Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9795/2024 29.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9593,90 manat artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərdə cavabdehə Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2006-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 275,52 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəsi-26,17 manat olmaqla orta aylıq əmək haqqısı 301,69 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 5 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqınısı (301,69 manat) 80 faizi-241,36 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 305,21 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 830,05 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 fevral 2007-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 346,55 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəsi-32,92 manat olmaqla orta aylıq əmək haqqısı 379,47 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 5 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (379,47 manat) 80 faizi-303,58 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2007xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 412,75 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1855,89 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 533,23 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəsi-50,66 manat olmaqla orta aylıq əmək haqqısı 583,89 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017- ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 5 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (583,89 manat) 80 faizi- 467,11 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 597,05 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 8446,10 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 732,83 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəsi-69,62 manat olmaqla orta aylıq əmək haqqısı 802,45 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017- ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3-cü maddəsinə əsasən 20 il 5 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (802,45 manat) 80 faizi-641,96 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 805,15 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 8322,69 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 20 il 5 ay 6 gün qulluq stajına görə əmək pensiyansımn müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 66,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 807,00 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəsi-76,67 manat olmaqla orta aylıq əmək haqqı 883,67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (802,45 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (883,67 manat) arasındakı fərq məbləğinin (81,22 manat) 66,25 faizi-53,81 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (641,96 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 695,77 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 886,51 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 3433,32 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 1210,50 manat, qulluq stajına görə vəzifə maaşının 9,50 faizi miqdarında əlavəsi-115,00 manat olmaqla orta aylıq əmək haqqısı 1325,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqısı (883,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1325,50 manat) arasındakı fərq məbləğinin (441,83 manat) 66,25 faizi- 292,71 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (695,77 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 988,48 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 1323,77 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 5364,64 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə xx.xx.2006-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 28252,69 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5443/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması” haqqında 05 may 2021-ci il tarixli, **********6 saylı qərarı ləğv edilmiş, Cavabdeh əmək pensiyasından tutulmaların aparılması qadağan edilərək tutulmuş vəsaitin geri ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdən müəyyən olunur ki, Cavabdeh dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli **********1 saylı qərarından görünür ki, audit yoxlamasının nəticələrinə əsasən cavabdehə təyin edilmiş pensiyanın məbləği 1323.77 manatdan 988.48 manata azaldılmışdır. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda Azərbaycan SSR Nazirlər Sovetinin “Azmeyvətərəvəz” Aqrar-Sənaye Birliyi və həmin Birlikdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, həmin əmək fəaliyyəti dövrü dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan cavabdehə 988,48 manat pensiya məbləğinin hesablanması barədə cədvəldən görünür ki, iddiaçı cavabdehin xx.xx.1972-xx.xx.1973-cü illərdə, xx.xx.1973xx.xx.1975-ci illərdə və xx.xx.1981-xx.xx.1999-cu illərdə işlədiyi dövr olmaqla, ümumilikdə 20 il 5 ay 6 gün dövlət qulluğu stajını qəbul edərək, ona təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək peniyasını yenidən hesablamışdır. Görüdüyü kimi, iddiaçı cavabdehə pensiya təyin edərkən “Azmeyvətərəvəz” Aqrar- Sənaye Birliyində işlədiyi 1975-1981-ci illəri də onun dövlət qulluğu stajına daxil etmiş, lakin sonradan həmin dövrün dövlət qulluğu hesab olunmadığı qənaətinə gələrək, iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləğini azaltmışdır və hazırda son üç il ərzində 9593,90 manat artıq ödənilmiş vəsaitin cavabdehən tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə əsasən: - 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. - 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. - 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İddiaçı hazırda bu normalara istinad edərək cavabdehə son üç il ərzində artıq ödədiyi pensiya məbləğinin geri qaytarılmasını xahiş edir. Lakin “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən: - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. İstinad olunan normalardan görünür ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi şəxs barəsində qəbul edilmiş qanunsuz inzibati aktın ləğv edilməsi nəticəsində onun nəticələrinin aradan qaldırılmasını o zaman nəzərdə tutur ki, Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı biri olsun. Digər hallarda, əlverişli inzibati akt qanunsuz olsa belə, qanunverici onun nəticələrinin aradan qaldırılmasına, o cümlədən ödənilmiş pul vəsaitlərinin geri qaytarılmasına yol vemir. İşdən görünür ki, iddiaçı cavabdehə pensiya təyin edərkən qəbul etdiyi qərarın əsas elementlərindən birini təşkil edən onun dövlət qulluğu stajı hissəsini ləğv etmiş, daha doğrusu dəyişərək, yeni staj müddəti müəyyən etmiş, lakin bu zaman Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə istinad etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qanunun 67-ci maddəsi hazırkı hala da tətbiq edilməli və müəyyən edilməlidir ki, nə qədər ki, işin halları ilə Qanunun 67.6-cı maddəsində nəzərdə tutulanlar hazırkı iş üzrə mövcud deyil, deməli, iddiaçının ilkin qəbul etdiyi inzibati aktın dəyişdirilməsi ilə bağlı hazırkı qərarı ilkin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrini aradan qaldırmamalıdır. Bundan başqa, işdə olan X4 xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (31 avqust 2003-cü il tarixədək) mövcud olan dövlət qulluğu vəzifələrinin adları Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndi ilə müəyyən edilmişdir. Sözügedən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında müstəqil idarə rəisi vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında yardımçı şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Siyahının 1.16-cı bəndində isə Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş müstəqil idarənin rəisi vəzifəsinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan orqanların apratında təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılması aparılmışdər. Cavabdeh tərəfindən Azərbayan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış müraciətə cavab olaraq göndərilmiş 23 avqust 2021-ci il tarixli xx/xx-1976/3 nömrəli məktubda qeyd edilmişdir ki, Meyvə və tərəvəzlərin istehsalı, tədarükü, emalı və satışı üzrə aqrar-sənaye birliyi (“Азилодоовощиром”) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 1975-ci il 20 avqust tarixli 276 nömrəli Qərarı ilə yaradılmışdır. Sözügedən-Qərara 3 saylı, Əlavə ilə Birliyin mərkəzi aparatının strukturu tqsdiq edilmiş və cavbdehin 1975-1981-ci illərdə Əkinçilik, kortof, çəmənliklər və otlaqların idarə edilməsi idarəsi həmin X3 nəzərdə tutulmuşdur. Həmin Qərarın 8-ci hissəsində Birliyin 330 vahiddən ibarət mərkəzi aparatının strukturunun, tabeliyindəki idarə və təşkilatların siyahısının təsdiqi, 13-cü hissəsindəki 11 nəfərdən ibarət kollegiyanın yaradılması, habelə Azərbaycan SSR nazirinin səlahiyyətlərinin Birliyin sədrinə aid,edilməsi tapşırıqlarının Azərbaycan SSR Nazirlər Sovetinə verilməsi bu qurumun nazirlik statusuna malik olmasına dəlalət edə bilər. Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 17 iyun tarixli 198 nömrəli Qərarı ilə təsdiq edilmiş X2 təsdiq edjlmlşdir. Həmin Əsasnamə Azərbaycan SSR Nazirlər Sovetinin 1981ci il 25 avqust tarixli 392 nömrəli Qərarı ilə qüvvədən düşmüş və Birliyin əsasında Meyvə və Tərəvəz Təsərrüfatı Nazirliyi yaradılmış, həmin Qərarla Nazirliyin Əsasnaməsi təsdiq edilmişdir. Meyvə və tərəvəzlərin istehsalı, tədarükü, emalı və satışı üzrə aqrar-sənaye birliyi, (“Азилодоовощиром”) nazirlik statusuna malik olduğu və cavabdehin 1975-1981-ci illərdə işlədiyi Əkinçilik, kortof, çəmənliklər və otlaqların idarə edilməsi idarəsi həmin X3 nəzərdə tutulduğu üçün qeyd edilən illər dövlət qulluqçusunun qulluq stajı hesablanarkən nəzərə alınır.” Görünüyü kimi, iddiaçı 1975-1981-ci illəri cavabdehin dövlət qulluğu stajına daxil etməsə də, yuxarıda göstərilənlərlə bu halın qanunvericiliyə zidd olması öz təsdiqini tapır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, artıq ödənilmiş vəsaitin cavabdehdən tələb olunması barədə iddiaçının hazırkı tələbi əsassızdır, buna görə də qanuni sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9795/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9795/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver