Məhkəmə qərarları › İş №2-1(112)-9736/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9736/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9736/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bölgü sxeminə əsasən fərdi yaşayış evinin ayrıca qeydiyyatının aparılmaqla yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Yasamal rayonu, B.Səfəroğlu küçəsi/Qədirli küçəsi, ev 16/73 (keçmiş Şors - 1-ci Razyezdnoy 16/73) ünvanında yerləşən fərdi yaşayış evinin bölgü sxeminə əsasən ona aid olan (təkbaşına sahiblik və istifadəsində olan) 2/3 hissəsinin - evin həmin hissəyə uyğun ona məxsus əsas və köməkçi tikililərinin (evin X11 məxsus tikili hissəsi xx.xx.2022-ci il tarixli 04/7500 inventar nömrəli texniki pasportda “A" literi ilə işarələnmiş tikilinin "11" rəqəmi ilə işarələnmiş sahəsi 7,5 kv.m. olan otağı və "12" rəqəmi ilə işarələnmiş sahəsi 13,7 kv.m. olan otağı - cəmi 21,2 kv.m.-dən ibarət yaşayış sahəsi istisna olmaqla) daşınmaz əmlakın dövlət reyestrində adına ayrıca qeydiyyatın aparılması və bunun hüquqi/texniki sənədlərdə (çıxarış və texniki pasportda) əks olunması (Çıxarışın "hüquq sahibinin payı" hissəsində adına olan qrafanın qarşısında yazılması), buna dair iddiaçıya yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir, elektron çıxarışı vardır. Mülk ona əri X8 2023-cü ilin oktyabrında ölümündən sonra vərəsəlik yolu ilə keçmişdir. Həmin mülk mərhum ərinin atababa mülkü olmuşdur. Mərhum ərinə də öz doğma atasından bağışlanma yolu ilə keçmişdir. Notariat qaydasında bağışlama əməliyyatından sonra əri sözügedən əmlakı daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldırmış və ona mülkiyyət hüququnun xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Həmin Çıxarışdan görünür ki, fərdi yaşayış evinin 380.2 kv.m-dən ibarət yaşayış və yardımçı sahəsi (221.7+158.5=380.2), həmçinin 244.2 kv.m.-dən ibarət həyətyanı tikili və qurğuları (3 ədəd qaraj, 2 ədəd sanitar qovşağı, 2 ədəd talvar.hasar və taxta qapı) üzərində əri X8 və digər payçı X10 paylı mülkiyyət hüququ vardır və 2/3 hissədə pay xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəsinə əsasən ərinə məxsus olmuşdur. Çıxarışdan isə görünürdü ki, X10 payının sonuncu qeydiyyat tarixi yoxdur. Qeyd edilir ki, iddiaçının mərhum əri xx.xx.2022-ci il tarixində əmlakın təkrar qeydiyyatını aparmışdır və torpaq sahəsi də mülkiyyətə verilmişdir. Bildirilmişdir ki, ərinin vəfatından sonra iddiaçı sözügedən mülkü vərəsəlik yolu ilə qəbul etmiş, hüququnu qeydiyyata aldıraraq çıxarış almışdır. Həmin çıxarışda iddiaçı və X14 payçılar olaraq göstərilirlər. Qeyd edilir ki, X10 payı formaldır. Evin iddiaçının mərhum qayınatası və ərinin sağlığında, eləcə də, hal-hazırda 380.2 kv.m.-dən ibarət yaşayış və yardımçı sahəsi (221.7+158.5=380.2), həmçinin 244.2 kv.m.-dən ibarət həyətyanı tikili və qurğuları X11 məxsus kiçik bir hissə istisna olmaqla, faktiki olaraq iddiaçının ailəsinin sahibliyində və sərəncamında olmuşdur, hazırda da belədir. Yaşayış və yardımçı sahəsində iddiaçı və ailə üzvləri, həmçinin istifadə hüquqları əsasında baldızı öz uşaqları ilə birlikdə yaşayır, buradan istifadə edilir. Bütün dövlət vergiləri və ödənişləri, kommunal xərclər artıq yetmiş ilə yaxındır ki, iddiaçı və ailəsi tərəfindən ödənilmişdir. Həyətyanı tikili və qurğulardan da istifadə edilir. İddiaçının məlumatına görə, Ana X4 yaşadığı tikili hissəsi 2 kiçik otaqdan ibarət olmuşdur. Belə ki, sonuncu dəfə X10 istifadə etdiyi tikili hissəsi evin "A” tikilisinin B.Səfəroğlu küçəsinə çıxışı olan 30.5 kv.m.-lik sahəsi (tikitialtı sahə ölçüsü) olmuşdur. Ana X12 olaraq bu hissədən istifadə etmiş, sonra isə başqa bir ünvana köçmüşdür. Haraya köçməsi və kiminlə yaşaması barədə məlumat yoxdur. Hal-hazırda həmin tikili hissəsi boşdur və buradan heç kim istifadə etmir. Evin tikilisinin həmin hissəsi Texniki Pasportlarda "A” tikilisinin 1-ci mərtəbəsinin (birmərtəbəli hissəsinin) 11 və 12 literləri kimi qeyd edilmişdir ki, "11" literi Texniki Pasportlarda 7.5 kv.m.-dən ibarət mətbəx sahəsi, "12" literi isə 13.7 kv.m.-dən ibarət yaşayış sahəsi kimi göstərilmişdir. Qeyd edilir ki, mərhum əri xx.xx.2022-ci il tarixində əmlakın təkrar qeydiyyatını apararkən ona verilmiş Texniki Pasportda da "11" və "12" literli sahələr də öz əksini tapmışdır. 2023-cü ildə iddiaçının əri ölümündən əvvəl ümumi mülkiyyətdəki payının naturada bölgüsünün aparılması üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarə əmlakın bölgüsünü aparıb və onlara məxsus hissələri digər payçıya məxsus olan "11" və "12" saylı literlərdən ayırmışdır. İdarə tərəfindən ərinə müvafiq bölgü sxemi də təqdim olunmuşdur. Lakin əri digər payçını tapa bilmədiyindən, bölgünü notariat qaydasında qarşılıqlı razılaşma ilə təsdiq etdirə bilməmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin tərtib etdiyi bölgü sxemindən və mülklə bağlı indiyə kimi tərtib olunmuş Texniki Pasportlardan görünür ki, X11 məxsus tikili hissəsinin ayrıca giriş-çıxışı vardır. Bölgü sxemindən görünür ki, yalnız 30.3 kv. metrlik tikili hissəsindən başqa bütün digər tikililər (əsas və yardımçı) iddiaçının sahiblik və istifadəsindədir. 2023-cü ilin sentyabr ayında iddiaçının əri sağ ikən cavabdeh orqana yazılı ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bölgü sxeminə əsasən onlara aid olan hissəsinin - evin iddiaçıya məxsus əsas və köməkçi tikililərinin daşınmaz əmlakın dövlət reyestrində adına ayrıca qeydiyyatının aparılmasına və bunun hüquqi/texniki sənədlərdə əks olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin əri 2023-cü ilin 16 oktyabrında vəfat etdiyi üçün işləri tamamlaya bilməmişdir. Daha sonra vərəsəlik rəsmiləşdirilməsi işlərini apardıqları üçün məhkəmə müraciət edə bilməmişdirlər. Qeyd edilir ki, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli ərizəsi iddiaçıya ərinin vəfatından sonra gəlib çatmışdır. Ərizədə bildirilmişdir ki, "müvafiq fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alındığından müraciətinizdə qeyd olunan məsələ ilə bağlı digər payçının notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi məqsədəmüvafıqdir. AR Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir." İddiaçı hesab edir ki, cavabdeh orqanın imtina dəlili əsassızdır. Belə ki, onun pay hissəsi ilə bağlı sərəncam vermək fikri yoxdur. Yalnız yaşadıqları tikili hissələrinin Çıxarış və texniki sənədlərdə əks olunmasını istəyir. Bununla bağlı cavabdeh orqanın formalaşmış inzibati praktikası vardır. Belə ki, hər bir payçı daşınmaz əmlakın dövlər reyestri orqanına müraciət edərək öz tikili hissəsinin çıxarışa daxil edilməsini tələb edə bilər və bunun qarşılığında da onun hissələri daşınmaz əmlakın dövlət reyestri orqanının mütəxəssisləri tərəfindən yerində/naturada faktiki müayinə olunaraq müvafiq qeydlər edilir, daha sonra bunlar reyestr baza məlumatlarına işlənir və müraciət edən şəxsin hüquqi və texniki sənədlərində əks etdirilməklə ona təqdim olunur. Hesab edir ki, cavabdehin hərəkətsizliyi və ərizənin təmin edilməməsi qüvvədə olan qanunvericiliyə ziddir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq xx.xx.2023-cü il tarixli **********14 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş bölgü sxemi notariat qaydasında təsdiqlənməmişdir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırılır ki, İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılarkən məlum olmuşdur ki, texniki pasportda “A” tikilisi kimi qeyd olunan tikilinin bir hissəsi yaşayış, digər hissəsi qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Həmçinin “C”, “D”, “E” tikililəri də qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edilir ki, xx.xx.2000-ci ildə vəfat etmiş X5 vərəsəsi Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 16-da yaşayan oğlu X2r və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi (Qədirli) ünvanında yerləşən 16/73 nömrəli fərdi yaşayış evinin 2/3 hissəsindən ibarətdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.03656 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi 2/3 hissədə X3, 1/3 hissədə isə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -xx.xx.2014-cü il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X6 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 2/3 hissəsini oğlu X9 bağışlamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 380.2 kv.metr sahədən ibarət fərdi yaşayış evi 2/3 hissədə X1, 1/3 hissədə isə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 5 ünvanının bölgü sxemi tərtib edilmişdir. Həmin sxemdə aparılmış qeyddən görünür ki, bölgü sxemi vətəndaşın göstərdiyi sahələrə uyğun və sahələrin çıxarışda kv.m-lə qeyd olunması üçün tərtib olunmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunzadd olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məhkəmə qeyd edir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətdə olması işin mübahisəsiz halıdır. Hazırda iddiaçının hüquqi marağı qeyd olunan yaşayış sahəsinin özünün paylı mülkiyyətində olan 2/3 hissəsinin cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş bölgü sxeminə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyatı aparılmaqla yeni çıxarışın və texniki pasportun verilməsindən ibarətdir. Bu məqsədlə cavabdehə müraciət edilmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Hazırda cavabdehin imtinası mübahisələndirilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi təqdim etdiyi bölgü sxemi yalnız iddiaçının iradəsini əks etdirməklə onun verdiyi məlumatlar əsasında tərtib edilmiş, digər payçının razılığı alınmamış və notariat qaydasında təsdiqlənməmişdir. Belə olan halda qeyd olunan bölgü sxemi ümumi paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması üçün əsas ol bilməz. Belə ki, Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmçinin iddiaçı sözügedən yaşayış sahəsindəki payının naturada ayrılmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi də təqdim etməmişdir. Halbuki, Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə vurğulayır ki, mülki qanunvericilikdə nəzərdə tutulan məhkəmə qərarı inzibati məhkəmə icraatı qaydasında qəbul edilən yekun məhkəmə aktı yox, mülki icraat qaydasında naturada bölünmə barədə ümumi məhkəmənin (rayon, şəhər məhkəməsi) yekun məhkəmə aktı başa düşülür. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə onu da qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətdə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Paylı mülkiyyətçilərin iradə ifadəsi mövcud olmadıqda və ya məhkəmə qətnaməsi mövcud olmadan əmlaka paylı mülkiyyətçilərin payının müəyyən edilməsi və bununla bağlı çıxarış və aidiyyəti texniki sənədlərin tərtib edilməsi cavabdeh inzibati orqanın səlahiyyətlərindən kənar məsələdir. Belə ki, ümumi ölçüsünü müəyyən etmək mümkün olsa da, evin məhz hansı hissəsinin iddiaçının, digər hissənin isə digər paylı mülkiyyətçinin mülkiyyətində olmasının, naturada olan bölgünün hansı qaydada aparılmalı olmasının cavabdehin özü tərəfindən müəyyən edilməsi qanunvericiliklə onun vəzifələrinə aid edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olmaqla qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar