Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-975/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı «əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı «əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı x xxxxxx 1968-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur, xx xxxx 1990-cı il tarixdən xx xxxx 2004-cü il tarixədək hazırda “xxxx” Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsi adlanan, əvvəllər isə “Sənayekommunaltikinti” Birliyinin 3 nömrəli Filialı kimi fəaliyyət göstərmiş qurumda 3-cü dərəcəli rəngsaz vəzifəsində işləmişdir. Ona x xxxx 2017-ci il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlillik təyin olunmuşdur. Bundan sonra o, əmək pensiyasının təyin olunması ilə bağlı DSMF Bakı şəhəri Yasamal rayon şöbəsinə müraciət etmiş və sözügedən müraciət əsasında ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bir müddət əmək pensiyası üzrə ödənişləri həyata keçirilsə də, sonradan cavbdeh tərəfindən həmin ödənişlər dayandırılmışdır. Məsələ ilə bağlı iddiaçı cavbdeh təşkilata müraciət etmiş və ona cavab olaraq bildirilmişdir ki, xx xxxx 1990-cı il tarixdən xx xxxx 2004-cü il tarixədək olan dövr üzrə işləməsi öz təsdiqini tapmamışdır. Hesab olunur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Onun (iddiaçının) əlilliyi təyin olunduğu tarixə əmək pensiyası almaq üçün 11 il 4 ay sığorta stajının olması kifayət edir. Əlillik təyin olunan zaman onun 49 yaşı tamam olmuş, həmin yaşdan 15 il (AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək fəaliyyəti ilə məşğul ola bilməmək yaş həddi) çıxılmalı və alınan 34 illik yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunduğundan, ümumi iş stajı olan 13 il 8 ay 28 gün 4-ə vurulmalı və alınan rəqəm tələb olunan minimum əmək stajını təşkil etməlidir. AR Əmək Məcəlləsinin 87.1-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. DSMF Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə x xxxxxx 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmsını həyata keçirir. Qaydaların 3.2.1-ci bəndinə əsasən x xxxxxx 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprel ayının 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə həmin müəssisə də daxil bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə x xxxxxx 2006-cı il tarixə yaranmış borcları x xxxxx 2018-ci il tarixdən silinmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilən sənədlərdə (müəssisənin əmrlər kitabından çıxarış, əmək haqqı cədvəli) onun əmək stajı öz əksini tapmışdır. Bu əsasdan hesab olunur ki, cavabdeh inzibati orqan tərəfindən onun pensiya hüquqları pozulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsaslanaraq, İPM-in müvafiq maddələrini rəhbər tutaraq, onun (iddiaçının) xx xxxx 1990-cı il tarixdən xx xxxx 2004-cü il tarixədək hazırda “xxxx” Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsində rəngsaz işlədiyi dövr sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. DSMF 1 saylı Bakı xidmət nümayəndəliyinin nümayəndəsi İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində aşağıdakılar qeyd olunmuşdur: - Hesab olunur ki, İddiaçı iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya ƏƏSM Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) x xxxxxx 2019-cu il tarixli qərarı ilə əlillik səbəbi – “Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə (x xxxxxx 2024-cü il tarixədək) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh isə ona pensiyanın təyin olunması ilə bağlı müvafiq qərar qəbul etmişdir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada Qanunun qeyd edilən müddəasına əsasən İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-nin İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. «Əmək pensiyaları haqqında» AR Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun əsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 13.2 və 13.3-cü maddələrinə müvafiq olaraq, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə əmək peniyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir, PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla), T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır, K - sığorta davamiyyəti əmsalıdır. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı x olsa da (belə ki, qanunla tələb olunan staj 11 ildir), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5.355,93 manat məbləğində olmuşdur. İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malik olmasına baxmayaraq, pensiya kapitalı yetərli olmamışdır. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 1. 49 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 34 il (əmək qabiliyyətli yaş dövrü); 2. 34 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 136 ay; 3. 136 ay : 12 = 11 il. Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərtə cavab verir (13 il 8 ay 28 gün). İndi isə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği hesablanmalıdır: 136/192x144 = 101; 101x110 = 11.110 manat. Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərtə cavab verir. Lakin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə xx xxxx 1990-cı il tarixdən xx xxxx 2004-cü il tarixinə qədər olan dövr üzrə fərdi hesabın slğorta hissəsində toplanan pensiya kapitalının məbləği müvafiq qaydada sorğu edilmiş, lakin sığorta ayırmaları təsdiq olunmamışdır. İddiaçının qeyd olunan müəssisədə fəaliyyət göstərib-göstərməməsi barədə müvafiq məlumatların təqdim olunması üçün AR İN yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsinə sorğu yazılmışdır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 2018-ci il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər bu səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və hissiyyat pozuntularının olması hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. AR Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin 1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçıya əlillik x xxxxxx 2019-cu il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları həmin tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİ dərəcəli əlil kimi pensiya hüququnun yaranıbyaranmaması məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə (daha dəqiq desək həmin İ raxt qüvvədə olan qanunun redaksiyasına əsasən) görə qiymət verilməlidir. İddiaçı əlillik statusunu x xxxxxx 2019-cu il tarixində “qazanmışdır”. Belə ki, x xxxx 2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun 12.1-ci maddəsinə əsasən iddiaçıya İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması qanuna ziddir. Əlilliyin səbəbini TSEK-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından, cavabdehin İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. İddiaçıya münasibətdə TSEK-in x xxxxxx 2019-cu il tarixli qərarında həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. İddiaçının əmək pensiya hüququ yaranmadığından, ona İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Göstərilənlərə və AR mülki Prosessual Məcəlləsinin 154, 217.2-ci maddələrinə, İPM 47-ci maddəsinə əsaslanaraq, iddianın təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə görə əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan DSMF 1 saylı Bakı Ərazi Şöbəsinin İddiaçı ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli məktubunda (bildirişində) aşağıdakılar qeyd olunmuşdur: - Dayanıqlı Operativ Sosial Təminat Agentliyindən daxil oilmuş müraciətə əsasən bildirilir ki, Sizin iş stajınızın düzgünlüyü (xx xxxx 1990-cı il tarixdən xx xxxx 2004-cü il tarixədək) öz təsdiqini tapmadığından, əmək pensiyasının ödənişi dayandırılmışdır və nəticədə Sizə 4.758,08 manat artıq vəsait ödənilmişdir. Artıq ödənmiş vəsaitin Şöbənin hesabına bərpa edilməsi xahiş olunur, əks təqdirdə Şöbə tərəfindən həmin vəsaitin geri qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir. Həmçinin nəzərinizə çatdırılır ki, Sizin əlilliyə görə sosial təminat almaq hüququnuz var. İş materiallarında olan DSMF Bakı şəhəri Yasamal rayon şöbəsinin əməkdaşları və “xxxx” ASC-nin 2 saylı Müəssisəsinin müdiri tərəfindən tərtib edilmiş və adıçəkilən şöbənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli aktda aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı oğlunun xx xxxx 1990-cı il tarixdən xx xxxx 2004-cü il tarixədək olan dövr üzrə sosial sığortaya daxil edilən (işləməsini) iş stajı və əmək haqqı yoxlanıldı. Yoxlama “xxxx” ASC-nin 2 saylı Müəssisəsinin müdiri X2 tərəfindən təqdim edilən əmrlər kitabı və sair sənədlərə əsasən aparıldı. Yoxlama nəticəsində müəyyən olundu ki, xx xxxx 1990-cı il tarixli 78k nömrəli əmr vərəqi xx xxxx 2004-cü il tarixli 6-k nömrəli əmrlər kitabına sonradan ələvə olunub. Vərəqlərin rəngi və şrifləri fərqlənir. Əmrlərin üzərində möhür yoxdur. Əmək haqqı cədvəlləri təqdim olunmayıb. Hər hansı məzuniyyət, mükafat, töhmət əmrlərinə rast gəlinmədi. Məhkəmə iş üzrə yaranmış zərurəti nəzərə alaraq, AR İN yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsinə aşağıdakı məzmunda məktub (sorğu) ünvanlamışdır: - “xxxx” ASC və “xxxx” ASC-nin 2 saylı Müəssisəsi adlı qurumların hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatı barədə ətraflı məlumatın və müvafiq qeydiyyatın mövcud olduğu təqdirdə qeydiyyat sənədlərinin surətinin məhkəməyə təqdim edilməsi İdarədən xahiş olunur. AR İN yanında Milli Gəlirlər Baş İdarəsinin Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsi məhkəməyə sorğuya cavab olaraq aşağıdakı məzmunda məktub ünvanlamışdır: - İdarədə olan reyestrə əsasən “xxxx” ASC x xxxxxxxx 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda cəmiyyətin tələb olunan qeydiyyat sənədlərinin surəti qoşma şəklində məhkəməyə təqdim olunur. “xxxx” ASC-nin 2 saylı Müəssisəsinin qeydiyyat rayonunun Sumqayıt şəhəri olduğunu nəzərə alaraq, məhkəmənin sorğusunun müvafiq hissəsi 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavablandırılacaqdır. AR İN yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanlanmış x xxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən “xxxx” ASC-nin 2 saylı Müəssisəsi (VÖEN **********) xx xxxxxxx 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qurumun tələb edilən qeydiyyat sənədlərinin surəti qoşma şəklində məhkəməyə təqdim olunur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1968-ci il təvəllüdlüdür, ona əmək kitabçasına əsasən 1990-cı ilin iyun ayından 2004-cü ilin mart ayınadək “xxxx” ASC-nin 2 saylı Məssisəsində (əvvəlki “Aənayekommunaltikinti” Birliyinin 3 saylı Filialı) işləməsi və x xxxx 2004-cü il tarixdən ona İ dərəcəli əlillik statusu verilməsi əsas götürülərək DSMF Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. DSMF orqanı tərəfindən iddiaçıya pensiya ödənişi bir müddət həyata keçirilsə də, sonradan dayandırılmışdır. İnzibati orqan bu hərəkəti onunla əsaslandırmışdır ki, iddiaçının 1990 – 2004-cü illər üzrə iş stajı öz təsdiqini tapmamışdır. İddiaçı hazırda inzibati orqanın hərəkətlərini mübahisələndirir və pensiya ödənişinin bərpa olunmasını tələb edir. Məhkəmə aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» AR Qanununun 11.1-ci maddəsinin əvvəlki redaksiyada (xx xxx 2020-ci il tarixli 111-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə dəyişiklik edilənədək) tələblərinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə, (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli Qanununun (Azərbaycan Respublikasının x xxxx 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür) 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Göründüyü kimi, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələbləri əlilliyə görə əmək pensiyasının təyin olunmasını aşağıdakılarla şərtləndirir: 1) şəxsin əlilliyinin olması, 2) ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması. Hazırkı iddiaçının 2017-ci ilin mart ayında əlilliyinin müəyyən edilməsi işin mübahisə olunmayan hallarına daxildir və 1968-ci il təvəllüdlü olması nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyinatı üçün azı 11 il 4 ay (49 yaş – 15 il = 34 il, 34 il : 3 = 11 il 4 ay) sığorta stajı tələb olunur. İddiaçı onun 1990 – 2004-cü illər üzrə “xxxx” ASC-nin 2 saylı Müəsisəsində işləməsini əsas gətirərək, əlilliyinin təyin olunduğu x xxxx 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası hüququnun yaranmasını iddia etsə də, inzibati orqanının apardığı inzibati icraati icraatda onun həmin müəssisədə işləməsi, əmək haqqqı alması və s. mötəbər sübutlarla təsdiqini tapmamışdır. İnzibati orqanın bu dəlilini inkar edən hallar məhkəmə icraatında da aşkar olunmamışdır. Nəzərə alınmadır ki, inzibati orqanın tərtib etdiyi xx xxxx 2019-cu il tarixli aktda göstərilən xüsusatlar, yəni iddiaçının müvafiq dövr ərzində məzuniyyətdə olması barədə əmrlərin, mükafatlandırılması barədə, habelə əmək haqqı almasına dair sənədlərinin olmaması əmək kitabçasındakı qeydlərin formallığına dələt edir. Nəzərə alınmalıdır ki, həmin aktda qeyd olunan xüsusatları təkzib edən hər hansı hal, sübut məhkəmə icraatında əldə olunmamışdır. Bununla da, belə qənaət yaranır ki, iddiaçıya təyin oliunmuş əlilliyə əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar yaranmışdır. Odur ki, məhkəmənin mövqeyinə görə DSMF orqanının iddiaçıya təyin olunmuş “əlilliyə görə əmək pensiyası”nın dayandırılması üzrə hərəkətləri və pensiyanın bərpasından imtinası qanunvericiliyin, o cümlədən «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinin və «İnzibati icraat haqqında» AR Qanununun 17, 19-cu maddələrinin tələblərinə zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı «əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı «əmək pensiyasının bərpa edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-975/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-975/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver