Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9733/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsində qeyri-yaşayış sahəsinin bərpa olunmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi və əmlakın sökülməsi nəticəsində vurulmuş ziyanın kompensasiya olunaraq ödənilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin hərəkətlərinin qanunsuz hesab olunması, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2,0 sot torpaq sahəsindəki qeyri-yaşayış sahəsinin bərpa olunmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi və həmin əmlakın sökülməsi nəticəsində ona vurulmuş ziyanın əvəzi kimi kompensasiya olaraq 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2,0 sot torpaq sahəsindəki 11.40 kv.m qeyri-yaşayış binası hüququ ilə ona məxsusdur. Həmin sahənin 0.0077 ha hissəsi və 11,40 kv.m qeyri-yaşayış binasına dair mülkiyyət hüquqları Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020ci il tarixdə ********** nömrə ilə qediyyata alınaraq çıxarış verilmişdir. Bu günlərdə ona məlum olmuşdur ki, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti heç bir qanuni əsas və məhkəmə qərarı olmadan ona məxsus qeyri-yaşayış binasını sökmüşdür. Bununla da ona 200.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Belə ki, Səbail Rayon Məhkəməsinin 16(009)- 45/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2,0 sot torpaq sahəsində söküntü, tikinti, quraşdırma işləri aparılmasının cavabdehlərə, üçüncü şəxslərə və digər şəxslərə qadağan olunmuşdur. Bununla bağlı xx.xx.2024-cü il tarixdə icra məmurları tərəfindən akt tərtib olunmuşdur. Lakin cavabdeh söküntünü davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə Səbail Rayon İcra Şöbəsi tərəfindən əraziyə baxış keçirilərkən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən söküntü, tikinti, quraşdırma işləri aparılması müəyyən olunmuş və bununla bağlı akt tərtib olunmuşdur. Cavabdehlər tərəfindən ona məxsus qeyri-yaşayış sahəsi heç bir yazılı və şifahi razılaşma olmadığı halda qanunsuz söküldüyü üçün cavabdehlərin hərəkətlərinin qanunsuz hesab olunması, qeyri-yaşayış sahəsinin bərpa olunmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi və həmin əmlakın sökülməsi nəticəsində ona vurulmuş ziyanın əvəzi kimi kompensasiya olaraq 200.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmalıdır. İddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra-“İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl eyni məzmunlu tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. İddia ərizəsinə cavabdehlərə iddia tələbində qeyd olunmuş məsələ ilə bağlı müraciəti təsdiq edən sənədlər və ya cavabdehlərin imtinası əlavə olunmadığından cavabdehlərin müraciətlə bağlı münasibəti məlum deyildir. Məhkəmə zəruri qaydada tələb etmişdir ki, cavabdehlərin imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2024-cü il tarixdən əvvələ aid olmalıdır. Həmçinin bildirilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında müxtəlif cavabdehlərə qarşı fərqli tələblərin bir icraatda birləşdirilməsi yolverilməzdir. Bununla bağlı iddiaçının nəzərinə çatdırılmışdır ki, hər bir cavabdehə münasibətdə ona qarşı irəli sürdüyü tələblər üzrə ayrıayrılıqda imtina məktubu əlavə etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Odur ki, iddia tələbində göstərilən məsələ ilə bağlı cavabdehlərə müraciət etməsini təsdiq edən sənədlərin və ya cavabdehlərin imtinasının əslini 5 gün müddətində Bakı İnzibati Məhkəməsinə təqdim etməsi və qeyd olunanlara yazılı münasibət bildirməsi təklif olunmuşdur. Həmçinin iddiaçının dinlənilmə hüququnun təmin edilməsi və ona hüquqi yardımın göstərilməsi barədə məhkəmə iclası təyin edilmiş, iddiaçının ünvanına bildiriş və SMS xəbərdarlıq göndərilməsinə baxmayaraq iddiaçı məkhəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehlərə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Həmçinin inzibati məhkəmə icraatı qaydasında müxtəlif cavabdehlərə qarşı fərqli tələblərin bir icraatda birləşdirilməsi yolverilməzdir. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. İnzibati Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Hazırkı tələblə bağlı inzibati məhkəmə icraatı qaydasında müxtəlif cavabdehlərə qarşı fərqli tələblərin bir icraatda birləşdirilməsi yolverilməzdir. Belə ki, hər bir cavabdehə münasibətdə ona qarşı irəli sürülmüş tələblər üzrə ayrı-ayrılıqda imtina məktubu əlavə etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehlərə iddia sürdüyü tələblər üzrə ayrı-ayrılıqda müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Müvafiq imtina cavabı alındıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsində qeyri-yaşayış sahəsinin bərpa olunmasına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi və əmlakın sökülməsi nəticəsində vurulmuş ziyanın kompensasiya olunaraq ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X2.
Məhkəmə qərarları › İş №2-1(112)-9733/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9733/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver