Məhkəmə qərarları › İş №2-1(112)-974/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-974/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-974/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və X3 üçüncü şəxs qismində göstərilməklə “nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMM) cavabdeh Azərbaycan Respublikası Cavabdeh (bundan sonra mətndə DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi) qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (bundan sonra mətndə DİN) və X3 üçüncü şəxs qismində göstərilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3589/2019 saylı iş üzrə 4 oktyabr 2019-cıı il tarixli qərardadı ilə, ** ZB ***, ** ZX ***, ** ZB ***, ** ZX ***, ** ZX ***, ** ZB ***, ** ZX ***, ** ZB ***, ** ZB ***, ** ZB ***, H006012, 9227AU, ** ZB ***, ** ZB ***, H005839, H010798, H010067, ** ZB ***, H012140, ** ZB ***, H006019,11010797, H008968, ** ZB ***, H009050, H008894, ** ZB ***, H008792, ** ZB ***, H005245, ** ZB *** və H008791 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin (yarımqoşquların) üzərinə həbs qoyulması, onların Baş Dövlət Yol Polisi İdarəsinin (bundan sonra mətndə BDYPİ) xüsusi dayanacağına yerləşdirilməsi qərara alınmışdır. Həmin qərardad icra olunmuş və sözügedən nəqliyyat vasitələri BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1458/2020 №li xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qərardadı ləğv olunsa da mübahisə davam etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarından sonra (2020-ci ilin iyul avında) həmin nəqliyyat vasitələri həbsdən azad edilmişdir.xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən ünvanlanmış ərizənin mətnində həmin nəqliyyat vasitələrinin həbsdə olmasından əvvəlcədən məlumatlı olmuşdur. Bütün bunlar onu təsdiq edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qərardadı əsasında həbs qoyularaq götürülmüş nəqliyyat vasitələrinin 5 ədədi qanunsuz olaraq X1 mülkiyyətinə keçirilmiş və ona bu barədə xx.xx.2020-ci il tarixli qeydiyyat şəhadətnamələri verilmişdir. Qeyd edilən xüsusatlar onu təsdiq edir ki, sözügedən nəqliyyat vasitələri Baş DYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilsə də, həbsdə olan 5 ədəd nəqliyyat vasitəsinə qanuna zidd olaraq baxış keçirilmiş və 29 fevral 2020-ci il tarixində, həbsdə olan nəqliyyat vasitələrinin 5 ədədinə qeydiyyat şəhadətnamələri verilmişdir. Bununla bağlı Baş DYPİ tərəfindən X2 verilmiş: AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsini xahiş etsələr də müraciətlərinə qeyri-müəyyən cavab verilmiş və bildirilmişdir ki, həmin nəqliyyat vasitələrinin X1 adına keçməsi üçün əsas gömrük vəsiqələri olmuşdur. Həmin nəqliyyat vasiləri heç vaxt Nəsimi Şirinovun sahibliyində və istifadəsində olmamışdır və hazırda da onlara məxsus dayanacaqda saxlanılırlar. Həmin nəqliyyat vasitələrinə dair gömrük rəsmiləşdirilməsi aparılarkən həmin nəqliyyat vasitələri həbsdə olmuş və onların üzərində məhdudiyyət olmuşdur. Bu baxımdan hesab edirlər ki, X2 məxsus AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi qanunsuzdur və onun hüquqi nəticələridə onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, “Silver Transport Limited" MMM-nin adından bu şirkətə heç bir bağlılığı olmayan şəxslər : Tatyana Dimitriyevna, Emin Mirzəyev, Şirinov Nəsimi və Vidadi adlı şəxslər, gömrük və polis əməkdaşlarının vasitəsi ilə və ya onları aldadaraq, saxta sənədlər əsasında , cinayətkarcasına əlbir olaraq onlara məxsus əmlakları ələ keçirməyə çalışmışlar. Məhkəmə tərəfindən onların bu cinayətkar əməllərinə hüquqi qiymət verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi doğru olardı. AD N 769252, AD N 769253, AD N 769254. AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş Gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlər qanunsuz hesab edilməli və Tatyana Dimitriyevna, Emin Mirzəyev, Şirinov Nəsimi və Vidadi adlı şəxsin, Gömrük və Polis əməkdaşlarının hərəkətlərində cinayət tərkibli faktlar mövcud olduğu üçün məhkəmə tərəfindən xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluğa göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası sonuncu dəfə xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Tərəflərə və üçüncü şəxslər qismində göstərilmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin və üçüncü şəxslər qismində göstərilmiş şəxslər iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-593/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı MMC cavabdeh DGK-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gömrük rəsmiləşdirilməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr verilmiş, cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edilmiş, daha sonra iddiaçı tərəfindən yenidən iddia tələbinin “AD N769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 nömrəli nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük bəyannamələri və gömrük vəsiqələrinin qanunsuz hesab edilməsi və xüsusi qərardad qəbul edilməsi” formasında icraata qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-593/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmış və məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırmışdır. İş materiallarında olan: Nizami Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, üçüncü şəxs ona məxsus nəqliyyat vasitələrinin yanlışlıqla həbsdə olduğunu əsaslandıraraq 5 ədəd nəqliyyat vasitələrinə qoyulmuş həbsin götürülməsini xahiş edir. 24 oktyabr 2019-cu il tarixli qərardadından görünür ki, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə ərizə təmin edilmişdir. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən 5 ədəd nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinə əsas olan sənədlər, o cümlədən bəyannamələr və malların sərhədkeçmə məlumatları məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə verilmiş iddia ərizəsinin subyektiv hüquqi baxımından mümkünlük şərtinin ödənilib-ödənilməməsi və bundan sonra işə mahiyyəti üzrə baxılması, gömrük orqanının rəsmiləşdirmə ilə bağlı hərəkətlərinin qanuniliyinə qiymət verilməsi zərurəti müəyyən edilmişdir ki, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı subyektiv hüququn mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iş materiallarında iddiaçıya əmlakların məxsusluğunun dəlili kimi qeyd edilmişdir ki, həmin əmlaklar iddiaçıya məxsusdur, onun istifadəsindədir, məhkəmə qərardadı ilə nəqliyyat vasitələrinə həbs qoyulan zaman da üçüncü şəxsin məhkəməyə ərizəsi ilə həmin faktiki hal da təsdiq edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, əmlakın iddiaçının faktiki istifadəsində olması həmin əmlaklara münasibətdə hər bir halda subyektiv hüququn mövcudluğu hesab edilməməlidir. Belə ki, subyektiv hüquq dedikdə qonunla qorunmalı olan hüquq başa düşülür ki, mübahisəli əmlak üzrə iddiaçının qanunla qorunan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının mövcudluğu təsdiq edə biləcək heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, məhkəmənin aidiyyəti orqanlara sorğuları ilə də iddia olunan nəqliyyat vasitələri barəsində heç bir məlumatı əldə etmək mümkün olmamışdır. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən iddiaçının istifadəsində olan nəqliyyat vasitələrin siyahısı məhkəməyə təqdim edilmişdir ki, həmin bitkin siyahıdan da görünür ki, iddia olunan nəqliyyat vasitələri barədə hər hansı məlumat həmin siyahıda mövcud olmamışdır. Üçüncü şəxs və cavabdeh tərəfindən 5 nəqliyyat vasitəsinə dair sərhədkeçmə məlumatları, gömrük rəsmiləşdirilməsinə əsas olan bəyannamələr təqdim edilsə də iddiaçı həmin əmlakların sərhədkeçmə məlumatları, aidiyyəti qurumlarda rəsmiləşdirilməsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmiş, məhkəmə araşdırması zamanı təqdim etdiyi sənədlərin-texniki pasportların isə həmin 5 nəqliyyat vasitəsi ilə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının nəqliyyat vasitələri üzərində sahibliyi faktiki sahiblik olmaqla qanuni sahiblik üçün əsas yaratmır. Faktiki sahiblik isə qanunilik meyarına malik olmadığı təqdirdə hüquqdan, dolayısı ilə də hüququn müdafiəsi vasitəsi kimi məhkəməyə müraciət etmək hüququndan, nəticədə isə iddia verilməsi üçün subyektiv hüququn mövcudluğundan söhbət gedə bilməz. Beləliklə iddiaçı tərəfin subyektiv hüququn mövcud olmasına istinad edə biləcəyi hüquqmüəyyən edici sənəd mövcud deyil. Adından da göründüyü kimi hüququ müəyyən edən sənəd yoxdursa, deməli hüquq da mövcud deyil. Üçüncü şəxsin rayon məhkəməsinə ərizəsi də həmin hüququn yaranmasına səbəb olmur. Belə ki, həmin qərardaddan da görünür ki, həbs qoyulmalı olan əmlakların rekvizitləri bəllidir. 5 ədəd nəqliyyat vasitəsi digər əmlaklardır və üçüncü şəxs də məhz əmlak üzərinə səhv həbs qoyulması səbəbindən məhkəməyə müraciət etmiş, həmin 5 nəqliyyat vasitəsinin həbs qoyulmalı olan nəqliyyat vasitəsinə aid olması barədə heç bir məlumata istinad etməmiş, onun sahibliyində olmalı olan, lakin iddiaçının qarajında faktiki istifadəsində olan nəqliyyat vasitələrinin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən əmlakların saxlanıldığı qarajda yerləşən nəqliyyat vasitələrinə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitələrinin qanuni sahibliyində olmasına dair heç bir məlumatın əldə edilməsi mümkün olmamış, iddiaçı tərəf də bununla bağlı hər hansı sənədi təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (bənd 8.1.). Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (bənd 8.2.). Qərarın 8.3-cü bəndində göstərilmişdir ki, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir; 8.5-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Qərarın 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan və qeyd olunan qərardadda iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından hazırki iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və X3 üçüncü şəxs qismində göstərilməklə “nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar