Məhkəmə qərarları › İş №2-1(112)-9748/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9748/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9748/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən maddi və mənəvi təzminat olaraq vurulmuş 10.000 (on min) manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2018-xx.xx.2023-cü illər müddətində İİ qrup üzrə əlillik dərəcəsi ilə pensiya almışdır. 23 mart 2023-cü il tarixdə əlillik müddətinin uzadılması üçün xəstəlik sənədlərini cavabdehə göndərmiş, sonuncu tərəfindən imtina edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixdə əyani müayinə keçməsi barədə qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə xx.xx.2024-cü il tarixədək İİİ qrup əlillik dərəcəsinin müddəti uzadılmışdır. xx.xx.2023-cü il tarixdə müayinə sənədlərinin ona təqdim edilməsi üçün cavabdehə müraciəti cavablandırılmamışdır. xx.xx.2023-cü ildə cavabdehə müraciət edərək, almalı olduğu pensiyanı vaxtında ala bilmədiyi üçün keçən 9 ay ərzində gündəlik dərmanlarını almaq və digər ehtiyaclarını qarşılamaq üçün şəxsi adamlardan borc almaq, bankdan kredit götürmək və sairəni əsas gətirərək, sarsıntılar yaşadığını və ona 10.000 manat maddi və mənəvi təzminatın ödənilməsini xahiş etmiş, lakin cavab verilməmişdir. Bundan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin münasibət bildirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, iddia cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmaldır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı iddia qaldırmazdan əvvəl vurulmuş ziyana görə cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdehə müraciət etmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə əlillik dərəcəsinin təyin edilməsi”nə dair iddiası rədd edilmiş, qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1812/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında müəyyən edilən hallardan görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona İİ dərəcə əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının sağlamlıq vəziyyətinin obyektivliyinin hərtərəfli qiymətləndirilməsi məqsədilə cavabdeh tərəfindən əyani müayinə olunaraq əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi məqsədilə cavabdehə məhkəmə tərəfindən müddət təyin edilmiş və məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq iddiaçının əlillik vəziyyəti əyani müayinə olunmaqla yenidən qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə (xx.xx.2024-cü ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulması barədə, yəni iddiaçıya üçüncü dərəcəli əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarına əsasən iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən ona vurulduğunu iddia etdiyi maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbini 2023-cü ilin fevral ayından sonra əlillik müddəti bitdikdən sonra ona cavabdeh tərəfindən yenidən əlillik təyin edilməsindən imtina edilməsi nəticəsində 2023-cü ilin noyabr ayına kimi əlillik dərəcəsi təyin edilməməsi ilə bağlı əlilliyə görə almalı olduğu pensiyanı vaxtında ala bilmədiyindən ayrı-ayrı şəxslərdən borc aldığı və bu hala görə gərginlik və sarsıntı keçirdiyi ilə əsaslandırmış, eləcə də qeyd olunan dövr ərzində 1532,82 manat dəyərində kredit borcu yarandığına və kommunal xidmətdən istifadəyə görə 404,14 manat məbləğində borc məbləğinin yığılmasına istinad etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddia tələbinin həlli üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İstinad olunan Qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddianın əsaslılığının müəyyən edilməsi üçün ilk növbədə konkret halda cavabdehin təqsirli hərəkətlərinin (hərəkətsizliyinin) olub-olmaması, olduğu təqdirdə isə bu hərəkətlərin (hərəkətsizliyin) həqiqətən iddiaçıya zərər vurulması ilə nəticələndiyi aydınlaşdırılmalıdır. İşin mübahisə olunmayan hallarından görünür ki, yuxarıda istinad olunan müvafiq məhkəmə qərarı üzrə aparılan inzibati məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə cavabdehə məhkəmə tərəfindən müddət təyin edilmiş və məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq iddiaçının əlillik vəziyyəti əyani müayinə olunmaqla yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə (xx.xx.2024-cü ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulması barədə, yəni üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilmiş və iddiaçıya əlilliyə görə ötən dövrlər üzrə müvafiq pensiya ödənişi edilmişdir. Məhkəmə hesab edir ki, işin halları ilə cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) müəyyən edilsə də (mövcud xəstəliklərinə əsasən əlilliyi müəyyən edilməsinin mümkün olduğu halda vaxtında təyin edilməməsi baxımından), bu hərəkətlər nəticəsində iddiaçı ona dəymiş maddi və mənəvi zərərin vurulmasına dair məhkəməyə tutarlı dəlil təqdim edə bilməmişdir. Belə ki, iddiaçı ona real zərərin vurulmasını təsdiq edən hal kimi 1532,82 manat dəyərində kredit borcu yarandığını və faizlər ödədiyini bildirsə də, buna dair ödəniş sənədlərini, yəni real zərər çəkməsini sübut edən sənəd təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddianın mənəvi zərər hissəsinə gəldikdə isə, iddiaçı bunu həmin dövrdə kommunal xidmətdən istifadəyə görə borcunun yığılmasına, həmçinin ayrı-ayrı şəxslərdən borc aldığına görə sarsıntı keçirməsi ilə əlaqələndirsə də mübahisəli dövrdən əvvəl müvafiq borclarının olmadığına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. O da nəzərə alınır ki, göstərilən halların həyatın adi axarı şəraitində yaranması imkanı istisna olunmadığından, iddiaçı bunun bilavasitə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində yaranmış məcburiyyətdən qaynaqlandığını məhkəmə qarşısında əsaslandıra bilməmişdir. Odur ki, göstərilənlərə məcmu halda qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya vurulduğunu hesab etdiyi zərərin əvəzinin ödənilməsi üçün əsaslar olmadığından iddia təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar