Məhkəmə qərarları › İş №2-1(112)-9751/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9751/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9751/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının adına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2517/2518-ci məhəllə, ev 1, giriş 1, mərtəbə 6, ümumi sahəsi 69,69 kv.m., yaşayış sahəsi 45,53 kv.m. olan, 3 otaqlı, 18 №-li mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 23 aprel 2024-cü il tarixli ərizə ilə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2517/2518-ci məhəllə, ev 1, 18 №-li mənzilin onun adına özəlləşdirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın **********35 saylı, xx.xx.2024cü il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Cavabdehin məktubu xx.xx.2024-cü il tarixdə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli Protokoldan Çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2517/2518-ci məhəllə, ev 1, giriş 1, mərtəbə 6, ümumi sahəsi 69,69 kv.m., yaşayış sahəsi 45,53 kv.m. olan, 3 otaqlı, 18 №-li mənzil 4 nəfər ailə tərkibi ilə (o, həyat yoldaşı və iki övladı) İddiaçı məxsus olması təsdiq edilmişdir. Həmin tarixdən, yəni 2011-ci il tarixdən sözügedən mənzilə pasport qeydiyyatına alınmış və həmin ünvanda yaşamağa başlamışdır. İddiaçı hazırkı vaxtadək həmin ünvanda öz ailəsi ilə birlikdə yaşamağa davam edərək, qeydiyyatı həmin ünvanadır və həmin ünvanda ondan başqa 3 ailə üzvü (həyat yoldaşı və iki övladı) qeydiyyatdadır. Bu halı, "xxxx" MTK tərəfindən verilmiş 194 nömrəli, xx.xx.2024-ci il tarixli arayışla təsdiq edir. Həmin mənzilin iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh müraciəti təmin etməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Digər tərəfdən, mübahisəli daşınmaz əmlaka dair bütün hüquqmüəyyənedici sənədlər mövcuddur. Bundan başqa, cavabdehə müraciət edilərkən mənzilə dair heç bir borcun olmamasına dair "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli Maliyyə Arayışı da təqdim olunmuşdur. Əlavə olaraq, "xxxx" MTK-nə məxsus çoxmərtəbəli yaşayış binasında olan mənzillərin bir çoxuna cavabdeh inzibati orqan tərəfindən çıxarışlar verilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. İddiaçı tərəfindən qonşu mənzil sahiblərinə müraciətlər edilmiş və həmin binada yerləşən 21, 23 və 71 nömrəli mənzillərə dair çıxarışlar əldə edilmişdir (çıxarışların surətləri əlavə olunur). Mübahisə predmeti olan çoxmərtəbəli yaşayış binasında 96 mənzil mövcuddur və məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu göndəriləcəyi təqdirdə, müəyyən olunacaqdır ki, həmin mənzillərin əksəriyyətinə dair çıxarışlar mövcuddur. Eyni zamanda, cavabdeh inzibati orqanın sözügedən ünvanda yerləşən "xxxx" MTK-nə məxsus çoxmərtəbəli yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı" (və ya istismara icazə sənədi) 1 saylı Bakı ərazi idarəsinə daxil olmaması əsası ilə mənzilə dair çıxarış verməməsi də əsassızdır. Belə ki, sözügedən çoxmərtəbəli yaşayış binası 1986-1990-cı illərdə tikilmişdir və həmin dövrdə Fövqəladə Hallar Nazirliyi mövcud olmamışdır. Nazirlik 2001-ci ildə AR Prezidentinin Fərmanına əsasən yaradılmışdır. Həmin dövrə qədər tikilmiş binalar isə Bakı Şəhəri İcra Hakimiyyəti aparatının Mənzil-Kommunal Təsərrüfat İdarəsi tərəfindən qəbul edilmişdir. Mübahisə predmeti olan çoxmərtəbəli yaşayış binasında mənzil mülkiyyətçilərinin hüquqlarının tanınması ilə bağlı əvvəllər də oxşar məhkəmə mübahisələri olmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-1(112)-5510/2023 nömrəli qərarı ilə, ünvan 1 ünvanında yerləşən 23 saylı mənzil üzərində X1 xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilmişdir. Göstərilən qərardan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməmiş və qərar icra olunaraq X1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli elektron çıxarış verilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, “Aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin döviət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü ii yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır.”

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2517/2518-ci məhəllə, ev 1, giriş 1, mərtəbə 6, ümumi sahəsi 69,69 kv.m, yaşayış sahəsi 45,53 kv.m olan, 3 otaqlı, 18 nömrəli mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********35 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin sənəd üzrə ümumi sahəsinin 69.69 kv.m qeyd edilsə də, faktiki 75.4 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

5. "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli protokoldan çıxarışına əsasən Kramarenko Y.S MTKnın üzvlüyündən çıxarılaraq İddiaçıƏ üzv qəbul edilmiş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2517/2518-ci məhəllə, ev 1, giriş 1, mərtəbə 6, ümumi sahəsi 69,69 kv.m., yaşayış sahəsi 45,53 kv.m. olan, 3 otaqlı, 18 nömrəli mənzil 4 nəfər ailə tərkibi ilə (o, həyat yoldaşı və iki övladı) İddiaçı adına keçirilmişdir. MTK tərəfindən məznilin texniki pasportu verilmiş, hüquqi sahibi İddiaçı göstərilmişdir.

6. "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən mənzilin payı İddiaçı tərəfindən tam ödənilmiş, onun mənzilə dair heç bir borcu yoxdur.

7. "xxxx" MTK tərəfindən verilmiş 194 nömrəli, xx.xx.2024-ci il tarixli arayışa əsasən İddiaçı hazırkı vaxtadək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2517/2518-ci məhəllə, ev 1, giriş 1, mərtəbə 6, ümumi sahəsi 69,69 kv.m., yaşayış sahəsi 45,53 kv.m. olan, 3 otaqlı, 18 nömrəli mənzildə 4 nəfər ailə tərkibi ilə birlikdə yaşamağa davam edir, 2012-ci ildən qeydiyyatları həmin ünvanadır.

8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-550/2012 saylı xx.xx.2012-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin edilərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cii il tarixli 300 saylı sərəncamının X2 aid hissəsi və həmin sərəncam əsasında Bakı şəhəri. Nizamı rayonu, Q.Qarayev prospekti, 2517/18 saylı məhəllə ev 1-də yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş kooperativ yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsində sahəsi 45.53 kv.m. olan 3 otaqlı 18 saylı mənzilə dair X2 verilmiş xx.xx.1994-cü il tarixli 024494 saylı orderin ləğv edilməsi vəzifəsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli İİ-02/23 (S- 769/99) nömrəli tikinti obyektinin istismarına icazə sənədinin təsdiq edilmiş surəti təqdim edilmişdir.

10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517-2518-ci məhəllə, 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının tərkibində dövlət qeydiyyatına alınmış mənzillərin siyahısı, habelə ilkin hüquqi və hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

18. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri- aşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

22. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, ünvanda yerləşən çoxmənzilli yaşayış binanın istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir, həmçinin ünvana texniki baxış keçirilən zaman mənzilin sənəd üzrə ümumi sahəsinin 69.69 kv.m qeyd edilsə də, faktiki 75.4 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

23. Məhkəmə cavabdeh inzibati orqanın dəlilləri ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 3.0.42-ci maddəsinə əsasən, sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir; 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; 102.1-ci maddəsinə əsasən, tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2-ci maddəsinə əsasən, obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Beləliklə, istismara qəbul aktının xarakterizə etdiyi anlayış və onun təyinatı üzrə əsas məqsədi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində göstərilmişdir. Məcəllənin 101.1-ci maddəsindən göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.

24. Göründüyü kimi tikintisi başa çatmış obyektlərə mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul aktının verilməsi müstəqillik dövründən sonra tikintiyə dövlət nəzarətinin təkmilləşdirilməsi ilə əlaqədar başlanılmışdır. Qeyd edilən bina isə həmin dövrdən əvvəl inşa edildiyindən onun tikintisinə dövlət nəzarəti mövcud qanunvericiliyə uyğun həyata keçirilməmiş, həmin bina istismara icazə alınmadan sakinlər tərəfindən istismar olunurdu.

25. Məhkəmə eyni zamanda nəzərə alır ki, xx.xx.2023-cü il tarixli İİ-02/23 (S-769/99) saylı “tikinti obyektinin istismarına icazə”yə əsasən qeyd olunan yaşayış binasının istismarına icazə verilmişdir.

26. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı mənzili "xxxx" MTK-dan əvəzini ödəməklə əldə etmiş, onun həmin daşınmaz əmlaka görə borcu yoxdur, mənzilin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən yaşayış binasının istismarına razılıq verilmişdir.

27. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

28. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş qeyd edilən yaşayış binasında bir çox mənzillər qeydiyyatdan keçirilmişdir. Həmçinin iddiaçı ilə eyni vəziyyətdə olan digər 22 nəfər şəxsə münasibətdə hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir.

29. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.

30. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

31. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518-ci məhəllə, ev 1, giriş 1, mərtəbə 6, ümumi sahəsi 69,69 kv.m., yaşayış sahəsi 45,53 kv.m. olan, 3 otaqlı, 18 №-li mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar