Məhkəmə qərarları › İş №2-1(112)-9789/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9789/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9789/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, onun pensiyasından qanunsuz tutulmuş pul vəsaitinin kart hesabına ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsinə cavab olaraq bildirmişdir ki, 21 aprel 2022-ci il tarixli **********7 nömrəli məktubla xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə artıq ödənilmiş 2354,96 manat pul vəsaiti, həmçinin 12 iyul 2021-ci il tarixindən İİ dərəcəli əlilliyinin müəyyən olunduğu üçün xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 4429,95 manat (hər ay üzrə 632,85 manat) pensiya məbləğinin hesablandığı və həmin 4429,95 manat pul vəsaitindən ona artıq ödənilmiş 2354,96 manatın çıxılaraq büdcəyə bərpa edildiyi barədə ətraflı izah verilmiş, qalıq 2074,99 manat pul vəsaiti isə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının (632,85 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı cavabdehin bu cavabı ilə razılaşmayaraq xx.xx.2022-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiya kartı hesabından təktərəfli tutulmaların dayandırılması, tutulmuş məbləğlərin kart hesabına mədaxil edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəmə dəftərxanası vasitəsilə xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək cavabdehin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələbinin “DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı pensiya kartından pul məbləğini tutmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin kart hesabına mədaxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona 04 iyul 2014-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondu tərəfindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuş, ancaq sonradan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın ona göndərdiyi məktubdan məlum olmuşdur ki, guya DSMF tərəfindən pensiyasının hesablanmasında yanlışa yol verilmiş, buna görə də onun pensiyasından təktərəfli tutmalar həyata keçirilmişdir. Artıq ödənilən məbləğin DSMF-nin Mərkəz filialının geri tələb etmək səlahiyyəti heç bir halda doğru deyil. Əvvəla, bir dövlət qurumunun 2014-cü ildən bəri 7 il ərzində pensiyanı yanlış hesablaması gülüncdür. İkincisi, həqiqətən də belə bir hal varsa, bunun məsuliyyətini aidiyyəti dövlət qulluqçusu daşımalıdır. Nəzərə alınmalıdır ki, onunla həmin dövlət qurumu arasında əmək müqaviləsindən irəli gələn münasibəti olmuşdur. Üçüncüsü, pensiyanın yanlış hesablanması faktının fərziyyə olaraq qəbul edilməsi halında belə, yenə də DSMFnin artıq ödənilmiş vəsaiti vətəndaşın pensiyasından təktərəfli tutması qanunsuzdur. Çünki qanunvericilikdə həmin quruma münasibətdə belə bir səlahiyyət nəzərdə tutulmamışdır. Başqa sözlə, pensiyadan təktərəfli olaraq tutmaların həyata keçirilməsi ilə bağlı qanunvericilikdə hər hansı norma mövcud deyildir. Dördüncüsü, həqiqətən də belə bir hal (pensiyanın artıq ödənilməsi halı) varsa, bu zaman həmin qurumun artıq ödənilmiş məbləğə dair tələbetmə hüququ yaranar ki, bu zaman hüquq subyekti həmin məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət edə bilər. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı X3 2-ci dərəcəli əlilliyə görə pensiya xx.xx.2014-cü il tarixdə təyin edilmişdir. Həmin tarixdən təyin edilmiş pensiya xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 4 iyul 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 321,46 manat, qulluq stajına görə əlavə 76,35 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 118,85 manat olmaqla orta aylıq əmək haqqı 571,66 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 15 il 9 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (571,66 manat) 80 faizi- 457,33 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən ona xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20078,26 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 21271,37 manat ödənilmişdir. Buna görə də ona yuxarıda qeyd olunan dövr üzrə 1193,11 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 353,75 manat, qulluq stajına görə əlavə 84.02 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 130,63 manat olmaqla orta aylıq əmək haqqı 623,40 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin an 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı ilə (571,66 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (623,40 manat) arasındakı fərq məbləğinin (51,74 manat) 52,25 faizi-27,03 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (457,33 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 484,36 manat məbləğində hesablanmalı olduğu halda, 511,66 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 491,40 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 530,63 manat, qulluq stajına görə əlavə 126,02 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 195,94 manat olmaqla orta aylıq əmək haqqı 907,59 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (623,40 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (907,59 manat) arasındakı fərq məbləğinin (284,19 manat) 52,25 faizi-148,49 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (484,36 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 632,85 manat məbləğində hesablanmalı olduğu halda, 662,00 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülmüş, buna görə də həmin dövr üzrə ona 670,45 manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçı təkrar müayinədən keçməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən İİ dərəcəli əlillik müəyyən olunmuş, əmək pensiyası isə cari ilin mart ayında bərpa edilmişdir. İddiaçıya xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan ümumilikdə 4429,95 manat pensiya məbləği hesablanmışdır. Lakin həmin pul vəsaitindən iddiaçıya artıq ödənilmiş 2354,96 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. İddiaçının əmək pensiyasından heç bir tutulma aparılmamış, ona ödənilən artıq pul vəsaiti əvəzləşdirmə qaydasında ödənilməli olan pensiya məbləğindən çıxılmışdır. Buna görə də cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 1 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçıya 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə ərizə ilə DSMF-nin Yasamal rayon şöbəsinə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. DSMF-nin Yasamal rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1256 nömrəli qərarı ilə X1 xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci ilə kimi 2-ci dərəcə əlilliyə görə 284,76 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. İş materiallarında olan TSEK müayinə məlumatlarından görünür ki, İddiaçı təkrar müayinədən keçməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən müddətsiz İİ dərəcəli əlillik təyin olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək əlillik dərəcəsi bərpa edildiyi üçün ona təyin edilmiş əmək pensiyasının davam etdirilməsini xahiş etmişdir. İşdə olan cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarından görünür ki, iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, pensiya məbləği 662 manatdan 632,85 manata azaldılmışdır. İş materiallarında olan cavabdehin iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq təqdim etdiyi məktubda qeyd edilmişdir ki: -“İddiaçının 4 iyul 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 321,46 manat, qulluq stajına görə əlavənin 76,35 manat, ixtisas dərəcəsinə görə əlavənin 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavənin miqdarı 118,85 manat olmaqla orta aylıq emək haqqısının məbləği 571,66 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3cü maddəsinə əsasən 15 il 9 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (571,66 manat) 80 faizi- 457,33 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən ona xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20078,26 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 21271,37 manat ödənilib. Buna görə de ona qeyd olunan dövr üzrə 1193,11 manat artıq pul vəsaiti ödənilib. -Daha sonra dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 353,75 manat, qulluq stajına görə əlavə 84.02 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavən 130,63 manat olmaqla orta aylıq əmək haqqısı 623,40 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqısı ilə (571,66 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (623,40 manat) arasındakı fərq məbləğinin (51,74 manat) 52,25 faizi-27,03 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanısının (457,33 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 484,36 manat məbləğində hesablanmalı olduğu halda, 511,66 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 491,40 manat artıq pul vəsaiti ödənilib. -Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 530,63 manat, qulluq stajına görə əlavə 126,02 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 195,94 manat olmaqla orta aylıq əmək haqqısı 907,59 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqısı (623,40 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (907,59 manat) arasındakı fərq məbləğinin (284,19 manat) 52,25 faizi-148,49 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (484,36 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 632,85 manat məbləğində hesablanmalı olduğu halda, 662,00 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 670,45 manat artıq pul vəsaiti ödənilib. İddiaçıya xx.xx.2021-ci il tarixdən İİ dərəcəli əlillik müəyyən olunmuş, əmək pensiyası isə cari ilin mart ayında bərpa edilsə də, iddiaçıya xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan ümumilikdə 4429,95 manat pensiya məbləği hesablanmış, lakin həmin pul vəsaitindən iddiaçıya artıq ödənilmiş 2354,96 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir.” İddiaçı hazırda bu məktuba istinad edərək cavabdeh tərəfindən ona artıq ödənilmiş 2354,96 manat məbləğin xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 4429,95 manat pensiya məbləğindən tutulmasının (əvəzləşdirilməsinin) qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin kart hesabına mədaxil edilməsini xahiş edir. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşır və qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya xx.xx.2014-xx.xx.2021-ci il tarixlərində 2354,96 manat məbləğində artıq pensiya ödənişi edildiyini aşkar etsə də, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan pensiya ödənişindən həmin məbləği tam formada çıxaraq yerdə qalan məbləği iddiaçıya ödəmişdir. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən 2354,96 manat vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Bu zaman məhkəmə qeyd etməyi zəruri hesab edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, deməli, cavabdehin 2354,96 manat məbləğində artıq ödənilmiş pensiya məbləği iddiaçıya ödənilməli olan pensiya məbləğindən tutması qanunsuz olmuşdur. Buna görə də həmin məbləğ iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bunan sonra –İPM) 34.1ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ödənilməli olan pensiya ödənişindən 2354,96 manat məbləğində pulun tutulması qanunsuz hesab edilsin. İddiaçı ödənilməli olan pensiya ödənişindən tutulmuş 2354,96 manat məbləğin iddiaçıya geri qaytarılması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar