Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9783/2022 07.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kompensasiya ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşmiş faktiki sahəsi 117,64 m2 mülkiyyətinə aid olan torpaq, 10%, 20% və digər çətinliklərə görə kompensasiyaların ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, ünvan 1 ünvanda yerləşmiş faktiki sahəsi 117,64 m2 mülkiyyətinə aid olan torpaq pulu, 20 %, 10% və digər çətinliklərə görə kompensasiyalar, eyni zamanda yaşayış sahəsinə görə (117,64 kv.m) kompensasiyanın yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi və 500 manat yardımın yenidən hesablanması (117,64 kv.m. üçün) barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, ev 6 ünvanında iddiaçının 2 mülkiyyəti olmuşdur. Birincisi, eyni ünvanda yerləşən anası X7 tərəfindən ona bağışlanmış 103,4 kv.metr faktiki yaşayış sahəsi olan mülkiyyəti (kupçada 5/48 pay). Bu mülkiyyətinə kompensasiya almadığından iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İkincisi, eyni ünvanda olan ona məxsus, 117,64 kv.m faktiki yaşayış sahəsi olan mülkiyyəti (kupçada 5/48). Həmin mülkiyyətinə görə kompensasiya almışdır: 39,5 kv.m əsas sahənin hər kv.metrinə 1500 manatla, 21,65 kv.m köməkçi sahənin hər kv.metri 800 manatla, 3,18 kv.m daş pilləkənin hər kv.metri üçün 400 manatla, 35 kv.metr kürsüaltı sahə (anbar kimi istifadə olunmuş) hər kv.metri üçün 300 manat olmaqla, ona 103145 manat, əlavə olaraq 2 aylıq kirayə haqqına görə 1000 manat, ümumilikdə 104145 manat, eyni zamanda 16,321 manat 50 qəpik əlavə yardım hesablanmışdır. Bu haqda onunla Yasamal RİH arasında xx.xx.2019-cu ildə 41 saylı notariat kontorunda yaşayış sahəsinin alınmasına dair notarial qaydada alqı-satqı müqaviləsi imzalanmış, 104145 manat kompensasiya və xx.xx.2019-cu ildə 41 saylı notariat kontorunda bağlanmış razılaşmaya əsasən 16321 manat 50 qəpik əlavə maddi yardım ödənilmişdir (ümumilikdə 120466 manat 50 qəpik). Faktiki sahəsi 117,64 kv.m mülkiyyəti ilə bağlı alqı-satqı müqaviləsinə əsasən yalnız əmlakın dəyərinin ödənilməsi baş tutmuşdur. Alqı-satqı müqaviləsində göstərilən məbləğ isə o dövr üçün bazar qiymətlərini əks etdirmir və çox ciddi qanun pozuntularına yol verilmişdir, "xxxx" MMC onun yaşayış sahəsi 117,64 kv.metr: olan mülkiyyətinin qiymətini əsaslı saymış, AR Mülki Məcəlləsinin 246-249-cu maddələrinin tələblərini yerinə yetirməmiş, torpağın qiymətləndirilməsi aparılmamış, 10%, 20% və digər çətinliklərə görə kompensasiyalar hesablanmamış, alqı-satqı müqaviləsinə imza atmağı məcburi qaydada olmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh2 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etiraz məktubunda bildirmişdir ki, iddiaçının mülkiyyətindəki fərdi yaşayış evinə görə ona ödənilmiş əmlakın altındakı 117,64 kv.m torpaq sahəsinə, 10%, 20% digər çətinliklərə görə kompensasiya tələb etməsi əsassızdır. Belə ki, artıq özgəninkiləşdirdiyi əmlakın altında yerləşən torpaq sahəsinə görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürülməsi Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhtəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə qeyd edir ki, İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə işin hallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/10 hissəsi X11, 10/48 hissəsi İddiaçı, 3/48 hissəsi X2, 1/10 hissəsi X12, 1/10 hissəsi X13, 1/10 hissəsi X1, 1/10 hissəs X3, 3/48 hissəsi X5, 1/40 hissəsi X4, 5/48 hissəsi X10, 5/48 hissəsi X6, 1/40 hissəsi X15, 1/40 hissəs X8, 1/40 hissəsi X16 paylı mülkiyyətində olmuşdur. İşdə olan qiymətləndirmə cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən Bakı Şəhəri Cavabdeh2 tərəfindən dövlət ehtiyacları üçün alınan, ünvan 3 ünvanında yerləşən (N-64-265 şərti kodu ilə işarələnmiş) İddiaçı məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirlci qismində cəlb edilmiş “Azər Expert" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikasinin Prezidentinin xx.xx.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla) 104145 manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə cədvəlinə əlavə edilmiş cizgidə mübahisəli evin ümumi sahəsi 117,64 kv.metr göstərilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 82 kv/m, yardımçı sahəsi 62.2 kv/m olan, 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 10/48 hissəsini 104145 manat müqabilində alıcının mülkiyyətinə verilmişdir. İşdə olan İddiaçı və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış razılaşma müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 61,15 kv.m olan yaşayış sahəsi dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə İddiaçı bağlanmış alqı-satqı müqaviləsinə əsasən 119145 manat məbləğində kompensasiya ödənilmişdir. Həmçinin Cavabdeh2 İddiaçı Razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 16321 manat məbləğində maddi yardım ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Göründüyü kimi, işdən müəyyən olunur ki, iddiaçının ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 10/48 hissə payı olmuş və iddiaçı ona məxsus həmin hissəni Azərbaycan Respublikasinin Prezidentinin xx.xx.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla müəyyən edilmiş qiymətə cavabdehə satmış, bununla da həmin əmlaka dair bütün hüquqlarına xitam verilmişdir. Bu hal həmin əmlakın yerləşdiyi torpaq sahəsinə də aid olmuşdur. Belə ki, Mülki Məcəllənin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Həmin Məcəllənin 243.2-ci maddəsinə görə özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Belə olan halda aydın olur ki, iddiaçının artıq həmin əmlaka və əmlakın yerləşdiyi, istifadədə olan torpaq sahəsi ilə bağlı hər hansı bir hüququ olmadığından, onunla bağlı iddia irəli sürməsi üçün subyektiv hüququ da mövcud deyildir. Digər tərəfdən, sonradan iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış razılaşma müqaviləsinin 5-ci bəndindən görünür ki, iddiaçı həmin Razılaşmanın 3-cü hissəsinə uyğun olaraq ona təklif edilən maddi yardımın məbləği ilə könüllü şəkildə razı olduğunu bildirmiş, müvafiq bankda açılmış hesabına 16321 manat vəsait köçürüldüyü andan etibarən ünvan 2 ünvanında yerləşən və dövlət ehtiyacları üçün alınanadək sahib olduğu yaşayış obyekti ilə əlaqədar hər hansı digər tələbinin olmayacağını, həmin obyektlə bağlı məhkəmələrdə və dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacağı və bununla bağlı dövlət orqanlarına, mətbu orqanlara, qeyrihökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətinin olmayacağı və etməyəcəyini öhdəsinə götürmüşdür. Həmin Razılaşmanın 6-cı bəndinə əsasən isə iddiaçı əlavə olaraq təsdiq etmişdir ki, və dövlət ehtiyacları üçün alınanadək sahib olduğu yaşayış obyekti və həmin Razılaşmanın predmeti ilə əlaqədar onun hüquqlarını müdafiə edən müvəkillər tərəfindən də hər hansı bir iddia tələbi irəli sürülməyəcəkdir və belə tələblər irəli sürüləcəyi halfda bu cür tələbin ünvanlandığı müvafiq qurumlardan həmin məsəslələrə baxılmamasını xahiş edir. Göründüyü kimi, iddiaçı notarial qaydada onunla Cavabdeh2 arasında bağlanmış razılaşmaya əsasən mübahisəli əmlakla bağlı hər hansı bir tələbinin olmayacağı barədə öhdəlik də götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Məhkəmə qeyd edir ki, şəxs qanunvericiliklə tanınan və qorunan hüquqlarını sərbəst həyata keçirmək, digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanına malikdir. Lakin bu hüquqların həyata keçirilməsi lazımi davranış hüdudları ilə tənzimlənir. Yəni şəxs digər şəxslərə zərər vuran və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edə bilməz. Belə istifadə edilən hüquq qorunmur, çünki sözügedən məqsəd və hədlər xaricinə çıxdıqda artıq həmin hüququn özü mövcud olmur. Oxşar mövqe X21 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının öz iradə ifadəsi əsasında alqı-satqı müqaviləsinə əsasən cavabdehə satdığı əmlakla bağlı yenidən kompensasiya tələbi irəli sürməsi alıcının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi (venire contra factum proprium) olmaqla hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir, hansı ki, belə bir sui-istifadə hüquqla qorunmur. Bundan başqa, iddiaçı cavabdeh qismində həmçinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini göstərmiş, lakin həmin cavabdehlərə münasibətdə hər hansı bir tələb irəli sürməmişdir. Belə olan halda həmin qurumların hazırkı iş üzrə cavabdehliyi müəyyən edilmədiyindən iddia onlara münasibətdə də mümkünsüzdür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9783/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9783/2022
07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver