Məhkəmə qərarları › İş №2-1(112)-977/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-977/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-977/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndəov Balağa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “4106” saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 və İstismarı Birliyi iə iddiaçı arasında bağlanmış 18 may 2005-ci il tarixli, 34730 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “4106” saylı torpaq sahəsi X2 istifadəsinə verilmişdir. Nəzərə alınmalıdır ki, həmin müqavilə hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas qismində çıxış edir. Belə ki, torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirilməyib. Ümumiyyətlə həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Başqa sözlə deyilsə, öz hüquqi qüvvəsini saxlamışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh müraciətinə rəsmi cavab verməmişdir. Cavabdehin hərəkətsizliyi onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə ********** daxilolma nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş, iddiaçıya **********51 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum omuşdur ki, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq, iddiaçı tərəfindən göstərilən ərzidə bağların bölgüsünə dair xəritəyə əssasən bağ nömrələri qeyd olunmayıb. Məlumat üçün məhkəmənin nəzərinə çatdırır ki, İdarənin arxivində 4106 saylı bağa dair X4 adına verilmiş 29044 nömrəli müqavilə barədə məlumat mövcuddur. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəsissləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, göstərilən torpaq sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-İ-0132-8/2024 **********51 nömrəli məktubla imtina edilmişdir.

8. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “X3 və istismarı birliyi Şüvəlan ərazisindəki 4106 nömrəli bağın istifadəyə verilməsi haqqında” 18 may 2005-ci il tarixli, 34890 nömrəli müqaviləyə əsasən, Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində 0.12 ha sahəsi olan 4106 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.

9. İddiaçı tərəfindən məhkəməyə notarial qaydada təsdiq edilmiş bölgü sxem təqdim edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-17745/2024 **********45 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4106 saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İdarənin arxivində bağ sahəsinin İddiaçı istifadəsinə verilməsi barədə müqavilə, arayış və qəbz mövcuddur.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-7487/2025 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən, 4106 saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsi faktiki olaraq 0.12 ha təşkil edir. Bağ sahəsi qonşu bağ sahələri ilə ümumi hasar daxilindədir, şərq tərəfdən ara sərhəd 6-8 sıra mişar daşı düzülərək ayrılıb, qərb tərəfdən isə ara sərhəd şərtidir (Darvaza yoxdur, giriş sərbəstdir). Torpaq sahəsi üzərində tikili yoxdur. Göstərilən bağ sahəsi təqribi dənizdən 185.0 metr məsaədə yerləşir. Faktiki olaraq göstərilən 0.12 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir. Həmçinin, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Arxiv məlumatlarına əsasən qeyd olunan bağ sahəsinin nömrəsi X4 adına təkrarlanır. Belə ki, 511 nömrəli, xx.xx.2000-ci il tarixli müvafiq sərəncamın 3.14-cü sıra nömrəsində 4106 saylı bağ sahəsi X4 adına göstərilmişdir (adına hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir).

12. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 302 nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı məxsus olan X3 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 34790 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4106 saylı bağ sahəsi onun istifadəsindədir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. İşin hallarından göründüyü kimi, X6 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “X3 və istismarı birliyi Şüvəlan ərazisindəki 4106 nömrəli bağın istifadəyə verilməsi haqqında” 18 may 2005-ci il tarixli, 34890 nömrəli müqaviləyə əsasən, Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində 0.12 ha sahəsi olan 4106 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabeh tərəfindən müraciətinin təmin edilməsindən bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından dəqiq yerini müəyyən etməyin mümkün olmamasına, əlavə olaraq, iddiaçı tərəfindən göstərilən ərazidə bağların bölgüsünə dair xəritəyə əsasən bağ nömrələrinin qeyd olunmamasına, İdarənin arxivində 4106 saylı bağa dair X4 adına verilmiş 29044 nömrəli müqavilə barədə məlumatın mövcud olmasına, xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəsissləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin qonşu bağlarla ümumi hasar daxilində yerləşməsinə istinad edilmişdir.

21. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazında göstərilənlər əsassızdır. Belə ki, ilk öncə bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması, ərazidə bağların bölgüsünə dair xəritəyə əsasən bağ nömrələrinin qeyd olunmaması iddiaçının məsuliyyət sferası ilə əhatə oluna bilməz. Bundan başqa, torapq sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşsə də, iddiaçı tərəfindən bununla bağlı notarial qaydada təsdiq edilmiş bölgü sxemi tərtib edilmişdir. Həmçinin, İdarənin arxivində 4106 saylı bağa dair X4 adına verilmiş 29044 nömrəli müqavilə barədə məlumatın mövcud olmasına istinad edilsə də, cavabdeh tərəfindən bununla bağlı konkret təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir. Arxiv məlumatlarına əsasən qeyd olunan bağ sahəsinin nömrəsi X4 adına təkrarlanır. Belə olan təqdirdə, heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədən sadəcə hər hansı bir məlumata əsasən bağ sahəsinin nömrəsinin digər fiziki şəxsin adına təkrarlanması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Eləcə də, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 302 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan göründüyü kimi, İddiaçı məxsus olan X3 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 34790 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4106 saylı bağ sahəsi onun istifadəsindədir.

22. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

25. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “4106” saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar