Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9739/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Ona şizofreniya paranoid forma diaqnozu qoyulub, eləcə də ailədə qardaşı X6 da birinci dərəcəli əlildir. İddiaçı məcburən müxtəlif müəssisələrdə qısa müddət işləməklə ailəsini dolandırmağa çalışmışdır. Çünki qardaşı xəstə olduğu üçün ata və anasının ahıl vəziyyəti olduğu üçün ailəni dolandıracaq tək insan o olmuşdur. Güzəştli şərtlərlə pensiya təyinatı almaq istəyi ilə əlaqədar iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Təyinat üzrə Mərkəzi Filiala müfaviq müraciət edilmişdir. Lakin həmin orqan tərəfindən ona verilmiş cavab məktubunda əlilliyə görə pensiyasının təyinatının mümkün olmaması göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 X5 xx.xx.2021-ci il tarixli rəyində də iddiaçının xəstə olması açıqaydın şəkildə görünür. Lakin əlilliyə görə müraicətinə baxılmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-F- 13147/2024 saylı məktubda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Z00153550YZL nömrəli göndəriş əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçının müraciətini əsasında xx.xx.2024-cü il tarixində o, Agentlikdə qəbulda iştirak etmiş, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq onun səhhətində əlillik təyinatına əsas verən dəyişikliklər müəyyən olunmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-9739/2024 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qəbul edilməklə “iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 saylı şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və X1: F20.0 Paronoid şizofreniya, Şizofreniya paronoid forma, Şizofreniya paronoid forma, fasiləsiz gedişli, psixi qüsur halı; Nəticə - əlavə müalicəyə ehtiyacın olması; Səbəb: ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunmalıdır. Pulsuz dərman alan ruhi əsəb xəstələrinin reyestrində qeydiyyatı tapılmadı. İddiaçıya əlavə müalicəyə ehtiyacın olması - səbəb: ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunmalıdır, həmçinin pulsuz dərman alan ruhi əsəb xəstələrinin reyestrində qeydiyyatının tapılmamasına əsasən əlillik təyinatı aparılmamışdır. Həmçinin şəxsin adına aktiv əmək müqaviləsi var (satıcı), xəstəlik vərəqəsi genləri 0 (sıfır) gündür. İddiaçıya münasibətdə tərtib edilmiş göndərişdə əsas diaqnoz olaraq F20.0 Paranoid şizofreniya, şizofreniya paronoid forma, fasiləsiz gedişatlı psixi qüsur halı göstərilmişdir. Cavabdeh etiraz məktublarında iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. İş materiallarında olan sənədlərə əsasən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2021-ci il tarixli, 1/326 saylı məktubu əsasında verilmiş Həkim Psixiatr Komissiyasının 290 saylı rəyinə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı 5 saylı şəhər poliklinikası tərəfindən qoyulmuş “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı” diaqnozunun dəqiqləşdirilməsi üçün o, 2 nömrəli X2 Həkim Psixiatr Komissiyasına göndərilmiş və komissiya tərəfindən diaqnoz “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı (F20.01)” olaraq qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 1/2727 nömrəli məktubda qey edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixinədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 2 nömrəli X3 stasionar müayinə və müalicədə olmuş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 2 nömrəli X3 stasionar müayinə və müalicəyə qəbul olmuşdur, hal-hazırda müalicəsi davam etdirilir. Həmçinin həmin məktubda “Diaqnoz: Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı” olaraq qeyd edilmişdir. Məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi 2 saylı X3 keçirilmiş elektroensefaloqrafiya nəticəsində “yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər” müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi 2 saylı X2 tibbi-psixoloji müayinə vərəqində müayinə zamanı iddiaçıda “intellekti yüngül koqnitiv pozuntuya uyğun” halı müşahidə edilmişdir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi 2 saylı X2 xx.xx.2024-cü il tarixli, 53 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında aktda psixi status: düşüncəsi pozulmayıb. Bələdliyizamanda, məkanda və öz şəxsiyyətində saxlanılıb. Zahirən özünə qapalıdır. “Ünsiyyətə formal daxil olur, öz fikirlərini tam açıqlamır. Narahatdır. Təfəkkürü autistikdir. Beyninin içində səslər olduğunu və ona göstərişlər verdiyini bildirir. Ətrafa şübhə ilə yanaşır, heç kəsə inamı yoxdur. Ünsiyyət zamanı kəkələmə müşahidə edilir. Maraq dairəsi dardır. Əhval ruhiyyəsi enmişdir. Emosional-iradi sferası enikdir. İntellektualmnestik funksiyalar yaş səviyyəsinə və həyat tərziə uyğundur” və diaqnoz “Şizofreniya paranoid forma. F20.0” olaraq qeyd edilmişdir. Məhkəmə bildirir ki, iddiaçının 2 nömrəli X3 stasionar müayinə və müalicədə olduğu müddət ona münasibətdə göndərişin rəsmiləşdirilməsi üçün əsas qismində çıxış edir. İddiaçıya münasibətdə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Z00153550YZL nömrəli göndəriş imzalanmış, həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə müayinə edilmiş və ona əlavə müalicəyə ehtiyacın olması əsası ilə imtina cavabı verilmişdir. İnzibati icraat materiallarına əsasən: İddiaçı əlillik vəziyyətinə xx.xx.2020-ci il tarixdə imzalanmış xx.xx.2020-ci il tarixli göndəriş əsasında xx.xx.2020-ci il tarixdə baxılmış və “X1: V sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20, şizofreniya => F20.0 – Paranoid şizofreniya, diaqnozun mətni: Paranoid şizofreniya, Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı. İmtina edilmənin səbəbi: göndərişin natamam doldurulması – Səbəb: Xəstəliyin və funksional dəyişiklərin yaranma səbəbi həkimlərin rəyi dəqiqləşdirilsin” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Qeyd olunan göndərişdə Əsas diaqnoz və ağırlaşma – F20.0 Paranoid şizofreniya, Şizofreniya parnoid forma, fasiləsiz gedişli, psixi qüsur halı olaraq müəyyən edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: V sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20, şizofreniya => F20.0 – Paranoid şizofreniya, diaqnozun mətni: Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı. İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: İxtisaslaşdırılmış müalicə və müayinə davam etdirilməli” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: V sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20, şizofreniya => F20.0 – Paranoid şizofreniya, diaqnozun mətni: Şizofreniya paranoid forma, İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Şəxsin adına aktiv əmək müqaviləsi var (satıcı), lakin xəstəlik vərəqəsu fünləri 0 (sıfır) gündür” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və “diaqnozun mətni: F20.0 Paranoid şizofreniya, Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı, İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: İxtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunmalıdır. Pulsuz dərman alan ruhi əsəb xəstələrinin qeydiyyatı tapılmadı” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və “diaqnozun mətni: F20.0 Paranoid şizofreniya, Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı, İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: İxtisaslaşdırılmış müalicəsi davam etdirilsin” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9739/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 4343 nömrəli məktubu ilə göndərilmiş İddiaçı haqqında olan xx.xx.2024-cü il tarixli 2497 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, ... İddiaçı Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri (yoxlanılan şəxsin anasının verdiyi anamnestik məlumatlara görə oğlunun psixi vəziyyətində dəyişikliklər yeniyetmə dövründən başlayaraq meydana gəlməsi, ilk dövrlərdə yuxu pozuntusu, qorxu hissləri, şübhələr meydana gəlməsi, həmçinin qavrama aldanmaları, qeyri-adekvat hərəkətlləri biruzə verməsi, psixi vəziyyəti ilə əlaqədar dəfələrlə Bakı şəhər 2 saylı X3 “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı” müalicələrdə olması, sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı” diaqnozu ilə dəfələrlə Bakı şəhər 2 saylı X3 stasionar müalicədə olması, həkim-psixiatr tərəfindən təyin edilmiş dərmanları mütəmadi qəbul edir, buna baxmayaraq düçar olduğu psixi xəstəlik ilə əlaqədar hallüsinator təsirə məruz qalaraq öz-özünə danışması, yersiz hərəkətləri, bəzən aqressiv hərəkətlərinin olması, ifadəli davranış pozuntuları ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırkı müayinə zamanı hazırki müayinə zamanı aşkar olunan əlamətlər - təfəkkürünün autikliyi, paraloji olması, sorğu gedişatında verilən suallara bəzən yerinə düşməyən cavablar verməsi, mimikasında qeyri-adekvatlıq biruzə verməsi, maraq dairəsinin və emosional-iradi sferasının enməsi, şəxsiyyətin psixi qüsur əlamətləri müəyyən edilməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı qoyulmuş "F20.0 Paranoid şizofreniya, şizofreniya paronoid forma, fasiləsiz gedişatlı psixi qüsur halı” diaqnozu düzgündür. Diaqnozların əlilliyin meyarlarına uyğun olub-olmamasının müəyyən edilməsi məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. İddiaçı sağalma ehtimalının nə qədər olması və göstərilən psixi pozuntunun müalicə olunaraq sağalması barəsində qoyulan suala cavab olaraq bildirilmişdir ki, yoxlanılan şəxsdə onda aşkar edilmiş “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı" xroniki ruhi xəstəlikdir, qüsur əlamətlərinin gələcəkdə get-gedə artmaq ehtimalı daha yüksəkdir. Göstərilən xroniki ruhi xəstəlik müalicə nəticəsində psixi vəziyyətində nisbi sabitləşmə əldə edilsə də, xəstəlik öz gedişatında qüsur əlamətlərinin artmasına səbəb olur. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1-ci bəndində “şizofreniya (formadan asılı olmadan)” F20 diaqnozu öz əksini tapmaqdadır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixli göndərişinin tərtib edildiyi dövrdə qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1-ci bəndində öz əksini tapmış “paranoid şizofreniya” F20.0 diaqnozu iddiaçıya münasibətdə rəsmiləşdirilmiş həmin göndərişdə öz əksini tapmaqdadır. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Bununla yanaşı qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh əlilliyin təyin edilməsindən imtinasını diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmaması və nəticə etibarı ilə əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması və iş üzrə təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, İddiaçı “F20.0 Paranoid şizofreniya, şizofreniya paranoid forma, fasiləsiz gedişatlı psixi qüsur halı” aşkar olunur. İddiaçı qeyd olunan “Paranoid şizofreniya, şizofreniya paranoid forma, fasiləsiz gedişatlı psixi qüsur halı”nın strukturuna təfəkkürün rabitəsizliyi, qırıqlığı, paraloji olması, autizm əlamətləri, verilən suallara yeerinə düşməyən cəfəng məzmunlu cavabların verilməsi, mimikasında qeyri-adekvat təbəssümün olması, passiv olaraq ayrı-ayrı münasibət sayıqlama ideyalarının olması, maraq dairəsinin və emosional-iradi sferasının enməsi, şəxsiyyətin psixi qüsur əlamətləri daxildir. Beləliklə, İddiaçı qoyulmuş diaqnozları düzgün hesab oluna bilər. Ekspert rəyində İddiaçı sağalma ehtimalının nə qədər olması və göstərilən psixi pozuntunun müalicə olunaraq sağalması ilə bağlı olaraq bildirilmişdir ki, yoxlanılan şəxsdə onda aşkar edilmiş “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı" xroniki ruhi xəstəlikdir, qüsur əlamətlərinin gələcəkdə get-gedə artmaq ehtimalı daha yüksəkdir, göstərilən xroniki ruhi xəstəlik müalicə nəticəsində psixi vəziyyətində nisbi sabitləşmə əldə edilsə də, xəstəlik öz gedişatında qüsur əlamətlərinin artmasına səbəb olur. Lakin cavabdeh tərəfindən diaqnozun düzgün olması, eləcə də iddiaçıda olan xəstəliklərin əyani müayinə zamanı öz təsdiqini tapmasını əsaslandırmadan dəfələrlə əlilliyin təyin edilməsində imtina edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, qanunla və qaydalara əsasən müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən aparılan icraat çərçivəsində mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, iddia iddiaçı tərəfindən irəli sürülən tələb həcmində təmin olunmalı, cavabdehin üzərinə xx.xx.1992-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixli Z00153550YZL nömrəli göndərişin imzalandığı tarixdən iddiaçıda müşahidə olunan F20 XBT kodlu diaqnoz əsasında müddəti və faizi müəyyən edilməklə əlilliyin təyin edilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, hazırkı vəziyyətdə iddiaçıya münasibətdə əlilliyin müəyyən edilməsinə nəzərən ekspert rəyi mövcuddur, iddiaçıda ona əlilliyin təyin edilməsini tələb etdiyi diqanoz öz təsdiqini tapır və Meyarlarda mövcuddur. Onun ağırlaşmalarına uyğun əlilliyin dərəcəsinin və müddətinin müəyyən edilməsi isə cavabdehin diskresion səlahiyyətlərinə aiddir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli Z00153550YZL göndəriş əsasında, göndərişin imzalandığı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8.
Məhkəmə qərarları › İş №2-1(112)-9739/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9739/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver