Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9751/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə (üçüncü şəxslər X24, X9 və X2) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları:
1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 132101 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2 saylı evin 76,18 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 47 saylı mənzilinə dair İddiaçı (bundan sonra – İddiaçı) xüsusi mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2 ünvanında yerləşən 47 saylı mənzildə xx.xx.1980-cı il təvəllüdlü X24, xx.xx.1968-ci il təvəllüdlü X9 və xx.xx.1956-cı il təvəllüdlü X2 da qeydiyyatdadırlar.
3. İddiaçı ərizə ilə Bakı şəhər Xətai rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, mülkiyyətindəki evdən orada qeydiyyatda olan X24, X9 və X1 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər.
5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X24, X9 və X1 ona məxsus ümumi sahəsi 76.18 kvadrat metr olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2 ünvanında yerləşən 47 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X24, X9 və X2 üçüncü şəxs (bundan sonra - üçüncü şəxslər) qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ. Tərəflərin əsaslandırması:
7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2 ünvanında yerləşən 47 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin xüsusi mülkiyyət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi nömrəsi 30/22685 olmaqla, xx.xx.2002-ci il qeydiyyat tarixli xüsusi mülkiyyətin tam olaraq ona məxsus olması əks olunmuşdur. Həmin mənzildə ailə üzvləri ilə birgə yaşayır. Lakin sözügedən mənzildə X24, X9 və X2 heç bir əsas olmadan formal olaraq qeydiyyatda qalmışlar. Belə ki, həmin şəxslər göstərilən mənzildə yaşamırlar, istifadə etmirlər. Nəticədə həmin şəxslərin formal olaraq həmin mənzildə qeydiyyatda olmaqları onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Ona məxsus olan mənzil üzərində sərəncam hüquqlarını realizə edə bilmir. Bu səbəbdən dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmuş olur. X24, X9 və X1 qeydiyyatdan çıxarılmasına dair Xətai rayon Polis İdarəsinə müraciət ünvanlasa da, həmin idarə bundan imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, X24, X9 və X1 ona məxsus olan ünvan 2 ünvanından qeydiyyat çıxarılması Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
8. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinin təmin edilməsini xahiş etdi.
10. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. 11.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi:
12. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
14. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
17. İddia həm də əsaslıdır. Belə ki, Nərimanov rayon İcraiyyə Komitəsinin 1 nömrəli, xx.xx.1977-ci il tarixli qərarına əsasən ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 76,18 kv.metr olan 5 otaqlı 47 saylı mənzil X7 ayrılmış, bu barədə ona Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin 11 iyul 1977-ci il tarixli, 168638 nömrəli orderi verilmiş, orderdə özünün, habelə X8, X14, X4, X10, X15, X22 adları qeyd olunmuşdur.
18. İşdə olan xx.xx.2002-ci il tarixli razılıq ərizələrindən görünür ki, X4, X10 və digərləri 47 saylı mənzilin X5 adına özəlləşdirilməsinə etiraz etməmişlər.
19. 10.09.2002-ci il tarixli, 163138 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı X16 Bakı şəhəri Tİ və MHQİ-dən verilən qeydəalma nömrəsi 30/182449 olan, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə və xx.xx.2002-ci il tarixli 30/19509 nömrəli arayışa əsasən ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 97,9 kv. metr, yaşayış sahəsi 76,18 kv.metr olan 5 otaqdan ibarət 47 saylı mənzili alıcı İddiaçı satmışdır.
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən X9 və X1 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2, 47 saylı mənzilə dair mülkiyyət və istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.
21. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, ünvan 2 ünvanında xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.1977-ci il tarixdən hazıradək, xx.xx.1980-cı il təvəllüdlü X24 xx.xx.2004-cü il tarixdən hazırdək, xx.xx.1968-ci il təvəllüdlü X9 xx.xx.1990-cı il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar.
22. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 89 saylı MKİS-in 197 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən Lütfi Zadə küçəsi (keçmiş Telnov), ev 2, mənzil 47 ünvanda İddiaçı, oğulları X29, X18, X19, gəlini X11, nəvəsi X12 qeydiyyatdadırlar.
23. İşdə olan 543 nömrəli, xx.xx.2004-cü il tarixli nikah haqqında akt qeydinə əsasən, X19 ilə X24 nikaha daxil olmuşlar və bu barədə AZ-İ seriyalı 112208 nömrəli şəhadətnamə verilmişdir.
24. 148 nömrəli, 29 aprel 2010-cu il tarixli nikahın pozulması haqqında akt qeydindən görünür ki, Xətai Rayon Məhkəməsinin 22 may 2009-cu il tarixli, 2(011)1214 nömrəli qətnaməsinə əsasən X19 ilə X11 arasında olan nikah pozulmuşdur. Bu barədə X13 AZ-İ seriyalı, 109012 nömrəli, X6 AZ-İ seriyalı, 207058 nömrəli şəhadətnamələr verilmişdir.
25. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, mübahisəli yaşayış sahəsi 2002-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər Ç.Ağamalıyev və G.Ağamalıyeva iddiaçıya məxsus yaşayış sahəsinin keçmiş mülkiyyətçisinin ailə üzvləri olmuşlar, mübahisəli ünvana həmin yaşayış sahəsi iddiaçıya satılanadək qeydiyyata alınmışlar, üçüncü şəxs C.Camalova isə iddiaçının keçmiş gəlini olmuşdur, onun razılığı ilə mübahisəli ünvana qeydiyyata alınmışdır. İddiaçı hazırda oğlu ilə üçüncü şəxs C.Camalova arasında olan nikaha xitam verilməsinə və üçüncü şəxslərin ona məxsus evdə yaşamamasına istinad edərək onların 47 saylı mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş edir.
26. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
27. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
28. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
29. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.
30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
31. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
32. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
34. Hazırkı məhkəmə qərarının 16-23-cü bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxslər Ç.Ağamalıyev və G.Ağamalıyeva mübahisəli mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmuş və onun razılığı ilə həmin mənzilə qeydiyyata alınmışlar, həmin yaşayış sahəsi 2002-ci ildə iddiaçıya satıldıqdan sonra evə hüququ olan bütün şəxslərin, o cümlədən Ç.Ağamalıyev və G.Ağamalıyevanın hüquqlarına xitam verilmişdir. Həmin şəxslərin hazırda mübahisəli yaşayış sahəsində yaşaması, habelə mübahisəli mənzilə hər hansı bir hüquqlarının olması iş materialları ilə müəyyən edilmir.
35. Digər üçüncü şəxs Cəmilə Camalovaya gəldikdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir.
36. Hazırkı məhkəmə qərarının 16-23-cü bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxs Cəmilə Camalova xx.xx.2004-cü il tarixdə iddiaçının oğlu ilə nikaha daxil olmuş, o, nikahdan sonra 47 saylı evə gəlin köçsə də, onun həmin evə istfadə hüququna dair mülkiyyətçinin yazılı razılığı olmamış, daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququ qeydiyyatdan keçməmiş, bununla da onun həmin evə istifadə hüququ yaranmamışdır. 2010-cu ildə onunla iddiaçının oğlu arasında olan nikahına xitam verilmişdir və o, hazırda həmin evdə yaşamır.
37. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.
38. Deməli, iş materialları ilə C.Camalovanın da mübahisəli əmlaka əşya hüququ kimi istifadə hüququnun olmaması və hazırda həmin evdə yaşamaması tam təsdiq olunur.
39. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər mövcud olsa da, cavabdehin onları qeydiyyatdan çıxarmaqdan imtina etməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də iddia təmin edilməlidir.
40. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
42. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
43. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1980-cı il təvəllüdlü X20, xx.xx.1968-ci il təvəllüdlü X3 və xx.xx.1956-cı il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi (hazırkı ünvan 6 ünvanında yerləşən 47 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova