Məhkəmə qərarları › İş №2-1(112)-976/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-976/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-976/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Firmasının xx.xx.2000-ci il tarixli 4A saylı məktubuna əsasən Bakı şəhəri İcra hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 730 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsindəki 2942Q- 2935A məhəllələrində kottec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 2 ha torpaq sahəsi firmanın istifadəsinə verilmişdir. Adıçəkilən Sərəncamın qəbulundan sonra Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq Baş İdarəsi tərəfindən "xxxx" Firmasına ayrılmış torpaq sahəsinin xx.xx.2003-cü il tarixli 83 nömrəli ayrıc aktı tərtib edilərək verilmişdir. Daha sonra Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdən torpaq sahəsinin ayrılmasına dair 11232 nömrəli inşaat pasportu tərtib edilərək təsdiq edilmişdir. Bununla yanaşı "xxxx" Firması tərəfindən ayrılmış torpaq sahəsində tikinti inşaat işlərinin aparılması üçün zəruri olan razılaşdırmalar və texniki şərtlər müvafiq dövlət orqanlarından alınmışdır. “Apogey LTD'’ Firmasının xx.xx.2005-ci il tarixli 10A №-li qərarı ilə İddiaçı "xxxx" Firmasına məxsus olan və Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 730 saylı Sərəncamı ilə ayrılmış Xətai rayonu, Mehmandarov küçəsindəki 2942Q-2935A məhəllə sahəsində 10A saylı torpaq bölümü ölçüsü 28 metr * 21.5 metr (6 sot) olan baş plan əsasında fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinə uyğun olaraq iddiaçı tərəfindən fərdi yaşayış evinin inşası planlaşdırılmış və buna görə də, tikintinin aparılması üçün ilk növbədə eskiz layihə sifariş verilərək hazırlanmışdır. Eskiz layihə tərtib olunduqdan sonra fərdi yaşayış evinin inşasına başlanılmış və işlər tamamlanmışdır. Fərdi yaşayış evi inşa edildikdən sonra isə Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən adıçəkilən daşınmaz əmlaka dair inventar nömrəsi 1347 olan xx.xx.2005-ci il tarixli texniki pasport tərtib edilmişdir. Həmin texniki pasporta nəzər yetirdikdə müəyyən edilir ki, fərdi yaşayış evi A və B tikilisindən ibarətdir və ümumi sahəsi 818.8 kv.m təşkil edir. İddiaçı tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh inzibati orqan həmin müraciəti araşdırdıqdan sonra onun təmin edilməməsi ilə bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********12 №-li məktubla imtina cavabı vermişdir. Cavabdeh inzibati orqan öz imtinasını aşağıdakı şəkildə əsaslandırmışdır. 1. İddiaçıya məxsus daşınmaz əmlaka baxış keçirilən zaman fərdi yaşayış evinin A və B tikililərindən ibarət olması və B tikilisinin 1-ci mərtəbəsinin qeyri-yaşayış binası kimi istifadə olunduğunun müəyyən edilməsi; 2. Fərdi yaşayış evi və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 №-li Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”da nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi. Hesab edirlər ki, cavabdehin imtinasında qeyd etdiyi hallar əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri- yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Yuxarıda sadaladıqları hallardan göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsi və onun üzrəində inşa edilmiş fərdi yaşayış evi tam şəkildə qanunvericiliyə uyğun olaraq ayrılmış və inşa edilmişdir. Odur ki, adıçəkilən fərdi yaşayış evinə dair iddiaçının adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi və torpaq sahəsinə dair “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasnın Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış zamanı göstərilən fərdi yaşayış evinin “A” və “B” tikililərindən ibarət olduğu və “B” tikilisinin (1-ci mərtəbəsi) qeyri-yaşayış binası kimi istifadə olunduğu məlum olmuşdur. Həmçinin, B tikilisinin 1-ci mərtəbəsinin 6-7 saylı sahələri və 2-ci mərtəbəsi yoxdur. Buna görə də, fərdi yaşayış evinin sənəd üzrə sahəsi 1241.4 kv.m olsa da, faktiki sahəsi 717.3 kv.m-dir. Torpaq sahəsi yamacda yerləşdiyindən B saylı tikilinin 1-ci mərtəbəsinin damı torpaq sahəsi ilə eyni səviyyədədir, yəni B tikilisinin qapıları aşağı küçəyə açılır. Torpaq sahəsində əlavə olaraq 20.0 kv.m təsərrüfat tikilisi mövcuddur. Həmçinin, fərdi yaşayış evi "xxxx" LTD-yə ayrılmış ümumi ərazidən kənarda yerləşir. Ərazi mürəkkəb relyeflidir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********12 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli **********12 nömrəli imtina məktubuna əsasən İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən fərdi yaşayış evinin “A” və “B” tikililərindən ibarət olduğu və “B” tikilisinin (1-ci mərtəbəsi) qeyri-yaşayış binası kimi istifadə olunduğu məlum olmuşdur. Fərdi yaşayış evi və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

8. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 730 nömrəli xx.xx.2000-ci il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” sərəncamının 1-ci bəndinə əsasən "xxxx" Firmasının xx.xx.2000-ci il tarixli 4”A” saylı məktubu nəzərə alınaraq Xətai rayonu, Mehmandarov küçəsindəki 2942q-2935a məhəllələrdə kottec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 2 ha torpaq sahəsi istifadəyə veirlmişdir.

9. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə sifarişçi "xxxx" Firmasına, kottec tipli evlər tikilməsi üçün, Xətai rayonu, Mehmandarov küçəsindəki 2942q-2935a məhəllədə “Torpaq sahəsi ayrılmasına dair” 11232 nömrəli inşaat pasportu təsdiq edilmişdir.

10. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" Firmasına ayrılmış istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 00/i-307 nömrəli, 2003-cü il tarixli ayrıc aktı tərtib edilmişdir.

11. "xxxx" Firmasının 10 a nömrəli xx.xx.2005-ci il tarixli qərarına əsasən 02 iyun 2002-ci il tarixdə keçirilən ümumi iclasın rəyini nəzərə alaraq, "xxxx" firması qərara almışdır ki, işçi X1 (pasport seriya XVİİ-JQ № 686186, Bakı şəhəri, Şaumyan RİK DİŞ tərəfinədn xx.xx.1984-cü ildə verilib) ərizəsi əsasında ailəsinin yaşayış şəraitinin olmaması səbəbindən ona "xxxx" firmasına məxsus olan və Bakı şəhəri İcra hakimiyyətinin xx.xx.2000-ci il tarixli 730 saylı sərəncamı ilə ayrılmış Xətai rayonu, Mehmandarov küçəsindəki 2942q-2935a məhəllə sahəsində 10 saylı torpaq bölümü ölçüsü 28 m X 21.5 m (6 sot) olan baş plan əsasında fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılsın. Fərdi yaşayış evinin zəruri olan sənədlərin alınması evin tikintisi başa çatdıqdan sonra alınsın və evin tikintisi "xxxx" Firması tərəfindən verilmiş layihə əsasında həyata keçirilsin.

12. ünvan 4 ünvanında yerləşən İddiaçı Firudin qızına məxsus fərdi yaşayış evinin "xxxx" MMC tərəfindən tərtib olunmuş eskiz layihəsi məlumat üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə təqdim edilmişdir.

13. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 01 iyul 2009-cu il tarixli 07/13-543 nömrəli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı”nın təsdiq edilməsi haqqında 214 nömrəli 16 sentyabr 2008-ci il tarixli Qərarına müvafiq olaraq, İİİ aşağı məsuliyyət səviyyəli bina və qurğulara aid edilmiş 12 metr hündürlüyədək fərdi yaşayış evlərinin layihələndirilməsi işləri üçün xüsusi razılıq (lisenziya) tələb olunmur.

14. Bakı şəhər İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 04 dekabr 2005-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, Mehmandarov küçəsi 2935/102 saylı məhəllə ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Texniki pasportda mülkiyyət payı tam, torpaq sahəsinin həqiqi ölçüsü 1200.0 kv.m, tikinti altı sahə 677.5 kv.m, tikintinin ümumi sahəsi 818.8 kv.m göstərilmişdir. Mənzillərin sayı 2 (A tikilisi və B tikilisi), yaşayış otaqlarının sayı 8, yaşayış sahəsinin ümumi ölçüsü 342.8 kv.m, köməkçi sahəsi 476.0 kv.m-dir. Texniki pasportun xüsusi qeydlər hissəsində, texniki pasportun Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 730 saylı sərəncamına və "xxxx" Firmasının 10a saylı xx.xx.2005-ci il tarixli qərarına əsasən tərtib edilmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli BA-02344-2022 nömrəli məktuba əsasən Bakı şəhər İcra Hakimiyyətinin arxiv fondu üzrə 2000-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2000-ci il tarixli 730 nömrəli sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhər İH-nin Arxivinə müraciət etməsi tövsiyə olunmuşdur.

16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********93 nömrəli məktubla verilmiş cavaba əsasən Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, 10 a saylı fərdi yaşayış evini qeydiyyatdan keçməsi və evə dair İddiaçı Firudin qızının adına texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir.

17. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 7-2451/17 nömrəli 23 may 2022-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 730 saylı sərəncamının təsdiqlənmiş kserosurəti məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə işin halları və cavabdehin mövqeyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

25. Hazırki iş üzrə işin hallarından göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 730 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən kottec tikintisi üçün "xxxx" Firmasının istifadəsinə verilmişdir. Firmaya ayrılmış torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən inşaat pasportu və ayrıc aktı təqdim edilmişdir. "xxxx" Firması istifadəsinə ayrılmış həmin torpaq sahəsinin 6 sotunu (28 m × 21.5 m) 10 a saylı, xx.xx.2005-ci il tarixli qərarla, firma tərəfindən verilmiş layihə və torpaq sahəsinin baş planı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayırmışdır. Həmin sərəncam və qərar hazırda da, qüvvədədir. İddiaçı tərəfindən həmin torpaq sahəsində razılaşdırılmış layihə əsasında fərdi yaşayış evi inşa edilmiş və həmin yaşayış evinə dair sözügedən sənədlər əsas götürülməklə Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 04 dekabr 2005-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilərək, evə inventar nömrəsi verilmişdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı”nda kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüququ münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatı həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yeni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139- 1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;139- 1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci madəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri - mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

29. Beləliklə yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən müəyyən olunur ki, evə dair texniki pasporta malik olan şəxs daşınmaz əmlak üzərində öz mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün texniki pasportla yanaşı eyni vaxta bütün digər hüquqmüəyyənedici sənədləri də qeydiyyat orqanına təqdim etməlidir. Hazırki işdən də, görünür ki, iddiaçının hazırda ona məxsus olan fərdi yaşayış evinin (daşınmaz əmlakın) üzərində mülkiyyət hüququnun qeydə alınması üçün bütün sənədləri, eləcə də texniki pasportu mövcuddur və onları cavabdeh inzibati orqana təqdim etmişdir.

30. Oxşar mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin “Ayxan Axundov Azərbaycana qarşı” 43467/06 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuşdur.

31. Məhkəmə eləcə də, cavabdehin etirazında istinad etdiyi digər dəlillərə münasibətdə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin "xxxx" Firmasına ayrılmış torpaq sahəsindən kənarda yerləşməsini təsdiq edəcək mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən cavabdehin həmin dəlili əsassızdır, digər dəlillər isə ümumiyyətlə iddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz.

32. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

35. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

36. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

37. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

38. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

39. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

40. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

42. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

43. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

45. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

47. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

48. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

49. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

50. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 10 A ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar