Məhkəmə qərarları › İş №2-1(112)-9799/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9799/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9799/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında sahəsi 500 kv.m olan torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında sahəsi 500 kv.metr olan torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsində köməklik göstərilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh bundan imtina edərək **********85 nömrəli məktub təqdim etmişdir. Bildirir ki, kadastr məlumatlarına əsasən uyğunsuzluq mövcuddur, baş sahəsinin bir hissəsi bağçılığın ayrıc aktından kənar yerləşir. Qeyd edir ki, mərhum həyat yoldaşı xx.xx.2020-ci il tarixində vəfat etmişdir. ünvan 3 ünvanında sahəsi 500 kv.metr olan torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılan vaxtdan ailəsinin daimi istifadəsindədir. Notariat Ofisi vərəsəlik işi açmış və mərhum X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün xx.xx.2021-ci il tarixli məktubu ona ünvanlanmışdır (məktubun əsli əlavə edilir). Cavabdehin imtinası əsassız və qanunsuzdur, ancaq vətəndaşı süründürməçilikdən başqa bir addım deyildir. Səhhətilə əlaqədar olaraq məhkəmə iclaslarında lazımi sviyyədə iştirak edə bilmədiyindən məhkəmə iddianın geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Bildirir ki, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edir və lazımı formada iştirak edəcəyini qeyd edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığı üçün kadastr planı ilə bağ sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. Həmçinin, bağ sahəsinin 230 kv.m hissəsi “Çənlibel” bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bu barədə iddiaçıya **********85 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********85 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığı üçün kadastr planı ilə bağ sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. Həmçinin, bağ sahəsinin bir hissəsi “Çənlibel” bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. İşdə olan “Çənlibel” bağçılıq-yoldaşlıq tərəfindən təsdiq edilmiş üzvlük kitabının əvəzedicisindən görünür ki, “Sovet kənd” qəzetində fotomüxbir işləyən X1 Cəmiyyətinin üzvlərinin xx.xx.1988-ci il tarixli, 2 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. İ Cənub küçəsi bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 19 nömrəli bağ sahəsi xx.xx.1988-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. İşdə olan sənədlərdən görünür ki, “Sovet kəndi” qəzetinin Dübəndi qəsəbəsində yerləşən “Çənlibel” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü X5 məxsus İ Cənub küçəsindəki 19 saylı sahənin planı və yerləşmə cizgisi “Çənlibel” bağçılıq yoldaşlıq təsərrüfatının sədri tərəfindən təsdiq edilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubla Dübəndi qəsəbəsində yerləşən “Çənlibel” bağçılıq yoldaşlıq təsərüfatı üzvlərinin siyahısı, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbsəi. 1-ci Cənub küçəsində yerləşən 19 saylı bağ sahəsi ilə bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bununla əlaqədar bildirilmişdir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarı və “Çənlibel” b\y-nın xx.xx.1988-ci il tarixli 02 saylı protokolu ilə X4 adına Əzizbəyov rayonu, Dübəndi bağ massivi, 500 kv.m torpaq sahəsi olan İ Cənub küçəsi, 19 saylı bağ sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş 17655 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi İdarənin arxivində mövcuddur. Lakin, Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədi (üzvlük kitabçası və xx.xx.1988-ci il tarixli 02 saylı protokol) İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq “Çənlibel” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının, ayrıc aktının və torpaq sahəsinin planı və ölçüsü sənədinin, eləcə də inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. “Çənlibel” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1988-ci il tarixli və xx.xx.1993-cü il tarixli siyahılarında iddiaçının vərəsəsi olduğu X4 adı müvafiq olaraq 14-cü və 13-cü sırada qeyd olunmuşdur. İşdə olan Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən “Asan xidmət” Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1689 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ünvan 5 ünvanında qeydiyyatda olmuş, xx.xx.1951-ci il təvəllüdlü X4 vərəsəlik işinin aparılması üçün, ünvan 6 ünvanında mərhumun adına ayrılmış torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışı və üzərində məhdudiyyətin olub-olmamasına dair məlumatın, məktubu təqdim edən vərəsəsi – İddiaçı ilə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətindən xx.xx.2021-ci il tarixli, **********85 nömrəli məktubla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin faktiki hallarından görünür ki, “Çənlibel” Bağçılıq Cəmiyyətinin üzvlərinin xx.xx.1988-ci il tarixli 2 nömrəli protokoluna əsasən “Sovet kəndi” qəzetinin foto müxbiri X1 cəmiyyətinə üzv qəbul edilmişdir. İ Cənub küçəsi, bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 19 nömrəli bağ sahəsi xx.xx.1988-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. X5 “Çənlibel” Bağçılıq Cəmiyyəti tərəfindən təsdiq edilmiş bağ sahəsinə dair üzvlük kitabçasının əvəzedicisi verilmişdir. X4 adı “Çənlibel” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1988-ci il tarixli və xx.xx.1993-cü il tarixli siyahılarında müvafiq olaraq 13-cü və 14-cü sıralarda qeyd edilmişdir. X4 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı, 231872 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Torpaq sahəsinin planı və ölçüsünün verilməsinə əsas kimi Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarına və “Çənlibel” b/y-nın xx.xx.1988-ci il tarixli, 02 nömrəli protokoluna istinad edilmişdir. Torpaq sahəsi X10 kitabında xx.xx.2009-cu il tarixli, 17655 nömrəsi ilə uçota alınmışdır . Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsinin səbəbi kimi elektron kadastr məlumatlarına əsasən göstərilən ərazidə hasarlanma işlərinin plan üzrə aparılması üçün kadastr planı ilə bağ sahəsinin yerləşməsində uyğunsuzluğun mövcud olmasına, həmçinin bağ sahəsinin bir hisəssinin “Çənlibel” bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşməsinə istinad edilmişdir ki, məhkəmə cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, bağ sahəsinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən artıq plan-ölçü sənədi verilmiş, torpaq sahəsinin dəqiq yerləşmə yeri, koordinatları təsdiq edilmişdir. Yəni, cavabdeh İdarə özü Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olaraq hazırda birbaşa torpaq sahəsinin planı və ölçülərinin, əsas döngə nöqtələrinin koordinatlarının dəqiqliyinə cavabdehdir. Belə olan halda, bağ sahəsinin yerləşməsində uyğunsuzluğun mövcudluğuna və ya bağ sahəsinin bir hisəssinin “Çənlibel” bağçılıqyoldaşlığın ayrıc aktından kənarda yerləşməsinə istinad edilməklə iddiaçının hüquqlarının məhdudlaşdırılması yol verilməzdir. İddianın hüquqi cəhətdən əsaslı olmasına gəldikdə isə məhkəmə hesab edir ki, mübahisəli bağ sahəsinin qanuni əsaslarla iddiaçının vərəsəsi olduğu X6 ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından onun mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Rspublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olaln digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və mərhum X4 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Göründüyü kimi, iddiaçının sahibliyində və istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58, 68, 69, 75.4, 81və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X5) məxsus olması haqqında arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar