Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9786/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə üçüncü dərəcəli Qarabağ müharibəsi əlili kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Füzuli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 38 saylı Sərəncamına əsəsən 3-cü dərəcə Qarabağ müharibəsi əlili olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla, həmin xx.xx.2022-ci ildən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-cı il tarixdə Füzuli rayonunun Qaraxanbəyli kəndində doğulmuşdur. Hərbiçi kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. İİ Qarabağ Müharibəsi başlandıqdan sonra döyüş əməliyyatlarında iştirak etmişdir. 3-cü dərəcli Qarabağ müharibəsi əlildir. Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, Diaqnoz: “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı sefalglk, insomnik sindromlar, yaddaş və affektiv pozulmalar ilə. Üzvi baş-beyin kontuıziyası. Üzvi şəxsiyyət pozuntusu yaddaşın enməsi suisidial cəhdlərlə. Astiqmatİzm, Hər İki gözün sadə miopik astiqmatizmi, Em və M 0,5D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə. pıçıltı nitqini sağ qulaqda 6 (altı) metr, sol qulaqda 3 (üç) metr məsafədən eşitməsi” müəyyən edilmişdir. Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 38 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlil olmuş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmışdır. Sonradan yaşayış yerini dəyişib ünvan 1 ünvanına qeydiyyata alındığına görə mənzil uçot işi Füzuli rayon İcra Hakimiyyətindən Suraxanı RİH-yə göndərilmişdir. O, Suraxanı RİH-yə mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar üçüncü dərəcəli müharibə əlili kimi güzəştli mənzil növbəsinə götürülməsi üçün müraciət etmişdir. Lakin, müraciəti cavabdeh tərəfindən təmin olunmamışdır. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur və məhkəmə tərəfindən onun qanunla qorunan hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Suraxanı RİH-nin xx.xx.2024-cü il tarixli, № 5- 20/2-1156/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: Suraxanı RİH-nin iddia tələbinə dair yazılı mülahizəsində (etiraz) göstərilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Vətəndaş İddiaçı mənzil uçot-işinə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan onun Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığı müəyyən edildiyindən yuxanda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq İddiaçı müraciətinə imtina cavabı verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçların əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçılar həmin tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Füzuli Rayon İcra Hakimiyyəti Başçısının “2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Füzuli rayonundan olan əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları barədə” xx.xx.2022-ci il tarixli, 38 saylı Sərəncamdan çıxarışda göstərilmişdir ki, - Füzuli rayonundan olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təqdim edilmiş adlı siyahıları nəzərə alınsın və həmin şəxslər sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyacı olan qismində adlı siyahıda göstərilən ardıcıllıqla uçota alınsınlar (adlı siyahı əlavə olunur - 15 (on beş) vərəq). - Qeyd: a) İddiaçı adı siyahıda 132-dir. b) İddiaçı- xx.xx.1981-ci ildə doğulub, İİİ dərəcəli Vətən müharibəsi əlilidir. Füzuli rayonu, Qaraxanbəyli kəndində daimi qeydiyyatdadır. Hal-hazırda Füzuli rayonu, Beşinci Zobucuq qəsəbəsində yaşayır. Evlidir. Ailəsi 4 nəfərdən ibarətdir. Adına yaşayış evi və həyatyanı torpaq sahəsi yoxdur. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının “Vətən Müharibəsi əlili İddiaçı öz arzusuna əsasən Füzuli Rayon İcra Hakimiyyətində mənzil növbəliyindən çıxarılması barədə” xx.xx.2022-ci il tarixli, 5-43/3-3-71/2024 saylı Sərəncamından çıxarışdan müəyyən olunur ki, vətən Müharibəsi əlili İddiaçı öz arzusuna əsasən Füzuli Rayon İcra Hakimiyyətində mənzil növbəsindən çıxarılması barədə xx.xx.2024-cü il tarixli ərizəsi nəzərə alınaraq, onun Füzuli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli 38 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qeydiyyata götürüldüyü mənzil növbəsindən çıxarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə “Asan 7” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatdadır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Suraxanı RİH-nin xx.xx.2024-cü il tarixli, 5-20/2-13-47-068/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. RİH-ə təqdim edilmiş sənədlərdən onun Bakı şəhərində 5 il daimi qeydiyyat olmadığı müəyyən edildiyindən yuxarıda qeyd olunan qaydalara əsasən müraciətinin təmin edilməsi RİH-in səlahiyyəti xaricindədir. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, № 18/2-19616/2024 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2003-cü İİ tarixdən Füzuli rayonu, Qaraxanbəyli kəndində, xx.xx.2024-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli, № 3-21-3-02/2-9915/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı və X1 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.1 bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2 yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3 vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir Maddə 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə Maddə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, Maddə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanun Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan SSR-dövründə qəbul edilmiş və halhazırda ləğv edilmiş qanunvericilik müddəalarının tələblərində müddətlə bağlı şərtin ödənilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdır. Həmin normanın məqsədi onunla bağlıdır ki, şəxs mənzil növbəsinə daimi yaşadığı, ailə üzvləri ilə birgə təsərrüfat apardığı ərazi üzrə götürülsün. Belə ki, şəhər və rayon üzrə mənzil növbəsinə götürülən şəxslərə təqdim edilən mənzillərin bazar dəyərinin fərqliliyi nəzərə alınmaqla və eyni ərazi üzrə mənzil növbəsinə götürülmə sayının əsassız artımının qarşısının alınmasına yönəlmiş bu norma Azərbaycan SSR dövründə qəbul edilsə də təkcə hüquqi baxımından yox, həmçinin işin faktiki halları baxımından da öz əhəmiyyətini saxlayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1-ci maddəsinin tələblərindən göründüyü kimi mənzil növbəsinə götürülmədən imtinanın konkret əsasları müəyyən edilmişdir ki, həmin əsaslar iddiaçıya şamil edilmir. Belə ki, iddiaçı ailə üzvləri ilə birgə İİİ dərəcəli Qarabağ Müharibəsinin əlil kimi ilkin olaraq Füzuli RİH tərəfindən mənzil növbəsinə götürülmüş, lakin yaşayış yeri üzrə qeydiyyatının dəyişməsi ilə əlaqədar onun müraciəti üzrə iddiaçının mənzil növbəsindən qeydiyyatdan çıxarılması qərara alınmışdır. Göründüyü kimi hazırki cavabdeh ilə eyni səlahiyyətlərə malik olan, səlahiyyətlərin icrası yalnız bölgə əraziliyi üzrə fərqlənən Füzuli RİH öz səlahiyyətləri çərçivəsində iddiaçının mənzil uçotuna götürülməsinə ehtiyac olan şəxs olmasına qiymət vermiş, onun mənzil növbəsinə götürülməsini məqbul hesab etmişdir. İddiaçının şəxsiyyət vəsiqəsi ilə isə müəyyən edilir ki, onun qeydiyyat yeri, yəni yaşadığı yer məhz Bakı şəhəridir. İddiaçı da buna uyğun olaraq məhz yaşadığı yer üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir ki, onun müraciəti Mənzil Məcəlləsinin 51.3-cü maddənin tələblərinə uyğun olaraq məhz yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına edilmişdir. Adıçəkilən Məcəllədə isə yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş hər hansı istisna müəyyən edilməmiş, 5 illik şərtin tətbiqi göstərilməmiş, müraciət üçün tək şərt şəxsin yaşadığı yer üzrə müraciəti ilə əlaqədar olmuşdur ki, iddiaçı da həmin şərtin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-917/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya instansiya məhkəməsi mübahisə üzrə iddiaçının kirayə müqaviləsinə əsasən Bakı şəhərinə qeydiyyata alındığı təqdirdə, faktiki olaraq daimi yaşayış yerinin Azərbaycan Respublikasının digər ərazi vahidi olan Qazax rayonu olmasını nəzərə almış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı iddianın əsaslı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzil Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat etməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz. Göründüyü kimi, həmin iş üzrə hər nə qədər iddiaçının faktiki olaraq Bakı şəhərində yaşaması sübut edilməməsi əsası ilə iddianı rədd etsə də, faktiki Bakı şəhərində yaşama ilə bağlı halın mövcud olduğu təqdirdə iddianın təminini mümkün hesab etmiş, mütləq Bakı şəhərində uzun müddət yaşama ilə bağlı şərtin tətbiqi istisna edilmişdir. Belə ki, Ali Məhkəmənin yekun qərar qəbul etdiyi həmin işdən də göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri Bakı şəhərində son 5 il ərzində yaşamama ilə bağlı hüquqi fakta istinad etsə də, Ali Məhkəmə həmin hüquqi faktın tətbiqindən imtina etmiş, əsas nəzərə alınmalı olan halın iddiaçının faktiki Bakı şəhərində yaşayış-yaşamaması ilə əlaqələndirmişdir ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhərində faktiki yaşaması sübut olunur, əks hal isə cavabdeh tərəfindən sübut edilməmişdir. Bundan başqa məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekpert Komissiyasında sonuncu müayinə dair məlumatın verilməsini rəsmiləşdirən elektron çıxarışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı Ulduz oğluna “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı sefalglk, insomnik sindromlar, yaddaş və affektiv pozulmalar ilə. Üzvi baş-beyin kontuıziyası. Üzvi şəxsiyyət pozuntusu yaddaşın enməsi suisidial cəhdlərlə. Astiqmatİzm, Hər İki gözün sadə miopik astiqmatizmi, Em və M 0,5D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə. pıçıltı nitqini sağ qulaqda 6 (altı) metr, sol qulaqda 3 (üç) metr məsafədən eşitməsi” diaqnozu ilə xx.xx.2022-ci il tarixdə İİİ dərəcə əlillik təyin edilmişdir. Göstərilən bu hal iddiaçının mənzil növbəsinə ehtiyacı olan xüsusi kateqoriyalı şəxs olduğuna dəlalət edir. Ümumiyyətlə qeyd edilməlidir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Göründüyü kimi iddiaçının müharibə nəticəsində əlilliyi müəyyən olunmuş şəxslər üçün mənzil növbəsinə durma ilə bağlı hüquqları da pozulmuşdur. Məhkəmə, həmçinin aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X2 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi mənzilistismar hissələri vasitəsilə həyata keçirilir. SSRİ Silahlı Qüvvələrinin fəhlə və qulluqçuları mənzil-şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar uçotuna ümumi əsaslarla götürülürlər. Qaydaların 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Qaydaların 5-ci bəndinə görə aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçmüş vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılır: zirzəmilər, yarımzirzəmilər, baraklar, əsaslı təmir edilməli olmayan avariyalı və çox köhnə evlər, hüdudları rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarları ilə müəyyənləşdirilən neft mədənləri ərazisində və havası qazlı zonada yerləşən evlər, sanitariya nəzarəti və ya dövlət tikinti-arxitektura nəzarəti orqanlarının rəyinə görə, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılmış digər yaşayış sahələri; d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; c) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr – əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİnin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. Vətəndaşlar SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan başqa əsaslara görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan sayıla bilərlər. Qaydaların 6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiayasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmişdir) 4cü bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. Qaydaların 7.1-ci bəndinə görə Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması, onlarla sosial kirayə müqavilələrinin bağlanması və mənzil növbəsinə götürülməsi qaydaları həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin, həmçinin də Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaların müddəalarında əks olunmuşdur. Bilavasitə qanunvericilik həmçinin yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün əsasları müəyyən etmişdir ki, hazırki iddia üzrə həmin əsas məhz - müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə təşkil edir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik mənzil növbəsinə götürülməsindən imtinanın əsaslarını konkret müəyyən etmişdir ki, iddiaçıya münasibətdə həmin əsaslar müəyyən olunmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sorğuya cavab məktubundan məlum olmuşdur ki, nə iddiaçının, nə də ki onun ailə üzvlərinin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Göründüyü kimi qüvvədə olan qanunvericilik şəxsin ailə üzvləri qismində onun valideynlərini, uşağlarını və ərini (arvadını) təsbit etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X3 arvadı və X5 və X4 övladı olmaqla, iddiaçının ailə tərkibidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə yanaşı həmçinin onun ailə üzvləri də mənzil növbəsinə götürülməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının əvvəllər mənzil növbəsində dayandığı Füzuli RİH də iddiaçının bu hüquqdan istifadə etməsinə köməklik göstərmiş və onun ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsini qərara almışdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli sərəncamına əsəsən İİİ qrup Qarabağ müharibəsi əlilli olaraq imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı – X3 və övladları - X5 və X4) xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş müharibə əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9786/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9786/2024
24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver