Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-978/2021 02.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 (ünvan 1 ünvanında qeydiyyatda olan) İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Hüseyn Cavid prospekti, məhəllə 558-566, 46 saylı binanın 76 saylı mənzilin əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməlinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməlinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə Hüseyn Cavid prospektində (indiki 46 saylı bina), “xxxx” MMC tərəfindən bina tikintisinə başlanılmış, lakin şirkətin rəhbərinin rəhmətə getməsi ilə bağlı olaraq binanın tikintisi başa çatdırılmamış, sakinlər əlavə vəsait toplayıb binada çatışmayan işləri mənzil mülkiyyətçiləri hesabına görmüş və hələ də görməkdə davam edirlər. Şirkətin icraçı direktoru Ramiz Qazaxlı isə binada bəzi mənzilləri ikinci dəfə satışa çıxardığına görə hazırda onun barəsində istintaq işi gedir və o, hal-hazırda 1 saylı Bakı İstintaq Təcridxanasındadır. İddiaçı bildirir ki, yuxarıda qeyd edilən ünvan üzrə xx.xx.2019-cu il tarixdə“xxxx“ Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir, bununla da idarəçilik və binaya “xxxx” MMMC-yə verilmişdir. Lakin hazırda “xxxx” MMC-nin möhürünün kimin əlində olmasından xəbərdar deyil və onlar mənzillərin köhnə tarixlərlə təkrar satışa çıxarılmasından narahatdırlar. “xxxx” MMMC adından Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Xidmətinə müraciət edilmişdir, lakin binanın istismara qəbul aktının olmamasını əsas gətirərək ərizənin icrasından imtina edildi. Bildirir ki, sənədlər alqı-satqı müqavilələri və maliyyə arayışlarıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtina məktubunda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********64, xx xxxx 2020-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciəti araşdırılaraq, sözügedən yaşayış binasına “xxxx” MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatının mümkün olduğu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olduğu bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. İşdə materiallarına əlavə edilmiş, -Yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2014-cü il tarixli müqavilənin notarial qaydad təsdiq edilmiş surətindən görünür ki, “xxxx MMC ilə İddiaçı arasında ünvan 4 ünvanında yerləşən binada ümumi sahəsi 149,7 kv.m olan 76 №li mənzilə dair müqavilə bağlanmışdır. -xx.xx.2014-cü il tarixli Maliyyə Arayışının notarial qaydad təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası “xxxx MMC-nə məxsusdur. Binanın 2-ci giriş mərtəbəsində, ümumi sahəsi 149.7 kv.m olan üç otaqlı 76 saylı mənzilin ümumi dəyəri 100.000 manat təşkil edir. Mənzilin pay dəyəri 100000 (bir yüz min) manat İddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur. Məhkəmə araşdırması zamanı xx xxxxxxxx 2020-ci il tarixli sorğu məktubu əsasında “xxxx” MMC-də tərəfindən tikintisi başlanılmış Bakı şəhəri, Hüseyn Cavid prospekti, məhəllə 558-566, 46 saylı binanın istismara qəbul edilib-edilməməsi, qəbul edildiyi halda istismara qəbul aktının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tələb olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx/xx-4582 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən və “xxxx MMC tərəfindən inşa edilmiş yaşayış binası istismara qəbul edilməmişdir. Hazırda İddiaçı Xaliq oğlu Bakı şəhəri, Hüseyn Cavid prospekti, məhəllə 558-566, 46 saylı binanın 76 saylı mənzilin əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməlinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməlinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini tələb edir. Məhkəmə İddiaçı göstərilən hallara əsaslanmaqla irəli sürdüyü mövcud iddia tələbi əsassızdır. Belə ki, iş materialları ilə müyyən edilir ki, xx xxxxxx 2014-cü il tarixli müqavilə əsasında “xxxx MMC tərəfindən ünvan 4 ünvanında yerləşən binada ümumi sahəsi 149,7 kv.m olan 76 №li mənzil İddiaçı Xaliq oğluna satılmışdır . Məhkəmə araşdırması zamanı əlavə olaraq müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən və “xxxx MMC tərəfindən inşa edilmiş yaşayış binası istismara qəbul edilməmişdir. Odur ki, İddiaçı mövcud iddiasının hüquqi əsası yoxdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsaslıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh orqanın imtina ərizəsindən göründüyü kimi, “xxxx MMC tərəfindən inşa edilmiş ünvan 4 ünvanda yerləşən yaşayış binasına “xxxx MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı işin mübhisələndirilməyən halıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Göründüyü kimi cavabdeh orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən mübahisəli mənzil yerləşən yaşayış binasının istismara qəbul aktı Bakı Şəhər Ərazi idarəsinə təqdim edilmədiyindən və yaşayış binasına “xxxx MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından əsaslı olaraq İddiaçı müraciətindən itmina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-978/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-978/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver