Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9762/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 112 №-li evin 1 otaqlı, yaşayış sahəsi 16, 47 kv.metrdən ibarət olan 74 №li mənzilinin kirayə müqaviləsinin İddiaçı adına sənədələşdirilməsi, müvafiq kirayə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdehnə həvalə edilməsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 №-li yaşayış evinin yaşayış sahəsi 16,74 kv.metr olan 74 №-li mənzili 1 otaqdan ibarəıtdir. Mənzilin kirayəçisi ərazi aidiyyətli Nizami rayonu MKTB-nin 57 №-li MKİS-nin 7.07.1969-cu il tarixli 6519-18 Kod №-li “maliyyə şəxsi hesab vərəqəsi"nə əsasən X1. İddiaçı bildirir ki, keçmiş həyat yoldaşı Gürcüstan Respublikası vətəndaşı olan X7 ilə aralarındakı nikah aktı qeydi ləğv edildikdən sonra 1992-ci ilin sentyabr ayında Gürcüstanın Rustavi şəhərindən Bakı şəhərinə köçmüş və 1992-ci ilin oktyabr ayından hazıki mübahisəli mənzlin icarədarı X2 razılığı ilə onun mənzilinə köçərək onunla birgə təsərrüfatda ailə üzvü kimi yaşamışdır. Ona qayğı ilə yanaşmış, bir övlad kimi hər cür qayğı göstərmişdir, onunla birlikdə mənzilin təmirində və birgə xərclərinin ödənilməsində iştirak etmiş və mübahisəli yaşayış sahəsində maneəsiz olaraq 30 ilə yaxın müddətdə yaşayır və hal-hazırda mübahisəli mənzildə daimi pasport qeydiyyatındadır. X5 1908-ci il təvəllüdlü idi və tez-tez xəstələnirdi. O, icarədarı olduğu mənzili özəlləşdirərək ona vərəsə kimi bağışlamaq istəyirdi. Lakin, sağlamlığının ağır olması səbəbindən bu istəyini reallaşdıra bilməmiş və 5 fevral 1994-cü il tarixdə vəfat etmişdir. O, 1992-ci ilin oktyabr ayından mübahisəli mənzildə fasiləsiz yaşayır, mənzil kirayəçisinin və onun ailə üzvlərinin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, mənzili dəfələrlə təmir edərək onu yaşayış üçün tam yararlı vəziyyətdə saxlamışdır. Hesab edir ki, hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanun normalarına əsasən mübahisəli yaşayış sahəsi üzrə bütün hüquqları əldə etmişdir. Yaşadığı mənzilin kirayə (icarə) müqaviləsinin onun adına sənədləşdirilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etsə də, inzibati orqan mənzil kirayəçisi ilə qohumluq əlaqələrinin olmaması səbəbindən ərizənin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir və iddia tələbinin əsaslı olduğundan təmin edilməsini xahiş edir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkmə baxışında tədqiq edilmiş: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış M-218-091 saylı, 16 avqust 2021-ci il tarixli imtina məktubundan görünür ki, inzibati orqan mənzilin kirayəçisi X5 ilə qohumluq əlaqələrinin olmamasını təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB 57 saylı MKİS tərəfindən verilən 354 №li 20 avqust 2021-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 saylı binanın 74 saylı mənzilin 07.07.1969-cu il tarixli 014881 №li orderi X2 adına olmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li 05.08.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı 30 iyul 2021-ci il tarixdən ünvan 3 ünvanda qeydiyyatdadır, qeyd olunan mənzildə başqa şəxslər qeydiyyatda yoxdur. - X2 adına tərtib edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, X5 ilə birlikdə İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Ədliyyə Nairliyi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 05Q-1999 saylı 03.02.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi bildirir ki, vətəndaş X6 05.02.1994-cü il tarixdə vəfat etmiş və onun adına 10.02.1994-cü il tarixdə 160 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Nizami Mənzil Kommunal Departamenti Nizami rayon MKTB-nin 57 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli, 355 saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanda mənzildə qeydiyyatdadır və 2017-ci ildən hal-hazıradək mənzilin kirayə ödənişini ödəmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Nizami Mənzil Kommunal Departamenti Nizami rayon MKTB-nin 57 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli, 357 saylı arayışdan görünür ki, İddiaçı 05.04.1994-cü il tarixdən ünvan 3 ünvandan qeydiyyatdan çıxarılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Nizami Mənzil Kommunal Departamenti Nizami rayon MKTB-nin 57 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş plan-sxemdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 ünvanda yerləşən 74 saylı mənzilin yaşayış sahəsi 16,74 köməkçi sahə 13,2, ümumi sahəsi 29,94 kv.metr təşkil edir. Beləliklə işin hallarından görünür ki, ünvan 6 ünvanda yerləşən 74 №-li mənzil Nizami rayonu MKTB-nin 57 №-li MKİS-nin 07.07.1969-cu il tarixli 6519-18 Kod №-li “maliyyə şəxsi hesab vərəqəsi"nə əsasən X3 məxsus olmuşdur. İddiaçı isə 1992-ci il tarixdən etibarən mübahisəli mənzlin icarədarı X5 ilə bir yerdə yaşamış, onun qulluğunda dayanmış, ailə üzvü kimi onunla birgə təsərrüfat aparmışdır. İddiaçı X5 ilə birgə mənzilin təmirində və birgə xərclərinin ödənilməsində iştirak etmiş və mübahisəli yaşayış sahəsində maneəsiz olaraq 30 ilə yaxın müddətdir ki istifadə edir, yaşamaq üçün başqa yaşayış yeri yoxdur və həmin mənzildə daimi pasport qeydiyyatındadır. X5 05 fevral 1994-cü il tarixdə vəfat etmişdir. İddiaçı Cavabdehnə müraciət edərək həmin yaşayış sahəsinə dair onun adına icarə müqaviləsinin bağlanmasını xahiş etmiş, lakin sonuncu iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 6 ünvanda yerləşən 74 №-li mənzil Nizami rayonu MKTB-nin 57 №-li MKİS-nin 07.07.1969-cu il tarixli 6519-18 Kod №-li “maliyyə şəxsi hesab vərəqəsi"nə əsasən X3 məxsus olmuş, iddiaçı da 1992-ci il tarixdən etibarən mənzlin icarədarı X5 ilə bir yerdə yaşamış, onun himayəsində durmuş, onunla birgə təsərrüfat aparmışdır. Həmin dövrdən etibarən mənzil bütünlüklə iddiaçının istifadəsində olmuşdur. Hazırda iddiaçı yalnız özü həmin mənzildə yaşayır. Mənzilin 1992-ci il tarixindən fasiləsiz iddiaçının istifadəsində olması, mənzilə dair kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə uzun illərdir ki, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə iddiaçıdan savayı daimi qeydiyyatda olan şəxs yoxdur. Göründüyü kimi iddiaçının həmin yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yaranmışdır. Həmçinin iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə kirayə münasibətlərindədir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ və İİ hissələrinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə dövlət orqanları tərəfindən şərait yaradılması mənzil qanunvericiliyinin əsaslarından biridir. Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada dövlət fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bir neçə kirayəçinin və mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarlamənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə dair 01 oktyabr 2009-cu il tarixdən əvvəl icarə münasibətləri yarandığından, həmçinin hazırki qanunvericiliyin tələblərinə əsasən kirayə müqaviləsinin bağlanması üçün əsaslar olduğunda, iddiaçının müraciətinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 6 ünvanda yerləşən yaşayış sahəsi 16,47 kv.metrdən ibarət olan 1 otaqlı, 74 saylı mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 6 ünvanda yerləşən yaşayış sahəsi 16,47 kv.metrdən ibarət olan 1 otaqlı, 74 saylı mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-9762/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9762/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver