Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9758/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X13 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 45 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-9758/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X17 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X13 mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 45 saylı evin 13 saylı mənzili onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdeh X17 onun qızı X11 ilə rəsmi nikaha daxil olaraq ona məxsus evə qeydiyyata düşmüşdür. Lakin cavabdeh qızı ilə yola getməyərək daima narazılıq, söz-söhbət yaratmış və 24 yanvar 2022-ci il tarixli qətnaməyə əsasən nikahları pozulmuşdur. Cavabdehlə 2010-cu ildən qızı ilə evlənəndən sonra bir gündə olsun onlarla yaşamamışdır. O, cavabdehi qeydiyyata saldırsa da aralarında heç bir notariat qaydasında bağlanmış müqavilə və başqa razılaşma olmamışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarımın pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə müraciət edərək işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs isə telefon vasitəsi ilə məlumat verərək iddia tələbini qəbul etdiyini, Kəlbəcər rayonunda hərbi xidmətdə olduğundan məhkəmə iclasında iştirakının mümkün olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2014-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 152 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 867 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 45, 13 saylı mənzilin sahibidir. Mənzildə İddiaçı Əjdər qızı xx.xx.2002-ci ildən, X5 xx.xx.2002-ci ildən, X6 xx.xx.2016-cı ildən, X7 xx.xx.2019-cu ildən, X8 xx.xx.2016-cı ildən, X9 xx.xx.2002-ci ildən, X17 xx.xx.2009-cu ildən, X19 xx.xx.2011-ci ildən qeydiyyatdadırlar. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 069-12952 №-li məktubdan görünür ki, X17 xx.xx.2009-cu il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 45, mənzil 13-ə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bildirilir ki, «Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə» DİN-in müvafiq əmri ilə təsdiq edilmiş Təlimatın tələblərinə əsasən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və onlara şəxsiyyət vəsiqələrinin verilməsinə dair sənədlərin saxlanma müddəti 5 (beş) il müəyyən olunduğu üçün həmin sənədlər müvafiq komissiya tərəfindən yandırma yolu ilə məhv edildiyindən qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasının əsaslarının məhkəməyə göndərilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********25 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X13 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 45, 13 saylı mənzilində istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli mənzili X3 xx.xx.2001-ci ildə alqı-satqı müqaviləsinə əsasən X2 almış, X3 xx.xx.2013-cü ildə vəfat etdiyindən mənzil vərəsəlik qaydasında arvadı İddiaçı mülkiyyətinə keçmişdir. - Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-275/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı X4 iddiası təmin edilərək X17 ilə X11 arasında Qaradağ rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu ildə bağlanmış və 315 nömrə ilə qeyd edilmiş nikahın ləğv olunması, xx.xx.2011-ci il təvəllüdlü X16 iddiaçı X4 yanında himayəsində saxlanılması, cavabdeh X10 xx.xx.2011-ci il təvəllüdlü X16 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, alimentin xx.xx.2021-ci il tarixindən tutulması qət edilmişdir. - Bakı şəhəri, Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ 398721 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X17 arasında olan nikah Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2022-ci ildə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 53 № ilə qeyd edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 152 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1215 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X17 ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq bu mənzildə yaşamır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 069-6848M-3222 №-li məktubdan görünür ki, X13 ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair ərizəsinə baxılmışdır. Bildirilir ki, qəbul zaman “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri ilə nəzərə tutulmuş şəxsin qeydiyyatdan çıxarılmasına əsas olan hallar ona izah edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən müraciətində göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil xx.xx.2014-cü ildən İddiaçı mülkiyyətindədir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs X17 xx.xx.2009-cu il tarixdə mənzilin əvvəlki mülkiyyətçisi olmuş X1 (iddiaçının əri) ərizəsinə əsasən yaşayış sahəsi üzrə qeydiyyata alınmışdır. X17 ilə iddiaçının qızı X11 arasında olan xx.xx.2010-ci il tarixli nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Üçüncü şəxs hal-hazırda qeydiyyatda olduğu mənzildə yaşamır. İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olan, lakin yaşamayan və ailə üzvü olmayan şəxsin qeydiyyatından çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. - 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, mənzildən qeydiyyatdan çıxarılması tələb edilən şəxsin mübahisəli mənzil üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi mülkiyyətində olan yaşayış sahəsinə keçmiş mülkiyyətçinin ərizəsinə əsasən qeydiyyata alınmış və hazırda həmin yaşayış sahəsində faktiki yaşamayan, istifadə hüququ olmayan keçmiş ailə üzvünün qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxs qeyd olunan mənzildə yaşamadığından, həmin mənzil üzərində istifadə hüquqlarının mövcud olması müəyyən edilmədiyindən sonuncunun iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X13 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X13 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-9758/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9758/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver