Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9750/2025 05.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 2024-cü ildə qəbul edilmiş əlilliyin dayandırılması ilə bağlı qərarının ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-386/2025 saylı və xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-2264/2025 saylı qərarlarının iddiaçıya münasibətdə ləğv edillməsi və iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya “mədənin 2/3 hissəsinin Bilrot İİ üsulu ilə rezeksiyasından s/v. mədə-bağırsağın qanaxmasına görə keçirilmiş 3 dəfə təkrar relaparatomiyadan s/v” diaqnozu ilə 2005-ci ildən etibarən hər 5 ildən bir tibbi komissiyadan keçməklə İİİ qrup əlillik təyin edilmiş, 2015-ci ildə isə bu əlillik müddətsiz olaraq rəsmiləşdirilmişdir. Lakin xx.xx.2024-cü ildə Dövlət Tibb-Sosial Ekspertiza Komissiyası tərəfindən eyni diaqnoz əsasında əlilliyi ləğv edilmiş və əsas kimi “diaqnoz əlillik əlaməti təyin etmir” göstərilmişdir. İddiaçı bu qərarı tibbi faktlara, mövcud qanunvericiliyə və beynəlxalq öhdəliklərə zidd hesab edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixində 1 il müddətinə İİİ dərəcə, xx.xx.2015-ci il tarixində isə müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2024-cü il tarixində İddiaçı əyani müayinəyə dəvət etmişdir. İddiaçı həmin tarixdə əyani müayinədə iştirak etmədiyi üçün mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə araşdırma aparılmış, nəticədə diaqnozun əlilliyin təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərarın nəticəsi barədə iddiaçıya xx.xx.2025-ci il tarixində məlumat verilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2025-ci il tarixində yenidən əyani müayinə təşkil edilmişdir. Müayinəyə gələrkən ümumi xarakterli şikayətlər bildirmiş, dəfələrlə mədə qanaxmasına görə əməliyyat keçirdiyi barədə məlumat vermiş, bəzi tibbi sənədlər təqdim etmişdir. Əyani müayinə zamanı dəri və görünən selikli qişalar təmiz, çəhrayı olmuş, qarnın ön divarında əməliyyat çapığı izlənilmiş, boy-çəki defisiti (çəki-83kq, boy- 172 sm, BKİ - 28.1) aşkar edilməmiş, DTSERA-da qanın ümumi analizinə iştiqamətləndirilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən hazırda xəstəliyin əlillik təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyindən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-4/3- 3-386/2025 nömrəli qərar əsasında təyin edilmiş “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı ləğv edilərək, xx.xx.2025-ci il tarixli “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (iddia müddəti) cavab verməklə təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materillarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən təqdim edilmiş tibbisosial ekspertiza sənədlərindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Mədənin 2/3 hissəsinin Bilrot İİ üsulu ilə rezeksiyasından s/v. mədə-bağırsağın qanaxmasına görə keçirilmiş 3 dəfə təkrar relaparatomiyadan s/v. Meyar: 2.3. Üçüncü dərəcə əlillik: Digər: Mədə xorası. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli bildirişlərindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə, saat 14:00-a və qədər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuşdur. Bildirişdə həmçinin iddiaçının əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati aktın qəbul ediləcəyi qeyd edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-2264/2025 saylı qərarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan mütəmadi təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti ilə əlaqədar İddiaçı xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmiş, buna görə də mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində diaqnozun əlilliyin təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən xx.xx.2025-ci il tarixli 3-17-4/3- 3-386/2025 nöməli qərar əsasında, xx.xx.2024-cü il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən köhnə məktub əsasında xx.xx.2025-ci il tarixində əyani müayinəyə dəvət edilmiş, təqdim edilən tibbi sənədlər də daxil olmaqla əyani müayinəsi həyata keçirilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən hazırda xəstəliyin əlillik təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyindən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-386/2025 nömrəli qərar əsasında təyin edilmiş “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı ləğv edilmiş, xx.xx.2025-ci il tarixli “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqanın qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixdə müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir. X4 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili ilə əlaqədar risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi icraatı çərçivəsində cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-386/2025 nömrəli qərarı və həmin qərarın əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-2264/2025 saylı qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə qərar ləğv edilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərarlarını özünə aid olan hissədə mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-SosialEkspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərarqəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. -67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda cavabdeh inzibati orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Hazırkı halda cavabdeh qurum tərəfindən iddiaçıya təyin edilmiş əlilliyin TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2-1(102)-1685/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarında da oxşar mövqe əks etdirilmişdir. Belə ki istinad olunan Qərarın 44-cü bəndində qeyd edilmişdir ki, icraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. 45. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. 47. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Məhkəmə istinad olunan qərarda müəyyən edilən hallardan çıxış edərək belə qənaətə gəlir ki, inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olmasını müəyyən etmədən qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahib olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3- 386/2025 saylı və xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-2264/2025 saylı qərarları İddiaçı aid hissədə ləğv edilməli və iddiaçıya xx.xx.2015-ci il tarixdə təyin edilmiş İİİ dərəcə müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2025ci il tarixli, 3-17-4/3-3-386/2025 saylı və xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-2264/2025 saylı qərarları İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdə təyin edilmiş İİİ dərəcə müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9750/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9750/2025
05.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver