Məhkəmə qərarları › İş №2-1(112)-9787/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9787/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9787/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarının düzgün icra olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının mütəxəssislərinin iştirakı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1. maddəsinə əsasən “pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalına görə “pensiyanın yenidən hesablanması üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-7824/2021 nömrəli Qərarının tam şəkildə və düzgün icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7824/2021 nömrəli, xx.xx.2021-ci il Qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən “pensiyanın yenidən hesablanması” üzrə qüvvəyə minmiş məhkəmə Qərarı icra edilməsi üçün cavabdehə göndərilmişdir. Eyni zamanda bu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(103)-1207/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7824/2021 nömrəli, xx.xx.2021ci il Qərarı əsasında iddiaçının pensiyası yenidən hesablanmalıdır. İddiaçı xx.xx.2024 il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının rəhbərliyinə müraciət edərək 2021-ci ildəki müraciət tarixinə “fərdi pensiya hesab”ında yığılan pensiya kapitalına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7824/2021 nömrəli, xx.xx.2021-ci il Qərarının və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1 (103)-1207/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının yerinə yetirilməsini xahiş etmişdir. Müraciətə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının rəhbərliyi tərəfindən heç bir cavab verilməmişdir. xx.xx.2024 il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialında qəbulda olduğu zaman onlardan müraciətə cavab verilməməyimin səbəbini soruşmuş, məktubun poçtla göndərildiyi bildirilmiş və məktubun təsdiq olunmuş surəti iddiaçıya verilmişdir. Təqdim olunan məktubda “2011-ci ildə 2003-cü ilin noyabr ayından xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyətinə görə “Əmək pensiyaları haqqında” Qanunun Maddə 27 maddəsinə əsasən “pensiyalarının sığorta hissəsinin 1 iyul 2011-ci il tarixindən yenidən hesablanmasında nəzərə alınıb.” qeyd olunmudur. Halbuki, Əmək pensiyaları haqqında Qanunun 37.3.1. maddəsinin xx.xx.2022-ci il redaksiyasına əsasən yalnız müraciət etdikdə əmək pensiyası yenidən hesablanır. Hesablamanı real olaraq həyata keçirtdiklərini təsdiq edən hər hansı bir fakt təqdim edilməmişdir. 01.20xx-xx.2021-ci illər arasında yığılmış pensiya kapitalına görə isə hesablama düzgün aparılmamışdır. İddiaçı xx.xx.2024-cü ildə Mərkəzi filialda qəbulda olduğu zaman bütün bu səhvləri göstərdikdə, hesablamada nəzərə alındığı bildirilmişdir. Halbuki, ötən dövr üçün ödəniləcək məbləğ az hesablanmış, 2024-cü il üçün isə pensiya məbləği ümumiyyətlə indeksasiya edilməmişdir və bunu 2024-cü ildə “borc yaranmasın deyə” belə edildiyini izah edilmişdir. Həmçinin də cavabdehin Bakı İnzibati Məhkəməsinə “Məhkəmə qərarının icrası barədə”, 3-17-1/2-86019/2024 saylı, xx.xx.2024 il tarixli məktub “e-məhkəmə” saytında yerləşdirilmişdir (əlavə olunur) və məktubda Qərarın icrasına bu ilin mart ayından başlanıldığı qeyd olunur. İstinad edilmiş faktlar göstərir ki, cavabdeh Məhkəmə Qərarını tam və düzgün olaraq vicdanla yerinə yetirməmişdir. Belə ki, hesablamada 2006-cı ilədək olan Pensiya sığorta kapitalı (PSK) nəzərə alınmamış, eləcə də keçmiş dövr üçün (34 ay) ödəniləcək əlavə məbləğ və həmçinin yenidən hesablamadan sonra bir aya görə ödəniləcək aylıq pensiyanın məbləği düzgün hesablanmamışdır (düzgün hesablama variantı əlavədə).

3. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7824/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarına əsasən əmək pensiyasının hesablanması qaydası haqqında mülahizəsi iş materiallarına əlavə olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya 7 noyabr 2003-cü il tarixindən sabiq hərbi qulluqçusu kimi xidmət illərinə görə pensiya təyin edilib. İddiaçı əmək pensiyasının topladığı pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün 15 aprel 2021-ci il tarixində Mərkəzi Filiala müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 26.3-2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 1 iyul 2011-ci il tarixindən yenidən hesablanmasında nəzərə alınıb. Eyni zamanda bildirilir ki, 1 yanvar 2006-cı il tarixindən sonra əmək pensiyanız aşağıdakı qaydada hesablanıb. Belə ki, Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Sizə əmək pensiyası təyin edildikdən sonra 1 may 2021-ci il tarixinədək (Mərkəzi Filiala 15 aprel 2021-ci il tarixli müraciət nəzərə alınmaqla) işlədiyiniz müddətdə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı 88796,40 manat (2021-ci il tarixinə indeksləşdirilməklə) təşkil edib. Həmin 88796,40 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 105 aya bölünməklə (88796,40:105 ay (65 il-62 il 3 ay=33 ay+72 ay (144 ay-72 ay)=845,68 manat)) 1 may 2021-ci il tarixinədək mövcud olmuş əmək pensiyanızın (1534,16 manat) üzərinə əlavə edilərək pensiyası həmin tarixdən 2379,84 (1534,16+845,68) manat məbləğində hesablanıb. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız 1 yanvar 2024-cü il tarixindən 3338,03 manat məbləğində müəyyən edilib. Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən keçmiş dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 31991,49 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə əmək pensiyanızın (3338,03 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvalanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2-1(112)-7824/2023 nömrəli qərardadının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 2244,50 manatdan 3338,03 manata artırılmış, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 31991,82 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 31991,82 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2024-xx.xx.2026-cı il tarixləri arasındakı dövr ərzində hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır.

6. Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7824/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 37.3.1 maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7824/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7824/2021 saylı qərarına “İddiaçı 2021-ci il tarixədək fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması" kimi izah verilnəsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7824/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı və Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-7824/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qanuni qüvvəsini aldığından xx.xx.2024-cü il tarixli məktubla icra edilməsi üçün aidiyyəti üzrə cavabdehə göndərilmişdir. Müraciətdə pensiyanın yeni məbləği və ötən dövr üçün ödəniləcək pensiyanın ümumi məbləğinin düzgün hesablanmağını qeyd edilmişdir. Lakin, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7824/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı və Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-7824/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıya ödənilməli olan pensiyanın məbləği müəyyən edilməmişdir. Eyni zamanda bildirilir ki, iddiaçının pensiya məbləğinin düzgün hesablanmadığını hesab etdiyi halda bununla bağlı cavabdeh inzibati orqana müracət etmək, müraciəti təmin olunmadığı halda isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

7. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli Qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərarlara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 2244,50 manat, hesablamadan sonra 3338,03 manat məbləğində müəyyən olunmuşdur.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi və bildirdi ki, iddiaçı tərəfindən məhkəmə qərarınən icrası mübahisələndirilir, hazırki işə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır.

II. İddianın mümkünlüyü

10. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

11. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.

12. X3 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X3 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

13. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

14. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

16. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının lazımi qaydada təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.

17. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X3 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam və ya lazımi icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.

18. Məhkəmə müəyyən edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7824/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 37.3.1 maddəsinə əsasən İddiaçı pensiya təyin olunduqdan sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7824/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7824/2021 saylı qərarına “İddiaçı 2021-ci il tarixədək fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması" kimi izah verilnəsi qərara alınmışdır.

19. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı məhkəmə qərarının düzgün icra edilmədiyini və cavabdeh tərəfindən əmək pensiyasının hesablanma qaydasının düzgün həyata keçirilmədiyini bildirmişdir.

20. Məhkəmə hesab edir ki, hazırki tələb qüvvədə olan yekun məhkəmə aktının (xx.xx.2021-ci il tarixli, 2-1(112)-7824/2021 nömrəli Qərarın) icrası qaydası ilə bağlıdır. Belə olan təqdirdə iddiaçı məhkəmə qərarının lazımi qaydada icra olunması ilə bağlı iddia ərizəsi deyil, icra qaydasında həmin iş üzrə ərizə təqdim edə bilər. Ərizənin təmin olunmasından imtina edildiyi təqdirdə, həmin məhkəmə aktından şikayət verə bilər.

21. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar