Məhkəmə qərarları › İş №2-1(112)-979/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-979/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-979/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti) “mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı yaşayış binasının (keçmiş yataqxana), yaşayış sahəsi 20,56 kv.metr olan 2 otaqlı 111 saylı mənzilinin onun adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2007-ci ildən qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı yaşayış binasının (keçmiş yataqxana), yaşayış sahəsi 20,56 kv.metr olan 2 otaqlı 111 saylı mənzilində faktiki olaraq yaşayır və mənzil həmin ildən daimi olaraq istifadəsindədir. Göstərilən mənzildə yaşamaqla bütün kommunal xərclərini ödəyir. Vaxtlı-vaxtında həmin mənzildə təmir işlərini öz vəsaiti hesabına aparır. 2012-ci ilin may ayından yaşadığı bina Dövlət Neft Şirkətinin balansından Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bundan sonra da mənzilə dair kommunal xidmətlərə görə xərcləri müvafiq olaraq aidiyyəti təşkilatlara (qaz, su, işıq), o cümlədən mənzil-kirayə və zibil haqlarını həmin təşkilatın 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinə ödəyir. Yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sənədlərini qəbul etməyərək şifahi olaraq bildirilmişdir ki, binanın balans saxlayan təşkilatı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin qeyd edilən mənzilə dair iddiaçıyla kirayə müqaviləsinin bağlanması barədə sərəncamı olmalıdır və müvafiq sərəncam olduqdan sonra mənzilin adınıza özəlləşdirilməsi həyata keçiriləcəkdir. Müraciətinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01.12.2012-ci il tarixli, 72 saylı sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı yaşayış binasının (keçmiş yataqxana), yaşayış sahəsi 20,56 kv.metr olan 2 otaqlı 111 saylı mənzilinin kirayə müqaviləsi onun adına bağlanılmış və iddiaçı həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd edilən sərəncam verildikdən sonra yenidən sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciəti 13.04.2021-ci il tarixli, **********48 saylı cavab məktubu ilə imtina olunmuşdur. Bununla da mənzilə dair sahiblik və sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin 111 saylı mənzilinə dair onunla Bakı şəhər MKTD arasındakı müqavilə 2020-ci ildə bağlansa da mənzil münasibətləri 01.10.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Belə ki, iddiaçı 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26.01.1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir. Belə olan halda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı yaşayış binasının (keçmiş yataqxana), yaşayış sahəsi 20,56 kv.metr olan 2 otaqlı 111 saylı mənzilinə iddiaçının mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci və 10-cu maddələrinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdehin imtinası qanunazidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6415/2021 nömrəli, 08.05.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ünvan 4 evin 111 saylı mənzilinə dair Alverdiyeva (Nəbiyeva) Təranə Əlmusa qızının adına verilmiş 25 saylı, 27.03.2007-ci il tarixli order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq X1 adına verilmiş 25 saylı, 27.03.2007-ci il tarixli orderdə istinad olunan BB-11-04-5420 saylı, 22.03.2007-ci il tarixli məktubun həqiqi olmadığı bildirilmişdir. Həmçinin qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 72 saylı sərəncamı 01.12.2020-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Bununla bağlı İddiaçı **********79 nömrəli 18.02.2021-ci il tarixli və **********48 nömrəli, 13.04.2021-ci il tarixli məktublar ünvanlanmışdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X8 izahatında bildirmişdir ki, dövlət mənzil fondunun balansında olan mənzilin özəlləşdirilməsi bir sıra amillərə görə vacibdir. Belə ki, iqtisadi cəhətdən kirayədarla kirayəçi arasında bağlanan müqavilə üzrə mənzilin əsaslı və cari təmiri xərclərindən kirayədar azad olur. Mülkiyyətçi mənzilini kənar müdaxilədən sığortalamaq hüququ əldə edir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmaqla mülkiyyətçilər binanın saxlanılmasını öz üzərilərinə götürmək hüquqları əldə edirlər. Mülkiyyətçi dövlət büdcəsinə əmlak vergisi ödəyir. İddiaçının özəlləşdirilməsini istədiyi mənzilin yerləşdiyi ünvan 1 ünvanda yerləşən keçmiş yataqxana binası Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. İddiaçı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. İddiaçının 2007-ci ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,56 kv.metr olan 2 otaqlı 111 saylı mənzilində 3 nəfər ailə üzvü ilə (özü, oğlu və qızı) yaşadığı nəzərə alınaraq onunla kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 27.05.2021-ci il tarixli, 018-7247-1221 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı 27.05.2011-ci il tarixdən hal-hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı qeydiyyata düşməsinə əsas verən sənədlərin saxlama müddəti bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 08.06.2021-ci il tarixli, 069-10220-1221 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 27.05.2011-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 5A, mənzil 111, 112-yə yaşayış yeri üzrə qeydiyyata alınmış və ona AZE seriyalı 08287928 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. «Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə» DİN-in müvafiq əmri ilə təsdiq edilmiş Təlimatın tələblərinə əsasən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və onlara şəxsiyyət vəsiqələrinin verilməsinə dair sənədlərin saxlanma müddəti 5 (beş) il müəyyən olunduğu üçün həmin sənədlər müvafiq komissiya tərəfindən yandırma yolu ilə məhv edildiyindən qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasının əsaslarının göndərilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 11.01.2022-ci il tarixli, 018-537-1222 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 19.01.2022-ci il tarixli, 069-965-1222 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qaradağ RPİ-nə daxil olmuş müraciətinizlə bağlı bildirilir ki, İddiaçı 23.05.2008-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 5, mənzil 88-də yaşayış yeri üzrə qeydiyyatdadır. Bildirilir ki, «Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə» DİN-in müvafiq əmri ilə təsdiq edilmiş Təlimatın tələblərinə əsasən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və onlara şəxsiyyət vəsiqələrinin verilməsinə dair sənədlərin saxlanma müddəti 5 (beş) il müəyyən olunduğu üçün həmin sənədlər müvafiq komissiya tərəfindən yandırma yolu ilə məhv edildiyindən qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasının əsaslarının sizə göndərilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin təqdim etdiyi 01.07.2021-ci il tarixli, SOCAR**********30560046X00028 nömrəli məktubunda bildirilmişdir ki, sorğunuzda Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin icraatında olan “mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair 2-1(112)-6415/2021 saylı iş üzrə zərurət yarandığından Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı binada (keçmiş yataqxana) iddiaçı Alverdiyeva (Nəbiyeva) Təranə Əlimusa qızına 2007-ci ildə mənzil ayrılıb-ayrılmaması barədə məlumat və müvafiq sənədlərin məhkəməyə göndərilməsini xahiş edirsiniz. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435s nömrəli sərəncamı ilə 22.05.2012-ci il tarixində Sosial İnkişaf İdarəsinin struktur vahidi olan Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış və qeyri-yaşayış sahələri ona aid olan sənədlərlə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bununla əlaqədar olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etməyiniz məqsədəuyğundur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqdim etdiyi 20.08.2021-ci il tarixli, SOCAR**********30490075X00012 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ünvanladığınız 09.08.2021-ci il tarixli, 2-1(112)-6415/2021 nömrəli sorğunuz araşdırılması üçün aidiyyəti üzrə SOCAR-ın Sosial İnkişaf İdarəsinə göndərilmişdir. Sorğunuza cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, onlara aid sənədlərlə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bununla əlaqədar, sorğunuzda göstərilən məlumat və sənədlərin təqdim edilməsi üçün sizin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01.12.2020-ci il tarixli, 72 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 4 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 2007-ci ildən qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5a saylı evin, yaşayış sahəsi 20,56 kv.metr olan 2 otaqlı 111 saylı mənzilində 3 nəfər ailə üzvü ilə (özü, oğlu və qızı) yaşayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və «Azərbaycan Respublikasında mənzil bondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,56 kv.metr olan 2 otaqlı 111 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, oğlu və qızı) İddiaçı adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması, qeyd olunan mənzilə İddiaçı adma şəxsi maliyyə hesabının açılmasının Qaradağ rayon MKTBnin 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılması qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin verdiyi 25.06.2021-ci il tarixli, 509 nömrəli məktubu ilə ünvan 4 evin 111 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01.12.2020-ci il tarixli, 72 saylı sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti göndərilmişdir. Həmin sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin 404 nömrəli, 06.01.2011-ci il tarixli orderinə əsasən İddiaçı Qaradağ rayonu, Ş.Əsgərov küçəsi, ev 5a, otaq 111, 112, sahəsi 20,56 kv.m olmaqla 4 nəfər ailə tərkibi: özü, həyat yoldaşı X2, oğlu X4, qızı X3. Əsas ARDNŞ Sİİ-n məktubu BB-11-04/26. - Qaradağ rayon MKTB-nin 119 saylı MKİS-nin 07.11.2020-ci il tarixli, 864 nömrəli arayışına əsasən İddiaçı Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 5a nömrəli 5 mərtəbəli evin 5ci mərtəbəsində sahəsi 20,56 kv.m olan 111/112 nömrəli mənzildə yaşayır. Daimi qeydiyyatda olanlar İddiaçı qeydiyyata götürülmə tarixi 27.05.2007-ci il, X4 və X3. - (Nəbiyeva) İddiaçı 01.05.1998-ci il tarixli, AT-Vİİİ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.05.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsində "xxxx" uşaq bağçasına 4-cü dərəcəli paltaryuyan vəzifəsinə qəbul edilmiş, 01.08.2012-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2011-ci il tarixli 447/s nömrəli Sərəncamına əsasən ARDNŞ-nin Sİİ-nin Məktəbəqədər Təhsil Departamentinin tərkibində olan məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin tərkibinə təhvil verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir. - X2 Bakı şəhəri MKTD-nə ünvanladığı 05.11.2020-ci il tarixli ərizəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 5A-da yerləşən 111, 112 saylı mənzilin kirayə müqaviləsinin arvadı İddiaçı adına bağlanmasına razılıq verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 06326005 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. Vəsiqənin verilmə tarixi 21.05.2008. Məhkəmənin sorğusu ilə Qaradağ rayon MKTB-nin 119 saylı MKİS-nin 06.11.2021ci il tarixli məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin 25 nömrəli, 27.03.2007-ci il tarixli orderinə əsasən İddiaçı Qaradağ rayonu, Ş.Əsgərov küçəsi, ev 5, otaq 88, sahəsi 10.0 kv.m olmaqla 3 nəfər ailə tərkibi ilə birlikdə (özü, həyat yoldaşı X2, oğlu X4) verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 13.04.2021-ci il tarixli, **********48 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubunda bildirilmişdir ki, ünvan 4 evin 111 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, 02.04.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, **********79 saylı, 18.02.2021-ci il tarixli bildirişlə sizə rəsmi məlumat verilmişdir. Həmçinin qeyd olunan mənzilə dair ərizənizə əlavə etdiyiniz Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 72 saylı sərəncamı 01.12.2020-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ünvan 4 evin 111 saylı mənzilinin istifadəsində olduğunu, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01.12.2020-ci il tarixli, 72 saylı sərəncamı ilə həmin mənzilin kirayəçisi hesab edildiyini əsas götürərək mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciət təmin olunmadığından hazırkı iddia ilə məhkəməyə müraciət edərək sözügedən mənzilin onun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 26.01.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 709 nömrəli, 07.11.2001-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.06.2001-ci il tarixli 113 saylı Qərarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilmiş sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, habelə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 10.07.2001-ci il tarixli 06 saylı sərəncamına 2 nömrəli əlavədə göstərilən F.Xoyski küçəsi, 130 saylı ünvanda yerləşən yataqxana və ona aid olan vəsaitlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Həmin sərəncamın 3-cü bəndinə əsasən Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamı əsasında, adına yaşayış sahəsinin icarə müqaviləsi olan, keçmiş yataqxanalarda, özəlləşdirilən dövlət müəssisələri (birlikləri) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlər tərəfindən verilmiş xidməti mənzillərdə yaşayan vətəndaşların müraciətləri əsasında onların mənzillərinin özəlləşdirilməsini təmin etməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 029 nömrəli, 25.01.2012-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435s saylı Sərəncamına əlavə edilmiş siyahı üzrə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, bu sərəncamın Əlavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. İddiaçı hazırkı iddia üzrə mübahisəli mənzilin kirayəçisi hesab edilməsi haqqında Bakı şəhər MKTD-nin sərəncamı 2020-ci ildə verilsə də, həmin mənzildə 2007-ci ildən yaşadığını, mənzil münasibətlərinin Mənzil Məcəlləsi qüvvəyə minməzdən 01.10.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyini nəzərə alaraq mənzili özəlləşdirmək hüququnun olduğunu iddia edir və həmin mənzilə mülkiyyət hüquqlarının qeydiyyatını mübahisələndirir. Məhkəmə hesab edir ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının iddia predmeti olan mənzilə 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyinin, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun ilə mənzil hüquq münasibətlərinin iştirakçısı kimi mənzili özəlləşdirmək hüququnun olub-olmadığının müəyyən edilməsindən ibarətdir. İşin hallarından müəyyən olur ki, iddiaçı 01.05.2006-01.08.2012-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinin "xxxx" uşaq bağçasında işləmişdir. İddiaçıya ilkin olaraq Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsi tərəfindən İdarənin balansında olan Bakı şəhəri, Qaradağ rayonu, Ş.Əsgərov küçəsi, ev 5, otaq 88, sahəsi 10.0 kv.m-dən ibarət otaq 27.03.2007-ci il tarixli orderlə 3 nəfər ailə tərkibi olaraq istifadəsinə verilmişdir. İddiaçı 23.05.2008-ci il tarixdə qeyd edilən Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 5, mənzil 88-də yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Sonradan iddiaçıya Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin 404 nömrəli, 06.01.2011-ci il tarixli orderinə əsasən Qaradağ rayonu, Ş.Əsgərov küçəsi, ev 5a, sahəsi 20,56 kv.m olmaqla 111, 112 otaq 4 nəfər ailə tərkibi ilə istifadəsinə verilmişdir. İddiaçı 27.05.2011-ci il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2001-ci il tarixli 435s saylı Sərəncamına və həmin sərəncamın icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 029 nömrəli, 25.01.2012-ci il tarixli sərəncamına əsasən Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar, o cümlədən iddiaçının iddia etdiyi mənzilin yerləşdiyi ünvan 4 ünvanda yerləşən keçmiş yataqxana binası Bakı şəhər Mənzil Kommunal Departamentinin balansına verilmişdir. Bundan sonra balanssaxlayıcı Bakı şəhər Mənzil Kommunal Departamentinin 01.12.2020-ci il tarixli, 72 saylı sərəncamı əsasında iki otaqdan ibarət 20,56 kv.metr 111 saylı mənzilə İddiaçı adına kirayə müqaviləsi bağlanması qərara alınmış və sonuncu mənzilin kirayəçisi hesab edilmişdir. Mənzilin iki otaqdan ibarət sxemi MKİS tərəfindən tərəfindən tərtib edilmiş, iki otaq (111, 112) birlikdə ümumi sahəsi 20.56 kv.m (13 kv.m+7.56.kv.m) olmaqla 111 nömrəli mənzil olaraq balanssaxlayıcı tərəfindən qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzili özəlləşdirmək hüququ 2020ci ildən əvvəl yaranmışdır. İddiaçıya 2011-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, 2 otaqlı 111, 112 saylı otaqların verilməsi və Bakı şəhər MKTD tərəfindən 2020-ci ildə iddiaçının həmin otaqların kirayəçisi hesab edilməsi iddiaçının sözügedən 111 saylı mənzilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş özəlləşmə hüququnun həyata keçirilməsinə mane olmur. Belə ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi vaxtdan keçmiş Mənzil Məcəlləsinin qüvvəyə olduğu müddətdə (01.10.2009-cu il tarixədək) yazılı kirayə müqaviləsinin olmaması iddiaçının iştirakçısı olduğu mənzil kirayə münasibətlərinin etibarlılığına təsir etməmişdir. Belə ki, işin yuxarıda sadalanan halları ilə də təsdiq olunur ki, iddiaçıya ilkin olaraq işlədiyi müəssisə tərəfindən 2007-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Ş.Əsgərov küçəsi, ev 5, 88 nömrəli mənzil verilmiş, iddiaçı həmin mənzilə 2008-ci ildən qeydiyyata alınmış, sonradan işəgötürən tərəfindən həmin mənzil ondan alınaraq yerinə 2 otaqlı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, 111, 112 saylı otaqları verilmiş və iddiaçı həmin mənzildə 2011-ci ildən qeydiyyata alınmışdır. Beləliklə, icarədar kimi iddiaçının istifadəsinə verilmiş mənzilə kirayə müqaviləsindən irəli gələn istifadə hüquqları mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddia olunan mənzilə dair kirayə müqaviləsinin bağlanması sərəncamının 2020-ci ildə, yəni yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra verilməsi həmin Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmış və davam edən münasibətlərin mahiyyətinə təsir etmir. Əksinə, bu sərəncam mövcud münasibətləri yalnız yazılı formada təsbit etmiş, tərəflərin mənzil münasibətlərindən irəli gələn hüquq və öhdəliklərinə təsir etməmişdir. Başqa sözlə, iddiaçı hüquq münasibətlərinin yarandığı dövr üzrə qüvvədə olan mənzil qanunvericliyinə uyğun olaraq mənzilin özəlləşdirilməsi hüququnu qazanmışdır. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X7 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X5-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının 01.12.2020-ci il tarixli sərəncamını, eləcə də mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,56 kv.metr olan 2 otaqlı 111 saylı mənzilinə dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsində yerləşən 5A saylı evin, yaşayış sahəsi 20,56 kv.metr olan 2 otaqlı 111 saylı mənzilinə dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar