Məhkəmə qərarları › İş №2-1(112)-975/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-975/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-975/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail RPİ-yə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən həmin bələdiyyə ərazisində X4 400 kv.m torpaq sahəsinin satılması barədə 29 dekabr 2006-cı il tarixli 250 nömrəli qərar qəbul edilmişdir. X5 24 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçılar 2017-ci ildən ailə kimi mərhum X4 məxsus torpaq sahəsində tikilmiş və Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ö/t 3322 ünvanında evə aid kommunal xərcləri ödəməklə yaşayırlar. Onların göstərilən evdən başqa yaşayış yeri yoxdur. Həmçinin, Səbail Bələdiyyəsinə yuxarıda qeyd olunan torpaq sahəsinə görə vergi ödəyicisi kimi uçota alıınmışlar. Onlar hesab edirlər ki, 2017-ci ildən birlikdə yaşadıqları evə pasport qeydiyyatına alınmalıdırlar. İddiaçılar bu məqsədlə cavabdeh Bakı şəhəri Səbail RPİ-yə (pasport qeydiyyat şöbəsinə) ərizə ilə müraciət etmişlər. RPİ-dən alınan 29 yanvar 2022-ci il tarixli imtina məktubunda bildirir ki, mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığıqları ünvana dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və icarə müqaviləsi, eləcə də qanunvericilikdə nəzərədə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirə bilər, məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Səbail RİH başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsinin arayışda göstərir ki, onlar həqiqətən qeydiyyatsız ünvan 2 ünvanında yaşayırlar. Bu hal qanunevericiliyə uyğundur və məhkəmə tərəfindən qanunamüvafıq qaydada araşdırılaraq qərar qəbul olunacaq. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2, 5-ci maddələrinə, İPM-in 2.2.2, 73.1-ci maddələrinə əsaslanaraq, iddiaçıların Bakı şəhəri, ünvan 2 yerləşən evə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Səbail RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Səbail RPİ-nin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 7 sentyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, iş üzrə bütün məhkəmə iclaslarının Səbail RPİ QMB-nin əməkdaşının iştirakı olmadan keçirilməsinin təmin edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, ailənin yalnız bir yaşayış yeri var. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçıları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 344639 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1 ilə Əliyeva (nikahdan sonra Ağayeva) Lyudmila Eldar qızı arasında 4 sentyabr 2007-ci il tarixdə nikah bağlanmış və bu barədə Bakı şəhəri Səadət Sarayında 4 sentyabr 2007-ci il tarixdə 2755 nömrəli qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 2 noyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 226283 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 23 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir (ölmüşdür). İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 250 saylı qərarı ilə Badamdar qəsəbəsi, İ yaşayış massivində daş hasara alınmış 400 kv.m torpaq sahəsinin X2 adına sənədləşdirilmişdir (torpağın satış dəyəri ödənilməklə). İş materiallarında olan Bakı şəhəri Səbail RİH-in Badamdar qəsəbəsində nümayəndəliyinin 10 yanvar 2022-ci il tarixli 10 saylı arayışında qeyd olunur ki, Ağayeva X3 qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Səbail RİH-in Badamdar qəsəbəsində nümayəndəliyinin 183 saylı 3 mart 2022-ci il tarixli arayışında qeyd olunur ki, Ağayev X1 qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t ünvanında qeydiyyatsız yaşayır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşadığı ünvana qeydiyyat alınması zəruri olduğundan (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti mövcud deyil) və Bakı şəhəri, ünvan 2 yerləşən evdən başqa yaşayış yeri olmadığından, onların yaşadığı ünvana qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə işin faktiki hallarına yuxarıda sadalanan qanunvericilik aktlarını tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X6 yaşadığı ünvana qeydiyyata alınması zəruri olduğundan (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti mövcud deyil) və ünvan 5 ünvanından başqa yaşayış yeri olmadığından, habelə həmin ünvanda digər fiziki şəxslər qeydiyyata alındığından onun yaşadığı ünvana qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin imtinası «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2, 17-ci maddəsinin tələbləri ilə uzlaşmır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, ünvan 2 yerləşən evə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, ünvan 2 yerləşən evə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar