Məhkəmə qərarları › İş №2-1(112)-9796/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9796/2023

09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9796/2023 09.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə (qaraj) texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə (qaraja) texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 avqust 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 02 noyabr 2009-cu il tarixli 66 №-li Torpaq icarəsi müqaviləsinə əsasən Yasamal bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 36 №-li qərarı əsasında Bakı şəhəri, Şahbazi 112 ünvanda yerləşən ümumi sahəsi 32,0 kv.m torpaq sahəsi Yasamal bələdiyyəsi tərəfindən 02 noyabr 2013-cü il tarixə qədər İddiaçı icarəyə verilmişdir. Bakı şəhəri Yasamal bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 11/06 №-li Sərəncamına əsasən İnşaatçılar pr., ev 1 “A”, mənzil 17 ünvanda yaşayan İddiaçı sahəsi 32,0 kv. m olan qarajdan istifadəetmə faktı təsdiq edilmiş və yerli (bələdiyyə) vergi ödəyicisi kimi qeydiyyata alınmış, “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qarajın yerləşdiyi 32,0 kv.m torpaq sahəsi vət.İddiaçı icarəyə verilmişdir. “Yasamal bələdiyyəsi ilə fiziki şəxs İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli 66 nömrəli İcarə Müqaviləsinin müddəalarına əlavə edilmiş dəyişikliklərlə bağlı” 21 oktyabr 2019-cu il tarixli Razılaşdırılma Protokoluna əsasən icarə müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək bağlanır. Hazırkı Protokol xx.xx.2019-cu il tarixdən qüvvəyə minir və Yasamal bələdiyyəsi ilə bağlanmış xx.xx.2009-cu il tarixli, 66 nömrəli Müqavilənin ayrılmaz hissəsi hesab edilir. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi 112 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 32 kv.m sahəsi olan qeyri-yaşayış binasına (qaraj) texniki pasportun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “… əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 1, “A”, mənzil 17 hazırkı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi 112 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 32 kv.m sahəsi olan qeyri-yaşayış binasına (qaraja) texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabehin imtinası əsassızdır. Belə ki, tərəfindən müraciət edilərkən tam və ətraflı əsaslandırılmış ərizə ilə bütün faktlar qeyd edilsə də, qoşmaya bələdiyyədən verilən Şəhadətnamə, bildiriş, situasiya planı, sərəncam, icarə müqaviləsi, protokol, planın əsli və digər müvafiq sənədlər təqdim edilsə də, bütün bunlar nəzərə alınmamışdır. Hesab edir ki, sahibliyində və istifadəsində olan qaraja texniki pasportun verilməsi zəruridir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əmlaka yerli baxış zamanı müəyyən olmuşdur ki, qeyri-yaşayış binasının faktiki sahəsi 31.6 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmənin 9.08.2023-cü il tarixli iclasında iştirak etməmişdir. Məhkəmə işə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi 112 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 32 kv.m sahəsi olan qeyri-yaşayış binası (qaraj) iddiaçının istifadəsindədir. Hazırda iddiaçı qeyri-yaşayış binasına (qaraj) texniki pasportun verilməsini xahiş edir. Cavabdeh iddia tələbindən imtinaya əsas olaraq əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini qeyd edir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Yasamal bələdiyyəsinin 02 iyun 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı ilə Yasamal bələdiyyəsi arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 66 saylı Torpaq icarəsi müqaviləsi bağlanmışdır. Həmin müqavilə qarajın tikildiyi torpaqdan istifadəyə görə torpaq haqqının ödənilməsi üçün rəsmiləşdirilmişdir. Ona görə də Yasamal bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq icra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, qarajın yerləşdiyi torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 906 saylı Sərəncamı ilə Yasamal rayon bələdiyyəsinə ayrılacaq torpaq sahələrinin hüdudları kənarında yerləşir. Çünki qaraj 2000-ci il tarixədək inşa edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13 iyun 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., ev 1, “A”, mənzil 17 (hazırki Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi 112) saylı binanın yaxınlığında ümumi sahəsi 32 kv.m sahəsi olan qeyri-yaşayış binasının (qaraj) icarəyə verilməsi ilə əlaqədar rəyin alınması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməsi ilə bağlı sənəd aşkar edlməmişdir. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan qarajın yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayyrılmasına dair hər hansı bir hüquqmüəyyəndici sənəd yoxdur. İddiaçı ilə Yasamal Bələdiyyəsi arasında bağlanmış müqavilə qarajın yerləşdiyi torpaq sahəsindən istifadəyə görə icarə haqqının ödənilməsi ilə bağlıdır. Digər bir sənəd isə Yasamal Bələdiyyəsinin sədri tərəfindən verilmiş Sərəncamdır ki, həmin Sərəncamla iddiaçının mübahisəli qarajdan istifadə etməsi faktı tanınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Bələdiyyə kollegial orqan olmaqla qəbul edilən qərarlar Bələdiyyə üzvlərinin səs çoxluğu ilə üzvlərin iclasında Qərar formasında qəbul edilir. Digər tərəfdən yerli özünüidarə orqanı olan Yasamal Bələdiyyəsinin fakt təsdiqi kimi bir səlahiyyəti yoxdur. Bundan başqa iddia tələbindən göründüyü kimi, iddiaçı torpaq sahəsinə deyil, onun üzərində yerləşən qeyri-yaşayış obyektində (qaraja) texniki pasportun verilməsini xahiş edir. Lakin iddiaçı tərəfindən həmin tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici sənəd də təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda sadalananlardan məlum olduğu kimi, iddiaçının dövlət qeydiyyatı üçün müraciət etdiyi qarajla bağlı hər hansı bir hüququ olmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar