Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9749/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü ilin 11 ayı üzrə ondan tutulmuş MDSS haqqı fərdi hesabına nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2014-cü il tarixdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xaiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, iddiaçı 2014-cü ilin 11 ayı üzrə ondan tutulmuş MDSS haqqı fərdi hesabına nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2014-cü il tarixdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını arzulayır və bu halı onunla əsaslandırır ki, 01 yanvar 2014-cü il tarixdən 07 noyabr 2014-cü il tarixədək onun əmək haqqısından məcburi sosial sığorta haqları tutulmuşdur. Məcburi sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməməsini onun iradə ifadəsindən asılı olan hal deyildir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixində ərizəylə inzibati orqana müraciət etmiş, cavabdeh qurumun iddiaçının müraciətinə verdiyi cavab məktubunda X1 X2 proqram təminatına əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4970,22 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 245,08 manat müəyyən edilmişdir. Bundan sonra, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 285,76 manata, xx.xx.2021-ci il tarixdən 318,34 manata, xx.xx.2022-ci il tarixdən 329,16 manata çatdırılmışdır. Nəzərə alınmalıdır ki, X1 X2 proqram təminatına əsasən İddiaçı məxsus fərdi hesabın sığorta hissəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən 01 yanvar 2014-cü ildən 07 noyabr 2014-cü il tarixədək işlədiyi illəri nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə eyni zamanda, iddiaçının iddia tələbinə dəqiqləşmə verərək İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əvvəla Məhkəmə diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2006-cı il tarixdən fərdi hesabının sığorta hissəsinə qeydə alınmış 4.970,22 manat pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən hesablanmış və 245,08 manata çatdırılmışdır. Bundan sonra iddiaçının əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 285,76 manata, xx.xx.2021-ci il tarixdən 318,34 manata, xx.xx.2022-ci il tarixdən 329,15 manata çatdırılmışdır. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi onun 01 yanvar 2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 34 nömrəli Uşaq Musiqi məktəbində qarmon müəllimi vəzifəsində işlədiyi müddətin iş stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin ödənilməsidir. Cavabdeh həmin müddətin sığorta stajına daxil edilməsindən imtina edir və bu halı onunla əsaslandırır ki, xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək X1 X2 proqram təminatına əsasən həmin müddətdə onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, həmin müddətin nəzərə alınması mümkün deyildir. Göründüyü kimi iddiaçının hazırki iddia tələbi iki hissədən ibarətdir:
1. 01 yanvar 2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 34 nömrəli Uşaq Musiqi məktəbində qarmon müəllimi vəzifəsində işlədiyi müddətin sığorta stajına daxil edilməsi;
2. Əmək pensiyasının yenidən hesablanaraq, ödənilməmiş fərq məbləğinin ödənilməsidir. Məhkəmə ilkin olaraq iddia tələbinin birinci hissəsinə münasibət bildirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.6-cı maddəsinə əsasən, fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən, fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-cu maddəsinə əsasən, fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 29.2-ci maddəsinə əsasən, Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.1.2-ci bəndinə əsasən, Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda əmək pensiyaları yenidən hesablanır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq iddiaçı əmək pensiyasına çıxmış, pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir və bu hal cavabdeh tərəfindən təkzib olunmur. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən mübahisələndirilən yeganə hal odur ki, iddiaçı əmək pensiyaçısı kimi pensiya təyinatından sonra işləməyə davam etdiyi halda, onun xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamasıdır. Məhkəmə diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub: şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırki işin hallarından görünür ki, iddiaçı həmin dövrdə əmək pensiyaçısı olmuş, bu halı təsdiq edən bir çox əsaslar olmuş, hazırda o, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmiş, bundan başqa pensiya təyin olunduğu gündən sonrada 6 ildən çox işləmişdir. Təkzib olunmaz haldır ki, X1 X2 proqram təminatına əsasən iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Buna baxmayaraq Məhkəmə hesab edir ki, göstərilən bu hal iddiaçının ziyanına şərh edilməməli və onun məsuliyyət sferasına aid olunmamalıdır. Belə ki, hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Bəhs edilən normativ hüquqi aktların tələblərindən görünür ki, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunan fərdi uçot məlumatları əsasında müəyyən edilir, yəni Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, “Sosial sığorta haqqında” Qanunun: Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 8. Sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. (Bu maddə 30 noyabr 2018-ci il tarixdə əlavə olunmuşdur) Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1.28-3-ci yarımbəndinə əsasən (həmin yarımbənd 21 mart 2020-ci il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir) dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən(sığortaedənlərdən), eləcə də sığortaolunanlardan Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Başqa sözlə desək, işçidən məcburi dövlət sosial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Nəzərə alınmalıdır ki, mübahisəli dövrlər üzrə, yəni 2014-cü ildə qüvvədə olan normativ hüquqi aktın tələblərinə görə, necə ki məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi işəgötürən tərəfindən təmin olunmalı olduğu halda, həmçinin həmin sığorta haqlarını toplanmasına nəzarət etmək cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməli idi. Lakin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi sosial sığorta haqlarının ödənilibödənilməməsində nəzarət funksiyasını icra etməmiş və nəticə etibarı ilə tabeliyində olan orqan (cavabdeh) işəgötürənin məcburi dövlət sosial sığorta haqlarını qanunamüvafiq qaydada vaxtında və tam ödəməməsinə əsaslanaraq işçinin (hazırkı halda iddiaçının) sosial təminat hüququnu məhdudlaşdırmışdır. Halbuki, bu halın meydana gəlməsində iddiaçının hər hansı təqsirli hərəkəti olmamışdır. Əksinə təqdim olunmuş əmək haqqı cədvəllərindən və digər sənədlərdən məlum olmuşdur ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 34 nömrəli Uşaq Musiqi məktəbində əmək fəaliyyəti ilə məşğul olmuş, müvafiq olaraq əmək haqqı almış və onun əmək haqqısından məcburi sığorta haqları tutulmuş, lakin aidiyyəti üzrə işəgötürən tərəfindən cavabdeh inzibati orqana ödənilməmişdir. Məhkəmə hesab edir ki, hər nə qədər qüvvədə olan qanunvericilik işləməyən əmək pensiyaçısı kateqoriyasına keçən şəxsin əmək pensiyası təyin olduqdan sonra işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmasını imperativ qaydada nəzərdə tutsa da, hazırki mübahisə üzrə iddiaçının 01 yanvar 2014-cü il tarixdən 07 noyabr 2014-cü il tarixədək işlədiyi müddət üzrə pensiya kapitalının qeydə alınmaması, həmin müddətin onun sığorta stajına daxil edilməsini məhdudlaşdıra bilməz. Bir daha qeyd olunur ki, həmin dövrlər üzrə məcburi sosial sığorta haqları iddiaçının əmək haqqısından tutulmuş, lakin aidiyyəti üzrə ödənilməmişdir ki, bura da məsuliyyət məhz işəgötürənə (Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsi 2 saylı Maliyyə və X4) və məcburi sosial sığorta haqlarının toplanmasına nəzarət edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid olmuşdur. Digər tərəfdən Məhkəmə, həmin illərin sığorta stajına daxil edilməsinin etimad hüququ ilə də əlaqələndirir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Hazırki mübahisədən də bir daha görünür ki, 01 yanvar 2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək daxil olunması tələb olunan müddət ərzində iddiaçı Azərbaycan Respublikası Mədəniyyə Nazirliyi Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsi 2 saylı Maliyyə və X3 nəznində olan Xətai rayonu 34 nömrəli Uşaq Musiqi məktəbədində əmək fəaliyyəti ilə məşğul olmuşdur ki, həmin qurum bilavasitə dövlət orqanı hesab olunan Azərbaycan Respublikası Mədəniyyə Nazirliyinin tabeliyində olmuşdur. Başqa sözlə desək, bilavasitə dövlət orqanının tabeliyində olan qurum tərəfindən iddiaçının işlədiyi müddət ərzində əmək haqqısından məcburi sosial sığorta haqlarının tutulduğu halda, aidiyyəti üzrə müvafiq orqana ödənilməməsi, inzibati orqanın məsul əməkdaşının səhvi kimi qiymətləndirilməlidir. Nəticə etibarı ilə, bu hal maraqlı şəxs qismində çıxış edən iddiaçının hesabına düzəldilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1180/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının 01 yanvar 2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 34 nömrəli Uşaq Musiqi məktəbində qarmon müəllimi vəzifəsində işlədiyi müddətin sığorta stajına daxil edilməli və əmək pensiyası yenidən hesablanmalıdır. İddia tələbinin ikinci hissəsinə münasibətdə Məhkəmə aşağıdakiları bildirir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bununla bağlı “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi isə həmin məsələ ilə bağlı qismən fərqli mövqe nümayiş etdirmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, -müvafiq işlərə baxan məhkəmələr “Əmək pensiya haqqında” Qanuun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən - 02 may 2022-ci ildən (ilkin müraciət etdiyi tarix) əvvəlki üç illik dövr üçün ödənilməlidir. Belə ki, iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı 02 may 2022-ci il tarixində, yəni “Əmək pensiyalar haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 1 yanvar 2019-cu il tarixindən sonra müraciət etdiyindən və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da vurğulandığı kimi Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda iddiaçıya yenidən hesablanmış pensiya məbləği əvvəlki dövr üzrə üç illik müddət üçün ödənilməlidir. Yəni, iddiaçıya yenidən hesablanmış pensiya məbləğinin əvvəlki dövr üzrə məbləği xx.xx.2014-cü il tarixdən deyil, müraciət etdiyi xx.xx.2022-ci il tarixdən geriyə üç il olmaqla, yəni xx.xx.2019-cu il tarixdən ödənilməlidir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətin 2019-cu il yanvar 1 yanvar tarixinədək edilməməsi şəxsin əmək pensiyasının yenidən hesablanmasına səbəb olması barədə qanunvericiliyin tələblərinin bilinməməsi ilə bağlı olmuşdur. Eyni zamanda, 2019-cu il yanvar 1 yanvar tarixinədək aidiyyəti inzibati orqanlara müraciət edilməmə barədə iddiaçının səhhəti və digər hallarla bağlı hər hansı obyektiv və üzrlü səbəb olmamışdır. Məhkəmə də qeyd olunanları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, əmək pensiyasının yenidən hesablanması əsas olan halların, həmin hallar əsasında əmək pensiyasının yenidən hesablanmalı olmasını müəyyən qanunvericilik normalarının bilinməməsinin “onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəb” olub-olmaması barədə qiymətləndirmə aparılması zəruridir və bununla bağlı aşağıdakılar qeyd edilməlidir. Hər nə qədər hazırkı işin faktiki halları ilə bağlı olmasa da Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ-ci hissəsində, müəyyən edilmişdir ki, Qanunu bilməmək məsuliyyətdən azad etmir. Konstition normanın tətbiqi ilə bağlıdır ki, mülki, inzibati xəta, intizam və ya cinayət olmasından asılı olmayaraq məsuliyyət müəyyən hərəkət və hərəkətsizliyin qanunauyğun olmamamasının şəxs tərəfindən bilinməməsi məsuliyyətin istisna əsası qismində çıxış etmir. Eyni zamanda oxşar xarakterli, məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərinin yaranması zamanı da qanunvericiliyin bilinməməsi həmin şəxsin xeyrinə şərh edilməyən hal kimi müəyyən edilmişdir. Bu zaman, ümumiyyətlə qanunvericilik terminin anlayışı qanunvericiliyin əsasını təşkil edən qanunvericilik aktlarını özündə ehtiva etmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.2-ci maddəsindən də görünür ki, qanunvericilik aktları – Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə hüquqi akt dedikdə normativ hüquqi akt, normativ xarakterli akt və ya qeyri-normativ hüquqi aktlar başa düşülür. Qanunvericilik sisteminin əsasını normativ hüquqi akt dedikdə isə tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd hesab edilir. Qanunun 2.1-ci maddəsinə görə isə Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir ki, Konstitusiyanın adıçəkilən maddəsindən də müəyyən edilir ki, qanun normativ hüquqi aktdır. Qanunun: 82.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir. 82.2. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini əvəz etmir. 83.1. Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir. 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 86.1. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. 88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. 88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi normativ hüquq aktlar, eləcə də qanunlar rəsmi dərc edildiyi vaxtdan müəyyən istisnalarla qüvvəyə minir. Qüvvəyə minmə isə özündə onu ehtiva edir ki, həmin qanunun tələbləri Azərbaycan Respublikasının bütün ərazisində müəyyən istisnalar olmaqla məcburi qüvvəyə malikdir. Qanunun dərc edilməsindən sonra onun hüquqi qüvvəyə minməsinin asılı edilməsində isə məntiq onunla bağlıdır ki, dərc materialları ünvanlanan şəxslər qanunun müddəalarından məlumatlı olsunlar. Təbii haldır ki, rəsmi məlumatlandırma olmadan hər hansı qanunun müddəasının şəxslərə münasibətdə tətbiqindən söhbət gedə bilməz ki, qanunun qüvvəyə minməsi ilə isə ona münasibətdə yaranan hüquq münasibətlərində əhəmiyyətli prinsipin mövcudluğu nəzərə alınmalıdır. Belə ki, istər məsuliyyət müəyyən edən hüquq münasibətlərində (misal cinayət, inzibati xəta və s), istərsə də məsuliyyət müəyyən edilməyən hüquq münasibətlərində qanunvericiliyin bilinməməsi oxşar mahiyyət daşıyır. Hər iki hüquq münasibəti üçün isə oxşar cəhət ondan ibarətdir ki, qanunvericiliyin tələblərinin bilinməməsi vəziyyəti bilməyən şəxsin xeyrinə dəyişməyən hal müəyyən edilir. Necə ki, cinayət qanunu qüvvədə olduğu vaxtdan şəxs müəyyən əməllərin cinayət olmadığını bilməsə belə həmin əməli törədir və cinayət məsuliyyəti daşıyırsa, eləcə də həmin hal mülki hüquq münasibətləri üçün də keçərlidir. Eyni zamanda, inzibati icraatın əsasını təşkil edən publik hüquq münasibətlərinin tərəflərinə münasibətdə də qanunun tələblərini bilməmə oxşar xarakter daşıyır. Hazırkı iş üzrə iddianın təmin edilməməsini məhkəmə də məhz, qanunvericiliyin tələbinin bilinməməsinin “şəxsin iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəb” qismində qiymətləndirilməli olmaması qənaətindədir. Belə ki, hüququn prinsiplərindən biri kimi hesab olunur ki, qanun qüvvədə olduğu müddətdə onun tələblərini, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun hazırkı işin faktiki hallarına münasibətdə tənzimləyən normalarının tələblərini həmin Qanunların dərc edildiyi və qüvvəyə mindiyi vaxtdan iddiaçı bilirdi və ya bilməli idi kimi qəbul edilməlidir. Yəni, hüququn əsasında dayanan prinsip onu ehtiva edir ki, iddiaçı əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalı olması ilə bağlı məlumatlı olmuşdur və ya məlumatlı olmalı idi və əgər bununla bağlı narazılığı mövcuddursa inzibati orqana müraciət etməli idi. Bu səbəbdəndir ki, həmin müraciətin edilməməsi səbəbi onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəb hesab edilə bilməz. Eyni zamanda Məhkəmə iddiaçının xx.xx.2022-ci il tarixli əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətinə münasibətdə bildirir ki, iddiaçının həmin tarixdə əmək pensiyanın yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əvəzinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə düzgün cavabdehə müraciət etməmiş, hətta, həmin cavabdehə qarşı qaldırdığı iddiada Bakı İnzibati Məhkəməsi tərəfindən mümkün sayılmamışdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanmasından sonra ödənilməmiş fərq məbləği – xx.xx.2019-cu il tarixdən etibarən ödənilməlidir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi qismən təmin edilsin. İddiaçının 01 yanvar 2014-cü ildən 07 noyabr 2014-cü il tarixədək işlədiyi illəri nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin 02 may 2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov