Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9769/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «sərəncamın ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «sərəncamın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin 6 aprel 1993-cü il tarixli 436/38 nömrəli sərəncamı ilə 750 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa edilmişdir. 20 oktyabr 2006-cı il tarixdə həmin torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1542 nömrəli kadastr planı verilmişdir. İddiaçı həmin vaxtdan ailəsi ilə birlikdə sözügedən evdə yaşayır. O, daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki müvafiq ərazi idarəsinə müraciət etmiş və ona bildirilmişdir ki, Əzizbəyov RİH-in 6 aprel 1993-cü il tarixli 436/38 nömrəli sərəncamı RİH-in 30 dekabr 1999-cu il tarixli 2209 saylı sərəncamı ilə ləğv edilmişdir. Bundan başqa, Dövlət Arxivinin Bakı Filialından da bildirilmişdir ki, Əzizbəyov RİH-in 6 aprel 1993-cü il tarixli 436/38 nömrəli sərəncamı arxivdə mövcuddur, lakin həmin sərəncam 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncamla ləğv edilmişdir. Əzizbəyov RİH-in 6 aprel 1993-cü il tarixli 436/38 sərəncamı iddaçıya rəsmi olaraq 28 iyun 2006-cı il tarixdə təqdim edilmişdir. Sərəncamla torpaq ayılan təşkilatın uzun illər sonra həmin sərəncamı ləğv etməsi anlaşılan deyil, xüsusilə də həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edildiyi və həmin evdə 30 ildən artıq yaşayış olduğu (kommunal xidmətlər üzrə xətlər çəkilməklə) nəzərə alınmaqla. RİH-in 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncamı tamamilə qanunsuzdur və həmin sərəncam ləğv edilməli, qurumun hərəkətləri qanunsuz sayılmalıdır. İddiaçı 30 dekabr 1999-cu il tarixli sərəncam barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla bağlı müraciəti zamanı məlumat almışdır. İddiaçı (nümayəndəsi vasitəsilə) Bakı şəhəri Xəzər RİH-ə müraciət edərək, 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncamın ləğv olunmasını xahiş etmişdir. Lakin RİH-in ona cavab məktubunda məhkəməyə müraciət tövsiyə olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 26, 29, 60, 71-ci maddələrinə, Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 48, 84-cü maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsaslanaraq, İPM-in müddəalarını rəhbər tutaraq, Bakı şəhəri Əzizbəyov RİH-in (indiki Xəzər RİH-in) 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Xəzər RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 20 iyun 2023-cü il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-lə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. İddiaçı nümayəndəsi 30 dekabr 1999-cu il tarixli müvafiq sərəncamın ləğvi barədə Xəzər RİH-ə müraciət etmişdur. Ona tövsiyə olunmuşdur ki, 1999-cu ilə aid sənədlər Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verildiyindən, qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət edilsin. «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Odur ki, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər RİH-ə qarşı 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncamın ləğv edilməsi barədə iddia tələbi üzrə işin məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq, qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvalanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun. Həmin Məcəllənin 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. MPM-in (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə: - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə hazırkı mübahisənin ərazi aidiyyəti ilə bağlı bildirir ki, hazırkı iddia daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, “mübahisələndirmə haqqında” iddiaya aid olsa da, cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına daxil olan ərazini əhatə etdiyindən, mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (birinci cümləsinin) tələblərinə uyğun olaraq həm cavabdeh inzibati orqanın olduğu, həm də İPM-in 8.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yer üzrə müvafiq səlahiyyətli məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunauyğundur. Məhkəmə qeyd edir ki, həm mübahisə predmeti olan sərəncamın qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanunu və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinn müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə icraatında mübahisə predmeti olan Bakı şəhəri Əzizbəyov RİH-in 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncamının hazırkı iddianın qaldırıldığı tarixdən 1 ay əvvəlki gündən, yəni 4 aprel 2023-cü il tarixdən qabaq iddiaçıya təqdim və ya elan olunması ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Xəzər RİH tərəfindən heç bir tutarlı sübut, dəlil təqdim edilməmişdir. Bu isə, belə nəticə yaradır ki, iddia qaldırılarkən iddia müddəti buraxılmış sayıla bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Bakı şəhəri Əzizbəyov RİH-in 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncamının mövcudluğu barədə Dövlət Arxivinin Bakı Filialının 13 iyul 2022-ci il tarixli məktubu ilə hazırkı İddiaçı bildirilsə də, sərəncam özü (və ya surəti) ona təqdim edilməmişdir. Odur ki, mübahisələndirilən 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncam Bakı şəhəri Əzizbəyov RİH (hazırkı Xəzər RİH) tərəfindən qəbul edildiyindən, iddiaçı üçün əlverişsiz inzibati akt kimi hüquqi nəticə yaratdığından, iddia qaldırılarkən iddia müddətinin buraxılmamış kimi qiymətləndirildiyindən, habelə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən digər hallar mövcud olmadığından, məhkəmə iddianı mümkün sayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli 254-Xİİ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcələsinin 28-ci maddəsinə əsasən torpaqların verilməsi və geri alınması ilə əlaqədar olan və onların mənafeyinə toxunan məsələlərə baxılmasında marağı olan vətəndaşların iştirak etməyə hüququ vardır. Torpaqların verilməsi və geri alınması barədə rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı əhalinin və əmək kollektivlərinin mənafeyinə toxunduğu hallarda onların rə’yi nəzərə alınmaqla qəbul edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən icraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə mübahisə üzrə müəyyən etdiyi aşağıdakı halları diqqətə çəkir: 1) Bakı şəhəri Əzizbəyov RİH tərəfindən hazırkı İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 750 kv.m torpaq sahəsi ayrılması barədə 6 aprel 1993-cü il tarixli 436/38 nömrəli sərəncam «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəki dövrdə 30 dekabr 1999-cu il tarixdə 2209 nömrəli sərəncamla ləğv edilsə də, həmin (6 aprel 1993-cü il tarixli) sərəncam qəbul edilərkən qüvvədə olmuş Torpaq Məcəlləsinin 28-ci maddəsində torpaqların verilməsi və geri alınması ilə əlaqədar olan və onların mənafeyinə toxunan məsələlərə baxılmasında marağı olan vətəndaşların iştirak etmək hüququ, habelə bu barədə rayon, şəhər xalq deputatları Sovetlərinin qərarının əhalinin və əmək kollektivlərinin mənafeyinə toxunduğu hallarda onların rəyi nəzərə alınmaqla qəbul edilməsi təsbit olunmuşdur. Bu isə, o deməkdir ki, iddiaçının özünün mənafeyinə toxunan məsələsi əhatə edən həmin sərəncamın qəbulunda (icraatda) iştirak etmək hüququ pozulmuşdur; 2) Bundan başqa, 2011-ci ilin 1 yanvar tarixindən sonra qüvvəyə minmiş «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri baxımından Əzizbəyov RİH-in 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncamının qəbulundan məlumatsız olan hazırkı iddiaçının müvafiq torpaq sahəsinin ayrılması barədə 6 aprel 1993-cü il tarixli 436/38 nömrəli sərəncama münasibətdə 1 yanvar 2011-ci il tarixdən sonra “etimad hüququ” yaranmış olur. 3) Qeyd olunanlarla yanaşı, Əzizbəyov RİH-in 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncamının qəbulu üçün tutarlı əsaslar da hazırkı inzibati məhkəmə icraatında müəyyən edilmir və cavabdeh bu sərəncamın qəbulunu şərtləndirən yetərli dəlillər təqdim etmir. Mübahisə predmeti olan sərəncamın özündə hazırkı iddiaçının “torpaq sahəsinin qaytarılması barədə” müraciətinin olması əsas gətirilərək, 6 aprel 1993-cü il tarixli 436/38 nömrəli sərəncam ləğv edilmişdir. Lakin məhkəmə icraatında iddiaçı tərəf belə müraciətin olmasını təkzib etmiş və müraciət arxivdə və inzibati orqanın özündə aşkar olunmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri Əzizbəyov RİH-in 30 dekabr 2209 nömrəli sərəncamı əlverişsiz inzibati akt kimi qanunvericiliyə zidd olduğundan və həmin sərəncamın qəbulu iddiaçının hüquqlarını pozduğundan qanunsuz qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və Bakı şəhəri Əzizbəyov RİH-in 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncamı ləğv olunmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 2209 nömrəli sərəncamı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9769/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9769/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver