Məhkəmə qərarları › İş №2-1(112)-977/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-977/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-977/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydinin etibarsız hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı cavabdeh tərəfindən daxil edilmiş onun 08.03.1987-ci ildə Ermənistan Respublikası Noemberyan rayonunda doğulmasına dair doğum akt qeydinin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08 mart 1993-cü il ildə Bakı şəhərində ev şəraitində anadan olmuşdur. Doğulduğu zaman onun doğum faktına dair sənədlər Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə təqdim edilməmişdir. Ona məlum olmayan səbəblərdən onun doğum ili xx.xx.1987-ci il və doğum yerinin Ermənistan Respublikası Noemberyan rayonu olaraq qeyd edilmişdir. Bununla bağlı o, doğum akt qeydinin bərpa edilməsi və doğum akt qeydində doğum tarixinin 08.03.1993-cü ilə düzəliş edilməsi barədə Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən ona verilən cavaba əsasən kifayət qədər əsas olmadığından aktın bərpası və düzəliş edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır. Hüquqlarının həyata keçirilməsi üçün həmin doğum haqqında akt qeydinin etibarsız sayılması zərurəti vardır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Lakin, vətəndaşın təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğundan doğum haqqında akt qeydinin bərpası qeydiyyat şöbəsində mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi iş yükünün çoxluğunu nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş **********261 nömrəli ərizənin surətindən görünür ki, X2 bildirmişdir ki, İddiaçı 08.03.1993-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 136 nömrəli mənzildə ev şəraitində anadan olmuşdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********715 nömrəli ərizənin surətindən görünür ki, X1 bildirmişdir ki, İddiaçı 08.03.1993-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 136 nömrəli mənzildə ev şəraitində anadan olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 18.09.2020-ci il tarixli, 05/Q-1288/75 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi və həmin akt qeydində doğum tarixinin 08.03.1987-ci ildən 08.03.1993-cü ilə düzəliş edilməsi barədə Nəsimi rayon Qeydiyyat Şöbəsinə daxil olmuş ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Kifayət qədər əsas olmadığından müvafiq düzəlişin edilməsi qediyyat şöbəsində mümkün olmamışdır. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1174/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs qismində Nəsimi rayon Qeydiyyat Şöbəsini cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 08 mart 1993-cü ildə ünvan 1 ünvanında yerləşən 136 saylı mənzildə doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmə icraatında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı onun qızıdır. İddiaçı 1993-cü ildə anadan olmuşdur. Qızı anadan olarkən vəziyyətləri pis olmuş, ona görə də, qızına doğum haqqında şəhadətnamə ala bilməmişlər. İlk qızı ölmüş, onun doğum haqqında şəhadətnaməsini ikinci qızı olan İddiaçı adına keçirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi İddiaçı maraqlı şəxs qismində Nəsimi rayon Qeydiyyat Şöbəsini cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair sübutları məhkəməyə təqdim etməmiş, həmçinin bu faktlar öz təsdiqini tapmamışdır. Həmin qətnaməyə əsasən ərizəçi İddiaçı maraqlı şəxs qismində Nəsimi rayon Qeydiyyat Şöbəsini cəlb etdiyi doğum faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.1987-ci ildə Ermənistan Noemberyan rayonunda olmasına dair doğum akt qeydi tərtib olunmuşdur. İddiaçı, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. O, ilk öncə mülki məhkəmə icraatında xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun 08 mart 1993-cü ildə ünvan 1 ünvanında yerləşən 136 saylı mənzildə doğulması faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmə icraatında şahid qismində dindirilmiş iddiaçının anası X1 öz ifadəsində bildirmişdir ki, İddiaçı onun qızıdır. İddiaçı 1993-cü ildə anadan olmuşdur. Qızı anadan olarkən vəziyyətləri pis olmuş, ona görə də, qızına doğum haqqında şəhadətnamə ala bilməmişdir. İlk qızı ölmüş, onun doğum haqqında şəhadətnaməsini ikinci qızı olan İddiaçı adına keçirmişdir. Məhkəmə tərəfindən İddiaçı ərizəsinə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin həmin faktlar öz təsdiqini tapmadığından ərizə təmin edilməmişdir. İddiaçı hazırda Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən daxil edilmiş onun 08.03.1987-ci ildə Ermənistan, Noemberyan rayonunda doğulmasına dair doğum akt qeydinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, işin hallarından görüyündüyü kimi, iddiaçının hazırki iddia tələbinin hüquqi əsasını təşkil edən, doğum faktı ilə bağlı hallara artıq ümumi məhkəmə icraatı qaydasında hüquqi qiymət verilmiş və iddiaçının göstərdiyi faktlar öz təsdiqini tapmadığından, onun tələbi təmin edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbindən cavabdeh inzibati orqan tərəfindən qanuni və əsaslı olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəşiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Həmin Müddəaların 4-cü bəndinə əsasən vtəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar