Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9769/2025 05.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ xx.xx.2025-ci il İş № 2-1(112)-9769/2025 Bakı şəhəri Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X7, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi kimi mənzillə təmin edilmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixində vəfat etmiş və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 13 saylı sərancamına əsasən şəhid ailəsi kimi 5 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmüş mərhumə X3 ailəsinin mənzil-məişət şəratinin yaxşılaşdırılması ilə əlaqədar mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq məhkəmənin iclasının protokol qərardadı ilə iddia tələbi “xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 mənzil növbəsinin İddiaçı adına keçirilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 25 saylı Sərəncamına əsasən İddiaçı 4 nəfər ailə tərkibi ilə mənzilməişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının mərhum anası X8 Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 13 saylı sərəncamı ilə şəhid ailəsi kimi 5 nəfər ailə tərkibi olmaqla, (özü, 2 qızı,2 nəvəsi) mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlik siyahısına daxil edilmişdir. Lakin anasının mənzil növbəsinə götürülməsi və vətəndaşların birinci növbəlik siyahısına daxil edilməsindən uzun müddət keçməsinə baxmıyaraq, iddiaçının ailəsi indiyə kimi mənzilməişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzillə təmin edilməmişdir. Baxmıyaraq ki, mərhumə anasından xeyli gec mənzil növbəsinə götürülmüş şəxslər mənzillə təmin edilmişdir. Anası 2021-ci il tarixdə vəfat etsə də, bu vaxta kimi iddiaçı və ailəsi mənzillə təmin olunmamışlar. Hətta İddiaçı cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2013-cü il tarixli 13 sayl Sərəncamına əsasən şəhid ailəsi kimi 5 nəfər ailə tərkibi ilə şəhid ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4795/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və “N.İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında” Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 13 saylı sərəncamına əsasən şəhid ailəsi kimi mənzil növbəsinin İddiaçı adına keçirilməsinə dair sərəncam qəbul edilməsi öhdəliyi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Mərhum anası vəfat etməmişdən qabaq mənzillə təmin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin oradan xx.xx.2018-ci il tarixli məktubla bunun mümkün olmadığını bildirmişlər. İddiaçı hazırda ev növbəsinə götürüldüyü üçün cavabdehə mənzillə təmin olunması ilə əlaqədar müraciət etmiş, imtina cavabı almışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində (etirazda) bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 43 nömrəli sərəncamı əsasında X8 yaşayış yeri üzrə şəhid ailəsi qismində ailə tərkibi 5 nəfər olmaqla mənzil növbəsinə götürülmüş, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 25 saylı sərəncamı ilə onun növbəsi İddiaçı adına keçirilmişdir. Bildirilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə əsasən “icra hakimiyyəti başçısının qəbul etdiyi Sərəncamdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ akt-Azərbaycan Respublikası Prezidentinin Sərəncamının müddəalarında əks edilən hüquqi mövqenin işə tətbiq edilməsi” müəyyən edilmişdir. Odur ki, İddiaçı şəhid ailəsi üzvü olmadığını nəzərə alaraq, onun “mənzillə təmin edilmə” tələbi ilə bağlı iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək imtina edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 43 №-li Sərəncamının surətindən görünür ki, X4 5 nəfər ailə tərkibi ilə (özü, 2 qızı, 2 nəvəsi) yaşayış yeri üzrə şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 476 №-li Sərəncamının surətindən görünür ki, şəhid ailəsi X2 mənzil uçot işi bölünmüş, 2ci qrup gözdən əlil X5 1 nəfər ailə tərkibi ilə (özü) xx.xx.2013-cü il tarixdən və anası X4 4 nəfər ailə tərkibi ilə (özü, qızı, 2 nəvəsi) xx.xx.2013-cü il tarixdən mənzil növbəsində hesab edilmişlər. -Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 186979 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Nərimanov RİH-ə qarşı “şəhid ailəsi kimi mənzillə təmin edilmə” tələbi təmin edilmiş, “N.İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında” Bakı şəhəri Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli, 43 saylı Sərəncamına əsasən şəhid ailə kimi mənzil növbəsinin İddiaçı adına keçirilməsinə dair sərəncam qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. -Bakı şəhəri Nərimanov RİH başçısının xx.xx.2025-ci il tarixli, 25 nömrəli Sərəncamının surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının icrası təmin edilmiş, “N.İddiaçı yaşayış yeri üzrə şəhid ailəsi qismində ailə tərkibi 5 nəfər olmaqla, mənzil növbəsinə götürülməsi haqqında” Bakı şəhəri Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli, 43 saylı Sərəncamı İddiaçı adına keçirilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh İddiaçı şəhid ailəsi üzvü olmadığını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtiansının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il trixli 492s nömrəli sərəncamının 1-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Qeyd olunan Sərəncamın 3.1-ci bəndinə əsasən bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 946 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlill olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının 2014-cü ii dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10,0 (on milyon) vəsait ayrılması qərara alınmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Həmin Qanunun 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Nərimanov RİH-ə qarşı iddia tələbi təmin edilmiş və iddiaçının anası mərhum N.İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında Bakı şəhəri Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli, 43 saylı Sərəncamına əsasən şəhid ailə kimi mənzil növbəsinin İddiaçı adına keçirilməsinə dair sərəncam qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Həmin məhkəmə qərarının icrası çərçivəsində Bakı şəhəri Nərimanov RİH başçısının xx.xx.2025ci il tarixli, 25 nömrəli Sərəncamı ilə “N.İddiaçı yaşayış yeri üzrə şəhid ailəsi qismində ailə tərkibi 5 nəfər olmaqla, mənzil növbəsinə götürülməsi haqqında” Bakı şəhəri Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli, 43 saylı Sərəncamı İddiaçı adına keçirilmişdir. Cavabdehin dəlillərinə münasibətdə bildirilir ki, iddiaçının şəhid ailəsi üzvü sayılıbsayılmaması hazırkı mübahisənin predmeti olmadığından və qeyd olunan məsələyə artıq qanuni qüvvəsini almış məhkəmə qərarında hüquqi qiymət verildiyindən, eləcə də həmin qərarın icrası nəticəsində qəbul edilmiş müvafiq inzibati akt- sərəncam olduğundan iddia tələbinin təmin edilməməsi üçün əsaslı sayıla bilməz. Qeyd olunan məhkəmə qərarı və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli sərəncamı qüvvədədir. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd edilməlidir ki, cavabdeh müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz. Belə olan halda, hazırkı iddia tələbi üzrə iddiaçının mənzilin onun mülkiyyətinə verilməsinə dair qanuni gözləntisi yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ nəzərə alınmalı və qorunmalıdır. Odur ki, iddiaçı Nərimanov RİHB-nin xx.xx.2025-ci il tarixli sərəncamının icra edilməsini tələb etməkdə haqlı sayılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göstərilənlərə əsasən məhkəmə cavabdehin imtinasının əsaslı olmadığı qənətinə gəlir və hesab edir ki, bu imtina “İnzibati icraat haqqında” Qanunun 15, 17 və 24-cü maddələrinin tələblərinə, o cümlədən “mütənasiblik prinsipi”nə zidd sayılmalı və iddiaçının hüqüqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 mənzil növbəsinin İddiaçı adına keçirilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 25 saylı Sərəncamına əsasən İddiaçı 4 nəfər ailə tərkibi ilə mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzil ilə təmin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov