Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9754/2022 26.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi Cavabdeh qarşı zərərin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının:
9. İnzibati orqanlar suverenlik daşıyıcıları olaraq hakimiyyət səlahiyyətlərini həyata keçirdikləri üçün əksər hallarda funksional vəzifələrinin icrası ilə bağlı konkret məsələni nizama salmaq məqsədilə müstəqil qaydada inzibati akt qəbul etmək və həmin aktları bir qayda olaraq qanunvericilikdə təsbit edilmiş məcburetmə vasitələri ilə özləri icra etmək imkanlarına malikdirlər. Belə inzibati aktlar iki kateqoriyaya aid edilirlər - pul tələblərinin ödənilməsinə dair və ya borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktlar.
10. Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati orqanların vətəndaşa münasibətdə məhkəməyə inzibati məhkəmə icraatı qaydasında müraciəti qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda mümkündür. Məhkəmə isə, hesab edir ki, inzibati orqan kimi iddiaçının vətəndaşa münasibətdə inzibati məhkəmə icraatı qaydasında müraciət etmək hüququ qanunvericilikdə nəzərdə tutulmadığından hazırkı iddianın inzibati məhkəmədə baxılmasından söhbət gedə bilməz. Ümumiyyətlə, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərin ilkin olaraq inzibati icraat qaydasında dəyərləndirilməsi zəruri şərtdir. İnzibati icraatı tənzimləyən “İnzibati icraat haqqında” Qanunun giriş hissəsindən də görünür ki, Bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin məqsəd inzibati prosessual qanunvericiliyin əsas prinsipləri nəzərə alındıqda müəyyən olunur ki, inzibati orqanların cavabdeh olduğu işlərə münasibətdə fiziki və hüquqi şəxslər üçün də inzibati məhkəmə icraatında baxılan işlər üçün keçərlidir. Belə ki, adıçəkilən Məcəllənin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Məcəllənin tələblərindən də göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında baxılan işlər üzrə iddiaçının inzibati orqana münasibətdə iddia qaldırılması nəzərə alınmaqla qanunvericilik istər sübutetmə yükü, istər formal tələblərin əməl olunması, iddia tələblərinin dəqiqləşdirilməsi, yardım edilmə və s münasibətdə iddiaçıya yardım etmə vəzifəsi müəyyən etmişdir. Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların diqqətinizə çatdırılmasını zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. (3.1-3.4-cü bəndlər) Göründüyü kimi mülki icraatdan fərqli olaraq inzibati məhkəmə icraatı qaydasında baxılan münasibətlə əlaqədar iddianın vətəndaş və hüquqi şəxsin publik hakimiyyət səlahiyyətini daşıyan inzibati orqana qarşı olması ilə əlaqədar tərəflər arasında qeyribərabərliyi aradan qaldırılması üçün qanunvericilik inzibati məhkəmələrə müəyyən vəzifələr müəyyən etmişdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Qərarında da qeyd edilmişdir ki, İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu, qanunvericilikdə yenilik olmaqla hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı konstitusiya tələblərinin reallaşdırılması istiqamətində atılmış mühüm addımdır və məhkəmə müdafiəsinin effektivliyinə xidmət edir. İPM-in qarşısında duran əsas vəzifə ictimai-hüquqi münasibətlər sahəsində dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin, digər subyektlərin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi sahəsindəki funksiyalarını yerinə yetirərkən yol verdikləri pozuntulardan fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin, habelə hüquqi şəxslərin hüquq və mənafelərinin qorunmasıdır. MPM və İPM-in müddəalarının qarşılıqlı tədqiqi göstərir ki, hər iki Məcəllədə müvafiq icraatların bəzi ümumi prinsipləri mövcuddur. Bu prinsiplərə hakimlərin müstəqilliyi, qanun və məhkəmə qarşısında bərabərlik, sübut etmə vəzifəsi, çəkişmə prinsipi, məhkəmə baxışının aşkarlığı və dispozitivlik prinsipləri aiddir. (MPM-in 7, 8, 9, 10, 77-ci və İPM-in 10, 11, 14, 15, 17-ci maddələri). Bununla belə, hər iki icraatın ümumi prinsipləri ilə yanaşı, İPM-in spesifik, fərqli prinsipləri vardır. Belə ki, MPM-ə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, İPM-ə görə isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (MPM-in 14.2-ci və İPM-in 12.1-ci maddələri). Bununla yanaşı, İPM-ın 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Eyni zamanda, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İPM-in 13cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, xüsusi ilə vurğulanmışdır ki, İPM-in qarşısında duran əsas vəzifə ictimai-hüquqi münasibətlər sahəsində dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin, digər subyektlərin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi sahəsindəki funksiyalarını yerinə yetirərkən yol verdikləri pozuntulardan fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin, habelə hüquqi şəxslərin hüquq və mənafelərinin qorunmasıdır. Bununla belə, inzibati prosessual qanunvericilik iddiaçı qismində inzibati orqanın olması ilə bağlı məhdudiyyət müəyyən etməmiş, bir sıra hallarda inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın vətəndaş və ya hüquqi şəxsə münasibətdə iddia qaldırılmasının mümkünlüyünü təsbit etmişdir. Lakin, bu növ iddialar qeyri-məhdud xarakteri daşımamaqla, qanunvericiliklə konkret dairəsi müəyyən edilmiş iddialardır. Bu zaman, ən zəruri şərt isə ondan ibarətdir ki, həmin növ iddiaların inzibati məhkəmə icraatı qaydasında baxılması üçün normativ aktda birbaşa qeyd olunan növ iddianın verilməsi nəzərdə tutulmalıdır. Yuxarıda adıçəkilən “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 10-cu bəndində həmin konkret hallara dair misallar göstərilmişdir. Məsələn Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər. Eyni zamanda, “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsi də buna misal göstərilə bilər. Maddənin tələbinə görə müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Vergi Məcəlləsinin 43.11-cü maddəsində də qeyd edilir ki, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Göründüyü kimi, inzibati orqanın iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması üçün onun mütləq qaydada qanunvericilikdə birbaşa təsbit edilməsi mütləqdir. Hazırkı iddia isə qeyd olunan şərtin tələblərinə cavab vermir. Belə ki, iddia tələbindən müəyyən edilir ki, hal-hazırda qüvvədə olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının tələblərinə uyğun olaraq vəfat etməsinə baxmayaraq cavabdehin babası üçün əlil kreslo arabası əldə etməsi ilə bağlıdır. İddiaçı qeyd edir ki, cavabdehin babası vəfat etməsinə baxmayaraq onun vəfat etməsi şəxsiyyət vəsiqəsi məlumatları aktiv olduğundan araba verilərkən müəyyən edilməmişdir ki, əsassız olaraq verilmiş arabanın dəyəri olan pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi hazırkı mübahisənin inzibati-publik xarakter daşımaması aşkardır. Belə ki, hazırkı mübahisə nəinki inzibati orqan və əlil arabasının verilməsi nəzərdə tutulan şəxs arasında olmuş, hazırkı mübahisə inzibati orqanla əlil arabası verilməli olan şəxsin nəvəsi olan cavabdeh arasında olmuşdur ki, hazırkı mübahisənin publiklik əlaməti daşımaması, mülki sferada yaranmış mübahisə olması konkret olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, nə yuxarıda adıçəkilən qüvvədə olub-olmamasından asılı olmayaraq Qaydasında, nə hazırkı mübahisə üzrə qüvvədə olan digər qanunvericilik aktlarında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”-nda səhvən verilmiş əlil arabasının dəyərinin inzibati orqana qaytarılması ilə əlaqədar məhkəməyə müraciət edilməsi üçün konkret müddəa göstərilməmişdir. Həmin konkret müddəa göstərilsə belə, hazırkı mübahisənin əlilliyi müəyyən olan şəxslə inzibati orqan arasında olması, indiki halda əlil arabası verilməli olan cavabdehin babası ilə iddiaçı kimi inzibati orqan arasında olmaması da nəzərə alınmalıdır. Başqa sözlə inzibati məhkəmə icraatı qaydasında iddianın qaldırılması üçün publik münasibətdən yaranan mübahisənin olması zəruridir ki, hazırkı halda iddiaçı ilə cavabdeh, yəni kreslo arabası verilməli olan şəxsin nəvəsi arasında hansı publik münasibətin yarandığını iddiaçı sübut edə bilməmişdir. Əksinə iddiaçının iddia tələbində birbaşa istinad olunan mülki qanunvericiliyin maddəsindən , eyni zamanda işin faktiki hallarından aydın olur ki, hazırkı mübahisəyə tətbiq edilməli olan maddi hüquqi normalar əsassız varlanma ilə bağldır ki, iddiaçı cavabdehin əsassız varlandığını hesab edirsə, şəxsin əsassız varlanmasına son qoyulmasını da mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mülki icraat qaydasında tələb etməlidir. Hazırkı halda əsassız varlanması ehtimal olunan əlil arabasını almış nəvənin cavabdeh qismində tanınmasına və onun əsassız varlanmasına son qoyulmasına inzibati məhkəmə icraatı qaydasında baxılması konkret istisna olunur. Mülki Məcəllənin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəmə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Həsənov Orxan