Məhkəmə qərarları › İş №2-1(112)-9765/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9765/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9765/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə elektrik enerjisi hesabatının onun adına rəsmiləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (nümayəndə qismində X3 vasitəsi ilə) cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilən ünvandakı mülkiyyətdə olan və hazırda fəaliyyət göstərən obyektlərə verilən elektrik enerjisi sərfiyyatını göstərən **********00007, **********00545 nömrəli uçot nöqtələri və müvafiq 818132M1090027, 0109691M55314 nömrəli sayğac komplektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTKnın adından çıxarılaraq onun adına rəsmiləşdirilməsinin "xxxx" ASC-yə həvalə edilməsi haqqında qərar qəbu edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında "xxxx" MTK tərəfindən 6 blokdan ibarət hündürmərtəbəli yaşayış binası (aşağı mərtəbələri qeyri-yaşayış sahələri olmaqla) inşa edilmişdir. Bina üçün elektrik enerjisi qidalanmasına xx.xx.2007-ci il tarixdə TX-11-0364 saylı texniki şərt verilmişdir. Verilmiş texniki şərtə əsasən binanın yaxınlığında 6/04 kv-lıq yarımstansiya quraşdırılıb istismara verilmişdir. Bina üçün yarımstansiyanın 0,4 kv-lıq paylayıcı quruluşda 13 ədəd sayğac uçot komplekti istismardadır və hesabat həmin sayğaclarla aparılır. Bütün yaşayış və qeyri-yaşayış sahələri 15 ildən artıqdır ki, həmin sayğaclar vasitəsilə elektrik enerjisi ilə təmin edilmişdir. O, "xxxx" MTK tərəfindən inşa edilmiş binada aşağıda qeyd olunan qeyriyaşayış sahələrini əldə etmiş və qeyd olunan sənədlərə əsasən həmin qeyri-yaşayış sahələri onun mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38, mərtəbə 1 ünvanında qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestr nömrəsi 00801 1002905-05301-083003, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-cü il tarixli çıxarış, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38, mərtəbə 2 ünvanında qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestr nömrəsi, **********05-05301-083001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli çıxarış. ünvan 4 ünvanında qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestr nömrəsi 00801 1002905-05301-083016, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarış. "xxxx" ASC tərəfindən şifahi olaraq ona bildirilmişdir ki, mülkiyyətində olan qeyri-yaşayış sahələrini elektrik enerjisi ilə qidalandıran sayğacların onun adına rəsmiləşdirilməsi ilə əlaqədar "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidir. Tərəfindən xx.xx.2024-cü il tarixdə 2 saylı Bakı "ASAN Kommunal" mərkəzinə müraciət edildikdə isə ona bildirilmişdir ki. "ASAN Kommunal" mərkəzlərində yalnız yeni texniki şərt verilir. Lakin o, bununla razı olmadı və mülkiyyətimdə olan qeyri-yaşayış sahələrini elektrik enerjisi ilə qidalandıran sayğacların mənim adıma rəsmiləşdirilməsi ilə əlaqədar tərəfimdən xx.xx.2024-cü il tarixdə “Azərişıq" ASC-nə rəsmi qaydada müraciət edilmişdir. Müraciətinə cavab olaraq "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə 13- 13/2-2/7-04-Y-4709-5/2024 nömrəli rəsmi məktubla yenidən bildirildi ki. qeyri-yaşayış sahələrinə məxsus uçot nöqtəsində ad dəyişikliyi edilməsi və ya yeni abunə kodunun açılması “ASAN Kommunal “ mərkəzləri vasitəsilə həyata keçirilir. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa edilmiş hündürmərtəbəli binanın bütün yaşayış və qeyri-yaşayış sahələrinin elektrik təchizatı üçün "xxxx" MTK tərəfindən texniki şərt alınmışdır. Həmin texniki şərt verilən zaman bütün yaşayış və qeyri-yaşayış sahələrinin işlətdiyi elektrik enerjisinin gücü nəzərə alınmışdır. Bütün sayğaclar 15 ildən çoxdur ki, qoşulu vəziyyətdədir və bütün binanı elektrik enerjisi ilə qidalandırır. Hesab edir ki, heç bir halda yeni texniki şərt alınması zərurəti yoxdur. Çünki artıq bütün yaşayış və qeyri-yaşayış sahələri üçün icazə alınmışdır və onun mülkiyyətində olan qeyri-yaşayış sahələri yeni deyildir. Sadəcə olaraq əvvəl "xxxx" MTK-nın mülkiyyətində idi. hazırda isə onun mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçının səlahiyyətli nümayəndəsi kimi F.S.Yusubov tərəfindən imzalanmışdır. İnzibati Prosessual Məcəllənin 31-ci maddəsinə görə, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Normanın tələbindən göründüyü kimi, inzibati məhkəmə icraatında fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkili ola bilər. İddia ərizəsinə iddiaçının adından X2 verilmiş etibarnamənin surəti əlavə edilsə də, iddia ərizəsini imzalayan şəxsin iddiaçının yaxın qohumu və ya vəkili olması barədə sənədlər ərizəyə əlavə edilməmişdir. Digər tərəfdən Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Təqdim edilmiş etibarnamədə iddiaçının adından iddia ərizəsinin imzalanması səlahiyyətinin verilməsi də müəyyən edilmir. Etibarnamədə ərizə imzalamaq səlahiyyətinin verilməsi göstərilsə də, ərizə ümumi anlayış olmaqla Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən normasının tələbinə görə məhz iddia ərizəsinin imzalamaq səlahiyyətinin verilməsi etibarnamədə göstərilməlidir. İPM-in 1.2-ci madəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 74.1-ci maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Göründüyü kimi, iddia ərizəsi müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddia ərizəsində göstərilənlər iddiaçının iradə ifadəsi kimi qiymətləndirilə bilməz. İPM-in 13-cü maddəsinin tələblərinə görə, məhkəmə qaldırılan iddialarda yol verlən formal xətaların aradan qaldırılmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə qeyd edir ki, bu çatışmazlığın aradan qaldırılması da, iddianın mümkün sayılmaması şərtini aradan qaldırmır. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddia tələbini irəli sürməkdən iddiaçının hüquqi marağı sayğac komplektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq onun adına rəsmiləşdirilməsinə yönəlmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. (13-cü bənd) Hazırkı iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı sayğac komplektlərinin elektrik enerjisi hesabatının "xxxx" MTK-nın adından çıxarılaraq onun adına rəsmiləşdirilməsini xahiş edir. Görüdüyü kimi, tərəflər arasında artıq müqavilə münasibətləri mövcuddur. "xxxx" MTK ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələri enerji ilə təmin edilir. Belə olan halda iddiaçının sayğac komplektlərinin elektrik enerjisi hesabatının üçüncü şəxsin adından çıxarılaraq onun adına rəsmiləşdirilməsi tələbi müqavilə münasibətlərindən yaranan mülki hüquq xarakterlidir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçının mülki qaydada ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Odur ki, iddiaçıya müvafiq tələblə müvafiq ümumi məhkəməyə müraciət etmək (və ya mülki iş üzrə ziyanına qəbul edilmiş qərarı mübahisələndirmək) hüququ izah olunsun. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə elektrik enerjisi hesabatının onun adına rəsmiləşdirilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar