Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9765/2025 26.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (üçüncü şəxs "xxxx" MMC) qarşı “ödənilmiş məcburi dövlət sosial sığorta pulunun fərdi sosial sığorta hesabına köçürülməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, 2016, 2017 və 2020-ci illər arasında "xxxx" MMC-də xidmət müqaviləsi əsasında işlədiyi dövrdə ödənilmiş 4369,4 manat məbləğində məcburi dövlət sosial sığorta pulunun hesablanaraq onun fərdi sığorta hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 2016, 2017, 2020-ci illərdə "xxxx" MMC-də xidməti müqavilə əsasında işləmiş, mədaxil qəbzləri əsasında 4369.4 manat ödənilmiş şəxsi fərdi hesaba köçürülən məbləğini tələb etmişdir. Qəbz 70 ədəd 1214 nömrəli, xx.xx.2016-cı il müqavilə əsasında tələb etmişdir. Cavabdeh iddiaya yazılı etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı A.X2 daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılaraq, xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-74176/2024 nömrəli məktubla bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) sığortaedən kimi 2016-cı il və 2017-ci ilin İİ - İV rüblərinə dair hesabat və ödəniş, 2017-ci ilin İ rübünə dair ödəniş məlumatları, həmçinin MEİS-in "Sığorta" (Hesabat) altsistemində 2020-ci ilin İV rübünə dair məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatları aşkar edilmədiyindən sözügedən rüb üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqları A. Vahidovun fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Bu səbəbdən məcburi dövlət sosial sığorta haqlarının fərdi sosial sığorta hesabına köçürülməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən 2020-ci ilin İV rübü üçün "İlkin" tipli məcburi dövlət sosial sığortası üzrə hesabat uçotda olduğu vergi orqanına təqdim edildikdən və sözügedən hesabat DVX-nin elektron sistemindən MEİS-ə inteqrasiya edildikdən sonra ödənilmiş məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi şəxsi hesabında öz əksini tapacaqdır. Məhkəmə tərəfindən Mərkəzi Filiala "xxxx" MMC tərəfindən 2016-2020-ci illərdə məcburi dövlət sosial sığortanın ödənilməsi ilə bağlı hesabatın təqdim edilibedilməməsi haqqında məlumatın, əgər təqdim edilmişsə, həmin hesabatların təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-126120/2025 nömrəli cavab məktubu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "xxxx" MMC-nin 2016-cı il, 2017-ci ilin l-İV rübləri üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda əks olunan sığortaolunanlar barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Lakin həmin sorğuya cavab məktubundan görünür ki, nə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "xxxx" MMC-nin (SUN:**********8; VÖEN:**********) 2017-ci ilin l-İV rübləri üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatında əks olunan sığortaolunanlar barədə məlumatlar siyahısında, nə də Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "xxxx" MMC-nin (SUN:**********8; VÖEN:**********) 2016-cı il üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatında əks olunan sığortaolunanlar barədə məlumatlar siyahısında İddiaçı adına rast gəlinməmişdir. MEİS-də "xxxx" MMC-nin 2018-2020-ci illərin l-İV rübləri üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" MMC (sifarişçi) ilə İddiaçı (sürücü) arasında bağlanmış sürücü xidmətlərinin göstərilməsi haqqında xx.xx.2016-cı il tarixli, 1214 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Sifarişçi Sürücüyə taksi xidmətinin göstərilməsi üçün müvaliq şərait yaradır, Sürücünü texniki baxımdan saz avtomobil, müvafiq fərqlənmə nişanı, zəruri geyim forması və mütəmadi texniki servislə təmin edir. Sürücü isə bunun müqabilində gündəlik hasilatın Müqavilə ilə müəyyənləşdirilmiş sabit məbləğdən az olmayan hissəsini Müqavilə ilə müəyyən edilmiş qaydada Sifarişçiyə ödəyir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı 2016-2017-ci illərdə "xxxx" MMCyə göstərilmiş xidmətlə bağlı müvafiq məbləğləri ödəmişdir. İddiaçı hazırda MMC-yə göstərdiyi xidmətə görə ödənilmiş vəsait üzrə məcburi dövlət sosial sığorta vəsaitinin onun fərdi sığorta hesabına köçürülməsini xahiş edir. Lakin işdə olan cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, MEİS-də "xxxx" MMC-nin 2018-2020-ci illərin İ-İV rübləri üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Həmçinin məktuba Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "xxxx" MMC-nin 2016-cı il, 2017-ci ilin İ-İV rübləri üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda əks olunan sığortaolunanlar barədə məlumat təqdim edilmiş, iddiaçının adı həmin sığorta olunanları sırasında olmamışdır. Bundan əlavə işdə olan iddiaçıya məxsus sığortaolunanın hesabından görünür ki, həmin dövrdə iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Məhkəmə qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq sığortaçının hüququdur. Həmin Qanunun 10-cu maddəsinə əsasən həmin Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifələridir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Həmçinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 7.1-ci madəsinə əsaəsn sığortaedən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) təqdim edir. Həmin Qanunun 7.8-ci madəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). Həmin Qanunun 7.12-ci maddəsinə əsasən əmək pensiyası təyin edilərkən, sığortaolunan sığortaedənə onun barəsində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına fərdi məlumatların təqdim edilməsi haqqında ərizə ilə müraciət edir. Sığortaedən sonuncu məlumatı təqdim etdiyi dövrdən sığortaolunanın pensiya təyinatı üçün rəsmi müraciət etdiyi günədək olan dövr üçün həmin sığortaolunan haqqında təqdim olunmamış bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatları 10 iş günü müddətində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək; hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək sığortaedənin vəzifələridir. İstinad olunan normalardan aydın olur ki, sığortaolunanlar, hazırkı halda iddiaçı üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın təqdim edilməsi, həm də bu məlumatın dürüst və müəyyən olunmuş müddətdə təqdim edilməsi sığortaedənin vəzifəsidir. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, sığortaedən olan "xxxx" MMC sığortaolunan olan iddiaçı barəsində ödəniş edilməsi ilə bağlı zəruri məlumatları səlahiyyətli quruma təqdim etməmişdir. Belə olan halda aydındır ki, həmin ödənişlərin iddiaçının fərdi sığorta uçotuna daxil edilməsi mümkünsüzdür. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, "xxxx" MMC tərəfindən iddiaçı barəsində məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatları təqdim edilməmişdir, müvafiq vəsaitin sığortaolunan hesabına daxil edilməsi barədə cavabdehin də vəzifəsi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı halda cavabdehin hərəkəti qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9765/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9765/2025
26.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver