Məhkəmə qərarları › İş №2-1(112)-9762/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9762/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9762/2022 23.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş idxal gömrük rüsumunun geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “5” aprel 2022-ci il tarixli 1400-012/0xx-xx/001969 №-li Bildirişinə əsasən, **********8113 №-li, **********0800 №-li, **********9411 №-li, **********5098 №-li, **********6823 №-li və **********5382 №-li gömrük bəyannamələri üzrə əsassız yerə hesablanmış 34434.05 manat idxal rüsumu, 6198.13 manat əlavə dəyər vergisi və 14830.74 manat dəbbə pulu olmaqla, ümumilikdə 55462.92 manat gömrük borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini müraciət etmişdir.

2. İddiaçının ərizəsi əsasında iddia tələbi məhkəmənin xx.xx.2022-ci il tarixli qəraradı ilə İddiaçı QSC-yə **********8113 №-li, **********0800 №-li, **********9411 №-li, **********5098 №-li, **********6823 №-li və **********5382 №-li gömrük bəyannamələri üzrə gömrük borcunun hesablanmasının qanunsuz hesab edilməsi və bank hesablarına qoyulmuş sərəncamların ləğv edilməsi kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, hazırkı mübahisənin yaranmasına səbəb Bakı Baş Gömrük İdarəsi tərəfindən bizə ünvanlanmış 5 aprel 2022-ci il tarixli məktubdur. Məktubda qeyd edilmişdir ki, İddiaçı QSC-nin 2019-2020-ci illərdə tərtib etdiyi bir sıra gömrük bəyannamələrində mahn X4 mal nomenklaturası (XİF MN) üzrə kodu səhv bəyan edilib, gömrük ödənişlərindən yayınma halı baş verib. Odur ki, ƏDV (6198,13 manat), dəbbə pulu (14830,74 manat) və idxal rüsumu (34434,05 manat) daxil olmaqla, ümumilikdə 55.462,92 manat gömrük borcu hesablanmışdır. Hesab edilir ki, göstərilən borc məbləği heç bir qanuni və faktiki əsas olmadan və lazımi inzibati araşdırma aparılmadan hesablanmışdır. Borcun əsassız hesab edilməsinə səbəb olan məqamlar ondan ibarətdir ki: - Cavabdeh tərəfindən Gömrük Məcəlləsinin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Borc Bakı Baş Gömrük İdarəsi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati araşdırma aparılmadan, yalnız bildirişə əsaslanaraq tələb edilmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddiaya etiraz ərizəsində göstərilir ki, borcun hesablanmasına əsas qismində çıxış edən aktlar Dövlət Gömrük Komitəsinin X3ması və Audit Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinin xx.xx.2019-xx.xx.2021 il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticəsinə dair Dövlət Gömrük Komitəsinin 1000/265ş nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Bakı Baş Gömrük İdarəsində keçirilmiş audit yoxlaması zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair Tədbirlər Planı” və “Bakı Baş Gömrük İdarəsində aparılmış yoxlamanın nəticələrinə dair Akt”dır. Sual yaranır ki, hazırkı vəziyyətdə Dövlət Gömrük Komitəsinin “Bakı Baş Gömrük İdarəsində keçirilmiş audit yoxlaması zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair Tədbirlər Planı” və “Bakı Baş Gömrük İdarəsində aparılmış yoxlamanın nəticələrinə dair Akt” İddiaçı QSC üçün hər hansı hüquqi nəticə yarada bilərmi? Göründüyü qədəri ilə, Bakı Baş Gömrük İdarəsinin özü tərəfindən İddiaçı QSC-də audit yoxlamasının aparılması barədə qərar qəbul edilməmişdir. Halbuki Gömrük Məcəlləsinin 98-ci maddəsinin tələblərindən İrəli gələrək, cavabdeh mütləq şəkildə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa riayət edərək yoxlama aparmalı (yoxlama barədə vahid məlumat reyestrindən çıxarış mövcud olmalı) və audit yoxlamasının keçirilməsi barədə yazılı qəran təqdim etməli idi. Yuxarıda qeyd olunan Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən deyil, onun tabe olduğu qurum tərəfindən daxili yoxlama aparılması və daxili yoxlama barədə akta əsasən iddiaçı barəsində borcun hesablanması (yəni görülmüş məsuliyyət tədbiri) tamamilə qanunaziddir. -Malların buraxılışı üçün qanunla tələb olunan bütün prosedur qaydalarına iddiaçı tərəfindən riayət edilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 162-ci maddəsinin tələbləri iddiaçı tərəfindən bəyannamələr tərtib edilərkən gözlənilmişdir. Bəyannamələr tərtib edilməzdən əvvəl bəyan edilən mallar barədə Səhiyyə Nazirliyinin Änalitik Ekspertiza Mərkəzinə lazımi sənədlər (alğı-satqı müqavilələri. İnvoyslar) təqdim edilmiş və Mərkəz tərəfindən bu malların tibbi avadanhq/cihaz/İəvazimat olduğu təsdiq edilmişdir. Gömrük Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri Ödənildikdən dərhal sonra həyata keçirilir. Göründüyü kimi, bəyannamələrin 2019-2020-ci illərdə tərtib edilməsinə və malların gömrük orqanı tərəfindən sərbəst dövriyyəyə buraxılmasına baxmayaraq, cavabdeh 2022-ci ildə bəyannamələrin düzgün tərtib edilmədiyini bildirir. -Bəyan edilmiş malların hansı kod üzrə bəyan edilməli olduğu bugünədək cavabdeh tərəfindən rəsmi formada bildirilməmişdir. Belə ki, cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndələri rəsmi formada bəyannamələrdəki yanlışlığa dair izah verməkdən yayınırlar. Cavabdeh tərəfindən yoxlama ilə bağlı yazılı qərar qəbul edilmədiyinə görə bəyannamədəki malların nəyə görə digər kod altında bəyan edilməli olduğu aydın olmur. Hesab edilir ki, bu halda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş sahibkarın təqsirsizlik prezumpsiyası və yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı kimi prinsiplər cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Cavabdehin hazırkı mövqeyini haqlı hesab etmək ölkəmizdə fəaliyyət göstərən digər sahibkarların da gələcəkdə bu cür hüquqlarının pozulmasına, nəticədə dövlət orqanları tərəfindən aparılan yoxlamalarda şəffaflığın itməsinə səbəb ola bilər. Belə ki, Gömrük Məcəlləsinin 321-ci maddəsi malların sərbəst dövriyyə üçün buraxılmasınadək olan təsnifatlaşdırılmasına tətbiq edilən normaları nəzərdə tutur. Sözügedən Məcəllənin 321.3-cü maddəsinə əsasən, bəyan edilən malların X4 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Hesab edirik ki, bu normalar malların sərbəst dövriyyə üçün buraxılmasınadək bəyannaməçi tərəfindən məlumatların düzgün göstərilmədiyi hallar zamanı tətbiq olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə tərəfimizdən idxal olunan malların təsnifatı 2019-2020-ci illərdə bəyannamələr təqdim edilərkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin müvafiq məktublarına istinad edilmiş, Bakı Baş Gömrük İdarəsi tərəfindən yoxlama aparılmış və bəyannamələrdə heç bir yanlışlıq aşkar olunmamışdır.

4. Cavabdeh qurum tərəfindən təqdim edilən iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, 1400-012/0xx-xx/001969 nömrəli bildirişinə əsasən **********8113, **********0800, **********9411, **********5098, **********6823 və **********5382 nömrəli gömrük bəyannamələri üzrə əsassız yerə hesablanmış 34434,05 AZN idxal rüsumu, 5198,13 AZN ƏDV və 14830,74 AZN dəbbə pulu olmaqla, ümumilikdə 55462,92 AZN gömrük borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini iddiaçı barəsində **********8113, **********0800, **********9411, **********5098, **********6823 və **********5382 nömrəli gömrük bəyannamələri üzrə gömrük borcunun hesablanmasının qanunsuz hesab edilməsi, bank hesablarına qoyulmuş sərəncamların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması olaraq dəyişdirmişdir. Cavabdeh Bakı Baş Gömrük İdarəsi iddiaçının ərizəsində irəli sürülən tələbə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 4.1.23-cü maddəsinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Dövlət Gömrük Komitəsinin hüququdur. Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinin xx.xx.2019-01.01 2021-ci il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticəsinə dair Dövlət Gömrük Komitəsinin 1000/265ş nömrəli, xx.xx.2022-ci il tarixli Əmri ilə təsdiqlənmiş “Bakı Baş Gömrük İdarəsində keçirilmiş audit yoxlaması zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair Tədbirlər Planına və “Bakı Baş Gömrük idarəsində aparılmış auditin nəticələrinə dair Akt”a (xx.xx.2022-ci il tarixli) əsasən, İddiaçı QSC tərəfindən ölkə ərazisinə idxal olunan mallara tərtib edilmiş **********8113, **********0800, **********9411, **********5098, **********6823 və **********5382 sorğu nömrəli gömrük bəyannamələrində malların X4 Mal Nomenklaturası üzrə kodu səhv bəyan edilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi aşkar edilmişdir. Nəticədə yuxarıda qeyd olunan gömrük bəyannamələri üzrə dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük borcu yaranmışdır. Belə ki, idxal gömrük rüsumu üzrə 34434,05 AZN, əlavə dəyər vergisi üzrə AZN, dəbbə pulu üzrə 14830,74 AZN olmaqla ümümilikdə 55462,92 AZN gömrük borcunun tam şəkildə dövlət büdcəsinə ödənilməsi barədə “X7" QSC-yə 1400- 012/0xx-xx/001969 nömrəli, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. Hesab edilir ki, gömrük borcu gömrük orqanı tərəfindən əsaslı hesablanmışdır və cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 321.3-cü maddəsinə əsasən bəyan edilən malların X4 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Həmin Məcəllənin 321.4-cü maddəsində göstərilir ki, malların təsnifatını apararkən, gömrük orqanları X4 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Həmin Məcəllənin 321.5-ci maddəsində göstərilir ki, gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər.

5. Bakı Baş Gömrük İdarəsi tərəfindən "X7" QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, aparılmış yoxlama zamanı məlum olmuşdur ki, "X7" QSC-nin ünvanına 2019-2020-ci illərdə idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində malın XİF MN üzrə kodu səhv bəyan edilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bununla da, dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərindən yayınma halı baş vermişdir. Odur ki, qeyd edilən gömrük bəyannamələri üzrə 34434 05 AZN idxal rüsumu, 6198,13 AZN əlavə dəyər vergisi və 14830,74 AZN dəbbə pulu olmaqla ümumilikdə 55462,92 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuş, bununla bağlı gömrük borcunun ödənilməsinə dair 1400- 012/0xx-xx/001969 nömrəli bildiriş təqdim edilmişdir.

6. İddiaçı QSC-nin "xxxx" ASC-nin Yasamal Filialında AZ81АİİВ********************; AZ14АİİВ********************; AZ04АİİВ******************** nömrəli bank hesablarına; İddiaçı QSC-nin "xxxx" ASC-də: AZ65PAHA40060AZNHK030011235; AZ03PAHA40060AZNHK**********; AZ56PAHA40060AZNHK**********; AZ47PAHA40060AZNHK**********; AZ85PAHA40060AZNHC**********; AZ98PАНA40160TRYHCO100117235; AZ21PAHA40060AZNHK**********; AZ12PAHA40060AZNHK**********; AZ74PAHA40060AZNHK**********; AZ10PAHA40160EURHC**********; AZ76PAHA40160USDHC********** nömrəli bank hesablarına; "xxxx" ASC-də: AZ43AZRT**********0004916001 nömrəli bank hesabına; "xxxx" ASC-də: AZ43TURA********************; AZ24TURA********************; AZ54TURA********************; AZ28TURA********************; AZ39TURA********************; AZ23TURA******************** nömrəli bank hesablarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli sərəncam qoyulmuşdur.

7. Məhkəmə tərəfindən cavabdehdən gömrük borcunun hesablanması ilə bağlı aparılmış inzibati icraat materialları tələb edilsə də, həmin materiallar məhkəməyə təqdim edilməmişdir.

8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

9. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.

İİ. İddianın növü və mümkünlüyü

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

12. Hesablanmış həmin borclara görə müəssisənin bank hesablarındakı pul vəsaitlərin hesablanması faktiki xarakterli hərəkətin nəticəsi, bank hesablarına qoyulmuş sərəncam isə inzibati aktdır.

13. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

14. Odur ki, hazırkı iddia mübahisələndirmə növündə iddiadır.

İV. Məhkəmənin mövqeyi

15. Məhkəmənin hazırkı iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-394/2022 nömrəli iş üzrə mövqeyinə uyğundur.

16. Gömrük Məcəlləsindən: 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. 98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. 98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010- cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur

19. Məhkəmə qeyd edir ki, cavavdeh qurum gömrük bəyannamələri üzrə XİF MN (X4 Mal Nomenklaturası) pozuntusu səbəbindən 2019-2020-ci illərdə idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində malın XİF MN üzrə kodu səhv bəyan edilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirildiyini, bununla da, dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərindən yayınma halı baş verdiyi bildirmiş, odur ki, qeyd edilən gömrük bəyannamələri üzrə 34434,05 AZN idxal rüsumu, 6198,13 AZN əlavə dəyər vergisi və 14830,74 AZN dəbbə pulu olmaqla ümumilikdə 55462,92 AZN gömrük borcunun yarandığını bildirsə də, bununla bağlı hər hansı inzibati araşdırmanın aparıldığı, həmin araşdırmanın nəticəsi olaraq borcun tutulmasına dair qərar qəbul edildiyi müəyyən edilmir.

20. Cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində gömrük borcu hesablanmış, həmin borcun tutulmasını təmin etmək məqsədilə üçüncü şəxsin üzərinə vəzifə qoyulmuşdur (bank hesablarının dondurulması barədə sərəncam verilmişdir).

21. Gömrük Məcəlləsinin bu qərarda qeyd olunan normalarının tələblərinə görə, gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilməklə yanaşı, hər iki auditin aparılması barədə qərar qəbul edilməli, həmin qərarın surəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə çıxarış audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalı, gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilməlidir.

22. Məhkəmə tərəfindən qeyd edilən 34434,05 manat idxal rüsumu, 6198,13 manat əlavə dəyər vergisi və 14830,74 manat dəbbə pulu olmaqla, ümumilikdə 55462,92 manat gömrük borcunun hesablanması üçün əsas olan sənədlərin, o cümlədən borcun hesablanmasına dair qərarın məhkəməyə təqdim edilməsi tələb olunmuş, lakin məhkəmə araşdırması zamanı bununla bağlı inzibati icraatın aparılmadığı və gömrük borcunun tutulması ilə bağlı qərar qəbul edilmədiyi müəyyən edilir.

23. İddiaçı müəssisənin fəaliyyəti ilə bağlı hər hansı audit keçirilməsi qərara alınmamış, bu barədə qərar mövcud deyil.

24. İddiaya yazılı etiraza əsasən müəyyən olunur ki, iddiaçı müəssisənin fəaliyyəti ilə bağlı hər hansı audit keçirilməsi qərara alınmamış, bu barədə qərar mövcud deyil, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən bütövlükdə Bakı Baş Gömrük İdarəsində inzibatçılığın təşkili vəziyyəti, o cümlədən borcunun hesablanmasının düzgünlüyü ilə bağlı audit aparılmışdır ki, həmin auditin nəticələrinə dair də ümumi akt tərtib olunaraq orada göstərilən nöqsanların aradan qaldırılması Bakı Baş Gömrük İdarəsinə tapşırılaraq icra üçün göndərilmişdir.

25. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun bu qərarda istinad edilən normalarının tələblərindən göründüyü kimi, yoxlamalar yalnız həmin Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

26. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

27. Beləliklə, yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, onun tərəfindən aparılmış audit yoxlaması iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı QSC-yə **********8113, **********0800, **********9411, **********5098, **********6823 və **********5382 sorğu nömrəli gömrük bəyannamələri üzrə cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən gömrük borcunun hesablanması qanunsuz hesab edilsin və İddiaçı QSC-nin bank hesablarına Bakı Baş Gömrük İdarəsi tərəfindən qoyulmuş xx.xx.2022-ci il tarixli sərəncamlar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar