Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9754/2024 20.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı “mənzillər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışların verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış 13 iyul 2021-ci il tarixli, AN-İ seriyalı, ******* №-İi və 17 avqust 2022-ci il tarixli, AN-İ seriyalı, ******* №-li alqı-satqı müqavilələrinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 31 və 46 saylı mənzillərinə mülkiyyət hüququnun adına keçməsinin dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə "xxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra - üçüncü şəxs) 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 31 saylı mənzilini iddiaçıya satmış və bununla əlaqədar Bakı şəhəri, 12 saylı nortariat ofisində 13 iyul 2021-ci il tarixli, AN-İ seriyalı, ******* №-li müqavilə bağlanmışdır. Eləcə də üçüncü şəxs mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 46 saylı mənzili iddiaçıya satmış və bununla əlaqədar da Bakı şəhəri, 12 saylı nortariat ofisində 17 avqust 2022-ci il tarixli, AN-İ seriyalı, ******* №-li müqavilə bağlanmışdır. 13 iyul 2021-ci il tarixli və 17 avqust 2022-ci il tarixli alğı-satqı müqavilələri mənzillərə mülkiyyət hüququnun iddiaçının adına keçməsinin dövlət reyestrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışların verilməsi üçün cavabdehə göndərilmişdir. Lakin cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış binasının istismarına icazə sənədinin ona təqdim olunmadığını əsas göstərərək bundan imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, ev 17, 31 saylı və 46 saylı mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və **********22 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin ümumi sahəsinin faktiki ölçüsü 108.3 kv.m, qeyri-yaşayış sahəsinin (qaraj) isə faktiki ölçüsü 21.3 kv.m-dir və 18 mərtəbəli binanın zirzəmi mərtəbəsində yerləşir. Bundan başqa iddiaçı tərəfindən mənzilə dair təqdim edilmiş sənədlərdə mənzilin nömrəsi “31” qeyd olunsa da, faktiki “32” saylıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Tərəflərə və üçüncü şəxsə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən 527174 nömrəli arayışa əsasən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilə dair üçüncü şəxsin hüquqları xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən 543735 nömrəli arayışa əsasən Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzilə dair üçüncü şəxsin hüquqları xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 13 iyul 2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 140.3 kv.metr olan 3 otaqlı mənzil iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 17 avqust 2022-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 238.1 kv.metr olan 4 otaqlı mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2011-ci il tarixli aktına əsasən ünvan 7 ünvandakı 18-19 mərtəbəli (+texmərtəbə) 3 girişli yaşayış binası (1-ci mərtəbəsi 2 səviyyəli qeyri-yaşayış sahəsi) mövcud vəziyyətdə istismara qəbul edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ünvan 1 ünvanında yerləşən yaşayış binasının 31 və 46 saylı mənzillərinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatıdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.3.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.3). Göründüyü kimi iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 13 iyul 2021-ci il tarixli, AN-İ seriyalı, ******* №-İi və 17 avqust 2022-ci il tarixli, AN-İ seriyalı, ******* №-li alqı-satqı müqavilələrinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 31 və 46 saylı mənzilləri üçüncü şəxs tərəfindən iddiaçıya satılmışdır. Hazırda iddiaçı həmin müqavilələrə əsaslanaraq mənzillər üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir. Mülki Məcəlləyə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir (144-1.1.). Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər (144-1.2.). Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər (144- 1.3.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər (17.1.). Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər (17.2.).Bu qanunun 17.2- 17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir (17.5.). Göründüyü kimi ünvan 1 ünvanında yerləşən yaşayış binasının 31 və 46 saylı mənzillərı dair üçüncü şəxsin mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyat aparılmış və bunun əsasında üçüncü şəxs həmin mənzilləri iddiaçıya satmışdır. Eyni zamanda həmin yaşayış binası istismara qəbul edilmişdir. Bu səbəbdən məhkəmə həmin mənzillər üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı maneə görmür. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh tərəfindən etirazın əsası kimi göstərdiyi hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya aid edilən hallarda nəzərdə tutulmadıgından və iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış binasının 31 və 46 saylı mənzilləri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9754/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9754/2024
20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver