Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9786/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Teyyub qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, Şura hökumətinin vaxtında qaynar nöqtələrində: 1973-1977-ci illərdə Cənubi Yəmən və 1985- 1988-ci illərdə İraqda işlədiyinə görə, orada aldığı maaş nəzərə alınaraq indiki təqaüdünə əlavələr edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, Cənubi Yəməndə aylıq 360 ABŞ dolları, İraqda 750 ABŞ dolları maaş alırdı. Onu göndərən təşkilatda kəşfiyyat və ona bənzər fəaliyyətlə məşğul olurdu. Münaqişə qutaran kimi təşkilatların adları dəyişmişdir. Şura hökumətinin vaxtında daxili əmək fəaliyyəti sayılırdı. O vaxtlarda Şura hökuməti banklar arasında “invalyuta rublu” istifadə edirdi. 1 “invalyuta rublu” 2-3 ABŞ dollara bərabər idi. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R-168547/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala, 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. İddiaçıya xx.xx.2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Pensiyanın hesablanması zamanı 1985-1990-cı illər üzrə 146,84 manat orta aylıq əməkhaqqı, xx.xx.2006-cı il tarixinədək 27 il 5 ay 29 gün sığorta stajı və fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixindən sonra toplanmış pensiya kapitalı nəzərə alınıb. Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, həmin maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Eyni zamanda bildirilmişdir ki, müraciətinə əsasən pensiyasının məbləği Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən 362,74 manatdan 363,29 manata, xx.xx.2021-ci il tarixindən 404,09 manatdan 404,71 manata, xx.xx.2022-ci il tarixindən 417,83 manatdan 418,47 manata, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü və 29.1-ci maddələrinin tələblərinə əsasən isə 498,36 manatdan 499,09 manata çatdırılıb. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2559/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edimiş, iddia tələbi “əmək pensiyasının yenidən hesablanması” kimi icraata qəbul olunmuş, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı ilə (bundan sonra – cavabdeh) əvəz edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-182404/24 nömrəli vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 2-1(112)-2559/2024 nömrəli iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, iddiaçının yaşa görə əmək pensiyası cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarı ilə yenidən hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2559/2024 saylı 06 avqust 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. Cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçının xx.xx.2007-ci il tarixdə təyin olunmuş əmək pensiyasının yenidən hesablanmış məbləği 554 manat 99 qəpik təşkil edir. İddiaçının tələb etdiyi müddətlər sosial sığorta stajına daxil edilərək, aldığı əmək haqqılar nəzərə alınmışdır. Həmçinin cavabdeh tərəfindən pensiyanın yenidən hesablanması qaydası ilə bağlı mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin təkrar baxılması üçn birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-400/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2559/2024 saylı 06 avqust 2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “əvvəlcə iddiaçının tələbi 1973- 1977-ci illərdə Cənubi Yəmən və 1985-1988-ci illərdə İraqda xüsusi xidmət keçdiyi zaman ödənilən əmək haqqlarının nəzərə alınaraq pensiyasının hesablanması ilə bağlı olmuşdu. Lakin cavabdeh qurumun apardığı hesablamalardan narazı qaldığı üçün hesab etmişdir ki, onun pensiyası yenidən hesablanmalıdır. Bu barədə dəqiqləşmə ərizəsi verən iddiaçının əslində hüquqi marağının nədən ibarət olduğu, yəni cavabdeh qurumun apardığı hesablamalardan, həmçinin bu hesablamaları özündə əks etdirən “pensiyasının yenidən hesablanması” ilə bağlı qəbul etdiyi qərarlardan niyə narazı olduğu məsələsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Hətta iddiaçının iddia tələbini dəqiqləşdirərək, “əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsi” ilə bağlı ərizə verərkən əslində tələbinin nədən ibarət olduğu, yəni cavabdeh qurum tərəfindən onun pensiyasının hansı dövrlərə görə, hansı qaydada hesablanmalı olduğu məsələsi araşdırılmamış və bu hüquqi marağına uyğun pensiyasının yenidən hesablanması ilə bağlı tələb irəli sürmək hüququnun olduğu ona izah olunmamışdır. Odur ki, iddiaçının “pensiyasının yenidən hesablanması” ilə bağlı verdiyi ərizə qeyri-müəyyən olsa da, ona birinci instansiya məhkəməsi tərəfindən baxılaraq, cavabdeh qurumun “əmək pensiyasının yenidən hesablanması haqqında” qəbul etdiyi qərarları nəzərə alınaraq iddiaçının tələbinin təmin olunduğu qənaətinə gələn məhkəmə iş üzrə icraatı xitamlamışdır. Halbuki məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmə əvvəlcə iddiaçı ilə “onun pensiyasının yenidən hesablanması” ilə bağlı müraciət edərkən məhz hansı dövrlərə görə hansı qaydada hesablanmanın aparılmasını istədiyini aydınlaşdırmalı, bu məqsədə çatmağa nail olmaq üçün ən uğurlu iddia növündən istifadə etməklə düzgün ifadə olunan iddia tələbini qoymağı iddiaçıya hüquqi yardım göstərməklə ona təklif etməli və yalnız bundan sonra cavabdeh qurumun qəbul etdiyi qərarlarla iddiaçının tələbinin təmin olunubolunmadığı qənaətinə gələ bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iddiaçının “pensiyasının yenidən hesablanması”nı tələb etdiyi zaman onun pensiyasının hansı dövrlər nəzərə alınmaqla və hansı qaydada yenidən hesablanmanı tələb etməsi iradə ifadəsi olaraq dəqiqləşdirilməli, bu hüquqi marağı dəqiq müəyyən edildikdən sonra ona müvafiq iddia tələbini irəli sürməklə bağlı hüquqi yardım göstərilmək şərtilə tələbinin dəqiqləşdirilməsi barədə ərizə alınmalı və bundan sonra cavabdeh qurumun qəbul etdiyi “pensiyanın yenidən hesablanması” barədə qərarlara əsasən qiymətləndirmə aparılmaqla müvafiq qərar qəbul edilməlidir”. İnzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və müəyyən edilmişdir ki, iddiaçının pensiyanın yenidən hesablama barədə tələb irəli sürməkdə hüquqi marağı ona təyin edilmiş pensiya məbləğinin 1973-1977-ci illərdə Cənubi Yəmən, 1985-1988-ci illərdə İraqda işlədiyi dövrlərdə aldığı əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmağa yönəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1973-1977-ci illərdə Cənubi Yəmən, 1985-1988-ci illərdə İraqda işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Hazırkı iş üzrə Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının 1985-1988-ci illərdə İraqda işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi hissədə icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi verdiyi izahatında iddiaçının 1985-1988-ci illərdə İraqda işlədiyi dövlərdə aldığı əmək haqqı nəzərə alınaraq pensiya məbləğinin yenidən hesablandığından iddia tələbinin həmin hissədə icraata xitam verilməsini, 1973-1977-ci illərdə Cənubi Yəmən işlədiyi dövrlər bağlı hər hansı sənəd təqdim edilmədiyindən həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi iddiaçının 1973-1977-ci illərdə Cənubi Yəməndə işlədiyi dövlərdə aldığı əmək haqqı nəzərə alınaraq yenidən hesablanması hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hazırkı iddia tələbini irəli sürməkdə hüquqi marağı, 1973-1977-ci illərdə Cənubi Yəmən, 1985-1988-ci illərdə İraqda işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir. İddiaçının 1985-1988-ci illərdə İraqda işlədiyi dövrlər üzrə əmək haqqına dair arayış təqdim etdiyindən həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 7-ci maddəsinə əsasən 62 yaşına çatdığı xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçının əmək pensiyasının məbləği Qanunun pensiya təyin olunduğu dövrdə qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən hesablanmışdır. Qanunun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Sözügedən Qanunun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. İddiaçının xx.xx.1965-ci il tarixdən xx.xx.1967-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1968-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil illəri, xx.xx.1962-ci il tarixdən xx.xx.1963-cü il tarixədək, xx.xx.1968-ci il tarixdən xx.xx.1968-ci il tarixədək, xx.xx.1968-ci il tarixdən xx.xx.1968-ci il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977- ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən 01,12.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək sığorta stajı cəmi 26 il 11 ay 19 gün təşkil edir. İddiaçının əmək pensiyasının hesablanması zamanı ona xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək ödənilmiş əmək haqqı üzrə orta aylıq əmək haqqı hesablanmışdır. Beləliklə iddiaçının sözügedən dövrlər üzrə 44052241,74 manat ümumi gəlirini 60- (ay)a bölməklə 734204 AZN (yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulduğu üçün 734204:5000=146,84 AZN), yəni 146,84 AZN manat orta aylıq əmək haqqı müəyyən edilmişdir. Buradan orta aylıq əmək haqqının 25 il üçün 60 faizi və tələb olunan iş stajından artıq 4 ili üçün 4 faizi, beləliklə cəmi 64%-i nəzərə alınarsa, “yaşa görə pensiyanın əsas məbləği” 146,84x64%=93,97 manat təşkil edir. Daha sonra, xx.xx.2006-cı il tarixində orta aylıq əmək haqqının ümumi məbləği dəyişdirilmədən Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq 25 manat baza hissəsi (BH) və 68,98 manat sığorta hissəsi (SH) (93,97 manat - 25 manat = 68,98 manat) müəyyənləşdirilmişdir. Sığorta hissəsinin 01.01,2007-ci il tarixə indeksləşdirilmiş məbləği 68,98+8,3%= 74,71 manat təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 76,56 manat pensiya kapitalına əsasən formalaşmış sığorta hissəsi (71,33:144= 0,50 manat) 0,50 manat təşkil edir. Beləliklə, adıçəkilən şəxsin əmək pensiyasının məbləği xx.xx.2007-ci il tarixdən BH+SH=50+74,71+0,50=125,21 manat təşkil edir. İddiaçının əmək pensiyasının məbləği cavabdeh tərəfindən illər üzrə indeksiəşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2008- (BH) 60 +(SH) (75,21 + 16,7%)=147,77 xx.xx.2008-(BH) 75 +(SH) 87,77=162,77 xx.xx.2009-(BH) 75 +(SH) (87,77+20,8%)=181,02 xx.xx.2010-(BH) 75 +(SH) (106,02+1,5%)=182,59 xx.xx.2010-(BH) 85+(SH) 107,62=192,62 xx.xx.2011-(BH) 85+(SH) (107,62+5,7%)=198,75 xx.xx.2012-(BH) 85+(SH) (113,75+7,9%)=207,74 xx.xx.2013-(BH) 85+ (SH) (122,73+1,1 %)=209,12 xx.xx.2013-(BH)100+(SH) 124,08 = 224,08 xx.xx.2014-(BH)100+(SH)(124,08+2,4%)=127,05 Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının xx.xx.2014-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq onun xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 1554,40 manat pensiya sığorta kapitalı 72-yə bölünməklə (1554,4:72=21,58 manat) əmək pensiyasının sığorta hissəsinə əlavə edilmişdir. xx.xx.2014 - (BH) 100 + (SH) 127,05+(SH) 21,58 = 248,63 xx.xx.2015 - (BH) 100 + (SH) (148,63 + 1,4%) = 250,71 xx.xx.2016 - (BH) 100 + (SH) (150,71 + 4%) = 256,74 xx.xx.2016 - (BH) 110 + (SH) (156,74) = 266,74 xx.xx.2017 - (BH) 110 + (SH) (156,74+12,4%) = 286,18 Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Sözügedən maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının baza və sığorta hissələrinin cəmi məbləği xx.xx.2017-ci il tarixdən 286,23 manat olmaqla sığorta hissəsinə çevrilmişdir: xx.xx.2018-(SH) 286,22+ 5,7% = 302,49 xx.xx.2019-(SH) 302,53+ 3% = 311,57 xx.xx.2020-(SH) 311,61 +16,6% = 363,29 xx.xx.2021-(SH) 363,33 +11,4% = 404,71 xx.xx.2022-(SH) 404,71 +3,4% = 418,47 Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Beləliklə, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 16,66 manat maddi yardım əlavə edilərək və 14,7% indeksləşdirilməklə 499,09 manata, 01.01,2024-cü il tarixindən isə 11,2 % indeksləşdirilməklə 554,99 manata çatdırılmışdır. İddiaçı 1973-1977-ci illərdə Cənubi Yəməndə işlədiyi dövlərdə aldığı əmək haqqı barədə hər hansı sənəd təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə tədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi İddiaçı 1973-1977-ci illərdə Cənubi Yəməndə işlədiyi dövlərdə aldığı əmək haqqı nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması hissəsində rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9786/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9786/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver