Məhkəmə qərarları › İş №2-1(112)-9775/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9775/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9775/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülmək” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülmək” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müharibə veteranı olaraq Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə mənzil uçotuna götürülməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu ildə Bakı şəhərində, X1 ilə X2 arasında olan rəsmi nikahdan doğulmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Stroydetal küçəsi 49 saylı fərdi evdə, sahəsi 16 kvm.olan evdə yaşayır. Həmin yaşayış sahəsində valideyinlərilə, böyük qadaşı ilə birgə yaşayır. Ailə tərkibi 7 nəfərdir. Hər iki valideyni xəstə və əlildirlər. Valideyinləri onun himayəsindədir,özü heç yerdə işləmir təsadüfi işlərlə məşğul olur. xx.xx.2020-ci ildə Cənab Ali Baş Komadanın birinci çağrışına əsasən könüllü hərbi xidmətə cəlb edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun sərəcamında, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının erməni işğalçılarından azad edilməsi döyüşlərində iştirak etmiş. 100 gün azad edilmiş ərazilərdə qüsursuz hərbi xidmət keçmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2715 saylı sərəcamına əsasən ’’Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun xx.xx.2022-ci il 250s nömrəli sərəcamı ilə “Müharibə iştirakçısı medalı” ilə təltif edilmişdir. Hər ay dövlətdən 80 manat alır. Ancaq yaşayış sahəsi olmadığına görə ailə qura bilmir. Ona görə də dəfələrlə cavabdeh-Binəqədi Rayon İcra Hakimiyyətinə rəsmi ərizələr verərək mənzil növbəsinə götürlməsini xahiş etmişdir. Lakin hər dəfə ona imtina verilmişdir. Binəqədi rayon İHB-ın qəsəbə Nümayəndəliyinin əməkdaşı yaşadığı 16kvm-lik “evə” baxaraq köməklik ediləcəyi barədə söz verib getmişdir. Bununla da məsələ bitmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx.xx.2014-cü il və 2446 nömrəli sərəcamına və xx.xx.2021-ci il tarixli 2449 nömrəli sərəncamın tələblərinə görə rayon İcra Hakimyyəti müharibə veteranlarının mənzillə təmin etmək üçün üçota almalıdır. Mən hazırda, yuxarıda qeyd etdiyi kimi 16km. yaşayış sahəsində 7(yeddi) nəfərlə birgə yaşayır. Yaşayış şəraiti dözülməzdir, sanitar normalara uyğun deyil. Ona görə də Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə onun mənzil növbəsinə götürlməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Həmin tarixli məhkəmə iclasında iştirak edən iddiacıya məhkəmə tərəfindən AR İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən şifahi hüquqi yardım edilərək qanunvericiliyin müvafiq maddələri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nüməyəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə cavabdehin nüməyəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfi dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərək, Müharibə veteranı olaraq Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə mənzil uçotuna götürülməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması yerli icra hakimiyyəti orqanlarının, mənzil və ya fərdi evlə təmin edilmə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli, 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin (mənzil və ya fərdi evlə təmin edilməsi) yaxşılaşdırılması nəzərdə tutulub. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə etdiyi müraciət ərizələrinin surəti məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş həmin ərizələrin surətindən müəyyən edilir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti “yaşayış sahəsi ilə təmin olunması” ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçının cavabdeh inzibati orqana müraciəti və iddia ərizəsində qeyd etdiyi tələb üst-üstə düşmür. Belə ki, iddiaçının cavabdeh inzibati orqana etdiyi müraciət iddiaçının yaşayış sahəsi (torpaq sahəsi) ilə təmin edilmə ilə bağlı olmuş, məhkəməyə müraciət etdiyi tələb isə mənzil uçotuna götürülməsindən ibarət olmuşdur. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Belə ki, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Qeyd olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığı halda iddia mümkün saymamaqla məhkəmə tərəfindən qərardad qəbul edilir. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçının cavabdeh inzibati orqana etdiyi müraciət rəsmi qaydada cavablandırılmış və cavabdeh tərəfindən hüquqların və qanunla qorunan maraqlarınızın pozulduğu aşkar edilməmişdir. İddiaçı tərəfindən məhkəmədə qaldırılmış iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələblə cavabdehə müraciəti işdə olan materiallarıa öz təsdiqini tapmamışdır. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən əvvəlcə inzibati orqana hazırki tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüquqların pozulduğu, iddiaçının cavabdeh inzibati orqana müraciətin və iddia ərizəsində qeyd etdiyi tələbin üst-üstə düşməməsi, iddiaçının məhkəmədə iddia qaldırdığı tələb ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmaması məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilir ki, iddia tələbi ilə bağlı yenidən cavabdeh inzibati orqana müraciət edə bilər, inzibati orqan hərəkətsizlik və imtina edərsə, yenidən məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülmək” barədə iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar