundan görünür ki, metropolitendə güzəştli şərtlərlə çalışan işçilərin əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən tənzimlənir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"-nın Dağ-mədən işləri maddəsinin 1.12 bölməsinin “a” bəndinə və 21 Nəqliyyat maddəsinin 21.5-ci Metropolitenlər bölməsinə (əvvəllər qüvvədə olan xx.xx.1993-cü il tarixli 320 saylı qərarın ******* və 23000000 kodları) əsasən İddiaçı əmək stajına və yaşına görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir və onun yeraltı və zərərli iş şəraitində işlədiyi peşələr üzrə əmək stajı 20 il 01 ay 21 gün (iyirmi il bir ay iyirmi bir gün) təşkil edir. 1995-ci və 1996-cı illərdə İddiaçı öz hesabına ödənişsiz məzuniyyətdə olmuş (Əmr №23/KŞ, xx.xx.1996-cı il), 1997-cı ildə onun əmək haqqı 1 147 628 manat, 1998-ci ildə 1 502 993 manat (məzənnə - AZM) təşkil etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının xx.xx.2020ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********3 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı İddiaçı ümumi iş stajının 25 ildən az, yəni təhsil, hərbi xidmət və əmək fəaliyyəti nəzərə alınmaqla 22 il 5 ay olması müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 1971-ci ildə işləmədiyini, əmək fəaliyyətinə 1978-ci ildən başladığını, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin Sərxanlı kənd orta məktəbinin xx.xx.2003-cu il tarixli arayışının həqiqəti əks etdirmədiyini bildirdiyindən, məhkəmə tərəfindən həmin dövr araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı yaranmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova